Cənazə namazının qılınma qaydası

Cənazə namazının qılınma qaydası Namaz

Cənazə namazı rükusu və səcdəsi olmayan, təkbirlə başlayıb salamla sona çatan, qibləyə tərəf ayaq üstündə və dəstəmazlı olaraq günəşin doğması və batması xaricində hər zaman qılınan bir namazdır. Yuyulub kəfənlənən mömin bir ölüyə son duanı etmək üçün cənazə namazı qılmaq cənazənin olduğu bölgədə yaşayan müsəlmanların üzərinə fərzi-kifayədir. Yəni bir bölgədə bir qrup müsəlmanın bu namazı qılmaları ilə digərlərinin üzərindən məsuliyyət düşər.

Cənazə namazı heç qılınmazsa o bölgədəki bütün müsəlmanlar cavabdeh və günahkar olarlar.

Cənazə namazının şərti niyyətdir.

Bu niyyətdə ölənin kişi və ya qadın, oğlan və ya qız uşağı olduğu müəyyənləşdirilir. İmam olan kimsə Allah-Təalanın rizası üçün hazır olan cənazənin namazını qılmağa və o cənazə üçün dua etməyə niyyət edərək namaza başlayar. Ayrıca imamlığa niyyət etməsi lazım deyil. Camaatdan hər biri də Allah rizası üçün o cənazə namazını qılmağa, onun üçün duaya və imama uymağa niyyət edər. Ölü kişi isə: “bu hazır kişi üçün”, qadın isə “bu hazır qadın üçün”, deyə niyyət edilər. Uşaqlar üçün də bu şəkildə niyyət edilər. Camaatdan bir cənazənin kişi, yoxsa qadın olduğunu bilməzsə, “üzərinə imamın namaz qılacağı ölüyə, imam ilə birlikdə namaz qılmağa və dua etməyə” deyərək niyyət edər.

Cənazə namazının rüknu, təkbirlər və ayaqda durmaqdan (qiyam) ibarətdir. Bu namazda rüku və səcdələr olmadığı kimi Quran oxumaq və təşəhhüd də yoxdur. Şərtləri altıdır:

  1. Ölünün müsəlman olması
  2. Cənazənin və qoyulduğu yerin təmiz olması
  3. Camaatın önündə olması
  4. Vücud əzalarının çoxunun və ya başı ilə birlikdə yarısının mövcud olması
  5. Yer üzərinə qoyulmuş olması
  6. Namaz qılacaq kimsənin minik üzərində deyil, yerdə və ayaq üstə olması lazımdır

Cənazə namazında izdihamlı bir camaatın olması şərt deyildir. Yalnız bir kişinin və ya bir qadının bu namazı qılması ilə fərz yerinə gətirilmiş olar. Yalnız qadınlardan ibarət camaat qılsa, bu da kifayət edər. Cənazədə fərzi-kifayəyə qadınlar da daxil olduğu üçün, kişilər kimi camaata qatılma haqaları vardır. Necə ki, Hz. Osman, İbn ömər və Əbu Hüreyrənin Mədinədə cənazə namazlarını kişi və qadın camaatları ilə qıldıqları nəql edilmişdir.1 Belə bir vəziyyətdə, arada bir boşluq buraxlaraq qadınların sağ və ya sol tərəfdə yer alması caiz olar. Necə ki, Kəbeyi-Müəzzəmədə qılınan namazlarda, qadınlar ayrı qruplar halında, kişilərin önündə və yan tərəflərində, arada bir boşluq buraxılaraq camaatla namazlarını qılmaqdadırlar.

Cənazə namazında camaatın sayı nə qədər çox olarsa, savabı da çox olar.

Hz. Aişə Rəsululahın (s.ə.s) belə dediyini nəql etmişdir:

“Bir cənazənin namazını yüz müsəlman qılaraq hamısı ona şəfaət diləyərsə, özlərinə o kimsə haqqında şəfaət izni verilər:”2

İbni Abbas (r.a) Rəsululahın belə buyurduğunu rəvayət etmişdir: “Bir müsəlman öldüyü zaman, cənazəsində Allaha heç bir şeyi şərik qoşmayan qırx nəfər olarsa, Allah onlara həmin kəs haqqında şəfaət icazəsi verər.”3

Cənazə namazının sünnələri dörddür:

  • İmamın, cənazənin sinəsi tərəfində olması,
  • İlk təkbirdən sonra, “və cəllə sənaükə” əlavəsi ilə bərabər, “sübhanəkə” duasını oxumaq. İlk təkbirdən sonra dua niyyəti ilə Fatihə sürəsinin oxunması da caizdir. Ancaq şafei və hənbəlilərə görə Fatihənin oxunması bir rükndür. Dəlil İbni Abbasın cənazə namazındakı fatihə oxuması və “bunun sünnə olduğunu” deməsidir.4 Malikilərə görə, Fatihənin oxunması tənzihən məkruhdur.
  • İkinci təkbirdən sonra, «saili barik” dualarını oxumaq,
  • Üçüncü təkbirdən sonra ölüyə, özünə və digər müsəlmanlara dua etmək. Duanın axirətə aid olmasından başqa bir şərt olmaması ilə birlikdə, Hz. Peyğəmbərin etdiyi dualardan seçilən aşağıdakı duanı etmək daha gözəldir.

اَللّهُمَّ اغْفِرْ لِحَيِّنَا وَمَيِّتِنَا وَغَائِبِنَا وَذَكَرِنَا وَاُنْثَانَا وَصَغِيرنَا وَكَبِيرنَا اَللَّهُمَّ مَنْ اَحْيَيْتَهُ مِنَّا فَاَحْيهِ عَلَى اْلاِسْلاَمِ وَمَنْ تَوَفَّيْتَهُ مِنَّا فَتَوَفَّهُ عَلَى اْلايمَانِ وَخُصَّ هذَا الْمَيَّتَ بِالرَّوْحِ وَالرَّاحَةِ وَالْمَغْفِرَةِ وَالرِّضْوَانِ اَللّهُمَّ اِنْ كَانَ مُحْسِنًا فَزِدْ فِى اِحْسَانِه وَاِنْ كَانَ مُسيئًا فَتَجاوَزْ عَنْهُ وَلَقِّهِ اْلاَمْنَ وَالْبُشْرى وَالْكَرَامَةَ وَالزُّلْفى بِرَحْمَتِكَ يَا اَرْحَمَ الرَّاحِمينَ

Allahım! Dirimizi, ölümüzü, burada olanımızı, olmayanımızı, kişimizi, qadınımızı, kiçiyimizi, bağışla. Allahım! Aramızda yaşadacaqlarını İslam üzrə yaşat, öldürəcəklərini imanlı olaraq öldür. Bu ölüyə də yüngüllük və rahatlıq ver, onu bağışla. Allahım! Bu adam yaxşı bir kimsə idisə sən onun yaxşılığını artır; əgər pis bir adamdırsa, günahlarını bağışla. Onu etibar, müjdə, ikram və rəhmətinə yaxınlaşdır. Ey mərhəmət edənlərin ən mərhəmətlisi olan Allahım!5

Əgər cənazə qadındırsa “və xussə”dən sonrakı zamirlər müənnəs oxunur. “Həzihil meyyitə in kənət muhsinətən fəzid fi ihsənihə və in kənət musiətən fətcəvəz an səyyiətihə və ləqqihəl-əmnə…” kimi.

Bu duaları bilməyənlər münasib bir dua da oxuya bilər. “Rabbənə, ətinə” duası bunlardan biridir. Belə də dua etmək olar; “Allahumməğfir li və ləhu vəlil mumininə vəl muminət” (Allahım! Məni, bu ölünü və bütün möminləri bağışla).

Ağıl xəstəsi və kiçik uşaqlar üçün istiğfar edilməz. Çünki onların günahı yoxdur. Onlar üçün, cənazə duasının “fə təvəffəhu aləl imən” dən sonrakı yerinə, bu dua əlavə edilir; “Allahummə-calhu lənə fəratən, Allahummə-calhu lənə əcran və zühran, Allahummə-calhu lənə şafiən muşəffəan (mənası: Allahım! Sən onu bizim üçün əvvəldən göndərilmiş bir səvab vəsiləsi et. Allahım onu bizim üçün axirət sərmayəsi et. Allahım! Onu bizə axirətdə sözü keçən bir şəfaətci et.)

Bu dualardan sonra imam dördüncü təkbiri alır, sonra əvvəlcə sağ tərəfə, sonra da sol tərəfə səsli olaraq, camaat isə gizlicə salam verərək namazı tamamlamış olurlar. Bu vacib olan salam ilə ölüyə, camaata və imama salam verilməsinə niyyət edilir. Cənazə namazının əvvəlinə yetişməyən kəs, dərhal iftitah təkbirini alıb imama tabe olar və digər təkbirləri imamla birlikdə almağa davam edər. İmam salam verdikdən sonra tərk etdiyi təkbirləri ardarda qəza edər, bu təkbirlər arasında heç bir dua oxunmaz.

Bir neçə cənazə varsa hamısına ayrı-ayrı namaz qılınması daha yaxşıdır. İlk gətirilən cənazənin namazı birinci qılınır. Hamısı birlikdə gətirilmiş isə xalq nəzərində daha fəzilətli olanın namazı əvvəlcə qılınır. Hamısına birlikdə bir namaz qılmaq da kifayət edər. Bu təqdirə cənazələr sıra ilə düzülür və imam bunlardan birinin sinəsi qarşısında duraraq namaz qıldırır. Yaxud cənazələr tək sıra halında qibləyə tərəf düzülərək uzunlamasına da qoyula bilər.

Namaz qılmaq məkruh olan üç vaxtda, yəni günəş doğarkən, tam təpə nöqtəsində ikən və batarkən cənazə namazı qılınmaz.6

Ancaq bu vaxtlarda qılınmışsa qəzası lazım gəlməz. Qəbiristanlıqda və məscid içində cənazə namazı qılınmaz. Ancaq imam və camaatın bir hissəsi məscidin çölündə, bir hissəsinin də məscidin içində olaraq qılmalarında bir qəbahət yoxdur. Namazı pozan hər şey cənazə namazını da pozar.

Həcc və ya ümrə əsnasında ehramlı olarkən vəfat edən kimsə yuyular, kəfənlənər, qoxulanmaz. Cənazə namazı qılınar, ancaq başı açıq olaraq qəbrə dəfn edilər. Çünki Allahın Rəsulu bu adamın qiyamət günü təlbiyə gətirərək qəbrindən qalxacağını xəbər vermişdir.7

Sağ doğulub ölən uşağın adı qoyular, yuyulub kəfənlənər və namazı qılınar, ölü doğan uşağın da adı qoyular, yuyulub bir bezlə sarılar və cənazə namazı qılınmadan dəfn edilər, ölən hamilə qadının qarınındakı uşaq hərəkət etsə qadının qarını yarılaraq uşaq alınar.

Anasını və ya atasını qəsdən öldürənlərin, qarşıdurma əsnasında öldürülən quldur və yolkəsənlərin cənazə namazları qılınmaz.

Lakin şəri bir cəzanın tətbiq olunması nəticəsində ölənlərin cənazələri yuyular və namazları qılınar. İrtidad edərək dindən çıxanın cənazə namazı qılınmaz və müsəlman qəbiristanlığına da basdırılmaz. İntihar edənin namazı qılınar. Ancaq Əbu Yusifə görə səhvən və ya dözülməz bir ağrıdan ötəri olmadıqca, bilərək intihar edənin namazı qılınmaz.8

«Namaz qılana qədər cənazədə hazır olan kimsəyə bir karat, basdırılana qədər hazır olana da iki karat savab vardır.» İki karat nədir? deyə soruşulunca, Hz. Peyğəmbər (s.ə.s); «İki böyük dağ kimi» deyə cavab verir, yəni iki böyük dağ qədər savab verilər.9

“Cənazəni tələsik dəfn edin. Əgər bu ölü saleh bir kimsədirsə, onu bir an əvvəl qəbrə çatdırmağınız daha xeyirlidir. Əgər bu cənazə yaxşı bir adam deyilsə, bu da bir şərdir. Bir an əvvəl çiyinlərinizdən atmış olarsınız.»10

«Cənazə hazırlanıb, kişilər onu çiyinlərinə aldıqda, əgər saleh bir kimsədirsə, «bir an əvvəl məni aparın.» deyər. Saleh bir kimsə deyilsə, ailəsinə belə səslənər: Mənə əfsuslar olsun! Bunlar məni hara aparırlar? deyər. Onun səsini insanların xaricində hər şey eşidər. Əgər insan eşitsəydi, o anda huşunu itirərdi. «11

Yuxanda nəql etdiyimiz hədislərdən də aydın olduğu kimi, cənazəni gözlətmədən ən qısa zamanda torpağa vermək lazımdır, ölü haqqında ediləcək yaxşı və ya pis şahidliyi, Allah-Təala qəbul edər. Buna görə ölüləri xeyirlə xatırlamaq sünnədir. Hədisdə; “ölülərinizi yaxşılıqla anın, onların pis işlərini örtün«12 buyurulur.

İndiki vaxtda, cənazə namazını qıldıran imam “bu ölünü necə tanıyırsınız?” deyə soruşar, camaat da “yaxşı tanıyırıq” deyərək, gözəl şahidlik edər. Bu vaxt, “axirətə aid haqlarınızı halal edin” kimi halallaşma istəkləri dünya həyatına aid, təzminat, miras kimi maddi haqları əhatə etməz, camaatın “halal etdik” deməsiylə bu kimi haqlar düşməz.

Hz. Peyğəmbər bəzən gətirilən cənazələrdən, xeyirlə xatırlananlar üçün “cənnət vacib oldu», pisliyi ilə xatırlananlar üçün “cəhənnəm vacib oldu” buyurmuş, səhabənin bunun səbəbini soruşması üzərinə də, “Mələklər göydə Allahın şahidləri, sizlər də yerdə Allahın şahidlərisiniz” cavabını vermişdir.

Hz. Ömərin də xəlifəliyi əsnasında, cənazə haqqında camaatın qənaətinə görə bənzər sözlər söylədiyi və “dörd adam, ölən adamın xeyirli olduğuna şahidlik etsə, Allah onu cənnətə daxil edər” dediyi, səhabənin; şahid sayı üç və ya iki adam olsa sualına “üç və ya iki adam da olsa “kafi olar.” deyə cavab verdiyi nəql edilmişdir.13

Əbu Hüreyrədən rəvayət edildiyinə görə Peyğəmbər (s.ə.s) həbəş-li Nəcaşinin vəfat etdiyini həmin gün xəbər vermiş, səhabələriylə namazgaha çıxaraq səf bağlamış və dörd dəfə təkbir alaraq namazını qıldırmışdır.14

Nəcaşi Həbəş imperatoru Ashama olub hicrətin doqquzuncu ilində vəfat etmiş və Allah Rəsulu Mədinəyi-Münəvvərədə onun üçün səhabələriylə, giyabında cənazə namazı qılmışdır. Bu tətbiq, zərurət səbəbiylə baş vermişdir. Hənəfi və malikilərə görə, hazır olmayan (gaib) cənazənin namazını qılmaq caiz deyil.

Cənazə namazı qılınmadan dəfn edilən ölü üçün cəsədi dağılacaq vəziyyətə gəlmədən əvvəl, qəbri yanında cənazə namazı qılına bilər.

İbn Abbasdan rəvayətə görə, Hz. Peyğəmbər gecə basdırılmış olan kiçik bir uşağın qəbrinin yanına gəlincə, nə üçün Ona xəbər verilmədiyini soruşmuş, səhabənin, «onu gecənin qaranlığında basdırdıq, sizi oyandırmaq istəmədik» deməsi üzərinə, səf təşkil edərək cənazə namazını qıldırmışdı.15 Yenə Mədinədə məscid təmizliyini etməkdə olan qaradərili bir qadını görməyən Allahın Rəsulu, öldüyünü öyrənincə, «mənə xəbər verməyiniz lazım deyildimi»? demiş, qəbrinə gedərək cənazə namazını qıldırmış və belə buyurmuşdur: “Şübhəsiz bu qəbirlər, sahibləri üçün qaranlıqlarla doludur. Allah mənim bu dua və namazımla qəbirlərini işıqlandırar.»16

Hənəfilərə və bəzi fəqihlərə görə ölüm xəbərini qonum-qonşuya, yoldaşa, dosta bildirmək caizdir. İndiki vaxtda bu elan müəzzinlərin “səla” oxuyuşları ilə edilməkdədir.


  1. Malik, Müvəttə, Cenaiz, 24.
  2. Müslim, Cenaiz, 59.
  3. Müslim, Cenaiz, 52.
  4. Buxarı, Cenaiz, 66.
  5. Əbu Davud, Cənaiz, 54, 56, H. No: 3201; Nəsai, 38, 77; Ibni Macə, Cənaiz, 23.
  6. Əbu Dvud Cənaiz, 50-51.
  7. Əbu Davud, Cənaiz, 70-80, H. No: 3238, 3241.
  8. Bax. Müslim, Cənaiz, 107.
  9. Buxari, Cənaiz, 52.
  10. Buxari, Cenaiz, 52; Əbu Davud, Cenaiz, 45, 46.
  11. Buxari, Cenaiz, 53.
  12. Əbu Davud, Ədeb, 42; Tirmizi, Cenaiz. 34.
  13. Müslim, Cənaiz, 60; Nesai, Cenaiz, 50, H. No;1930-1932; Tirmizi, Cenaiz, 63, H. No: 1058, 1059.
  14. Buxari, Cenaiz, 55,57
  15. Buxari, Cənaiz, 56, 60; Ebu Davud, Cenaiz, 52, 54
  16. Müslim, Cənaiz, 71; Əbu Davud, Cənaiz, 555, 57, H. No: 3203.

Mənbə: Dəlilləriylə İslam Elmihalı. (s.493-498)

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика