Təhəccüd nə deməkdir?
Eyni anda qarşılıqlı mənaları olan “Təhəccüd” (ezdad) kəliməsi lüğətdə həm “yatmaq”; həm də “oyanmaq, yuxudan güclə ayılmaq” mənalarına gəlir.1
Dini termin olaraq isə bu kəlimə yatsı namazı ilə sübh namazı arasında bir müddət yatdıqdan sonra, təkrarən qalxıb gecə vaxtı qılınan nafilə bir namazı ifadə edir. Bu baxımdan təhəccüd digər gecə namazlarından, xüsusilə vitr və təravihdən fərqlənir.
Təhəccüd namazı adını İsra surəsinnin 79-cu ayəsində keçən “təhəccəd” (təhəccüd namazını qıl) kəliməsindən alır. Fəxrəddin ər-Razinin təbirincə desək, gecə mənəvi lütfün, feyz və bərəkətin ən bol və mükəmməl şəkildə əldə olunduğu dövrdür.2
Qurani-Kərimdə gecə ibadətlərinin önəmi
Qurani-Kərimdə gecələri ibadətlə canlandırmağın vacibliyini vurğulayan çoxlu ayələr vardır. Hələ nübüvvətin ən başlarında nazil olan “Müzəmmil” surəsinin ilk ayələri ilə gecə namazını qılmaq əmr edilmişdir:
Əl-Müzzəmmil surəsi, 1-4
- Ey (libasına) örtünüb bürünən (Peyğəmbər)!
- Gecəni – az bir hissəsi istisna olmaqla – qalxıb namaz qıl!
- (Gecənin) yarısına qədər, yaxud bir qədər ondan az;
- Və ya bir qədər ondan çox! (Sənin gecəni oyaq qalıb namaz qılmağın onun üçdə bir hissəsindən az, üçdə ikisindən çox olmasın!) Həm də (gecə ibadət etdiyin zaman) aramla (ağır-ağır) Quran oxu!
Sonradan enən ayələrin bəzilərində də birbaşa Həzrəti Məhəmmədin (sav) adı çəkilir. 3 Məsələn təhəccüd namazının adını aldığı ayədə Peyğəmbərimizə (sav) xitabən belə buyrulur:
(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdə ən böyük şəfaət məqamına) göndərsin!
Əl-İsra, 79
Bu ayənin təfsirində təhəccüd namazının Peyğəmbərimiz (sav) üçün fərz, ümməti üçün isə nafilə olduğu bəyan edilmişdir.
Ayələrin diğər qismində isə bütün müsəlmanlar bu saleh əmələ təşviq edilir və ixlasla bu əməli işləyənlər təriflənir. 4 Bu ayələrin birində belə buyurulur:
16. Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində (Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər.
17. Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) onlar (möminlər) üçün göz oxşayan (onları sevindirəcək) nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz!
Əs-Səcdə, 16-17
Peyğəmbərimizin ﷺ təhəccüd namazı ilə bağlı tövsiyələri
Gecə namazının əhəmiyyəti və fəziləti haqqında çoxlu hədislər vardır. Müzəmmil surəsi nazil olduqdan sonra Peyğəmbərimiz (sav) hər gecə təhəccüd namazı qıldı və daima ümmətini də bu fəzilətli əmələ təşviq etdi.
Müslimdə Əbu Hüreyrə (ra) dan nəql olunan bir hədisə görə: Peyğəmbərimiz (sav) belə buyurmuşdur:
«Fərz namazından sonra qılınan ən fəzilətli namaz gecə namazıdır. Gecəni ikiyə ayırsan, axırıncısı namazın ən fəzilətli vaxtıdır. Gecəni üçə bölsən, ortası ən fəzilətlidir. » (Tecrid-i Sarih Terc. IV, 16).
Yenə Əbu Hüreyrə (ra) dan rəvayət edilən başqa bir hədisdə Peyğəmbərimiz (sav) buyurur:
«Gecə qalxıb namaz qılan, xanımını oyandırıb ona da namaz qılan, qalxmaq istəmədiyi halda üzünə su səpən kişiyə Allah rəhm edər (günahlarını bağışlayar). Yenə gecə qalxıb namaz qılan və ərini oyandıran, qalxmaq istəmədiyi halda üzünə su səpən qadına da Allah rəhm edər (gübnahlarını bağışlayar). (Əbu Davud, Salatü’t Tatavvu’, 18).
