Qurani-Kərimi oxuduğumuz zaman Əbul-Bəşər və Ummul-Bəşər olan, bütün insanlığın atası və anası sayılan Adəm (ə.s) və Həvva (ə.s) haqqında məlumatın olduğunu görürük. Onlar haqqında oxuduğumuz zaman öz həmcinslərimizi, özümüzə aid bəzi xüsusiyyətləri daha yaxşı öyrənmiş oluruq. Onlara aid xüsusiyyətləri yaxşı bilməliyik ki, onlardan sonra gələn peyğəmbərləri yaxşı öyrənə bilək, digər insan xüsusiyyətlərini daha yaxşı dərk edə bilək. Bir bənzətmə etmək istəyirəm. Təsəvvür edin ki, Marsda həyatın var olduğu məlumdur. Və Marslılar da bizə deyir ki, “Bizə bir insan göndərin ki, biz insanı incələyək və bilək görək ki, bu necə bir varlıqdır”. Belə tələb irəli sürsələr biz necə bir insan göndərərdik? Bir kişi göndərsək, onlar bu şəxsin timsalında insanlığı tanıya bilərlərmi? Bir qadın göndərsək, onlar bu qadının timsalında insanlığı tanıya bilərlərmi? Bu sualların üzərində durduğumuz zaman gəlib duracağımız bir nöqtə olacaqdır: Nə kişi tam bir insandır, nə də qadın tam bir insandır. Biz insan varlığını tam mənada anlaya bilmək üçün hər ikisini birlikdə ələ almağa məcburuq. Allah Rəsulu(s.a.s) də Əbu Davudda keçən hədisdə də bunu söyləyir: “Kişi və qadın bir bütünün iki yarısı kimidir”. Demək ki, ikisi də birlikdə ələ alındığı zaman insan tam mənası ilə anlaşılmış olur. Rəbbimiz də bizə Quranda hz. Adəmi anlatdıqdan bir müddət sonra səhnəyə Həvva anamızı gətirir. Və bəzi mesajları hər ikisinin üzərindən anlamağımızı istəyir.
Biz hz. Adəm və hz. Həvvanı tanıdığımız zaman insanı tanımış oluruq.
Hz. Adəm və hz. Həvvanı tanıdığımız zaman dostlarımızı, düşmənlərimizi tanımış oluruq və qarşılaşacağımız imtahanları bilmiş oluruq. Hz. Adəm və hz. Həvvanı tanıdığımız zaman özümüzü tanımış oluruq. Bunların hər birini Allah Təala onların üzərindən bizləri tanış edir. Onlarla biz əslində bütün həyatı anlamış oluruq.
Allah Təala Adəm və Həvvaya cənnətdə məskunlaşın və oradakı nemətlərdən istədiyiniz qədər bol-bol yeyin! əmrini verdikdən sonra bir əmr də verdi buyurdu ki: وَلَا تَقْرَبَا هَٰذِهِ الشَّجَرَةَ Ancaq bu ağaca yaxınlaşmayın! Əmrə diqqət edin, bu ağacdan yeməyin, demir. Bu ağaca yaxınlaşmayın, buyurur. Demək ki, bu əmrdə önəmli bir mesaj var. Biz yaxınlaşma, əmrini başqa ayələrdə də görürük. Məsələn Bəqərə surəsi 187-ci ayədə Allah Təala buyurur ki: Məscidlərdə etikafda (ibadətdə) olduğunuz vaxt onlarla (qadınlarınızla) yaxınlıq etməyin! Ənam surəsi 152-də buyurur ki: Yetim həddi-buluğa çatana qədər, onun malına yaxınlaşmayın! İsra surəsi 32-ci ayədə buyurur ki: Zinaya yaxınlaşmayın. Demək ki, yaxınlaşmada bir risk vardır. Yaxınlaşdığın zaman orda bir maqnit vardır. Necə ki, maqnit dəmiri uzaqdan özünə çəkir, qadağalara yaxınlaşarsansa, onlar səni haramlara götürə bilər. Dolayısıyla Allah Təala hz. Adəmin üzərindən bizə belə bir riskin var olduğunu bildirir. Riskin yaxınlaşmaqla meyadana gəldiyini diqqətimizə çatdırır.
Maraqlıdır Rəbbimiz nə üçün ancaq bu ağaca yaxınlaşmayın! demişdi? Allah qullarının həyatına bir hədd, sərhəd qoymaqla əslində onlara rəhm etmiş olur. İnsandan başqa varlıqlar sərhədsiz, hüdudsuz bir həyat sürərlər. Sanki Allah Təala quluna əmr verərək onu qanunlarla çərçivə içinə salır. Yəni sən digər varlıqlardan fərqli olduğun üçün bu həddi aşmamalısan, deyir. Həddi aşdığın zaman heyvanlaşmış, bəşər olmaqdan çıxmış olacaqsan, deyir. Sərhəddi olmayan bir həyat isə yaşanmaz bir həyat deməkdir. Necə ki, heyvanlar özündən daha güclü heyvanların şikarı olmaqdan qorxaraq daim qorxu içində yaşayırlar. Haramları, qadağa çərçivəsi olmayan bir həyat da insanı bu hala gətirib çıxarır. Heyvanlarda olduğu kimi insanlar arasında yaşanan zülmlər, haqsızlıqlar, düşmənçiliklər məhz bu həddin aşılması ilə meydana gəlir.
Adəm və Həvvanın hansı meyvədən yeməsi barədə Quranda məlumat yoxdur.
Lakin bu barədə müxtəlif zəif rəvayətlər vardır. Buğda olduğu, əncir olduğu, xurma olduğu, şərab olduğu və s. olduğu söylənir. Alimlərimiz həmin ağacın hansı ağac olması barədə məlumat üzərində uzun-uzadı durmağın mənasız olduğu görüşündədirlər. Əgər çox vacib bir məsələ olsaydı Rəbbimiz bizə xəbər verərdi. Amma Qurani Kərim o ağacın شَجَرَةِ الْخُلْدِ əbədiyyat ağacı (ölümsüzlük ağacı) olduğunu bildirir. Meyvənin nə olduğu önəmli deyil. Önəmli olan şeytanın insanın ən zəif nöqtəsini müəyyən etməsidir. Bu gün elm dünyasına nəzər salsaq, iki şeyin üzərində baş sındırdıqlarını görərik: ölümsüzlük və ya gec yaşlanma. İnsan 100 il yaşasa da, 500 il yaşasa da daha artığını istəyir. Demək ki, Adəm və Həvva şeytanın onlara düşmən olduğunu bildirkləri halda bu günahı işləyirlər. Hansı ki, Rəbbimiz onlara yaxınlaşmayın əmrini vermişidi. Qurani-Kərim bu əmrin müxtəlif surələrdə müxtəlif səbəblərini bizə göstərir: Əgər yaxınlaşsanız “Zalımlardan olarsınız”. Yaxınlaşarsanız “Şeytanı özünzüə dost etmiş olarsınız”. Yaxınlaşsanız “Cənnətdən çıxmış olarsınız”. Yaxınlaşsanız “Allahın əmrini unudub asi olarsınız”. Əgər yaxınlaşsanız bütün bunlar başınıza gələcək. Bu qədər açıq-aydın xəbərdarlıqların gəlməsinə baxmayaraq Adəm və Həvva Allahın əmrini unutdu. Demək ki, insanın belə bir xüsusiyyəti vardır. Özümüzü götürək. Məgər biz günahların nədən ibarət olduğunu bilmirikmi?! Bilirik, lakin unuduruq, şeytan unutdurur. Bilmirikmi bu haramdır, o haramdır, lakin yenə əl uzadırıq. Demək ki, Allah Təala bir bəşərin xüsusiyyətindən bəhs edir bizə. Şeytan kimi bir varlıq var ki, günahları insanlara bəzəyərək təqdim edir, insan da bu bər-bəzəyə aldanır. Şeytan heç bir zaman insana buynuzlarını, əcaib qulaqlarını göstərərək gəlmir. Belə şeylər filmlərdə olur ancaq. Tam əksinə sözlərə bəzək-düzək verərək, vəsvəsə edərək sağdan, soldan, öndən, arxadan yaxınlaşır, ta ki, məqsədinə çatana qədər.
Məsələn, şeytan Adəm və Həvvaya necə yaxınlaşdı?
– Bu meyvələrdən yesəniz Mələk olacaqsınız, dedi. Məgər mələklər sənə səcdə etmədimi ey Adəm, mələk olmaq istədin! demək keçir insanın qəlbindən. Bunu bizim düşünməyimiz çox asandır. Demək ki, şeytan insanın elə zəif nöqtəsindən tutur ki, bəzən insan aldanır, bu Adəm (ə) olsa belə. “Mələk olsam günahsız olaram, iradəsiz bir varlıq olaram və sadəcə əmrə itaət edən bir həyat yaşamış olaram”, düşünmüşdü Adəm (ə). Yəni günah işləmərəm. Niyyət gözəldir, lakin əmrə asilik var. Şeytan bu cür bəzəyir sözlərini. Və Allah da bu qissəni oxuyarkən bizim də ibrət almağımızı istəyir.
Bir şeyi də nəzərdən qaçırmamağımız lazımdır ki, Adəm (ə) şeytan deyən kimi dərhal ona itaət etmədi. Biz Qurandan bütün bu hadisələri müxtəsər olaraq oxuyuruq. Bəlkə də şeytanın bu təlqininin üzərindən 100 il keçdi, bəlkə də 500 il keçdi. Son olaraq şeytan dediklərinə Allah adına and içdi. Əgər biz şeytanın bu qurduğu senarini, aldatmalarını, geyindiyi maskaları, istifadə etdiyi hiylələri bilməsək inanın biz də itirənlərdən olarıq. Baxın, şeytan bizə Adəmə dediyi kimi — mələk olacaqsan, ölümsüz olacaqsan, şəklində vəsvəsə etmir. Lakin ölümü çox yaxşı bildiyimiz halda onu bizə unutdurur. Cənazə vaxtı, dəfn vaxtı belə ölümü bizə unutdurur. Hər kəs dünyəvi işlərindən danışır.
Sanki Allah Təala “Adəmi aldadan şeytan sizi də aldatmazmı?”, deyir və şeytana aldanmamağımız üçün diqqətli olmağımızı istəyir.
Əmrindən çıxan Adəmə وَلَمْ نَجِدْ لَهُ عَزْمًا Biz onda əzmkarlıq görmədik. Demək ki, Rəbbimiz bu mesajla bizdən əməllərimizdə əzmkar olmağımızı, şeytanın hiylələrinə qarşı ayıq-sayıq olmağımızı, unutmamağımızı istəyir. Adəm şeytanın “Mələk olacaqsınız”, “Ölümsüz olacaqsınız”, “Əbədi səltənətin sahibi olacaqsınız” hiylələrini dinləyərək bunlara nail oldumu? – Xeyir, tam əksinə oldu. Mələk olmaq istəyirdi – bəşər olaraq qaldı, ölümsüz olmaq istəyirdi ölümlü oldu, zəhmətsiz bir həyat istəyirdi zəhmətli bir həyatla qarşılaşdı. Dünyaya gəldiyi ilk vaxtda övladla imtahan olundu. Qatil və məqtul bir övladın atası oldu.
Adəm və Həvva Cənnətdə ikən uca Allahın əmrindən çıxmaqla nə oldu?
Qadağan olunmuş ağacın meyvəsindən yedilər və dərhal hər ikisinin ayıb yerləri göründü. Yəni nə oldu? – Məhrəmlik ifşa oldu. Bu ifşanın bizim dünyamızla əlaqədar olan qismini Əraf surəsi 27-ci ayəsindən öyrənirik: Ey Adəm oğulları, şeytan ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyunduraraq ata-ananızı cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın! Baxın, şeytan hardan vurdu? – İnsanın ən zəif nöqtəsindən, məhrəmlik məsələsindən. Bu gün də insanlığın ən zəif nöqtəsi məhz budur. Ayənin davamında Şeytan sizi də aldatmasın buyurdu Allah Təala. Yəni şeytanın yolunu tutanların açıq-saçıq bir həyata dəvəti sizi aldatmasın.
Çox önəmli bir nöqtəyə diqqətinizi çəkmək istəyirəm. İlk imtahan hansı səbəblə oldu? – Yeyilən şey səbəbilə. Demək ki, əgər yediyimiz şeylər halal deyildirsə, bunun nəticəsi məhrəmiyyətin ifşası ilə sonlanır. Bu ikisinin bir-birilə çox ciddi bir şəkildə əlaqəsi vardır. Biz bu mesajı belə anlamalyıq: Əgər yediklərimiz halal deyildirsə, etdiklərimiz də halal ola bilməz. Haramla bəslənən bir bədənlə Allahın istədiyi bir həyatı ortalığa qoymağımızı gözləmək əbəsdir. Bir insan haramla bəslənməyə başladığı ilk vaxtda iffətin zədələnməsi ilə qarşılaşır. Nə qədər çalışsa da artıq qanına qarışan o haram onu günahlara batırır.
Adəm və Həvva etdikləri əməlin yanlış olduğunu bildikləri an, bəhanə gətirmədən, “belə olmuşdu ona görə belə etdim, məndən asılı olmayan səbəblər var idi” və s. demədi. Dərhal səhvini etiraf edərək tövbə etdi və peşmanlığını dilə gətirdir. Biz isə bəhanələr gətirərək “o belə etdi deyə mən də etdim”, deyərək səhvimizi etiraf etmirik. Bəs Allah bizə demirmi ki, “Sizə biri pislik etdiyi zaman, sən o pis davranışa qarşı yaxşılıqla qarşılıq ver”?! Səhvini etiraf etməməyi, əksinə özünü müdafiə etməyi, bəhanə gətirməyi, peşman olmamağı kimdə öyrənirik? — Şeytanın davranışlarından. Şeytanın davranışlarından hansı mesajı götürürük? — Əgər siz də belə edəcəksinizsə bilin ki, siz də şeytanlaşmış olacaqsınız.
Müəllif: Vasif Teymurov. İsmayıllı şəhər “Cümə” məscidinin imamı







