Məsuliyyətimiz nə qədərdir?

Dəyərli Müsəlmanlar! Peyğəmbərimiz (s.a.s) hələ Məkkədə ikən Mədinədən gələn yeni iman gətirmiş az sayda səhabə hələ 16 ayəni öyrənə bilmişdilər. Müşriklərin qorxusundan bir il ərzində sadəcə bu qədər sayda ayəni bilərək İslamı yaşa bilirdilər. Çünki nə onlar Peyğəmbəri görə bilirdilər, nə də Peyğəmbərimiz onlarla görüşə bilirdi. Bu qədər müddət ərzində imanlarını qoruyub saxlamaq üçün çoxlu təfəkkür edirdilər, birlikdə namaz qılırdılar. Və elə bir hərəkət edirlər ki, gördükləri o əməl sayəsində, həmin əməl bütün müsəlmanlara fərz buyurulur sonrakı dövrdə. Hansı əməl idi o? – Cümə namazı. Müsəlmanlara ilk Cümə namazını qılan şəxs Mədinəli Əsad bin Zürarə (r.a.) olur. Hələ Peyğəmbərimiz (s.a.s) Musab b. Ümeyr(r.a.)-ı Mədinəyə göndərməmişdən öncə Cümə namazını qıldırmışdı o. Bir növ Cümə namazını ilk ortalığa çıxaran şəxs Əsad bin Zürarə(r.a.)-dır. Necə ki, bir səhabə röyasında gördüyü əzanı Peyğəmbərimizə danışır və Rəsulullah da olduğu kimi onu qəbul edir, Cümə namazı da belə. Sayca az olmalarına baxmayaraq bir yerə toplanaraq Cümə namazı qılır və Əsad bin Zürarə(r.a.) da onlara xütbə söyləyirdi. Bildikləri sadəcə 16 ayə idi və Cümə günləri toplanaraq təfəkkür etməklə imanlarını qorumağa çalışırdılar. Peyğəmbərimiz (s.a.s) Musab b. Ümeyr (r.a.)-ı Mədinəyə təbliğ üçün göndərdikdə Cümə namazlarını o qıldırmağa davam etmişdir. Əbu Davudda keçən bir rəvayətdə bu dediklərimizi təsdiqləyici mahiyyətdə belə bir ifadə keçir: Ənsardan olan müsəlmanlar deyirdilər ki, “Nə zaman Cümə namazı üçün əzan oxunsa, zehinlərimiz Əsad bin Zürarəni xatırlayır. Xüsusilə ənsarın böyüklərindən sayılan Kab ibn Malik gözəri dolar, yaşlar axar və deyərdi ki: Ah Əsəd, nə gözəl sünnət tərk etdin bizə. Əzan bitənə qədər də ənsarlı müsəlmanlar Əsədə dua edərdilər. Görün necə bir xeyrin sahibi olur Əsad bin Zürarə(r.a.). Sayları az olmalarına baxmayaraq Mədinənədə imana dəvət üçün çox işlər görürdü Əsad bin Zürarə(r.a.). 

Çox maraqlıdır qardaşlar. Sadəcə 16 ayə bilirdilər və həyatlarında Allah Rəsulu ilə bir dəfə və bir neçə saatlıq görüşə bilmişdilər, vəssalam, başqa heç nə. Bəs görəsən nə oldu ki, bu insanlar 16 ayədən bu qədər ilham ala bildilər? Və nə olub bizə ki, biz 6 mindən çox ayənin içində o ilhamı ala bilmirik? Bilirsiniz nə üçün? İki səbəbi var idi. 1-si, çünki onlar Peyğəmbərimiz (s.a.s)-ə və oxunan ayələrə ciddi yanaşırdılar. 2-si, oxuduqları hər ayəni sanki Allah onlara xitab etmiş kimi oxuyurdular. Bizimlə səhabə nəsli arasında ən başlıca fərq ciddiyyət fərqidir. Ciddi olmadığımız üçün aramızda bu qədər fərq vardır. Baxın qardaşlar, Qurani-Kərim çox ciddi mesajlar verir, Peyğəmbərimiz (s.a.s) çox ciddi həyat yaşamışdır, özü nümunə olurdu və nümunəvi həyat tövsiyə edirdi, səhabə də həmçinin. Amma çox təəssüf ki, biz ciddi ola bilmirik. Hansı ki, ciddiyyəti əldə edəriksə iki şeyi əldə edərik: ehsan şüuruna varmış olarıq və bizdə məsuliyyət duyğusu meydana gələr. Ehsan nədir? – Allahı görürmüş kimi ibadət etməkdir. Əgər belə bir şüuru əldə edə bilsək, el nə deyər yox, Allah nə deyər qayğısını çəkərik. Ehsan şüuru olmazsa elin qarşısında başqa, öz nəfsilə baş-başa qaldıqda isə başqa olur insan. Hətta bu duyğudan məhrum olmaq insanı şirkə kimi götürə bilər. Tək başına qıldığımız namaz başqa, camaat bizə baxır deyə qıldığımız namaz başqa. Camaatın içində ikən zikrə davam, tək başına qaldıqda zikr yaddan çıxır. Bütün bunlar nə üçün baş verir? – Ehsan şüuru yox olduğu üçün. 

Allah Təala İbrahim surəsi 42-ci ayədə buyurur ki: Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma! Sadəcə, Allah onları (cəzalandırmağı) gözlərin (qorxudan) bərələcəyi günə (axirətə) qədər təxirə salır. Mən oxudum bu ayəni siz də dinlədiniz. Nə məndə bir şey hasil oldu, nə də sizdə. Lakin Əqəbə beyətində 6 nəfərdən ibarət Mədinəli səhabə bu ayəni Allah Rəsulunun mübarək dilindən eşidərkən qorxudan ayaqları titrəmişdir: Yəni görəsən Allahın dediyi o zalımlardan biri mənəmmi? Biz də belə düşünənə qədər Qurandan haqqı ilə istifadə edə bilməyəcəyik əziz qardaşlar. Əgər Quran ayələrini oxuyarkən qəlbi titrəyirsə o kəsə sözüm yoxdur. Lakin titrəmirsə, demək ki, ciddiyyətimizdə problem var. Ciddiyyətimizdə problem olduğu üçün ehsan şüurumuzda da problem vardır. Ehsan şüurumuz oldmadığı üçün məsuliyyət şüurumuz da zəifdir. Necə zəifdir? — Bu qədər önəmli məsələləri 3-4 nəfərin üzərinə həvalə etmişik. İmam deyilmi o etməlidir, deyirik. Bu din məgər imamların dinidirmi sadəcə?! Bizim dinimizdə din adamı, şəklində bir ifadə yoxdur. Bizim dinimizdə dinin adamıdır, şəklində bir ifadə vardır. Hər kəs təbliğ etdinmi? Yaxşılığı əmr edib, pisliklərdən çəkindirdinmi? deyə sorğu-sual olunacaq. Lakin hər kəs məsuliyyəti üzərindən atmağa çalışır. Nə üçün? Çünki dinimizə ciddi yanaşmırıq. Əgər işin ciddiliyini nəzərə alsaydıq, əşşi nə işimə qalıb, deməzdik. Əgər işin ciddiliyini nəzərə alsaydıq, od düşdüyü yeri yandırar, deməzdik. Əgər işin ciddiliyini nəzərə alsaydıq, mənə toxunmayan ilan min il yaşasın, deməzdik. Əgər işin ciddiliyini nəzərə alsaydıq, od düşdüyü yeri yox, məni də yandırar, deyərdik. Əgər işin ciddiliyini nəzərə alsaydıq, mənə toxunmayan ilan başqasına toxunar, deyə çox narahat olardıq. Bir məsuliyyət duyğusu meydana gələrdi bizdə. Kim kimi? — Abdullah ibn Ummu Məktum (r.a.) kimi. Kor bir səhabədir. Əbəsə surəsinin nazil olmasına səbəb olan bir səhabədir. Ənəs bin Malik (r.a.) bu səhabənin məsuliyyət duyğusunu bizə anladır. Deyir ki, Qadisiyyədə, İranla etdiyimiz döyüşdə, bir də gördüm ki, İslam ordusunun arxasında Abdullah ibn Ummu Məktum var. Bir əlində qara bir bayraq, digər əlində də zireh durub. Qanım dondu, deyir Ənəs bin Malik. Öz-özümə kor bir adamın nə işi var burda? dedim. Əyildim və qulağına Fəth surəsinin 17-ci ayəsini oxudum: لَيْسَ عَلَى الْأَعْمَىٰ حَرَجٌ Döyüşə getməməyə görə kora günah gəlməz. Yəni korun belə bir məsuliyyəti yoxdur. Səsimi tanıdı və mənə tərəf çevrilərək: “Bu sənsənmi Ənəs?”, dedi. “Bəli”, dedim. Nə işin var burda, dedim. Dedi ki: Ey Ənəs! Vallahi mən burada olmaqla əslində müsəlmanlara heç bir güc qatmadığımı bilirəm, mən oxuduğun o ayəni də bilirəm. Allahın mənim üzərimə belə bir məsuliyyəti yükləmədiyini də bilirəm. Lakin məni buraya gətirən tək bir şey var: Müsəlmanların sayını kafirlərin gözündə çoxaltmaq. Məsuliyyət duyğusu olmayan bir insan özünü belə bir təhlükəyə atarmı?!

