Təravih namazı nədir və necə qılınmalıdır?

Namaz

Sual:
Təravih namazı nədir? Neçə rükət qılınmalıdır? Məsciddə yoxsa evdə qılınmalıdır? Qadınlar da təravih namazı qılmalıdırlarmı?

Cavab:
Ərəb dilindən tərcümədə “rahatlatmaq, dinləndirmək” mənalarına gələn “tərviha” sözünün cəm halını ifadə edən “Təravih”, fiqhi termin olaraq, sadəcə Ramazan ayına məxsus olan və yatsı (işa) namazlarından sonra qılınan nafilə namaza deyilir. Hədislərdə “Ramazan ayının namazı”“Ramazan gecələrinin ehyası” olaraq adlandırılan bu namazda hər dörd rükətdən bir dincəlmək məqsədi ilə müəyyən qədər oturulduğu üçün “təravih” adını almışdır. Zaman keçdikcə bu oturuşlar ya zikir və salavat kimi nafilə ibadətlərlə dəyərləndirilmiş, ya da heç ara vermədən namaza davam edilmişdir.

Hz. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm): “Kim Ramazan ayını inanaraq və savabını Allahdan gözləyərək ehya edərsə, onun keçmiş günahları bağışlanar” (Buxari «Salatu’t-təravih, 1; Müslim, Salatul-musafirin, 173) buyuraraq xüsusilə Ramazan ayında gecə namazlarına və təravih namazına ümmətini təşviq etmişdir. 

Hədislərdə rəvayət edilir ki, Peyğəmbərimiz ilk günlər şəxsən özü təravih namazını məsciddə camaat olaraq qıldırmış, daha sonralar Allahın bu namazın fərz qılacağı və ümmətinin yükünün artacağı düşüncəsi ilə bu tətbiqindən vaz keçmişdir. (Buhârî, Teheccüd 5; Müslim, Salâtü’l-müsâfirin 177-178)

Təravihin təkbaşına qılınması Hz. Əbubəkr (radıallahu anh) dövründə də davam etmiş və nəhayət, ayrı-ayrı qılınmanın məsciddə meydana gətirdiyi qarışıqlığı, bu ibadətin artıq fərz təyin olunmaq ehtimalının olmağını və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) bu mövzudakı sözündən çıxan anlamı diqqətə alan Hz. Ömər (radıallahu anh) təravihin camaatla qılınmasını tətbiq etmiş və bu qayda günümüzə qədər gəlmişdir.

Təravih namazının rükət sayı ilə bağlı müxtəlif rəvayətlər irəli sürülsə də, Hənəfi, Şafi və Hənbəli fakihlərinə görə təravih namazının 20 rükət olduğu səhabənin icması ilə sabitdir. Bu gün tez-tez qarşılaşdığımız “8 yoxsa 20” fərqliliyinin səbəbi budur ki, Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) təravihi camaatla 8 rükət qıldırmış, Əshabi-Kiram evlərində bu sayı 20-yə tamamlamışdır. 20 rükətin tamamını camaatla qılınması isə Hz. Ömərin tətbiqatıdır. Həmin zaman səhabələrdən heç kimin buna etiraz etməməsi isə səhabə icmasını (fikir birliyini) meydana gətirmişdir. İslam alimlərinə görə isə “səhabə icması” ilə bütün ümməti-Məhəmməd üçün bağlayıcı dəlildir.

Təravih namazı kişi-qadın fərq etmədən, bütün müsəlmanlara aid olan müəkkəd sünnətdir. İmam Əzəm Əbu Hənifə, Əhməd ibn Hənbəl, Malikilər və Şafiilərin əksəriyyətinə görə təravih namazını məsciddə camaatla qılmaq daha fəzilətlidir. Evdə də camaat olaraq və ya təkbaşına qılına bilər. Amma evdə olsa belə, camaatla qılınması müstəhəbdir. Bu gerçəyi Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) bir hədisində belə ifadə edir: “Təravih namazını imamla birlikdə sonuna qədər tamamlayan biri o gecəni bütünlükə ibadətlə keçirmiş kimi savab əldə edər.” (Tirmizi, Savm, 61)

Hz. Peyğəmbərin sünnətində gecə namazlarının iki rükətdən ibarət namazlar şəklində qılınması ön plana çıxdığından (Buxari, Vitir 1, 2; Müslim, Salatul-musafirin 145-148, 156, 157, 159) təravih namazının da 2 rükətdən bir salam verilərək qılınaraq 10 salamla tamamlanması daha fəzilətlidir, amma 4 rükətdən bir salam verərək də qılmaq caizdir. 

Namaz 2 rükətdən bir salam veriləcəksə, sübh namazının sünnəti kimi qılınır, yəni hər ikinci rükətdən sonra “Əttəhiyyatu”, “Salli-barik” və “Rabbənə” duaları oxunur, sonra sağa və sola salam verilir; 4 rükətdən bir salam veriləcəksə, yatsı namazının sünnəti kimi qılınır, yəni ilk oturuşda “Əttəhiyyatu” və “Salli-barik” duaları oxunaraq qalxılır, üçüncü rükətin başlanğıcında isə “Subhanəkə” duası oxunur. Təravih namazı bütün hallarda cəhri (qiraəti səsli şəkildə oxuyaraq) şəkildə qılınır.

Təravih namazının vaxtı yatsı (işa) namazından sübhə qədər olan vaxtdır. Vitir namazından sonra qılınması da caiz olsa da, əvvəl qılınması daha uyğundur. Bu namazının əda edilməsi üçün azan oxunmaz və iqamə gətirilməz. Şafilər, Hənbəlilər və Hənəfilərə görə niyyətin bu namaz üçün müəyyənləşdirilməsi önəmlidir, ümumi niyyət kifayət deyil. Təravih namazı başladıqdan sonra məscidə gələn biri əvvəlcə yatsı namazını qılıb sonra imamam uyar, çünki təravih yatsı namazına tabedir və ondan əvvəl qılınmaz. Həmçinin qılınmayan təravih namazı qəza edilməz.

Son olaraq qeyd edək ki, təravih namazı, orucun yox, Ramazan ayının sünnətidir. Başqa günlərdə oruc tutan biri təravih qılmadığı kimi, Ramazan ayında hər hansı bir səbəbdən oruc tutmayanların da təravih namazını qılmaları sünnətdir.

Salam və dua ilə…

Qaynaq: sorularlaislamiyet.com

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика