İnsan kəliməsi ərəbcə bir kəlimə olub ins kökündən gəlir. İns əsasən bir növü ifadə etmək üçün işlənir. Dilçi alimlər bu kəlimənin həmçinin iki kökə bağlı olduğunu da ifadə edirlər: nəsiy və üns. Nəsiy – unutmaq, üns isə — yaxınlaşmaq, bağ qurmaq mənasını ifadə edir. Əslində bu izahlar insan kəliməsinin tərifini demək olar ki, verir. Yəni insan həm unudan bir varlıqdır, həm də başqa biri ilə yaxınlıq etməklə məsul olan bir kimsədir. Lakin əgər unutmaq və yaxınlaşmaq tam mənasıyla yerinə yetirilməzsə, nemət ikən nikbətə, yəni bəlaya çevrilə bilər. Məsələn, unutmaq böyük bir nemətdir. Təsəvvür edin ki, çox yaxınlarınızdan birinin ölüm xəbərini eşitmisiniz. O acı və iztirab qəlbinizin dərinliklərinə qədər işləyib. Həmin vaxtda “Mən bu kədərlə necə yaşa biləcəyəm”, deyirsən. İnsan ölümü bildiyi halda ən yaxını vəfat etdiyi zaman bunu tam mənasıyla dərk edir. O günlərdə insan “Mən bu kədərlə necə yaşa bilərəm”, deyir. Lakin bir həftə sonra o qədər böyük bir dərd unudulub gedir. Allah unutdurur. Bu böyük bir nemətdir. Lakin unutmanın nikbət, yəni bəla olması odur ki, İbn Abbas (r.a.) deyir ki, “İnsan Allaha verdiyi sözü unutduğu üçün bu adı almışdır”. Bəla məhz budur. Hər birimizin ruhu ibadət edəcəyinə dair Allah qarşısında söz verib. Bunu tez-tez unuduruq. Bəla budur bəla. Allahın bizdən istədiyini unutmağımız bir bəla, digərlərini unutmağımız isə bir nemətdir.
İnsan kəliməsinin digər bir kökü olan ünsə gəldikdə, yəni yaxınlaşmaq, bağ qurmaq, o da həm nemətdir, həm də bir bəla. Məsələn, biri ilə yaxınlıq etmək, əgər məşru çərçivədədirsə, yəni Allahın qoyduğu hüdudları aşmırsa, bu gözəldir. Bir müsəlmanın digər müsəlmanı Allah üçün sevməsi və ona yaxınlaşması ona cənnət qazandıran bir şeydir. Hətta cənnətdə dərəcəsini artıran bir şeydir. Allah Rəsulu (s.a.s)-in o böyük müjdəsini xatırlayaq: Bəzi qullar Cənnətdə elə minbərlər üzərində oturacaqdır ki, onlar nə peyğəmbərdilər, nə şəhiddirlər, nə siddiqdirlər. Lakin onlar belə bir mükafata nail olacaqlar. Səhabə: Onlar kimdir ya Rəsuləllah? deyə soruşduqda Allah Rəsulu (s.a.s) buyurur ki, “Bir-birini Allah üçün sevənlər”. Allah üçün sevmək nədir? – Məqamına, mövqeyinə baxmadan, “mən onunla yaxşı münasibət bəsləməliyəm, gələcəkdə mənə lazım ola bilər”, demədən sırf Allahın rizasını qazanmaq üçün. Odur ki, belə bir yaxınlaşma insana nemət qazandırır. Lakin araya başqa şeylər girərsə, Allah qorusun mənfəət məqsədilə, şəhvət məqsədilə, o zaman həmin nemət nikbətə, yəni bəlaya çevrilir.
Hər bir şeyin tərifi olduğu kimi insan məfhumunun da bir tərifi vardır. İnsan məfhumuna tərif verən hər kəs ona olduğu mövqedən təriflər verməyə çalışıblar. Məsələn, bəzi elm sahələrinin elmə verdiyi təriflərə nəzər salaq: Tibbə görə — insan fizioloji bir quruluşdur. Bialogiya deyr ki – insan danışa bilən tək canlıdır. Sosiologiya deyir ki – insan cəmiyyətin bir üzvüdür. İqtisadiyyat insanı sistem içərisində bir vahid kimi görür və s. Filosoflar da insana müxtəlif təriflər veriblər. Məsələn, Konfuntsi deyir ki, “İnsan düşünən bir varlıqdır”. Aristotel deyir ki, “İnsan öyrənən bir varlıqdır”. Dekarta görə “İnsan danışa bilən bir varlıqdır” və s. Lakin bütün bu tərifləri alt-alta qoyub oxuduqda bir şeyi görmüş oluruq – insanın ən böyük xüsusiyyəti ağıldır, ağılı mərkəzə qoyaraq insana təriflər verməyə çalışmışdır qərb fəlsəfəsi. İnsanın ən önəmli nemətlərindən biri ağıldır təbii ki. Bunu kimsə inkar edə bilməz. Bizim hər birimiz həddi buluğa çatdığımız vaxt mükəlləfiyyətimiz başlayır. Bəs İslam dini ağılı mərkəzə qoyaraq insana tərif verir yoxsa? İslam dini ağılı mərkəzə qoyaraq insanı tərif etmir. Əxlaqı mərkəzə qoyaraq tərif edir. Yəni bu o deməkdir ki, “hər ağıllı əxlaqlı deyildir, lakin hər əxlaqlı ağıllıdır”. Məsələn, qərb ağılı mərkəzə qoyraq insanı tərif edir. Öz dövlətləri daxilində bu ağıllarından istifadə edərək mükəmməl bir hüquq sistemi qurublar. Bu gün İslam məmləkətlərinin heç birində olmayan bir hüquq siteminə malikdirlər. Malikdirlər, amma ağılı mərkəzə qoyduqları üçün öz dövlətləri daxilində hüquqa başqa cür riayət edirlər, müstəmləkə etdikləri ölkələrdə eyni hüququ tətbiq etmirlər. Həmin ölkələrdə həmin hüquq və əxlaqı görmək mümkün deyildir. Niyə? – Çünki insan məfhumuna əxlaq mərkəzli deyil, ağıl mərkəzli yanaşma vardır. Qərb ağılı mərkəzə qoyduğu üçün texnalogiyada zirvələri fəth etdi. Lakin eyni qərb 1-ci dünya müharibəsində 17 milyon insanın ölümünə səbəb oldu. 2-ci dünya müharibəsi bundan daha acınacaqlı, ölüm sayı 60 və ya 65 milyon. Bəli, ağılı mərkəzə qoyarsansa, ən gözəl silahları istehsal edə bilərsən, atom silahını icad edə bilərsən, kimyəvi silahlar istehsal edə bilərsən. Lakin əxlaq olmadığı üçün 60 və ya 65 milyon insanın ölümünə heç bir vicdan əzabı duya bilməzsən. Əgər əqli əxlaqdan qoparacaqsansa, sonunun başqa cür olacağını gözləmə.
Demək ki, İslamın mərkəzində əxlaq vardır, Qərbin mərkəzində isə ağıl vardır. Amma haqlı olaraq soruşa bilərsiniz ki, İslam coğrafiyalarında hanı əxlaq? Məsələn, böyük əksəriyyətini müsəlmanlar təşkil edən məmlələtimizdə əxlaqın səviyyəsi nə qədərdir?! Haqq-hüquq məsələlərində, əmanətə riayət məsələsində, insanlarla münasibətdə nəzakət qaydalarına nə qədər riayət edə bilirik?! Allah Rəsulu (s.a.s)-in həyatını oxuduğumuz zaman o əxlaqın qarşısında bədəvilərin necə mədəniləşdiyini görüb heyrətə düşürük. Amma gəlin baxaq 14 əsr sonra eyni ümmətin fərdləri təkrar necə bədəviləşdi. Bu gün İslam coğrafiyalarının böyük əksəriyyətində bədəviləşmənin şahidi oluruq. Bütün bunların hamısı İnsan tərifinin düzgün verilməməsinə bağlıdır. Əgər İnsan anlayışının mərkəzinə ağılı deyil, əxlaqı qoya bilsək, hər şey əsri-səadətdə olduğu vəziyyətə geri dönəcək.
