Sual: Qadınların saçlarını kəsməsi ilə bağlı hansı qaydalar var? Əgər buna icazə varsa, nə qədər qısa ola bilər?
Cavab:
Mərhəmətli və Rəhmli Allahın adı ilə.
Ümumiyyətlə, klassik Hənəfi fiqh kitabları qadınların saç kəsdirməsini qadağan edir. Bir çox Hindistan Subkontinentinin alimləri də bunu təsdiq edir. Ancaq Ərəb dünyasının bəzi alimləri buna şərti olaraq icazə verir.
Hədislərin birində:
“Allah Rəsulu (ﷺ) qadınlara saçlarını kəsməyi qadağan edir”.
Sünən Tirmizi, 2/246, Sünən Nəsai, 5/407)
İmam əl-Haskəfi (rahiməhullah) məşhur Hənəfi Fiqh kitabında belə buyurur:
“Əgər bir qadın saçını kəsərsə, günahkar və lənətlənmiş olar. Əl-Bəzzazziyyədə əlavə olunur: “Hətta ərinin icazəsi olsa belə, çünki Yaradana itaətsizlik edib yaradılana itaət etmək olmaz”.
(Bax: Rəddül Muxtar, Dürr əl-Haskəfi, kitab əl-həzr vəl-ibahə 5/261)
Qadınların saçlarını kəsməsinin caiz olmadığına dair alimlər tərəfindən verilən əsas iki səbəb bunlardır:
a) Kafirlərə (qeyri-müsəlmanlara) bənzəmək.
b) Kişilərə bənzəmək.
Hər ikisi də Şəriətdə açıq şəkildə qadağan edilmişdir.
İmam Əbu Davudun Sünənində və digərlərindən gələn hədisi-şərifdə Allah Rəsulu (ﷺ) belə buyurur:
“Kim bir qövmə bənzəyərsə, onlardandır”.
(Sünən Əbu Davud, № 4031)
Özünü kişilərə bənzətmək məsələsinə gəlincə, Allah Rəsulu (ﷺ), kişilərə bənzəyən qadınlara və qadınlara bənzəyən kişilərə lənət etmişdir. (Səhih əl-Buxari, 7/205)
Yuxarıdakı iki səbəbi əsas gətirərək fəqihlər ümumiyyətlə qadınların saçlarını kəsdirməsini qadağan ediblər. Bunun səbəbi kişilərə oxşamalarıdır; belə qadınları lənətlənmiş hesab edirdilər, çünki hədisdə kişiyə bənzəyən qadınlara Allah Rəsulu (ﷺ) lənət etmişdir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, qadınlara saçlarını kəsməsinə icazə verilmir. Kafir və qeyri-müsəlman qadınların üslubunu təqlid etmək caiz deyildir. Bir çox müasir qadınlar arasında yayılmış saç kəsimləri, qeyri-müsəlman qadınların üslublarına açıq şəkildə bənzəyir, buna görə də bu, qanunsuz olacaq.
Eyni zamanda, qadınların öz saçlarını kişilərə bənzəyəcək şəkildə qısaltması da qadağandır. Əgər qadın bunu edərsə, Allah Rəsulunun (ﷺ) lənətini qazanar.
Ancaq bir qadın yuxarıdakı iki səbəbdən heç birinə zidd olmayacaq şəkildə saçlarını yüngülcə kəsdirərsə, buna (ən doğrusunu Allah bilir) icazə verilir. Başqa sözlə, bu icazənin iki şərti var və hər ikisi də düzgün başa düşülməli, səhv istifadə edilməməli və ya kontekstdən çıxarılmamalıdır:
1) Qeyri-müsəlman qadınlara bənzəmə olmamalıdır.
Qeyri-müsəlmanlar və kafir qadınlar tərəfindən istifadə olunan saç düzümlərinə icazə verilməyəcək. Saçları qabaqdan kəsmək də olmaz.
2) Kişilərə bənzəmə olmamalıdır.
Əvvəl də qeyd olunduğu kimi, qadınların saçlarını kişilərin saçlarına oxşayacaq şəkildə kəsmələri haramdır. Beləliklə, bir qadın tüklərin səviyyəsini bərabərləşdirmək üçün saçlarını alt ucundan yüngülcə kəsdirsə, bu caiz olar.
Qeyd etmək lazımdır ki, əgər saçlar kəsilərsə, yenə də çiyinlərdən xeyli aşağı olmalıdır və bu icazə yalnız bir az kəsməkdir. Əgər qadın evlidirsə, bunu ərinin icazəsi ilə etməlidir.
Nəhayət, bir qadın üçün xüsusi bir səbəb olmadığı təqdirdə, saçlarını heç kəsməməyin daha yaxşı olduğunu unutmamalıyıq. Əvvəllər, qadının gözəlliyi onun saçlarının uzunluğu ilə əlaqələndirilirdi, kişilərə oxşaması ilə yox.
Nəticə olaraq, ümumiyyətlə bir qadına, saçını kəsməsinə icazə verilmir. Ancaq, saçlar yuxarıda göstərildiyi kimi kəsilərsə, çəkinmək daha yaxşı olsa da, caiz olar.
Allahu Təala daha yaxşı bilir.
Müfti Muhamməd ibn Adəm
Darul iftaa
Lester, Böyük Britaniya
Mənbə: daruliftaa.com
Tərcümə: t.me/Ehli_Sunne_Henefi