Peyğəmbərimiz (s.a.s)-in yanına gələrək Əqəbə beyətində iştirak edən o 6 səhabə ciddi məsuliyyət duyğularına sahib olduqları üçün şirklə dolu Yəsribi Mədinətul-Munəvvəraya (Nurlanmış Mədinəyə) çevirə bildilər. Uca Allah bizim də məsuliyyət duyğumuzu artırsın. Yoxsa günəşin önündə əriyən buz kimi əriyib gedərik və gələcək ateizmin, deizmin və İslamdan başqa ideologiyaların və inancların əlində qalar. Odur ki, məsuliyyət duyğumuzu artırmağa çalışmalıyıq və bunun üçün də daim bu üç sualı öz-ömüzə verməyə çalışmalıyıq: Bu gün Allah üçün nə etdim? Dünən Allah üçün nə etmişdim? və Sabah Allah üçün nə edəcəyəm? Bu suallar bizdə inşəAllah məsuliyyət hissi doğurar.

Əqəbə beyətində 6 nəfərdən ibarət Mədinəli səhabə növbəti ili Peyğəmbərimizlə görüşməyə gələrkən sayları 12-yə çatmışdı. Peyğəmbərimiz də onların saylarının artdığını görüb çox sevinmişdi. Lakin Məkkəlilərin onları görə biləcəyindən ehtiyat edərək onları tələstirirdi. Çünki Mədinəyə yeni toxum səpilirdi, istəmirdi ki, məhsulu bol olacaq bu əkini kimsə məhv etsin. Allah Rəsulu (s.a.s) 12 səhabədən 6 şey tələb edir: 1. Allaha heç bir şeyi ortaq qoşmayacaqsınız. Həqiqətən də hər şeyin başında tövhid gəlir. Əgər o düz olarsa, ona uyğun olaraq digər şeylər də düz olar. 2. Oğurluq etməmək. 3. Zina etməmək. 4. Hansı səbəb olursa, olsun uşaqları öldürməmək. 5. İftira ilə zina məhsulu olan uşaqları başqa kişilərə nisbət etməmək. 6. Heç bir xeyirli işdə Hz. Peyğəmbərə qarşı çıxmamaq və ona itaət etmək. Cəmi bu altı tələb. Bundan əvvəlki görüşdə Rəsulullah (s.a.s) onlarla imani mövzulardan danışmışdı. İbrahim surəsindən ayələr oxumuşdu. Lakin bu dəfə isə onlardan əsasən əxlaqi mövzuda söz aldı. Nə üçün imandan danışmadı? Çünki iman qəlblərinə artıq yerləşmişdi, Qurandan bəzi ayələri öyrənmişdilər. İndi isə imanlarının qarşılığını verməyə gəlmişdilər. Diqqət etdinizsə 6 maddədən 5-i əxlaqa aid tələblər idi. Maraqlıdır nə üçün risalətin yükünü ilk daşıyanlara əxlaqi tələblər irəli sürür Allah Rəsulu (s.a.s)? Çünki o insanlar təbliğ insanı olacaqlar, yəni dini başqalarına çatdıracaq öndərlər olacaqlar. Bununla da əslində Peyğəmbərimiz sonra gələcək bütün təbliğ edənlərə, yəni bizlərə bir mesaj verirdi – təbliğ etmək üçün öncə təmsil etmək şərtdir. Təmsil edə bilməyəcəksinizsə təbliğ də edə bilməyəcəksiniz. Əgər İslamı təmsil məsələsində probleminiz vardırsa, nə qədər gözəl təbliğ etsəniz də, həyat tərziniz o təbliği yalanlayar və o sözlər qarşı tərəfə heç bir təsir etməz. Əgər haqqıyla təbliğ etmək istəyiriksə, uca dinimizi haqqıyla təmsil etməyimiz lazımdır. Yəni öncə özümüzü düzəltməyə başlamalıyıq. Odur ki, Peyğəmbərimiz (s.a.s) ilk beyətdən sonra gələn heyətdən əxlaqi vəsfləri tələb edirdi.

Əslində onlardan tələb olunan şeylərin təməlində yatan bəzi şeylər var idi. Yəni zina etməyin, oğurluq etməyin, iftira atmayın tələblərinin təməlində Övs və Həzrəc qəbilələrinin arasında uzun illərə dayanan münaqişələr yatırdı. Bu münaqişə səbəbilə oğurluq edirdilər, iftira atırdılar, qənimət olaraq ələ keçirdikləri qadınlar səbəbilə cəmiyyətdə zina yayılırdı. Allah Rəsulu (s.a.s) bir-birinizlə düşmən olmayın da deyə bilərdi. Lakin Rəsulullah hələ qurumamış yaraya barmaq basmadı. Müalicəyə burdan başladı. Oğurluq etməyin deyərkən əslində onlar anlayırdılar ki, yəni bir-birinizin başını vurmayın. Sözü seçərkən Peyğəmbərimizin bu cür etməsi bir təbliğ adamının necə davranacağını göstərirdi. 

12 nəfərlik heyətin başında duran Əsəd (r.a) Allah Rəsulu (s.a.s)-dən söz istədi və cavabını bildiyi halda, onlara yeni qoşulanlar da duysun deyə soruşdu  ki,  “Ya Rəsuləllah! Biz sənə inandıq və dediyin şərtləri də qəbul etdik. Bəs bunun qarşılığında bizim üçün nə vardır?”. Allah Rəsulu onlara çox şeyi vəd edə bilərdi. Məsələn, Habab bin Ərətə dediyi kimi: “Səbr et. Yaxın bir gələcəkdə Hirədən Hədrəmövtə qədər bir qadın tək başına səyahət edə biləcək”. Yəni o torpaqların hamısı İslamın hakimiyyəti altına girəcək. Allah Rəsulu (s.a.s) onların coşqusunu artırmaq üçün belə bir vəd də verə bilərdi. Lakin nə dedi? – Bunun qarşılığında sizin üçün Cənnət vardır, dedi. Bu qədər… Yəni Rəsulullah (s.a.s) onların zehin dünyasına dünyalıq heç bir şeyin bulaşmağını istəmədiyi üçün Cənnətdən başqa bir şey vəd etməmişdi onlara. İslam tarixinə baxdığımız zaman bu sözün nə mənaya gəldiyini hər kəs görmüş olar. Əziyyəti ənsar çəkmişdi, qənimətləri mühacir toplamışdı. Bədrdə də, Uhudda da, Hüneyndə də belə olmuşdu. Allah Rəsulunun vəfatından sonra da belə olmuşdu. 4 xəlifənin 4-ü də Məkkəlidir. 4 xəlifədən sonra Əməvilər gəlmişdi, ondan sonra Abbasilər gəlir. Heç bir hakimiyyətdə ənsar yoxdur. Sanki Allah Rəsulu onlarla dünyalıq şeylərlə deyil, sadəcə Cənnətlə razılaşmışdı. 

Son olaraq bir şeyi də xatırladım. Hüneyn döyüşündə müsəlmanlar böyük bir qənimət əldə etmişdi. Peyğəmbərimiz Məkkəliləri çağıraraq onlara qənimət paylarından verir, ənsara isə heç nə vermir. Ənsardan gənclər deyirlər ki, “Əziyyəti biz çəkək, bal-qaymağı Məkkəlilər yesin”. Bu söz Rəsulullahın qulağına çatır. Onları bir yerə toplayır və önə Əqəbədə iştirak edən və həyatda qalanları önə çıxarır. Onların gözlərinin içinə baxaraq “Biz necə razılaşmışdıq sizinlə?”, deyir. Bu sözləri eşitdikdə ənsarın gözlərindən yaşlar axmağa başlayır. Yəni biz Cənnət üzrə razılaşmamıdıqmı sizinlə?! Və davam edərək buyurdu ki, “Onlar evlərinə dəvələrlə, qoyunlarla, keçilərlə getsinlər. Siz Allahın Rəsulu ilə getmək istəmirsinizmi?”. Onlar da “İstəyirik ya Rəsuləllah!”, deyərək həm göz yaşları tökdülər, həm də ən böyük dəyərin onlara verildiyini anladılar. 

Yəni bu din bizdən səmimiyyət istəyir. Qarşılıq güdmədən saf niyyət istəyir. Səhabə öyrəndiyi 16 ayə ilə dinlərini qorudular və onu inkişaf etdirdilər. Rəbbim bizlərə də belə iman nəsib etsin. Amin!

Müəllif: Vasif Teymurov. İsmayıllı şəhər “Cümə” məscidinin imamı

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

  1. Muslim

    Allah hocadan razı olsun

    Ответить
Яндекс.Метрика