Adlar və sifətlər tövhidi

Əqidə

Rəhman olan Allahın sifətləri barədə Quranda, yaxud Peyğəmbərdən ﷺ səhih xəbərlərdə gələn hər bir şeyə iman etmək və onu məmnuniyyət və təslimiyyət ilə qəbul etmək, həmçinin onun rədd edilməsi, yozulması, oxşadılması, bənzədilməsi kimi şeyləri tərk etmək vacibdir.

Qurani-Kərimdə gələn hər bir şeyə iman etmək. Müəllifin sözlərində keçən (كل) hər bir şey sözü ümumiliyi ifadə edən kəlmələrdən hesab olunur. Müəllifin irəlidə qeyd edəcəyi kimi bu ümumilik bəzi sifətlərə xas deyil. Əksinə daha əhatəli və ümumi mənada gəlir.

Yaxud Peyğəmbərdən ﷺ səhih xəbərlərdə gələn. Səhih xəbərlər deyildiyi zaman həm insadı səhih olan, həm də isnadı həsən olan hədislər qəsd edilir. Bununla da isnadı zəif olan hədislər buradan xaric edilir. Uca Allahın sifəti səhih olmayan rəvayət ilə isbat edilməz. Müəllifin yuxarıda qeyd olunan sözlərindən anlaşılır ki, Uca Allahın sifətini isbat etmək üçün mütəvatir1 hədisin olması şərt deyil. Bu zaman bəlli olur ki, Uca Allahın sifətini isbat etmək üçün əhəd2 yolu ilə gələn hədislər qəbjS edilir. Hənbəli imamlarının məzhəbinə əsasən, Sünnədə əhəd yolu ilə sabit olan və Uca Allahın sifəti varid olan rəvayətlər vasitəsi ilə Uca Allaha sifətlər isbat edilir və mötəməd görüşə görə həmin rəvayətin insanların hamısı tərəfindən məmnuniyyətlə qəbul edilən, yaxud mütavatir hədis olması şərt deyil. Belə olan halda zənni ifadə edən əhəd hədis qəbul edilir. Hənbəlilər qatında mötəməd olan məzhəb budur.

Bir görüşə görə hədisin bütün mühəddislər tərəfindən qəbul edilməsi gərəkdir. Bəzi Hənbəlilər hədisin mütəvatir olması şərtini qoymuşlar. Demişlər ki, hədisin qəti elmi ifadə etməsi lazımdır. Onlara görə zənni ifadə edən əhəd hədislə Uca Allahın sifəti isbat edilməz. Ancaq qeyd edildiyi kimi məzhəb fərqli görüş üzərədir.

Hənbəli imamlarının məzhəbinə görə sifət barədə gələn və zənni ifadə edən əhəd hədisi qəbul edilir deyildiyi zaman bununla yalnız və yalnız qətiliyi tələb etməyən şeylər qəsd edilir. Məhz belə olan halda həmin dəlil vasitəsi ilə sifəti isbat etmək icazəlidir. Ancaq qətiliyi və əminliyi tələb edən etiqad məsələləri əhəd hədis ilə sabit olmur. Halbuki həmin məsələlər Quranda varid olmuş və Sünnə alimləri də ona qəti əminlik bildirmişlər. Zənni ifadə edən əhəd hədisləri vasitəsilə sifətin isbat ediləcəyini dediyimiz zaman əminliyi tələb etməyən etiqadı məsələlərlə bağlılığı olan şeyləri qəsd edirik.

Lakin Uca Allahı tanımaq, risalətin səhih olması, habelə üluhiyyəti səhih edən bir sıra sifətlərin isbatı kimi qətiyyəti və əminliyi tələb edən etiqadı məsələlərə gəldikdə isə bunun üçün qəti dəlilin sabit olması labüddür. Çünki bu, qəti olan etiqadı məsələlərdir. Etiqadı məsələlərin qəti olanı yalnız qəti dəlillə sabit olur. Bundan daha aşağı olan etiqadı məsələlər zənni dəlillə isbat edilə bilər.

Məsələ. Rəvayətin yekdilliklə məqbul olan hədislərdən olması şərtdirmi? Çünki bəzi əhəd hədislər vardır ki, onun səhihliyinə dair ixtilaf edilmişdir. Belə olan halda sifətin sabit olması üçün rəvayətin səhihliyinə yekdilliyin olması şərtdirmi, yoxsa şərt deyil? Yaxud da hədisin səhihliyi barədə ixtilaf varsa, onunla sifət isbat edilir, yoxsa isbat edilmir?

Hənbəli imamlarının davranışları digər insanların onlara müxalif olacaqları təqdirdə belə onların qatında bir hədisin səhih hesab edilməsi ilə sifətin isbat ediləcəyini göstərir.

İmam Nəcməddin Tufi (Allah ona rəhmət eləsin) bəzi kitablarında sifətlərin isbatı üçün hədisin səhih olması ətrafında alimlərin yekdilliyini şərt qoşmuşdur. Onun qatında səhihliyində ixtilaf edilən hədis vasitəsi ilə sifət sabit olmur. Həmin məsələ barədə Tufinin mövqeyi belədir.

Səhih xəbərlərdə gələnə iman etmək, onu məmnuniyyət və təslimiyyət ilə qəbul etmək məsələsində iki şeyin olması vacibdir:

  1. Boyun əyərək, tabe olaraq və təslim olaraq bu sifətlərə iman etmək və onu təsdiq etməkdir.
  2. İmana tərs gələn bir tərzdə sifətlər mövzusuna baş vurmamaqdır.

İmana tərs gələn bir tərzdə sifətlər mövzusuna baş vurmaq: onu rədd etmək, yaxud təvil etmək, yaxud oxşatmaq və bənzətmək və digər şeylər vasitəsi ilə olur.

Bu şeylərə iman etməyin vacibliyi şəriət yönündən sabit olur. Vaciblik sözü ilə şəriətin vacibliyi qəsd edilir. Burada əsla əqli vaciblikdən söhbət getmir. Əks təqdirdə buna müxalif olan hər bir şəxs günah qazanar.

Habelə müəllif sifətlər mövzusuna baş vurmamağı qeyd edir. Ancaq burada hökmü gizli saxlayır. Həmin şeylərə baş vurmamaq deyildiyi zaman bunun vaciblik yönündən olduğu qəsd edilir. Bu halda sifətləri rədd etmək, yaxud təvil etmək, yaxud oxşatmaq və ya bənzətmək yolu ilə sifətlər mövzusuna girmək haram hesab olunur.

Təvil sözünün dilçilikdə mənası: qayıtmaq, dönməkdir. Onun istilahi mənası: ləfzi zahiri mənasından çıxarıb qeyri-üstün dəlil vasitəsilə onu möhtəməl mənaya daşımaqdır. Yəni bir ləfzin iki dəlaləti olur: Üstün və qeyri-üstün dəlalət. Mənanı təvil edən şəxs onu qeyri-üstün dəlalətə daşıyır. Bunu dəlil vasitəsi ilə edir. Çünki əgər bunu dəlilsiz etsəydi, onun etdiyi fasid təvil hesab ediləcəkdi. Ancaq bunu dəlillə edərsə, bu zaman səhih təvil olacaq.

Buna rəğmən Hənbəli imamları qatında təvil etmək haramdır. Ancaq bu məqamda iki şey istisna edilir. Bunu da Qaləidül-İqyan adlı kitabının müəllifi, habelə digər Hənbəlilər qeyd etmişlər:

1. Peyğəmbərdən ﷺ, yaxud onun bəzi səhabələrindən, yaxud ümmətin sələfindən varid olan təvillər. Birinci istisna budur. Əgər onların təvil etdikləri gələrsə, bu zaman təvil etmək icazəli olacaq.

2. Uca Allaha ad, yaxud vəsf yönündən aid edilən və nöqsan təəssüratı yaradan şeylərdir. Nöqsan təəssüratı yaradan ad, yaxud sifəti Allaha aid etmək haramdır və bu halda Ona aid ediləni mütləq təvil etmək lazımdır.

Hənbəli imamlarından buna dair bir sıra misallar mövcuddur. Onlar bəzi sifətlərin nöqsan təəsüratı yaratdığından dolayı onu təvil etmişlər. Bəzən isə müəyyən sifət barədə fərqli görüşlər ortaya çıxır. Bu səbəbdən bir qisim alimlər onu təfvid edir, digərləri isə təvil edirlər. Təfvid edənlər onun nöqsan təəssüratı yaratmadığını düşünür, onu təvil edənlər isə onun nöqsan təəssüratı yaratdığını hesab edirlər.

Təvil Hənbəlilər ilə Əşərilər arasında çəkişmə mövzusu olan məsələlərdən hesab olunur.

İbn Teymiyyə (Allah ona rəhmət eləsin) fətvalar toplusunda bunun çəkişməyə yol açan ən böyük məsələlərdən biri olduğunu qeyd edir. İbn Teymiyyə (Allah ona rəhmət eləsin) Hənbəlilər ilə Əşərilərin üç məsələdə ixtilaf etdiklərini qeyd edir. Bunların içində ən böyüyü işə təvildir. Həmin üç məsələ bunlardır:

  1. Təvil məsələsidir.
  2. Quran məsələsidir.
  3. Ucalıq məsələsidir.

Bu böyük məsələlərdə çəkişmə baş vermişdir. Hənbəli imamlarının xüsusi olaraq bu mövzular barədə kitablar təlif etdiklərinə rast gəlmək mümkündür. Müvəffəqüddin İbn Qüdamə (Allah ona rəhmət eləsin) təvil barədə kitab təlif etmiş və onu Zəmmüt-Təvil adlandırmışdır. Habelə bu məsələ barədə başqa bir kitabı vardır (Təhrimün-Nəzər fi Kütübil-Kəlam). Həmin kitabda İbn Aqil əl-Hənbəliyə (Allah ona rəhmət eləsin) rəddiyə vermişdir. Habelə ucalıq məsələsi barədə kitab yazmışdır. Qurani-Kərim mövzusu barədə isə təlif etdiyi bir neçə kitabı vardır. Ən doğru olanı Allah bilir!


  1. Mütəvatir hədis: Çoxsaylı ravilərin rəvayət etdiyi səhih hədisdir. Onların sayının çox olması həmin ravilərin yalan üzərə bir araya gəlmələrini adət olaraq mümkünsüz edir. Mütəvatir hədisin bir neçə şərti vardır. Həmin şərtlər sayəsində mütəvatir hədis zəruri olan qəti elmi ifadə edir.
  2. Mütəvatir rəvayətin şərtlərini özündə cəm etməyən hədisə əhəd hədis deyilir.

Kitab: Etiqadın parıltısı
Müəllif: İmam Müvəffəqüddin ibn Qüdamə əl-Məqdisi əl-Hənbəli
Şərh: Şeyx Abdullah ibn Muhəmməd əl-Abdullah

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика