Fiqh elmi nədir?

fiqh elmi Fiqh

Fiqhin tərifi

Fiqh kəlməsinin lüğət mənası

Fiqh ərəbcə bir kəlmə olub “dərindən başa düşmək, anlamaq və qavramaq” mənalarına gəlir. Qurani-Kərimdə iyirmi yerdə keçən fiqh kəlməsi və növləri “söylənən sözün məqsədini qavramaq”, “dərindən bilmək” kimi mənalarda işlədihnişdir.(Nümunə olaraq bax. Nisa, 4/78; Ənfal, 8/65; Tövbə, 9/ 87; Həşr, 59/13; İsra, 17/44)

Fiqh kəlməsi hədisi-şəriflərdə isə “dinin incəliklərini qavramaq” mənasında istifadə olunmuşdur. Fiqh kəlməsinin keçdiyi bəzi hədislər belədir:

  • «İnsanın bilmədiyini bilmirəm, Allah bilir, deyə bilməsi onun fiqhindəndir” (Müslim, Münafiqim 40)
  • “Bir şəxsin namazını uzun, xütbələrini qısa tutması fəqih olmasının əlamətlərindəndir” (Müslüm, Cümə 47)
  • Allah Rəsulu (s.ə.s) Abdullah ibn Amrın həddindən çox Quran oxuması səbəbilə ona xəbərdarlıq etmiş və: «… üç gündən daha qısa bir müddətdə oxuyub bitirmə, çünki bu qədər sürətlə oxuyan Quranı fiqh edə bilməz (anlaya bilməz, dərk edə bilməz) — buyurmuşdur. ” (Əhməd ibn Hənbəli, “Müsnəd”, X, 55)

Fiqh elmi ilə məşğul olub, bu sahədə ixtisaslaşan bə dərinləşən şəxslərə fəqih deyilir. Cəmi isə füqəhadır.

“Fiqh (davranış və əməllərlə əlaqədar olan hər hansı bir dini məsələdə) bir şəxsin faydasına və zərərinə olan məsələləri və bunların hökmlərini bilməsidir”.

Fiqh kəlməsinin termin mənası

“Dini hökmləri dəlilləri ilə bilmək» olaraq kimi qısa tərif edilən fiqh termininin üç mühüm tərifi var:

1. İmam Əzəm Əbu Hənifəyə aid olan fiqh tərifi:

“Fiqh bir şəxsin lehində (sahib olduğu hüquqları) və əleyhində olan məsələləri (öhdəliklərini) bilməsidir”.

2. İmam Şafeiyə aid olan fiqh tərifi:

“Fiqh təfsili dəlillərdən çıxarılan dini-əməli hökmləri bilməkdir”.

Fiqh elminin əhəmiyyəti

Fiqh elmi dində edilməsi və edilməməsi lazım gələn işləri öyrədən bir elmdir. Fiqh elmi müsəlmanların davranış və yaşayışı ilə birbaşa əlaqəli bir elm olduğu üçün də İslam elmlərinin zirvəsi hesab olunur.

Peyğəmbərimiz (s.ə.s), dini ehkamın yaxşı bilinməsi və araşdırılmasının vacib olduğunu bildirmiş və bunu ümmətinə əmr etmişdir:
«Bir işin başına gətirilmədən öncə, təfəqqüh edin (dini hökmləri yaxşı öyrənin)»(Buxari, Elm, 15).

Fiqhin əhəmiyyətini anlayan səhabələr gecə yarısına qədər oturaraq fiqhi məsələləri müzakirə edərdilər. (Darimi, I, 149-150) Məşhur səhabələrdən biri olan Əbu Dərda (r.ə) bununla bağlı belə demişdir: “Bir saat dinin incəliklərini öyrənmək üçün çalışmaq, mənim üçün fiqhsiz bir gecə səhərə qədər ibadət etməkdən daha yaxşıdır”.

Hər bir şəxs, özünü maraqlandıran fiqhi məsələləri yaxşı bilməlidir. Hz. Əli (r.ə) alış-verişdə (ticarətdə) fiqhin əhəmiyyətini belə ifadə etmişdir: “Fiqh bilmədən ticarət edən faizə bulaşar”.

Allahın Rəsulu Hz. Mühəmməd (s.ə.s):
«Allah kimin haqqında xeyir diləyərsə, onu dində fəqih (dərin anlayış, dərrakə sahibi) edər”, — buyurmuşdur. Bu hədis fəqih olmanın hansı dərəcədə əhəmiyyət kəsb etdiyini və dini elmləri dərindən bilməyin Allah dərgahında nə qədər qiymətli olduğunu göstərir.

Fiqh elminin mövzusu və məqsədi

Fiqh Elminin Mövzusu

Fiqh elminin mövzusu, mükəlləfin (dini əmr və qadağlardan məsul olan şəxs) fellləridir. Fiqhin əsas mövzuları isə bunlardır:

1. İnsanın yaradıcısı ilə olan əlaqələri (İbadat-İbadətlər): İbadətlər bəhsi ibadətlə əlaqədar olan hökmləri ehtiva edir. Bu mövzu ilə əlaqədar olaraq Qurani-Kərimdə yüz qırxa yaxın ayə var. İbadətlər bəhsi aşağıdakı mövzuları ehtiva edir:

  • Təmizlik mövzuları: Nəcasət, Təharət, Dəstəmaz, Məsh, Qüsl, Təyəmmüm, Qadınlara aid xüsusi hallar və s.
  • Bədənlə edilən ibadətlər: Namaz, Oruc, Etikaf.
  • Malla edilən İbadətlər: Zəkat, Fitrə sədəqəsi.
  • Həm Bədənlə, həm də Malla edilən İbadətlər: Həcc, Ümrə, Qurban.
  • Kəffarələr: Xəta ilə adam öldürmək, oruc, zihar, and içmək, ehramlı ikən saçkəsmək.
  • Nəzrlər və and içmək: Nəzr etmək və andın növləri.

2. İnsanlar arası əlaqələr (müamilat): Bu fəsil sosial həyatla əlaqədardır. Bu mövzu ilə bağlı Qurani-Kərimdə yüz yetmişə yaxın ayə var. Müamilat bəhsi aşağıdakı mövzuları əhatə edir:

  • Ailə həyatına aid hökmlər (münakəhat, müfəraqat): Nişanlanma, süd qohumluğu, mehr, ailə hüququ, nəfəqə, boşanma (talaq), iddə, yas tutmaq və sair.
  • Miras və vəsiyyətə aid hökmlər (fəraiz): Ölü ilə bağlı hüquqi məsələlər, vəsiyyət və s.
  • Maliyyə və iqtisadi məsələlərlə əlaqədar hökmlər: Alış-veriş, faiz, kirayə, şirkət, kəfalə, rəhn (girov) və digər mövzular.
  • Məhkəmə və mühakimə (ədliyyə) məsələləri ilə əlaqəli hökmlər: Hakimin xüsusiyyətləri, mühakimə, istintaq, şahidlik, iqrar etmək və başqaları
  • Dövlətlərarası hüquqla əlaqəli hökmlər (siyər): Müharibə hüququ (cihad), sülh, İslam ölkəsindəki qeyri-müsəlmanların hüquqları və s.

3. Cinayətlərə aid hökmlər (üqubat): Bu fəsil dünyəvi cəzalarla bağlı olan məsələləri ehtiva edir və müəyyidələrlə əlaqədar. Bu mövzu ilə əlaqəli olaraq Qurani-Kərimdə əlliyə yaxın ayə var. Cinayətlər bəhsi aşağıdakı mövzuları əhatə edir:

  • Adam öldürmək və yaralamaq (cinayat): Qisas, diyət və digər mövzular.
  • Həd cəzaları: Oğruluq, zina, zina iftirası, spirtli içki qəbul etmək və dindən çıxmağın cəzaları.

Fiqh elminin məqsədi

Fiqh elminin xüsusi məqsədi insanın məsul olduğu mövzulardakı dini hökmləri dəlilləri ilə öyrətməkdir. Ümumi məqsədi isə, müsəlmana dini baxımdan hüquqlarını və öhdəliklərini bildirmək, onu məlumatlandırmaq və beləliklə, dünya və axirətdə xoşbəxt olmalarını təmin etməkdir.

Fiqh elminin xüsusiyyətləri

Fiqh elminin özünə məxsus bəzi xüsusiyyətləri var. Bunlardan ən mühüm olanlar aşağıdakılardır:

  1. Əsasının (istinad nöqtəsi) vəhy olması: Fiqhin əsas mənbələri Quran və Sünnədir. Quran və Sünnədə hökmü açıq-aydın bildirilməmiş məsələlərdən, müctəhidlər tərəfindən hökm qoyulacağı zamanda da Quran və Sünnə əsas alınaraq ictihad edilməlidir.
  2. Həyatın tamamını əhatə etməsi: Allahın göndərdiyi olduğu din insan həyatını hər tərəfli əhatə edir. İnsanın özünə, ailəsinə, ətraf aləminə və yaradıcısına qarşı vəzifələri vardır. Bu vəzifələrin nələr olduğunu müəyyən edən elm fiqhdir. Eyni zamanda fiqh dövlət və dövlətlər arası münasibətlərlə bağlı hökmləri də müəyyən edir. Buna görə də, fiqh əhatə dairəsi geniş olan bir elm sahəsidir.
  3. Əxlaqla əlaqəli olması: fiqhin ortaya qoyduğu bütün hökmlər əxlaqi əsaslara uyğundur. Fiqh elmi, ədalət, fəzilət, yaxşılıq, doğruluq, dürüstlük, qul haqqına hörmət və riayət etmək kimi prinsip və davranışlara diqqət göstərir.
  4. Həm fərdin, həm də cəmiyyətin yaxşılığını və mənfəətini qoruması: fiqh hər bir şəxsin bir fərd olaraq mənfəətini qoruduğu kimi cəmiyyətin də mənfəətini qoruyur. Fərdin hürriyyətini cəmiyyətə zərər vermədiyi müddətcə məhdudlaşdırmamağa çalışır.
  5. Hökmlərinin bütün dövrlərdə tədbiq edilməsi baxımından əlverişli olması: fiqh elmi müctəhidlərə (dini dəlillərdən — Quran ayələri və hədislərdən, hökm çıxartmaq qabiliyyətinə və səlahiyyətinə sahib alimlər) yeni çıxan məsələ və hadisələrlə bağlı hökmləri müəyyən etmə səlahiyyəti verir. Bu xüsusiyyətinə görə fiqh, hər zaman və şərtdə tətbiq edilə bilən hökmləri ortaya qoyur.

Fiqh elminin əsas bölmələri

Fiqh elminin iki əsas bölməsi var:

  1. Fürui-fiqh: İslam dininin dəstəmaz, namaz, oruc, zəkat, həcc, qurban, nikah və talaq kimi tədbiqi hökmlərini dəlilləri ilə izah edən elmdir.
  2. Üsuli-fiqh (fiqh üsulu): fürui-fiqhdə yer alan dini hökmlərin çıxarılma metodlarını göstərən, ümumi prinsipləri bildirən, məzhəblər haqqında məlumat verən və hadisələrə müxtəlif yanaşma üslublarını öyrədən elimdir.

Fiqh, şəriət və İslam hüququ

Fiqh, şəriət və İslam hüququ terminləri bir-birinə yaxın məfhumlar olub, bəzən biri digərinin yerində işlədildiyi müşahidə olunur. Əslində aralarında müəyyən kiçik fərqlər də var.

Fiqhi hökmləri bir qismi heç vaxt dəyişmir. Bunlara təəabbüdi hökmlər deyilir. Bunlar ayeyi-kərimələrdə və hədisi-şəriflərdə açıq-aydın olaraq bildirilən hökmlərdir. Məsələn: Ramazan ayında oruc tutmaq buna misal verilə bilər.

Fiqhi hökmlərin bir qismi isə zamana və şərtlərə görə dəyişə bilər. Bunlara ictihadi hökmlər deyilir. Məsələn azanı minarədən oxumaq kimi.

Fiqh dinin əməllə olan əlaqəsini ifadə etməklə yanaşı, daha çox fərdlərlə əlaqədar məlumatlar verir. Fiqh bir elm olaraq qəbul edilir və bu ad altında tədris olunan dərslərdə xüsusilə fərdin Allah ilə olan əlaqələri, yəni ibadətlərlə bağlı mövzuları təfərrüatı ilə izah olunur.

Şəriət dinin əməli yönünü ifadə edir. Bəzən fiqh məfhumunun yerində də işlədilir. Qurani-Kərim və hədisi-şəriflərdə keçən “şəriət” kəlməsi ilə Allahın hökmləri, ilahi nizamın dünya ilə sosial həyat və dövlətlə əlaqədar olan yönü ifadə edilir. Şəriətə tabe olmağı və əməl etməyi Uca Allah əmr edir: “Sonra (ya Rəsulum!) səni də dində şəriət sahibi (bir şəriət üzrə qaim) etdik. Sən ona (o şəriətə) tabe ol və (haqqı) bilməyənlərin nəfslərindən gələn istəklərə uyma!” (Casiyə, 45/18)

Quranda keçmiş peyğəmbərlərin şəriətlərindən bəhs edilir. Məsələn Hz. Musanın şəriəti kimi (Mai- də, 5/48; Şüra, 42/ 13,21).

Fiqhdə çox işlədilən şəri kəlməsi, dini kəlməsini yerində işlədilən bir ifadədir. Təşri kəlməsi şəriət qoymaq, qanun çıxartmaq; məşru kəlməsi, şəriətə və qanuna uyğun olan deməkdir. Şari şəriət qoyan deməkdir. Bu sözlə həqiqi mənada hökmü göndərən Allah, məcazi mənada isə hökmü insanlara çatdıran və izah edən Allahın Rəsulu nəzərdə tutulur.

İslam hüququ dinin dövləti maraqlandıran hüquqi yönü üzərində duran bir elmdir. Bu termin günümüzdə fiqh mənasında da işlədilir.

Fiqh elminin digər elmlərlə əlaqəsi

  1. Təfsirlə əlaqəsi: təfsir elmi Qurani-Kərimi tətqiq edir, ayələrin mənalarını izah edir, nazil olma səbəblərini müəyyən edir. Təfsirlərdə verilən məlumatlar və verilən izahlar, fiqhi hökmlərin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
  2. Hədislə əlaqəsi: hədis elmi Peyğəmbərin (s.ə.s) sözləri, davranışları və təqrirləri haqqında məlumat verir. Hədislərin səhihliyini, ravilərin keyfiyyətini müəyyən edib ortaya qoyur. Fiqhi bir hökm veriləcəyi zaman Kitab və Sünnəyə müraciət olunur. Hədislər fiqhi hökmlərin verilməsində müəyyənedici rola sahibdir.
  3. Siyərlə əlaqəsi: siyər elmi Rəsulullahın (s.ə.s) həyatını, əxlaqını, davranışlarını, onun dövlət idarəsini, müharibələrini və peyğəmbərin hadisələrə qarşı göstərdiyi reaksiya və həlli yolları haqqında məlumat verən bir elmdir. Fiqh Sünnədən hökm çıxardacağı zaman siyər elminin verdiyi məlumatları də əsas alır. Çünki Sünnə fiqhdə ikinci əsas mənbə olub, hədis və siyərdən öyrənilir.
  4. Fiqh elminin faydalandığı digər elmlər: fiqh elmi lazım gəldiyində İslam tarixi, məzhəblər tarixi, əqayid və təsəvvüf kimi elmlərdən də faydalanır.

Fiqhi hökmlər çıxarılarkən hökm veriləcək mövzu ilə əlaqədar zahiri elmlərin də bilinməsi zəruridir. Bu səbəbdən fiqh sosiologiya, psixologiya, tibb, biologiya, coğrafiya, tarix, ədəbiyyat və filologiya kimi müxtəlif elm sahələrindən faydalanır. Fiqhin bu elmlərlə əlaqəsinə nümunə olaraq aşağıdakı məlumatları qeyd edə bilərik:

Fəlsəfə və Məntiqlə əlaqəsi: Fiqh ortaya qoyduğu hökmlərin doğruluğunu isbat etmək və əsaslandırmaq üçün bəzi izahatlar verir. Bunu edərkən fəlsəfə və məntiqin metodlarından istifadə edir. Müctəhid, bir məsələ haqqında öz rəyini, yəni görüşünü ortaya qoyarkən Quran və Sünnəni əsas almaqla bərabər ağıl və məntiqdən də istifadə edər və qiyas metoduna baş vurar.

Sosiologiya ilə əlaqəsi: sosiologiya cəmiyyətin adət-ənənələrini tədqiq edən bir elm sahəsidir. Fiqh də cəmiyyətin dinə uyğun olan adət-ənənəsini hökm verərkən bir mənbə olaraq qəbul edir.

Psixologiya ilə əlaqəsi: fiqh elmi bir şəxsin davranışı haqqında hökm verərkən, o şəxsin psixoloji vəziyyətini nəzərə alır. Məsələn, fiqh, nə dediyinin fərqində olmayacaq qədər hirslənən bir insanın, əsəbi halda ikən içdiyi anddan ötrü məsuliyyət daşımayacağını bildirir.

Filologiya ilə əlaqəsi: ayələrdən hökm çaxara bilmək üçün ərəb dilini çox yaxşı bilmək lazımdır. Çünki Quran ərəb dilində nazil olmuşdur.

Hər hansı bir mövzu ilə əlaqədar ətraflı bilgi və məlumat əldə edilməyincə fiqhdə hökm vermək olmaz. Bir məsələnin tarixi inkişaf prosesini, bir yerin coğrafi vəziyyətini, bir insanın bioloji inkişafını, bir kəlmənin işlədildiyini mənanı bilmədən fitva vermək, hökm qoymaq mümkün deyil.


? Fiqh. Anar Qurbanov

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

  1. İlkin

    Allah razı olsun.

    Ответить
Яндекс.Метрика