İnsana yunan və digər filosoflar təfir verdiyi kimi İslam filosofları da müxtəlif təriflər vermişdir. Lakin əziz Qurana baxdığımız zaman insan məfhumunu necə mükəmməl tərif etdiyinin şahidi oluruq. Yaradan yaratdığını yaxşı bildiyi üçün onun hər yönünü bizə anladır: yaxşı və pis yönünü, zəif və güclü tərəflərini, şeytani duyğuları ilə mələk yönünü və s. insanın hər yönünü anladır. Quranı oxuduğumuz zaman Rəbbimizin heç bir şeyə ehtiyac buraxmayacaq bir şəkildə insanı anlatdığını görürük. Lakin insanı düzgün tanımadığımız üçün həyatda bir çox problemlərlə üzləşirik. Məsələn, bəzən görürsən ki, valideyin övladlarının hamısına vəsiyyət edir. Lakin birinə heç bir şey ayırmır. Bunu görənlər təəccüblə “insanın atası öz övladına belə bir şey edərmi”, deyir. Əgər insanı tanısalar belə bir sual verməz. Əgər insandırsa, hər şey edər. Bəzən xəbərlərdə eşidirik, oğrunun biri evə girir, ev sahibinin əlindəki bilərziyi çıxara bilmədiyi üçün qolunu kəsir. İnsan bunu necə edə bilər, deyə düşünürsən. Əgər insandırsa, edər. Ağlınıza gələn, gəlməyən hər şeyi insan edər. 30 il, 40 il bir insanla ailə həyatı qurarsan. Sonra kiçik bir məsələ çıxar ortalığa, o 30 illik keçmişi insan silib süpürər. Sanki bu qədər həyat birlikdə yaşanmamış kimi bir anda xəyanət edib çıxıb gedər. Əgər insanı yaxşı tanıya bilsək, insandan gələ biləcək hər şeyə hazır olarıq. Bu məsələ bizi güvənsizliyə sövq etməməlidir qardaşlar. Məsələyə bu cür baxarıqsa, həyata baxışımız dəyişəcəkdir. Allah Rəsulu (s.a.s) ömrü boyu “sən dəmi?!”, demədi kimsəyə. Məsələn, xatırlayın Uhud döyüşünü. Döyüşdən sonra Rəsulullah (s.a.s) əshabı başına yığıb “mən sizə demədimmi oxçular təpəsini tərk etməyin, ölü bədənlərimizi yabanı quşlar yesələr də, yerinizi tərk etməyin”, dedimi?! Vallahi demədi. Bundan daha dəhşətlisi. Allah Rəsulu (s.a.s)-in xanımına iftira atılır. İftira atanlardan 3-ü səhabədəndir. Rəsulullah (s.a.s) bu hadisədən sonra 5 il yaşıyır. Lakin bu müddət ərzində bu səhabədən hər hansı biri haqqında, “o belə idi, filan qüsuru var idi, mənə qarşı o çətin günümdə belə iş tutmuşdu”, deyə bir dəfə də olsun dilinə almamışdı. Sildi hamısını. İnsandırsa edər, insandırsa satar, insandırsa xəyanət də edər, insandırsa vəfasız davranar, insandırsa nankorluq da edər. Bunların hamısını bildiyi üçün Rəsulullah (s.a.s) gələcək sıxıntılara hazır idi daim. Lakin bizlər insanı tam anlaya bilmədiyimiz üçün birində bunlardan hər hansı birini gördüyümüz zaman böyük yanlışlara yol veririk, insani münasibətlərimizi ciddi şəkildə pozuruq. Əgər insan bütün mənfi və müsbət xüsusiyyətlərilə bərabər bir varlıqdır, deyərək bütün bunlarla barışa bilsək, davranışlarımızı ona görə qurmağa çalışarıq. Bənzətməsi nə qədər doğru olar bilmirəm, necə ki, biz meşəyə getdiyimiz zaman hazırlıqlı oluruq. Birdən ayı gələ bilər, birdən canvar gələ bilər, ayağımızı ehtiyatla basırıq ki, birdən ilan ola bilər. İnsan da nəfs daşıyan bir varlıq olduğu üçün gələ biləcək bütün bu təhlükələrə hazır olmalıyıq.
Allah Təala Quranda insanın zəif cəhətlərini bildirərkən bir çox şeyləri diqqətimizə çatdırır: İnsan qan tökən bir varlıqdır, insan mala və həyata hərisdir, insan vəfasızdır, insan nankordur, insan ümidsizdir, insan cahildir və s.. Bütün bunların hamısını Quran deyir bizə. Bunlar Quranın bizə bildirdiyi insanın zəif yönləridir. Bəs müsbət yönləri hansılardır? – Məsuliyyət sahibidir, yaxşılıq etməyi sevəndir, Allahdan haqqıyla qorxandır, tövbə edəndir və günahlarından peşmanlıq duyandır və s. Bütün bunlardan yola çıxaraq deyə bilərik ki, insan həm əhsəni-təqvimə yüksələ bilən, həm də əsfələ-səfilinə düşə bilən bir varlıqdır.
Əziz qardaşlar! Allah (s.t.)-ın adını zikr edərkən insanın ağlına ilk gələn şey nədir, deyə soruşulduqda ilk olaraq mərhəmət gəlir. Çünki uca Allah Quranın başına, onlarla isminin yerinə Bismilləhir-Rahmənir-Rahim yazırsa, demə ki, bu qədər isminin önündə Onun mərhəmətli olması vardır. Peyğəmbərimiz (s.a.s)-in adını zikr etdiyimiz zaman insanın ağlına ilk nə gəlir, deyə soruşulduqda, ağlımıza ilk gələn şeyin onun əmin və güvənilən bir insan olması gəlir. Quran deyərkən ağlımıza ilk nə gəlir? – Qurani-Kərim gəilr. Yəni Kərim olan Quran. Yəni uca, böyük və izzət mənaları vardır. Allah Rəsulu (s.a.s) Quran haqqında nə buyurmuşdu? — Allah bu kitab ilə bəzi insanları ucaldır, bəzilərini isə alçaldır. Əgər İslam ümmətinin bu gün sayı 2 milyardı ötsə də əhli-küfrün qarşısında zəlil bir haldadırsa, bu izzəti itirdiyimizə görədir. Əgər Qurana haqqıyla sarıla bilsək, o izzət yenidən gəlib bizi tapar.
Son olaraq İnsan deyərkən ilk ağlımıza gələn nədir və nə olmalıdır? Düzdür insan deyərkən heç də ağlımıza yaxşı şeylər gəlmir nədənsə. Lakin insan deyərkən şəxsiyyət sahibi bir varlıq ağlımıza gəlməlidir. Şəxsiyyətli insan deyərkən insanın ağlına kostyumlu, qalstuklu, səliqəli geyinmiş bir insan gəlir. Əslində şəxsiyyətli insan İslamın inşa etmək istədiyi bir vəsfdir. Əgər bir insan Allahın istədiyi şəxsiyyət sahibi olmaq istəyirsə, Allahın qulu olduğunu unutmamalıdır. Necə ki, Rəsulullah (s.a.s) buyurmuşdu “Mən şəfaət məqamının sahibiyəm. Lakin bununla iftixar etmirəm. Mən Livamul-Hamdın sahibiyəm bununla iftixar etmirəm. (Bir neçə şey sayır Allah Rəsulu (s.a.s). Sonra buyurur ki) Mən Abdullaham. (yəni Allahın quluyam) Ən çox iftixar etdiyim şey budur”, buyurur. Lakin bu gün insanlıq “hər zaman mən lider olum, hər zaman mən öndə olum” sevdasıyla bu şəxsiyyət dedyimiz vəsfi necə zədələdiyinin fərqində deyil. Allah Rəsulu (s.a.s) Əbu Übeydə bin Cərrah (r.a.)-ı bir səriyyəyə göndərərkən ona belə bir təlimat verir: Ordunun komandiri sənsən. Lakin Amr bin Asla qətiyyən ixtilafa düşmə. Ordu Amr bin Asın da olduğu insanların yanına çatdıqda Rəsulullahın ona bildirdiyi təlimatı ona söyləyir. O isə “Xeyr, əgər elə bir şey olsaydı Peyğəmbər bir yazı yazaraq bildirərdi. Odur ki, mən komandirliyi sənə vermirəm”, deyir. Əbu Übeydə ilə gələn 200-ə yaxın əsgər buna etiraz edirlər və Peyğəmbərin həqiqətən də belə bir təlimatının olduğunu doğrulayırlar. Lakin Əbu Übeydə (r.a.) onlara tərəf dönərək deyir ki, “Bəli, Allah Rəsulu belə bir təlimat vermişdi. Lakin Rəsullah bunu da söylədi ki, qətiyyən onunla ixtilafa girmə. Odur ki, mən də Amr bin Asın komandirliyində sıradan bir əsgərəm. Heç kim buna etiraz etməsin. Çünki biz buraya komandirlik davası etməyə gəlmədik. Biz buraya yalnız Rəsulullahın bizdən istədiyi işi yerinə yetirmək üçün gəldik”. Səriyyədən geri dönərkən Allah Rəsulu (s.a.s) o qədər sevinir ki, Əbu Übeydə üçün bol-bol dualar edir.
Bəli Əziz qardaşlar! İnsan demək belə bir şəxsiyyət sahibi olmaq deməkdir. Şəxsi istəkləri bir kənara qoymaq deməkdir, nəfsani istəkləri bir kənara qoyub Rəsulullahı sevindirmək və onun gözəl dualarına nail olmaq deməkdir. Uca Allah hər birimizi şəxsiyyət sahibi müsəlmanlardan etsin. Amin!
Müəllif: Vasif Teymurov. İsmayıllı şəhər “Cümə” məscidinin imamı







