Nəbi və rəsul kəlmələrinin fərqi nədir?

«Peyğəmbər» farsca «xəbər gətirən» deməktir. Peyğəmbər sözü əvəzinə ərəb dilində «rəsul» və «nəbi» kəlmələri işlədilir. Hər iki söz «xəbərçi, elçi» mənasındadır. Termin olaraq: «Allah-Təalanın əmr və qadağalarını insanlara bildirməklə vəzifələndirdiyi şəxs»ə peyğəmbər deyilir.

Kəlam və əqaid kitablarında, ümumiyyətlə, rəsul: «Allah-Təalanın yeni və müstəqil bir şəriətlə göndərdiyi elçi» mənasında işlədilir. Nəbi isə: «yeni və müstəqil şəriətlə göndərilməyən və özündən əvvəlki rəsulun şəriətinə tabe olaraq insanlara dini təbliğ edən elçi»yə deyilir.¹

Təriflərin fərqli olmasının nə dərəcədə doğru olduğunu bilmirik. Çunki yuxarıdakı təriflərə görə Hz. İsmail (ə.s) nəbidir, lakin rəsul deyildir. Çünki ona yeni bir kitab endirilməmiş və həmçinin yeni bir şəriət verilməmişdir. Hz. İbrahimin (ə.s) şəriətinə tabe olan bir peyğəmbərdir. Buna rəğmən Allah-Təalə Hz. İsmail (ə.s) haqqında: «(Ya Rəsulum!) Kitabda (Quranda) İsmaili də yada sal! O öz vədinə sadiq və (Bizim tərəfimizdən öz ümmətinə göndərilmiş) bir rəsul (elçi), bir nəbi (peyğəmbər) idi², — buyurmaqdadır. Deməli, bu şəkildə fərq qoymaq doğru deyildir.

Qurani-Kərimdə rəsul sözü Allah-Təala ilə peyğəmbərlər arasında elşilik edən «Cəbrail» haqqında da istifadə edilir.

«Bu (Quran Allah dərgahında) çox möhtərəm olan bir elçinin (Cəbrailin) gətirdiyi kəlamdır. (Elə bir elçi ki) çox qüvvətlidir; arşin sahibi (Allah) yanında çox hörmətlidir (izzətlidir)».³

«(Cəbrail:) «Mən sənə ancaq təmiz (məsum) bir oğlan bağışlamaq üçün Rəbbinin (göndərdiyi) elçisiyəm!» – dedi».⁴

Həm mələklərdən, həm də insanlardan göndərilən elçilərə «rəsul», sadəcə insanlardan göndərilən elçilərə isə «nəbi» deyilir deyə bilərik.


  1. Kamal ibn Əbi Şərif, əl-Musamərə fi Şərhil-Musayərə, s, 197.
  2. Məryəm, 19/54.
  3. Təkvir, 81/19-20.
  4. Məryəm, 19/19.

Mənbə: Müsəlmamın iman əsasları. Prof. Dr. Mehmet Bulut. (s.132-133)

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика