Namazın qəzası və dəlilləri
Bir namazı vaxtında qılmağa “əda”, vaxtından sonra qılmağa isə “qəza” deyilir. Vaxtında qılınmayan namaza “faitə” deyilir. Cəmi “fəvait-dir”.
Vaxtında qılınmamış olan beş vaxt fərz namazın qəzası fərz, vitr namazının qəzası isə vacibdir (hənəfilərə görə). Qəza ediləcək sünnə növü azdır. Belə ki, səhər namazının fərzi ilə birlikdə sünnəsi də vaxtında qılınmamışsa, o gün günəşin doğmasından 50-55 dəqiqə qədər sonra günorta namazına bir az yaxın vaxtda bu sünnə fərz ilə bərabər qəza edilir. Quşluq vaxtından əvvəl və istivadan sonra qəza edilməz. İmam Məhəmmədə görə bu sünnə yalnız olaraq da vaxtında qılınmamış olsa, yenə quşluq vaxtı ilə istiva arasında qəza edilər. Bunun dəlili Əbu Mürəyrədən (r.a) rəvayətə görə Nəbi (s.ə.s) və əshabı Xeybər hərbindən qayıdarkən, yolda qalmış və Bilal Həbəşini növbətçi təyin etmişdi. Ancaq çox yorğun olan Bilalın (r.a) yatması nəticəsində səhər namazına qalxa bilməmişdirlər. Günəş yüksəldikdən sonra dəstəmaz almış, Bilal azan oxumuş, iki rükət namaz qılındıqdan sonra, iqamə gətirmiş və səhər namazının iki rükət fərzi qılınmışdır.1
Bundan əlavə günorta namazının ilk sünnəsi camaatla fərzə çatmaq üçün tərk ediləcək olsa, fərzdən sonra son iki rükətdən əvvəl qəza edilir. Beləliklə bu sünnə vaxtı içərisində iki dəfə təxir edilməmiş olur.
Fitvaya əsas olan bu görüşdür. Bununla birlikdə son iki rükətdən sonra da qəza edilə bilər, namazın tərtibinin ikinci dəfə dəyişməməsi üçün bunun müvafiq olduğunu deyənlər də vardır. Cuma namazının ilk dörd rükət sünnəsi haqqında da bu əvvələ alma və ya sonraya saxlama üsuluna görə əməl edilir. Tərk edilən digər sünnələrin qəzası vacib deyildir. Lakin başlandıqdan sonra hər necə olsa tərk edilən bir sünnə və ya pozulan bir nafilə namazın qəzası lazımdır. Məsələn; günorta namazının son sünnəsinə başlamış olan bir kimsə cənazə namazını qaçırmamaq üçün bu sünnəni tərk edərsə, bunu daha sonra qəza etməsi vacibdir.
Namazı pozacaq bir iş xaricində bir maneə olmadan qılanın, bunu yenidən qılmasına isə “iadə”deyilir. Təxrimən məkruh bir şəkildə əda edilən bir namazın vaxt içərisində yenidən qılınması vacibdir. Vaxt çıxdıqdan sonra isə qılınması məndubdur. Başqa bir cəhətdən namazda bir fərzin təxiri, vacibin tərk və ya təxiri şəklində mövcud olan bir əskikliyin, namazın sonunda səhv səcdəsi edilərək tamamlanması da kifayətdir. Səhv səcdəsi də tərk edilərsə, bu pis bir iş olmaqla birlikdə namaz tamam olar.
Bir üzr olmadan namaz qəzaya buraxılmamalıdır. Allah belə buyurur “Arxayınlığa çıxdığınız zaman namazı qılın. Çünki namaz möminlərə vaxtları müəyyən olunmuş olaraq fərz qılınmışdır.”2 Namazı üzrsüz qəzaya buraxmanın günahı, o namazı qəza etməklə ortadan qalxmaz, ayrıca tövbə edilməsi vacibdir.
Hər hansı bir üzr səbəbilə namazın qəzaya saxlanılmasında bir qəbahət yoxdur. Düşmən qorxusu, bir həkimin cərrahiyyə əməmliyyatının çox çəkməsi, mamaçanın uşaq dünyaya gətirən qadının yanından ay-rılmaması və s. kimi səbəblər bu üzrlər arasında sayıla bilər. Belə ki, Hz. Peyğəmbər Xəndək müharibəsində namazlarını təxirə salmışdır. Abdullah İbn Məsud (r.a) bunu belə nəql edir: “Müşriklər Xəndək müharibəsində Rəsulullahı (s.ə.s) dörd vaxt namaz qılmaqdan məhrum etdilər. Nəhayət gecənin Allahın bildiyi qədər bir hissəsi keçdikdən sonra O, Bilala (r.a) azan oxumasını əmr etdi. Bilal azan oxudu və iqamə gətirdi. Hz. Peyğəmbər günorta namazını qıldırdı, sonra Bilal iqamə gətirdi, Hz. Peyğəmbər ikindini qıldırdı, sonra iqamə gətirdi, Rəsulullah (s.ə.s) axşam namazını qıldırdı. Sonra Bilal iqamə gətirdi. Peyğəmbər (s.ə.s) yatsı namazını qıldırdı.”3
Namazı bilərək və tənbəllikdən vaxtında qılmayan kimsə günahkar olar və bu namazı qəza etməsi lazımdır. Hz. Peyğəmbər belə buyurmuşdur:
“Sizdən biri yuxu səbəbi ilə və ya unudaraq bir fərz namazı qılmazsa, xatırladığı zaman onu dərhal qılsın. Çünki Allah-Təalə Məni zikr etmək üçün namaz qıl!4 buyurmuşdur.”5 Buxarinin Ənəs İbn Malikdən etdiyi rəvayət belədir: “Bir kimsə bir namazı unudarsa, xatırladığı zaman onu dərhal qılsın. Namazın bundan başqa kəffarəsi yoxdur. «6
Hədislərdə ümumi olaraq namazı qəzaya saxlama səbəbi kimi iki üzr sayılmışdır: Yuxu və unutmaq. Bəzi alimlər bu üzrlərin məhdudlaşdırıcı olduğunu düşünərək, bilə-bilə və tənbəllik səbəbi ilə namaz qılmama halında namazı qəza etmənin lazım olmadığı qənaətinə gəlmişlər. Belə kimsənin tövbə və istiğfar etməsinin lazım olduğunu irəli sürmüşlər. Zahidlərdən İbn Həzm (ö. 456/1063) bu görüşdədir. Onun əsaslandığı dəlil; «vaxt şərti ortadan qalxınca, şərt qoşulan da qalxar» qaydasıdır.7
Ancaq hənəfilərin də daxil olduğu əksəriyyət fəqihlərə görə: yuxu və ya unutmaq kimi insanın iradəsini əlindən alan bir ünsür səbəbi ilə belə namazı qəza etmək lazımdırsa, bilərək qılmadıqda da qəza etmək lazımdır.8 Bundan əlavə bu hədisin ümumi mənasına istinad edilmişdir: “Allahın borcu yerinə yetirilməyə daha layiqdir.”9 Bilərək namazı tərk edən şəxsə bu namazı qılmaq vacib və bir borc olmuşdur, borc isə ödə-nilmədikcə ortadan qalmaz.10
Yuxu və unutma kimi bir üzr səbəbi ilə namazı gecikdirən kimsə günahkar olmaz. Çünki Əbu Qətadədən (r.a) belə rəvayət edilmişdir: “Hz. Peyğəmbər (s.ə.s) yatıb qalaraq namazı qılmadıqlarından şikayət edənlərə belə buyurmuşdur: yuxu gecikmə səbəbi deyildir. Gecikmə ancaq ayıqlıq halında olandır. Sizdən biri namazını unudar və ya yatıb qalaraq qılmazsa, xatırladığı zaman onu qılsın.”11
Ancaq namaz vaxtını keçirməmək üçün zamanında oyanmağa tədbir almaq və unutqanlıqlara qarşı da tədbirli olmaq möminin şüarı olmalıdır.
Namazın vacibliyini aradan qaldıran üzrlər
Heyz (aybaşı) və nifas (zahılıq) hallarında qadınlarda namaz borcu düşər. Hz. Aişə (r.anhə) belə demişdir: “Nəbi (s.ə.s) qadınların adətli günlərində qılmadıqları namazları qəza etmələrini əmr etməz, yalnız tutmadıqları fərz orucu qəza etmələrini əmr edərdi.”12 Beş vaxt namaz müddətində və daha çox davam edən ağıl xəstəliyi və ya huşunu itirmə, yaxud koma halında da namaz borcu düşər. Ancaq bu hallar beş vaxt və daha az bir müddət davam edərsə baxılar. Ayıldığı zaman dəstəmaz alıb iftitah təkbiri gətirəcək qədər bir zaman qalmışsa, o vaxtın namazını qəza etməsi vacibdir. Dindən çıxıb, yenidən dinə qayıdan kimsəyə gəlincə: bu şəxsin mürtədlik vaxtında və ya daha əvvəl qılmadığı namazları qəza etməsi vacib deyil. Daha əvvəl həcc etmişsə, yenidən həcc etməsi lazımdır. Qeyri-müsəlman bir ölkədə İslama girən kimsə namazın fərz olduğunu öyrənənə qədər üzrlü sayılar. Çünki qeyri-müsəlman ölkədə dini əmr və qadağaları bilməmək üzr qəbul edilir.13
Şafeilərə görə heyz və nifas halındakı qadın namaz qılmaz və qəza etməsi də lazım gəlməz. Ağıl xəstəliyi, özündən getmə və koma halı ilə mübah bir yolla ağlın itməsi namazı ortadan qaldırar. Ancaq haram bir şeylə sərxoş olanın qılmadığı namazları qəza etməsi lazımdır.
Vaxtında qılınmayan namazların qəzası
Bir namazın əda şəkli necədirsə, qəzası da elədir. Məsələn, səfərdə olaraq dörd rükətli namazlarını qıla bilməyən kəs bunları istər səfərdə, istərsə də əsli vətəninə qayıtdıqdan sonra qəza etsin, iki rükət olaraq qəza edər. İqamət halında tam olaraq qılınması lazım olan namazları qəzaya saxlayan kimsə də, bunları vətənində və ya səfərdə yenə tam olaraq qəza edər.
Namazlar qəza edilərkən gizli oxunacaq namazda qiraət gizli oxunar. Səsli oxunan namazı imam qıldırarsa səsli oxunar. Təkbaşına qılınarsa səsli və ya gizli oxunmasında sərbəstdir.14
Şafei və hənbəlilərə görə namazları qəza edərkən mövcud olan yer və zamana baxılar. Səfərdə olan kimsə dörd rükətli namazları iki rükətli olaraq qəza edər. Bu namazın səfərdə və ya iqamət halında qəzaya qalması hökmü dəyişdirməz. Səfərdə qəzaya qalan iqamət halında qəza edildikdə dörd rükət olaraq qılnar. Çünki namazları qısaltmanın səbəbi olan səfərilik ortadan qalxmışdır.
Namazlar qəza edilərkən sıranın gözlənilməsi vacibdirmi? Əgər namazı qəza edən şəxs tərtib sahibidirsə, qəza namazı ilə vaxt namazı arasında sıraya riayət etməsi lazımdır. Tərtib sahibi deyildirsə, bu namazı qəza etmədən digərlərini qıla bilər.
Bir kimsənin tərtib sahibi ola bilməsi üçün altı vaxtdan çox namazı qəzaya qalmamalıldır. Vitr namazı daxil olmaqla altı vaxt namazı qəzaya qalınca tərtib sahibi olmaqdan çıxar. Artıq bu kimsənin nə qəza namazları arasında, nə də qəza namazları ilə vaxt namazları arasında sıranı gözləməsi vacib deyil.
Tərtib sahibi olan kimsənin bir fərz namazını və ya Əbu Hənifəyə görə vacib olan vitr namazını üzrsüz yerə və ya hayız və nifas kimi namazı düşürən xüsusiyyətdə olmayan bir üzr səbəbiylə vaxtında qılınmamış olması halında, bu namazı ilk vaxt namazından əvvəl qəza etməsi lazımdır.
Məsələn, tərtib sahibi olan kimsə səhər namazı vaxtında yatıb qalarsa, bu namazı o günün günorta namazından əvvəl qəza etməsi lazımdır. Əgər günorta namazını əvvəl qılarsa, sıranı gözləmədiyi üçün bu namaz İmam Məhəmmədə görə fasid olur. Əbu Yusifə görə fərz olmaqdan çıxar, nafilə namazına çevrilər. Əbu Hanifəyə görə isə müvəqqəti olaraq səhih olmaz. Belə ki, bundan sonra o, səhər namazını qəza etmədən beş vaxt namazını əda edəcək olarsa, bu altı vaxtın hamısı da səhih olar. Lakin belə beş vaxt namazını daha qılmadan o səhər namazını qəza edərsə, arada qılmış olan vaxt namazları fasid olub təkrar qılınmaları lazımdır.
Qəzaya qalan namazlar müxtəlif olub da vaxt, bunlardan yalnız bir qismi ilə vaxt namazını qılmağa əlverişli olarsa, sıranı gözləməyə məcbur olmaması daha etibarlı görüşdür.
Tərtib sahibinin sıranı gözləməsinin dəlili: Rəsulullahın (s.ə.s) Xəndək müharibəsində dörd vaxt namazı qıla bilməyincə bunları sıraya düzərək və vaxt namazından əvvəl qılmasıdır. Başqa bir dəlil: İbn Ömərin (r.a) bu sözüdür: “Sizdən biri bir namazı qıla bilməz, ancaq imamla birlikdə namazı qılarkən xatırlayarsa namazını tamamlasın. Bundan sonra unutduğu namazı təkrar etsin. Sonrada imamla birlikdə qıldığı namazı iadə etsin.”15
Tərtibi ortadan qaldıran səbəblər üçdür
- Qəzaya qalan namazların sayının vitr xaricində altı vaxt və daha çox olması,
- Müstəhəb olan vaxtın həm qəza, həm də vaxt namazı ilə birlikdə qılına bilinməyəcək qədər dar olması,
- Vaxt namazının qılınması sırasında qəza namazını yaddan çıxartmaq. Çünki unutma halı bir üzrdür.
İmam Şafeiyə görə qəzaya qalan namazlar ilə vaxt namazı arasında sıranı gözləmək şərt olmasa da müstəhəbdir.
Qəzaya qalan namazlar çox olarsa, bunlara təyin edilərək niyyət edilməsi lazım deyildir. Çünki bunda çətinlik vardır. Məsələn, qəzaya qalmış olan ilk və ya son, səhər namazını və ya günorta namazını qılmağa niyyət edilməsi kifayətdir.
Bir kimsə nə qədər namazının qəzaya qaldığını bilməzsə, qənaətinə (zanni-galib) görə hərəkət edər. Əgər belə bir qərara gələ bilməsə, borcundan qurtardığı qənaətinə gələnə qədər qəza namazı qılmalıdır.
Bir kəs bir namazı qılıb-qılmadığı haqda şübhəyə düşər və hələ vaxt çıxmamış olarsa həmin namazı yenidən qılar, vaxt çıxdıqdan sonra şübhə edərsə, artıq heç nə lazım olmaz. Çünki fərzin səbəbi olan vaxt çıxmışdır. Bir müsəlmanın namazını vaxtında qılması isə bir qanundur.
Qəza namazı qılan kimsənin yanında camaatla vaxt namazına başlanarsa, namazını tamamlamadıqca camaata qatıla bilməz. Eyni vaxta aid olan qəza namazları, üsuluna görə camaatla da qılına bilər. Qəza namazlarının evdə qılınması daha münasibdir. Çünki bunu göstərmək Allaha qarşı bir cürət sayılır və başqaları üçün pis nümunə təşkil edə bilər.
Qəza namazları üç kərahət vaxtından başqa istənilən hər vaxtda qılına bilər. Bu üç vaxt Üqbə İbn Amirin (r.a) nəql etdiyi bir hədisdə belə müəyyən edilmişdir; “Üç vaxt vardır ki, Hz. Peyğəmbər bu vaxtlarda namaz qılmağımızı və ölülərimizi qəbrə qoymağımızı qadağan etdi. Bunlar: günəşin doğma vaxtı, zəval vaxtı və günəşin batma vaxtıdır.”16
İkindi və səhər namazlarından sonra da olsa, bu sayılan üç vaxtın xaricində qəza namazı qılına bilər.
Bir qadın sabah bu qədər namaz qılaram və ya oruc tutaram deyə nəzir (adak) edərsə, lakin o gün adət görməyə başlayarsa, o namazı və ya orucu təmiz olacağı günlərdə qəza edər.
Qəza namazları ilə məşğul olmaq nafilə namazlarla məşğul olmaqdan daha yaxşıdır. Lakin beş vaxt namaza bağlı olan sünnələr müəkkəd və ya qeyri-müəkkəd olsun bundan müstəsnadır. Yəni bu sünnələri tərk edərək, bunların yerinə qəzaya niyyət edilməsi doğru olmaz. Əksinə bu sünnələrə niyyət edilməsi daha yaxşıdır. Hətta quşluq və təhəccüd namazı kimi haqqında hədis olan namazlarda belədir. Bu namazlara da bu şəkildə nafilə olaraq niyyət edilməsi uyğun hesab olunur. Çünki bu sünnələr fərz namazları tamamlayır, və onların başqa vaxt yerinə yetirilməsi yoxdur. Qəza namazlarının isə müəyyən vaxtları olmadığı üçün yerinə yetrilmələri mümkündür.
Fərz namazını qəzaya saxlayaraq günaha girən kimsənin, bu günahdan qurtarmaq üçün sünnələrdən boyun qaçırması uyğun deyildir. Belə bir kimsə çoxlu ibadət edərək uca Allahın əfvinə sığınması lazım olduğu halda, özü üçün Rasullullahın (s.ə.s) şəfaətinə vəsilə olan bir sıra sünnələri, nafilələri tərk etməsi necə ola bilər? Həm fərzləri qəzaya buraxmaq, həm vaxt namazlarını sünnələrdən ayırmaq ikiqat qüsurdur. Fitvaya əsas olan görüş də budur.
- Əbu Davud, Selat, 11, H. No: 435,443; Nesai, Mevaqit, 54,55; Ə. ibn Henbel, IV, 444; Təhanavi,
llaüs-Sünan, II, 126. - Nisa,4/103.
- Tirmlzi, Mevaqit, 18; Ə. İbn Hənbəl, I, 375; Tirmizl bu hədisin isnadında bir şübhə olmadığını söyləmişdir. Bax. Zeyləi, Nəsbur-Rayə, II, 164-166.
- Bax. Taha, 20/14. Bu ayədəki xitab Hz Musaya aiddir və Sina dağında keçən danışıqlar arasında yer alır.
- Müslim, Məsacid, 316; Malik, Müvəttə, Vukut, 26; 8. İbn Hənbəl, III, 184, 216; bax. Tirmizi, Səlat, 16; Nsəai, Məvaqit, 53; İbn Macə, Səlat, 10.
- Buxari, Məvaqit, 37; Müslim, Məsacid, 314; Əbu Davud, Səlat, 11; Ə. İbn Hənbəl, III, 219.
- Təhanəvi, llaüs-Sünən, VII, 143.
- Bax. Meydani, e.a.ə., I, 88; Şirbini, Muğnil-Möhtac, I, 127; Şirazi, e.a.ə., I. 5; İbn Qüdamə, Muğni, II, 108; İbn Rüşd, e.a.ə., I, 175; Züheyli, e.a.ə., II, 130.
- Buxari, Savm,42:Müslim, Siyam, 154,155.
- Şövkani, Neyi, I, 326; Təhanəvi, e.a.ə., VII, 143.
- Müslim, Məsacid, 311; Əbu Davud, Səlat, 11; Tirmizi, Məvaqit, 16; Nəsai, Məvaqit, 53.
- Buxari, Heyz, 19, 20; Müslim, Heyz, 15, 69; Tirmizi, Təharə, 93, 97.
- İbn Abidin, e.a.ə., I, 330, 688; Hamdi Döndüren, Delilleri ile İslam Hukuku İstanbul 1983 s.142,143.
- Ibnul-Hümam, e.a.e., I, 405; Meydani, e.a.ə., I, 110.
- Zeyləi, e.a.ə., II, 162.
- Müslim, Müsafirun, 293; Əbu Davud, Cənaiz, 51; Tirmizi, Canaiz, 41.
? Dəlilləriylə İslam Elmihalı.






