Ayətül Kürsü. Azərbaycanca, oxunuş, tərcümə, audio

Ayətül-Kürsü, Quranın «Bəqərə» surəsinin 255-ci ayəsidir. Bu ayə müsəlmanlar üçün böyük əhəmiyyət daşıyır. Ayətül-Kürsü ilə öz evinizi və özünüzü şeytandan qoruya bilərsiniz.

Ayətül Kürsü ərəbcə

Ayətül Kürsü

Ayətül Kürsi ayənin audiosı

Ayətəl Kürsü ayənin oxunuşu

Allaahu ləə iləəhə illəə huvəl-həyyul qayyuumu ləə tə’xuzuhuu sinətuv vələə nəvmul ləhuu məə fis-səməəvəəti və məə fil-ərdi mənzəlləəzii yəşfə’u indəhuu illəə bi’iznihi yə’ləmu məə bəynə əydiihim və məə xalfəhum və ləə yuhiitunə bişey’in min ilmihii illəə biməə şəə’ə vəsi’ə kursiyyuhus-səməəvəəti vəl- ərd və ləə yə’uuduhu hifzuhuməə və huvəl-əliyyul-əziim.

Ayəti Kürsü ayənin tərcüməsi

Allahdan başqa ilah yoxdur! O diridir, bütün məxluqatı idarə edir. O nə mürgüləyər, nə də yuxulayar. Göylərdə və yerdə nə varsa hamısı Onundur. İzni olmadan Onun yanında kim şəfaət edə bilər?! Önlərindəkini (edəcəkləri əməlləri) də, arxalarındakını (etdikləri əməlləri) də O bilir. (Yaradılanlar) Allahın elmindən, Onun dilədiyi qədərindən başqa heç nəyi qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları mühafizə etmək isə Ona çətin deyildir. Ən uca və ən böyük olan da Odur! (İçində “kürsü” kəlməsi keçdiyi üçün bu ayəyə “Ayəti-kürsi” deyilmişdir. Burada sözügedən kürsü bildiyimiz kürsü və ya taxt mənasında deyil, Allahın şəninə layiq olan və mahiyyətini bilmədiyimiz bir şeydir.)

Ayətil Kürsü ayənin əhəmiyyəti

Bu ayə “Ayətul-Kursi” (Kürsü ayəsi) adlanır və bu, şanı uca olan bir ayədir. Allah Elçisindən ﷺ bu ayənin Allahın Kitabında ən əfzəl ayə olması sabit olmuşdur. İmam Əhməd Ubey ibn Kəbdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ ondan soruşmuşdu: “Allahın Kitabında ən əzəmətli ayə hansıdır?” Ubey: “Allah və Onun Elçisi daha yaxşı bilir!”- deyə cavab vermişdir. Peyğəmbər ﷺ bu sualı bir neçə dəfə təkrarladıqdan sonra Ubey demişdir: “Ayətul-Kursi (Kürsü ayəsi)”. Peyğəmbər ﷺ demişdir: “Elm sənə uğurlu oldu, ey Əbu Munzir! Canım Əlində Olana and olsun ki, onun dili və dodaqları var, Ərşin ayağında Hökmdar olan Allahı müqəddəs tutur”.[1] Hədisi Muslim rəvayət etmişdir.[2] Lakin onda “Canım Əlində Olana and olsun ki, onun dili və dodaqları var, Ərşin ayağında Hökmdar olan Allahı müqəddəs tutur” əlavəsi yoxdur.[3]

Şeytandan qorunmaq üçün Ayətül Kürsi oxumaq lazımdır

Əbu Yəalə Ubey ibn Kəbdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, onun xurma anbarı var idi. O, xurma anbarına nəzarət edirdi və bu anbardan xurmanın azaldığını gördü. Bir gecə o, anbarın keşiyində durarkən yetkinlik yaşına çatmış oğlana bənzər bir məxluq gördü. Ubeyy ibn Kəb salam verdi, o da salamı aldı. Ubeyy ibn Kəb soruşdu: “Sən cinsən, yoxsa insan?” O dedi: “Mən cinəm”. Ubeyy ibn Kəb dedi: “Əlini mənə uzat!” O, əlini uzatdıqda əlinin it əli, tükünün də it tükü olduğunu gördü. Cin dedi: “Bu, cinlərin xilqətidir. Cinlər aralarında məndən daha qüvvətli kişi olmadığını bilirlər”. Ubeyy ibn Kəb dedi: “Səni bura gətirən nədir?” Cin dedi: “Bizə xəbər çatıb ki, sən sədəqə verməyi xoşlayırsan, biz də azuqənə zərər vermək üçün gəldik”. Ubeyy ibn Kəb dedi: “Bizi sizdən nə qoruyar?” Cin dedi: “əl-Bəqərə” surəsində olan bu ayə – “Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur” (“əl-Bəqərə”, 255)”. Səhər açıldıqda o, Allah Elçisinin ﷺ yanına gəlib olanları ona danışdı. Allah Elçisi ﷺ buyurdu: “Xəbis doğru söylədi”.[4] əl-Hakim də belə rəvayət etmişdir və demişdir: “İsnadı səhihdir, lakin əl-Buxari və Muslim rəvayət etməmişlər”.[5]

İmam Əhməd rəvayət etmişdir ki, bir dəfə Əbu Əyyub öz anbarında idi. Cinlər gəlib ondan mal oğurlayırdılar. O da bundan Peyğəmbərə ﷺ şikayət etdi. Peyğəmbər ﷺ ona dedi: “Əgər onu görsən, ona: “Allahın adı ilə. Allahın Elçisinin çağırışına cavab ver!” – de!” Növbəti gün cin yenə gəldi. Əbu Əyyub Peyğəmbərin ﷺ dediyini ona dedi və onu tutdu. Cin dedi: “Məni burax, bir daha qayıtmaram”. Əbu Əyyub onu buraxdı. Peyğəmbərin ﷺ yanına gəldikdə Peyğəmbər ﷺ ona dedi: “Tutduğun əsir nə etdi?” Əbu Əyyub dedi: “Ey Allahın Elçisi, onu tutdum, lakin bir daha qayıtmayacağına söz verdi. Mən də onu buraxdım”. Peyğəmbər ﷺ dedi: “O qayıdacaq”. Əbu Əyyub onu iki və ya üç dəfə tutdu. Hər dəfə də: “Bir daha qayıtmayacam”, – deyirdi”. Əbu Əyyub da Peyğəmbərin ﷺ yanına gəlir və Peyğəmbər ﷺ ondan: “Tutduğun əsir nə etdi?”- deyə soruşduqda Əbu Əyyub: “Ey Allahın Elçisi, onu tutdum, lakin bir daha qayıtmayacağına söz verdi. Mən də onu buraxdım”, – deyə cavab verirdi. Peyğəmbər ﷺ də: “O qayıdacaq”, – deyirdi. Əbu Əyyub bir dəfə də onu tutdu. Cin dedi: “Məni buraxsan, sənə elə bir şey öyrədərəm ki, onu desən, mən sənə yaxın gələ bilmərəm. Bu, “Ayətul-Kursi”dir”. Əbu Əyyub Peyğəmbərin ﷺ yanına gəlib bunu ona xəbər verdi. Peyğəmbər ﷺ dedi: “O sənə doğru söylədi, halbuki özü qatı yalançıdır”.[9] Hədisi ət-Tirmizi rəvayət etmiş və demişdir: “Həsən-ğaribdir”. Hədisdə keçən الغُولُ [əl-ğu:l] sözünün mənası gecələr görsənən cinlərdir.[10]

Ayətül Kürsi Quranın dörddə birinə bərabərdir”

İmam Əhməd Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ səhabələrindən olan bir kişidən soruşdu: “Ey filankəs, evlənmisənmi?” Kişi: “Xeyr, evlənməyə bir şeyim yoxdur”, – deyə cavab verdi. Peyğəmbər ﷺ dedi: “Məgər sən “De: “O Allah Təkdir” (“İxlas” surəsini) bilmirsənmi?” Kişi: “Əlbəttə, bilirəm”, – deyə cavab verdi. Peyğəmbər ﷺ dedi: “Bu surə Quranın dörddə birinə bərabərdir”. “Məgər sən “De: “Ey kafirlər!” (“əl-Kəfirun” surəsini) bilmirsənmi?” Kişi: “Bilirəm”, – deyə cavab verdi. Peyğəmbər ﷺ dedi: “Bu surə Quranın dörddə birinə bərabərdir”. Peyğəmbər ﷺ dedi: “Məgər sən “Yer titrəyib lərzəyə gələcəyi zaman” (“əz-Zəlzələ” surəsini) bilmirsənmi?” Kişi: “Bilirəm”, – deyə cavab verdi. Peyğəmbər ﷺ dedi: “Bu surə Quranın dörddə birinə bərabərdir”. Peyğəmbər ﷺ dedi: “Məgər sən “Allahın köməyi və qələbə gəldiyi zaman” (“ən-Nəsr” surəsini) bilmirsənmi?” Kişi: “Bilirəm”, – deyə cavab verdi. Peyğəmbər ﷺ dedi: “Bu surə Quranın dörddə birinə bərabərdir”. Peyğəmbər ﷺ dedi: “Məgər sən “Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur” “Ayətul-Kursi”ni (Kürsü ayəsini) bilmirsənmi?” Kişi: “Bilirəm”, – deyə cavab verdi. Peyğəmbər ﷺ dedi: “Bu ayə Quranın dörddə birinə bərabərdir”.[6]

Ayətül Kürsü — ən əzəmətli ayə

İmam Əhməd Əbu Zərin (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Bir dəfə Peyğəmbər ﷺ məsciddə ikən onun yanına gəldim və oturdum. Peyğəmbər ﷺ dedi: “Ey Əbu Zərr, namaz qılmısanmı?” Mən: “Xeyr”, – deyə cavab verdim. Peyğəmbər ﷺ dedi: “Qalx və namaz qıl (sonra otur)”. Əbu Zərr dedi: “Mən qalxıb namaz qıldım sonra oturdum”. Peyğəmbər ﷺ dedi: “Ey Əbu Zərr, insanlardan və cinlərdən olan şeytanlardan Allaha sığın!” Mən dedim: “Ey Allahın Elçisi, məgər insanlardan da şeytanlar olur?” Peyğəmbər ﷺ: “Bəli”, – dedi. Mən dedim: “Ey Allahın Elçisi, namazın fəziləti nədir?” Peyğəmbər ﷺ dedi: “Namaz Allahın qullarına fərz etdiyi ən xeyirli ibadətdir. İstəyən yalnız fərzləri qılar, istəyən də əlavə nafilələr qılmaqla çoxaldar”. Mən dedim: “Ey Allahın Elçisi, bəs orucun fəziləti nədir?” Peyğəmbər ﷺ dedi: “Fərz oruclarını tutan üzərinə düşəni yerinə yetirmiş olar. Allah qatında isə əlavə savabı var”. Mən dedim: “Ey Allahın Elçisi, bəs sədəqənin fəziləti nədir?” Peyğəmbər ﷺ dedi: “Sədəqə savabı qat-qat artırılan bir ibadətdir”. Mən dedim: “Ey Allahın Elçisi, hansı sədəqə daha əfzəldir?” Peyğəmbər ﷺ dedi: “Ehtiyaclı insanın verdiyi və ya gizli şəkildə kasıba verilən sədəqədir”. Mən dedim: “Ey Allahın Elçisi, ilk peyğəmbər kim olmuşdur?” Peyğəmbər ﷺ dedi: “Adəm”. Mən dedim: “Ey Allahın Elçisi, məgər o peyğəmbər idi?” Peyğəmbər ﷺ dedi: “Bəli, Allahın sözlə (vasitəsiz) danışdığı peyğəmbər”. Mən dedim: “Ey Allahın Elçisi, peyğəmbərlərin (rəsulların) sayı nə qədər olmuşdur?” Peyğəmbər ﷺ dedi: “Üç yüz – ondan bir qədər çox. Böyük bir toplum”. Başqa bir rəvayətdə: “Üç yüz on beş”. Mən dedim: “Ey Allahın Elçisi, sənə nazil olan ayələrdən ən əzəmətlisi hansıdır?” Peyğəmbər ﷺ dedi: “Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur” “Ayətul-Kursi” (Kürsü ayəsi)”.[7] Hədisi ən-Nəsəi rəvayət etmişdir.[8]

əl-Buxari isə bu hadisəni Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət etmişdir. Əbu Hureyranın (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “(Bir dəfə) Peyğəmbər ﷺ Ramazan ayında yığılmış zəkatı qoruyub saxlamağı mənə tapşırdı. Bu əsnada bir nəfər yanıma gəldi və ərzaqdarı ovuclayıb (qabına) yığmağa başladı. Mən onu yaxalayıb dedim: “Vallahi, mən səni mütləq Peyğəmbərin ﷺ yanına aparacağam”. O yalvarıb: “Mən buna möhtacam, mənim külfətim var, özümün də (bu yeməyə) olduqca ehtiyacım var”, – dedi, mən də onu buraxdım. Ertəsi gün Peyğəmbər ﷺ məndən soruşdu: “Ey Əbu Hureyra! Tutduğun əsir nə etdi?” Mən dedim: “Ey Allahın Elçisi! O (mənə) həm ehtiyaclı, həm də külfət sahibi olduğundan gileyləndi. Buna görə də mənim ona yazığım gəldi və onu buraxdım”. Peyğəmbər ﷺ dedi: “O sənə yalan danışıb və o yenə qayıdacaq”. Mən bilirdim ki, o qayıdacaq, çünki Peyğəmbər ﷺ: “…o yenə qayıdacaq”, – deyə xəbər vermişdi. Odur ki pusquda durub onu gözlədim. O yenə gəlib ərzaqdan ovuclayaraq (qabına) yığmağa başladı. Mən onu yaxalayıb dedim: “Səni hökmən Peyğəmbərin ﷺ yanına aparacağam”. O yalvarıb dedi: “Burax məni! Doğrudan da, mən buna möhtacam və mənim külfətim var. (Söz verirəm ki,) bir daha (bura) qayıtmayacağam”. Mənim ona yazığım gəldi və mən yenə onu buraxdım. Ertəsi gün Peyğəmbər ﷺ məndən soruşdu: “Ey Əbu Hureyra! Dünən tutduğun əsir nə etdi?” Mən dedim: “Ey Allahın Elçisi! O (mənə) həm möhtac, həm də külfət sahibi olduğundan giley-güzar elədi. Buna görə də mənim ona yazığım gəldi və onu buraxdım”. Peyğəmbər ﷺ dedi: “O sənə yalan danışıb və o yenə qayıdacaq”. Mən üçüncü dəfə pusquda dayanıb onu gözlədim. O yenə gəlib ərzaqdan ovuclayaraq (qabına) yığmağa başladı. Mən onu yaxalayıb dedim: “Mən səni hökmən Peyğəmbərin ﷺ yanına aparacağam. Artıq üçüncü dəfədir ki, sən qayıtmayacağına söz verir, sonra yenə qayıdırsan”. O yalvarıb dedi: “Məni buraxsan, sənə elə sözlər öyrədərəm ki, Allah onların vasitəsilə sənə fayda verər”. Mən: “O nə sözdür?”- deyə soruşdum. O dedi: “Yatağına uzananda Kürsü – “Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur” (“əl-Bəqərə”, 255) ayəsini axıra qədər oxu. Əgər bunu etsən, səhər yuxudan oyananadək sənin yanında Allahın təyin etdiyi gözətçi (bir mələk) durar və şeytan sənə yaxınlaşmaz”. Mən yenə onu buraxdım. Səhəri gün Peyğəmbər ﷺ məndən soruşdu: “Dünən tutduğun əsir nə etdi?” Mən dedim: “Ey Allahın Elçisi! O, Allahın izni ilə mənə faydası olacaq sözlər öyrədəcəyini söylədi və mən də onu buraxdım”. Peyğəmbər ﷺ: “Nədir o?”- deyə soruşdu. Mən dedim: “O mənə söylədi ki, yatağına uzananda Kürsü – “Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur” – ayəsini əvvəldən axıra qədər oxu. Əgər bunu etsən, səhər yuxudan oyana-nadək sənin yanında Allahın təyin etdiyi gözətçi (bir mələk) durar və şeytan sənə yaxınlaşmaz”. Səhabələr xeyirli işlərə ən çox can atan insanlar idi. Peyğəmbər ﷺ dedi: “O sənə doğru söylədi, halbuki özü qatı yalançıdır. Sən üç gecədir kiminlə söhbət etdiyini bilirsənmi, ey Əbu Hureyra?” Mən: “Xeyr!”- deyə cavab verdikdə Peyğəmbər ﷺ dedi: “Bu, şeytan idi!”[11] əl-Buxari bu hədisi muəlləq olaraq (sənədin əvvəlindən bir neçə ravini düşürməklə) və cəzm formasında (səhih olmasına işarə edərək) rəvayət etmişdir. Hədisi həmçinin ən-Nəsəi “əl-Yəum vəl-Leylə” əsərində və İbn Mərdəveyh başqa sənədlə və oxşar mətnlə rəvayət etmişlər.[12]

Bundan əvvəl keçən hədisdə eyni hadisənin Ubeyy ibn Kəbin (Allah ondan razı olsun) başına gəldiyi də bildirildi. Bu bir-birinə oxşar üç hadisədir. Əbu Ubeyd “əl-Ğarib” əsərində əş-Şabidən Abdullah ibn Məsudun (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “İnsanlardan olan bir kişi yol gedərkən cinlərdən olan bir kişiyə rast gəlir. Cinlərdən olan kişi deyir: “Mənimlə güləşərsənmi? Əgər məni yıxsan, sənə bir ayə öyrədəcəm, evinə girəndə onu oxusan, evinə şeytan girməz”. İnsanlardan olan kişi onunla güləşdi və onu yıxdı. Sonra dedi: “Görürəm, sən çox zəif və arıqsan. Dirsəklərin isə it dirsəyinə oxşayır. Siz cinlər hamınız beləsiniz, yoxsa sən onlardan bir növsən?” Cin dedi: “Mən onların ən güclüsüyəm. Gəl yenə güləşək!” Kişi onunla yenə güləşdi və yenə cinə qalib gəldi. Cin dedi: “Ayətul-Kursini (Kürsü ayəsini) oxu. Evinə girərkən onu oxuyan elə bir kəs yoxdur ki, şeytan evindən eşşək kimi arxasından səslə yel buraxa-buraxa çıxmasın”. İbn Məsuda dedilər: “Barəsində söhbət etdiyin kişi Ömərdirmi?” İbn Məsud dedi: “Ömərdən başqa kim ola bilər?”[13] Əbu Ubeyd demişdir: “Hədisdə keçən الضَّئيلُ [əd-dai:l] sözünün mənası “arıq bədənli” deməkdir. الْخِيخُ [əl-xi:x] sözünün mənası isə arxadan səslə yel çıxartmaqdır.[14] Bəzən bu sözə الْحِيح [əl-hi:h] də deyilir.

İmam Əhməd rəvayət edir ki, Əsmə bint Yəzid ibn əs-Səkən (Allah ondan razı olsun) demişdir: “Mən Peyğəmbərin ﷺ bu iki ayə: “Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur” (“əl-Bəqərə”, 255) və “Əlif. Ləm. Mim. Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur” (“Ali-İmran”, 1–2) barədə belə dediyini eşitmişəm: “Həqiqətən, bu iki ayədə Allahın ən Əzəmətli adları var”.[15] Əbu Davud, ət-Tirmizi və İbn Məcə hədisi belə rəvayət etmişlər. ət-Tirmizi demişdir: “Həsən-səhihdir”.[16]

İbn Mərdəveyh Əbu Umamədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Allah Elçisi ﷺ buyurmuşdur: “Kim hər fərz namazından sonra “Kürsü” ayəsini (“əl-Bəqərə”, 255) oxuyarsa, Cənnətlə onun arasında yalnız ölüm durar”.[17] Hədisi ən-Nəsəi “əl-Yəum vəl-Leylə” əsərində bu şəkildə rəvayət etmişdir. Həmçinin İbn Hibban da “Səhih” əsərində rəvayət etmişdir. Hədisin isnadı əl-Buxarinin şərtinə uyğundur. Əbul-Fərəc ibn əl-Cəvzi bu hədisin uydurma hədis olduğunu iddia etmişdir. Ən doğrusunu isə Allah bilir.

Bu ayə on müstəqil cümlədən ibarətdir:
Uca Allahın: “Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur” sözü ilə Allahın bütün məxluqat üçün Tək İlah olduğu xəbər verilir. “Əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur”, yəni O Özü əbədi yaşayan, heç vaxt ölməyən və başqalarını həyatda saxlayandır. Ömər (Allah ondan razı olsun) ayədəki الْقَيُّومُ [əl-Qayyu:m] kəlməsini الْقَيَّامُ [əl-Qayyə:m] oxuyardı. Yəni məxluqatın hamısı Ona möhtacdır, O isə heç nəyə möhtac deyildir. Onun əmri olmadan məxluqlardan heç kəs həyatda qala bilməz. Necə ki Uca Allah başqa ayədə buyurur: “Göyün və yerin Onun əmri ilə öz yerlərində sabit qalması da Onun dəlillərindəndir. Sonra da sizi bir dəfə çağıran kimi dərhal qəbirlərinizdən qalxıb çıxacaqsınız” (“ər-Rum”, 25).
Uca Allah buyurur: “Onu nə mürgü, nə də yuxu tutar”, – yəni Ona nə bir naqislik, qəflət, nə də məxluqları barəsində bir unutqanlıq üz verməz. Əksinə, O hər kəsin qazandığını qoruyub saxlayan, hər şeyə şahid olandır. Heç bir şey Onun nəzərindən yayınmaz və heç bir sirr Ondan gizli qalmaz. Ona nə mürgü, nə də yuxu üz verməməsi Onun qəyyumluğunun kamilliyindəndir. “Onu nə mürgü”, yəni Ona mürgü üstün gəlməz və buna görə “nə də yuxu tutar”, yəni mürgüdən daha qüvvətli olan yuxu da Ona üstün gələ bilməz.
(Muslimin) “Səhih” əsərində Əbu Musadan (Allah ondan razı olsun) rəvayət olunur ki, “Peyğəmbər ﷺ bizə dörd cümlə ilə belə xitab etdi: “Həqiqətən, Allah yatmır və ona yatmaq yaraşmaz, tərəzini endirir və qaldırır, gecənin əməli Ona gündüzün əməlindən öncə qaldırılar, gündüzün əməli ona gecənin əməlindən öncə qaldırılar. Örtüyü nurdur (bir rəvayətdə oddur), əgər onu açsa, üzünün nuru gözünün gördüyü bütün məxluqatı yandırar”.[18]
Uca Allah buyurur: “Göylərdə və yerdə nə varsa, Ona məxsusdur”. Bu cümlə ilə hamının Onun qulları olub, Onun mülkündə, tabeçiliyi və hökmranlığı altında olmaları xəbər verilir. Necə ki başqa ayədə buyurur: “Göylərdə və yerdə olanların hamısı Mərhəmətli Allahın hüzuruna ancaq bir qul kimi gələcək. Allah onları hesablamış və bir-bir saymışdır. Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək” (“Məryəm”, 93-95).
Uca Allah buyurur: “Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər?” Bu cümlə Uca Allahın “Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti Allahın istədiyi və Özünün razı qaldığı kimsələrdən başqa heç kəsə heç bir fayda verməz” (“ən-Nəcm”, 26) və “Allah onların keçmişini və gələcəyini bilir. Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir və Onun qorxusundan tir-tir əsirlər” (“əl-Ənbiya”, 28) ayələrinə bənzəyir. Allahın şəfaət etməyə icazə verdiyi kəslərdən başqa heç kəsin Onun yanında şəfaət etməyə cəsarət edə bilməməsi Allahın əzəmətindən, ucalığından və böyüklüyündən irəli gəlir. Necə ki şəfaət hədisində buyurulur: “Onda mən Ərşin altına gəlib Uca Rəbbimin qarşısında səcdə edəcəyəm. Allah istədiyi qədər mən bu vəziyyətdə qalacam. Sonra belə deyiləcək: “Ey Muhəmməd! Başını qaldır və istə, sənə istədiyin veriləcəkdir; şəfaət et, şəfaətin qəbul olunacaqdır”. Sonra mənə ümmətimdən müəyyən qədərinə şəfaət etməyə icazə veriləcək və mən onları Cənnətə daxil edəcəyəm”.[19]
Uca Allah buyurur: “O, məxluqatın gələcəyini və keçmişini bilir”. Bu cümlə dəlildir ki, Allahın elmi keçmişdə, hal-hazırda və gələcəkdə olan bütün olanları əhatə edir. Necə ki Uca Allah mələkləri haqda xəbər verərək belə buyurur: “Mələklər dedi: “Biz dünyaya ancaq sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların arasında nə varsa, Ona məxsusdur. Rəbbin unudan deyildir” (“Məryəm”, 64).
Uca Allah buyurur: “Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər”, – yəni Uca Allahın bildirdiyindən başqa heç kəs Allahın elmindən heç nə öyrənə bilməz. Həmçinin ehtimal olunur ki, Uca Allah belə demək istəyir: “İnsanlar Allahın zatı və sifətləri barəsindəki elmindən Onun öyrətdiyindən başqa hər hansı bir məlumat öyrənə bilməzlər”. Necə ki başqa bir ayədə buyurur: “Allah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə Onu ehtiva edə bilməz” (“Taha”, 110).
Uca Allah buyurur: “Onun Kürsüsü göyləri və yeri əhatə edir”. İbn Əbu Hatim və İbn Cərir rəvayət etmişlər ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın “Onun Kürsüsü göyləri və yeri əhatə edir” ayəsi barədə demişdir: “Allahın Kürsüsü, Onun elmidir”.[20] İbn Əbu Hatim demişdir: “Səid ibn Cubeyrdən də eyni təfsir rəvayət edilmişdir”. İbn Cərir demişdir: “Kürsü ayaq qoyulan yerdir”. Sonra bu rəyi Əbu Musadan, əs-Suddidən, əd-Dahhəkdən və Muslim əl-Battindən rəvayət etmişdir. Şuca ibn Muxalləd İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbərdən ﷺ Uca Allahın: “Onun Kürsüsü göyləri və yeri əhatə edir” ayəsi barədə soruşuldu. Peyğəmbər ﷺ dedi: “Onun Kürsüsü ayaq qoyulan yerdir. Ərşin nə qədər möhtəşəm olduğunu isə Uca və Qüdrətli Allahdan başqa heç kəs layiqincə vəsf edə bilməz”.[21] əl-Hafiz Əbu Bəkr ibn Mərdəveyh də bu hədisi bu şəkildə rəvayət etmişdir. Əslində isə bu (hədisin Peyğəmbərə — ona Allahın salavatı və salamı olsun — nisbət olunması) səhvdir. Bu hədisi Vəki öz təfsirində İbn Abbasdan (Allah ondan razı olsun) bu şəkildə rəvayət etmişdir: “Kürsü ayaq qoyulan yerdir. Ərşin nə qədər möhtəşəm olduğunu isə heç kəs layiqincə vəsf edə bilməz”.[22] əl-Hakim bu əsəri İbn Abbasdan (Allah ondan razı olsun) onun sözü olaraq rəvayət etmiş və demişdir: “əl-Buxari və Muslimin şərtinə görə, səhihdir, lakin onlar rəvayət etməmişlər”.[23]
Bəzi filosoflar Kürsünün səkkizinci göy olduğunu iddia etmişlər. Bu onlara görə üzərində doqquzuncu göyün olduğu sabit ulduzlar göyüdür. Bu göyün adı “əl-Əsir” adlanır. Həmçinin bu göyə “əl-Atlas” da deyilir. Lakin digər filosoflar bu fikirləri rədd etmişlər. İbn Cərir Cuveybir vasitəsilə əd-Dahhəkdən əl-Həsən əl-Basrinin belə dediyini rəvayət etmişdir: “Kürsü elə Ərşin özüdür”.[24] Lakin səhih olan odur ki, Kürsü Ərş deyil və Ərş ondan daha böyükdür. Necə ki nəql olunan rəvayətlər və hədislər buna dəlalət edir.
Uca Allah buyurur: “Bunları qoruyub saxlamaq Ona ağır gəlmir”, yəni göyləri və yeri onlarda və onların arasında olanları qoruyub saxlamaq Ona çətin gəlməz və bu Onu əziyyətə salmaz. Əksinə, bu Onun üçün çox asandır. O hər kəsin qazandığını qoruyub saxlayan, hər şeyə nəzarət edəndir. Heç bir şey Ondan gizli qalmaz və gizlənə bilməz. Hər şey Onun qarşısında acizdir, Ona nisbətdə hər şey kiçik və zəlildir. Hər şeyin Allaha ehtiyacı var, Ona möhtacdır. Allah isə Zəngindir və Tərifəlayiqdir. O istədiyini edər, gördüyü işlərə görə məsuliyyət daşımaz, onlar isə daşıyacaqlar. O hər şeyə qalib gələn, hər şeyin hesabını bilən, hər şeyə nəzarət edən, Uca və Əzəmətli olandır. Ondan başqa haqq İlah yoxdur və Ondan başqa Rəbb də yoxdur. “O Ucadır, Uludur” cümləsi “Allah qeybi Biləndir, Böyükdür, Ucadır” (“ər-Rad”, 9) ayəsinə bənzəyir. Allahın ad və sifətlərinə dəlalət edən bu ayələrə və bu mənadakı səhih hədislərə iman məsələsində tutulan ən gözəl yol əməlisaleh sələflərin tutmuş olduğu yoldur ki, bu da ayə və hədislərin keyfiyyətini araşdırmadan və heç bir məxluqa bənzətmədən onların hamısına olduğu kimi iman gətirməkdir.

[1] Əhməd, 21278, 21315, 21602; əl-Beyhəqi “Sunənus-Suğra” 744, “Şuabul-İman” 2168-2169. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3410.
[2] Muslim, 1343, 1921.
[3] “əl-Musnəd” (5/141-142, Hələb nəşri), Muslimin “Səhih” əsəri (1/223). “əd-Durrul-Mənsur” əsərində (1/322) bildirildiyi kimi, hədisi həmçinin Əbu Davud, İbn əd-Dirris, əl-Hakim və əl-Həravi “əl-Fadail” əsərində rəvayət etmişdir. (Əhməd Şakir).
[4] ət-Tabərani “Mucəmul-Kəbir” 541-542. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 662.
[5] əs-Suyuti “əd-Durrul-Mənsur” əsərində (1/322) əlavə olaraq hədisi ən-Nəsəiyə, İbn Hibbana, ət-Tabəraniyə, Əbu Nueymə və əl-Beyhəqiyə nisbət etmişdir. əl-Hafiz əl-Mizzi bildirmişdir ki, hədisi ən-Nəsəi “əl-Yəum vəl-Leylə” əsərində rəvayət etmişdir. (Əhməd Şakir).
[6] “əl-Musnəd” (13342), hədisin sonunda: “Peyğəmbər ﷺ ona üç dəfə: “Evlən, evlən, evlən!”- dedi” əlavəsi var. əs-Suyuti (1/322) əlavə olaraq hədisi İbn əd-Dirrisə və əl-Həravinin “əl-Fadail” əsərinə nisbət etmişdir. əl-Heysəmi “əz-Zəvaid” kitabında (7/147) hədisi zikr etmiş və demişdir: “Hədisi Əhməd rəvayət etmişdir. Sələmə isə zəifdir”. Yəni Ənəsdən (Allah ondan razı olsun) rəvayət edən tabiin Sələmə ibn Virdən zəifdir. Əhməd və başqaları onun zəif olduğunu demişlər. Lakin Əhməd ibn Saleh demişdir: “Mənə görə, o, etibarlı və hədisləri həsən ravidir”. Həmçinin əl-Buxari “əl-Kəbir” əsərində onun tərcümeyi-halını qeyd etmiş (2/2/78–79) və onun Ənəs ibn Malikdən (Allah ondan razı olsun) hədis eşitdiyini bildirmişdir. Onun barədə pis heç bir şey deməmişdir. Bu o deməkdir ki, əl-Buxariyə görə, o etibarlıdır. (Əhməd Şakir). Əhməd, 13309, 13333, 13342; ət-Tirmizi, 2895, 3140. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 1484.
[7] Əhməd, 21586, 21879. Şueyb əl-Arnavut zəif olduğunu bildirmişdir.
[8] “əl-Musnəd” (5/178, Hələb nəşri) Vəkidən, səhifə 179-da isə Yəzid ibn Harundan, hər ikisi əl-Məsudidən rəvayət etmişlər. Bu surənin 14-15 və 35-36-cı ayələrinin təfsirində bu hədisin bəzi hissələri keçmişdir. Hədisin təxricini orada qeyd etmişik. (Əhməd Şakir).
[9] Əhməd, 23592, 23640, 23990; ət-Tirmizi, 2880, 3121; ət-Tabərani “Mucəmul-Kəbir” 3913. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1469.
[10] “əl-Musnəd” (5/178, Hələb nəşri), ət-Tirmizi (4/43), əl-Hakim (2/459). əl-Munziri hədisi “ət-Tərğib” əsərində (2/220) ət-Tirmizinin rəvayəti ilə gətirmişdir. əs-Suyuti (1/323) əlavə olaraq hədisi İbn Əbu Şeybəyə, İbn Əbu əd-Dunyəyə, Əbu əş-Şeyxə, ət-Tabəraniyə və Əbu Nueymə nisbət etmişdir. (Əhməd Şakir).
[11] əl-Buxari, 2144, 2311.
[12] əl-Buxari (4/396-398, “Fəthul-Bari”). İbn Həcər demişdir: “ən-Nəsəi, əl-İsmaili və Əbu Nueym hədisi Peyğəmbərə ﷺ qədər yüksəltmişlər”. əs-Suyuti (1/326) əlavə olaraq hədisi İbn əd-Dirrisə nisbət etmişdir. əl-Munziri hədisi “ət-Tərğib” əsərində (2/212) rəvayət etmiş və qeyd etmişdir ki, hədisi əl-Buxari, İbn Xuzeymə və başqaları rəvayət etmişlər. (Əhməd Şakir).
[13] ət-Tabərani “Mucəmul-Kəbir” 8736; əd-Dərimi “Sunən” 3444, “Musnəd” 3424; əl-Heysəmi “Məcməuz-Zəvaid” 14444.
[14] Əbu Ubeydin rəvayət etdiyi isnad səhihdir. Həmçinin əd-Dərimi (2/447–448) səhih isnadla rəvayət etmişdir. əs-Suyuti (1/323) əlavə olaraq hədisi ət-Tabəraniyə, Əbu Nueymin “əd-Dələil” əsərinə və  əl-Beyhəqiyə nisbət etmişdir. əl-Heysəmi “əz-Zəvaid” kitabında (9/70–71) hədisi zikr etmişdir. (Əhməd Şakir).
[15] Əhməd, 27611, 27652, 28163; əd-Dərimi “Sunən” 3389. Şueyb əl-Arnavut isnadının zəif olduğunu bildirmişdir. Bu mənada Əsmə bint Yəziddən rəvayət olunan səhih hədisdə Peyğəmbər ﷺ belə buyurur: “Allahın ən əzəmətli adı bu iki ayədədir: “Sizin məbudunuz Tək olan İlahdır. Ondan başqa məbud yoxdur, Mərhəmətlidir, Rəhmlidir (ər-Rahmən, ər-Rahim)” (“əl-Bəqərə”, 163). Ali-İmran surəsinin əvvəli: “Əlif. Ləm. Mim. Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaradılanların Qəyyumudur (əl-Həyy, əl-Qayyum)” (“Ali İmran”, 1-2)”. ət-Tirmizi, 3478; Əbu Davud, 1498; İbn Məcə, 3855. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1642.
[16] 163-cü ayənin təfsirində bu hədisə oxşar bir hədis keçmişdir. Bu rəvayət isə “əl-Musnəd” (6/461, Hələb nəşri) əsərindədir. Həmçinin ət-Tirmizi (4/253) və İbn Məcə (3855) rəvayət etmişlər, (Əhməd Şakir).
[17] ən-Nəsəi “Sunənul-Kubra” 9928; ət-Tabərani “Mucəmul-Kəbir” 7408. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6464; Silsilə əs-Səhihə, 972.
[18] Hədisi Əhməd “əl-Musnəd” (4/405, Hələb nəşri) əsərində,  Muslim (1/64) və İbn Məcə (195) rəvayət etmişlər. Onların rəvayətində “beş cümlə ilə belə xitab etdi” gəlmişdir. “Dörd cümlə ilə” rəvayəti Muslimin başqa iki hədisindədir. İmam Əhməd bundan əvvəl (səh. 401) say qeyd etmədən zikr etmişdir. (Əhməd Şakir). Muslim, 264, 465; İbn Məcə, 195.
[19] Muslimin (1/71) Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət etdiyi uzun hədisdən bir parçadır. (Əhməd Şakir). əl-Buxari, 4343, 4712.
[20] ət-Tabəri (5787–5788). İsnadı güclüdür. Lakin bu rəy “şazz” rəydir (daha səhih rəyə müxalifdir). İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət olunan səhih rəyə müxalifdir. (Əhməd Şakir). İbn Əbu Hatim, 2599.
[21] İbn Məndə “Radd aləl-Cəhmiyyə” 15; ədi-Diya əl-Məqdisi “Əhədisil-Muxtəra” 1/252. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 906.
[22] Abdur-Razzəq əs-Sənani “Təfsir” 3030. Əsər səhih məvqufdur. Bax: Muxtəsər əl-Uluv” 1/75.
[23] əl-Hakim (2/282) əz-Zəhəbi hədisin əl-Buxari və Muslimin şərtlərinə görə səhih olmasında onunla razılaşmışdır. İbn Abbasdan (Allah ondan razı olsun) səhih olaraq sabit olan rəvayət budur. İbn Abbasdan (Allah ondan razı olsun) Kürsünün elm olduğunu bildirən əvvəlki rəvayətə gəlincə, bu rəvayət “şazdır” (daha səhih rəvayətə müxalifdir). Ərəb dilində buna heç bir dəlil yoxdur. Bu səbəbdən Əbu Mənsur əl-Əzhəri İbn Abbasdan (Allah ondan razı olsun) gələn səhih rəvayətin üstün olduğunu bildirərək demişdir: “Hədis alimləri bu hədisin səhih olmasında yekdil rəydədirlər. Kürsünün elm olduğunu rəvayət edənlərin rəyi batildir”. Buna baxmayaraq, ət-Tabəri batil rəyi götürmüş və heç bir dəlil olmadan bu rəyi üstün görmüşdür. Qardaşım əs-Seyyid Mahmud Muhəmməd Şakir onun bu rəyini rədd edərək ona tutarlı cavab vermişdir. Bax: ət-Tabəri (5/401), (Əhməd Şakir).
[24] ət-Tabəri (5795). Əsərin sənədindəki Cuveybir ibn Səid əl-Əzdi olduqca zəif ravidir. Beləliklə, bu rəy əl-Həsəndən sabit deyil. 

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

  1. Nurlan

    Allah razı olsun ?

    Ответить
  2. Musəlmən

    Allah razı olsun. Ayətəl Kursini hər gün oxumaq lazımdır

    Ответить
    1. azermuslimcom автор

      Cümləmizdən

      Ответить
  3. Emin

    Salam.Kürsü hökmranlığının əhatə dairəsi mənasında deyilir.O dövrdə öz ölkələrinin dövlət kürsüsündə kim oturubsa dövlətidə o idarə edir deyə,burda məcazi anlamda yeri göyə hökm edən ALLAH TƏALA nında Kürsüsü bu mənanı daşıyır.

    Ответить
Яндекс.Метрика