Başqa bir hədisdə gecə xanımı ilə bərabər oyanaraq iki rükət namaz qılanların Allahı çox zikr edən qullar arasına yazılacağı (Ebû Davûd, Vitr, 13), ayədə isə Allahı çox zikr edən kişi və qadınlar üçün bağışlanma və böyük mükafat hazırlandığı ((Əhzab, 33/35) bəyan edilmişdir. Bu iki nassı bərabər gözdən keçirdikdə dinimizdə gecə namazının nə qədər böyük bir yerə sahib olması aşkara çıxır.
Təhəccüd namazının gecə saatlarına xas olması, yuxu kimi səbəbləri əsas gətirərək onun tərkinə gətirib çıxarır. Amma unutmamaq lazımdır ki, Hz. Aişə (r.anha) dən rəfayət edilən bir hədisdə Peyğəmbərimizin (sav) əsla bu namazı tərk etmədiyi, xəstə və yoğun olduğu hallarda oturaraq qıldığı 5 xəbər verilmişdir. Yenə Hz. Aişə (r.anha) anamız “Rəsullullaha (sav) görə namazların ən xeyirlisi az da olsa davam ediləni idi. Rəsullullah (sav) bir namazı qılmağa başladığı zaman ona davam edərdi” demişdir. 6
Rəsulullahın ﷺ təhəccüddə etdiyi dua
Peyğəmbərimiz (sav) gecə təhəccüd üçün oyananda əvvəlcə misvakla dişlərini təmizləyər və dəstəmaz alardı. Namaza başlamazdan əvvəl müxtəlif dualar və zikrlər edərdi. Bəzən on dəfə təkbir deyər, on dəfə həmd edər, on dəfə təsbih edər, on dəfə tövbə edər və bu duanı oxumaqla qiyamət gününün bəlalarından Allaha sığınırdı:
“Allahım! Bağışla məni. Məni həmişə haqq yol üzərində elə. Mənə ruzi ver və mənə rifah (səhhət və mənəfi rahatlıq) bəxş et”. (İbn Mâce, İkâmət, 180)
Rəsulullah (sav) gecə namazını iki rükət qılmağı tövsiyə etmiş və ilk iki rükətin qısa olmasını tövsiyə etmişdir. Gecə namazını bəzən evdə, bəzən də məsciddə qılardı. Namaza durduqda bəzən gizli, bəzən də aşkar qiraət edərdi.
Unutmayaq ki, Peyğəmbərimiz (sav) uzun qiyamla qılınan namazın daha fəzilətli olduğunu bildirmiş, xüsusən də nafilə namazlarında özü qiraəti uzatmışdır.
Təhəccüd namazı necə qılınır?
Təhəccüd namazı qılacaq şəxs: “Allah rızası üçün niyyət etdim təhəccüd namazını qılmağa” şəklində niyyət edə bilər. Bu namazı iki və səkkiz arasında çüt saylarla qılmaq müstəhəbbdir. Ancaq kim istəsə, daha çoxunu da edə bilər. Bu halda hər iki rükətdən bir salam vermək daha fəzilətli olsa da, dörd rükətdə də salam vermək olar. 7
İki rükətdən artıq namaz qılarkən, arada danışmaq, yemək və içmək kimi namaza zidd bir davranış yoxdursa, yenidən niyyət etmək lazım deyil. Dörd rükət qılınan zaman ikinci rükətin sonunda təşəhhüdə oturanda “Əttəhiyyət”dən sonra “Allahummə salli” və “Allahummə barik” oxunur. Üçüncü rükətə ayağa qalxdıqda isə əvvəlcə “Sübhanəkə”, ardınca “Euzu bəsmələ” və “Fatihə” surəsi oxunur.
1) Hatîb Eş-Şirbîni, I, 348; İbn Abidin, II, 24.
2) Fəxrəddin ər-Razi, Mefâtîhu’l-ġayb, XXII, 36.
3) əl-İsra 17/79; Taha 20/130; Kəf 50/40; et-Tur 52/49; əl-Müzzəmmil 73/1-7, 20; əl-İnsan 76/25.
4) Ali İmran 3/17; əl-Ənbiya 21/20; əl-Furqan 25/64; əs-Səcdə 32/16-17; əz-Zumər 39/ 9; əz-Zariyat 51/15-18
5) Ebû Davûd, Salatu’t-Tatavvu’, 18
6) Buhar, Savm, 52
7) İbn Abidin, Reddü’l-muhtar, II, 468-469








Təhəccüd çox önəmlidir
Təhəccüd namazı ən fəzilətli namazlardan biridir. Allah bizləri oxuyub faydalanan və oxuduqlarından nəticə çıxaran qullarından etsin Amin.