Yalnız Ona ibadət edir və yalnız Ondan kömək istəyirik?

Yalnız Ona ibadət edir və yalnız Ondan kömək istəyirik? Əqidə

Hər namazlarımızda oxuduğumuz ayə:

إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik. (əl-Fatihə surəsi, 5)

Görəsən doğru deyirikmi? — Yalnız sənə ibadət edir və yalnız Səndən kömək istəyirik. Oxuduğumuz bu ayəni həyatımızla, əməllərimizlə doğrulaya bilirikmi?! Dediyimiz cümləni təfəkkür edərək deyirik, yoxsa vərdiş etdiyimiz bir kəliməni söyləyirmiş kimi deyirik. إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ demək sadəcə Allahdan nə isə arzulamaq demək deyildir. Dua əslində təvəkkül duyğusunun inşası deməkdir. Yalnız Ona bel bağlayıb, Ondan başqasından Allah kimi istəməməkdir.

Əgər إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ duasını həqiqi mənada anlasaydıq halımız çox fərqli olardı. Çağın imam Şafisi kimi tanınan Hafiz Münavi (Misirli bir alim) görür ki, bir tələbəsi günü-gündən zəifləyir. Dostlarıdan onun bu halını soruşur. Dostları deyir ki, “Ya şeyx, o tələbə hər gün səhərə qədər Quran oxuyur və buna görə də hər sənin yanına gələndə bitgin vəziyyətdə olur. Başqa bir narahatçılığı yoxdur, səbəb yalnız budur”. Sabahsı gün Hafiz Münavi dərsdən sonra şagirdlərin hamısını yola salır yalnız onu saxlayır və deyir ki, “Övladım, eşitdim ki, səhərə qədər Quran oxuyursan, Allah qəbul etsin. Səndən bir tələbim var: Bu axşam da Quran oxu lakin elə oxu ki, sanki rəhlənin başında mən varam”. Tələbəsi gedir və səhər gələrkən “Ya şeyx, sən dediyin kimi etdim lakin hər gün bir neçə cüz Quran oxuyan mən, Bəqərə surəsini belə bitirə bilmədim”. Hafiz Münavi bu səfər tələbəsinə tapşırır ki, “Bu gecə elə oxu ki, sanki başının üzərində aləmlərə rəhmət olaraq göndərilən Hz. Muhamməd (s.a.s) dayınıb”. Səhəri gün yenə tələbə gəlir. Müəllim “Nə qədər oxuya bildin?” deyə soruşduqda, “Sadəcə 2-3 səhifə oxuya bildim. Yanımda peyğəmbərimizi hiss etdiyim üçün səsim titrədi, taqətim kəsildi və sadəcə 2-3 səhifə oxuya bildim”, dedi. Müəllim “Bu gecə get və elə oxu ki, sanki vəhyin əmin mələyi Cəbrayıla oxuyursan”. Səhəri gün yenə tələbə gəlir və müəllim “Nə qədər oxuya bildin?” deyə soruşur. “Ya şeyx, sadəcə Fatihə surəsini oxuya bildim. Cəbrayılı yanımda hiss etdiyim üçün Fatihəni oxumağa başladım, lakin heç cür irəli gedə bilmədim”. Müəllim “Bu gün də get, elə oxu ki, sanki Allaha oxuyursan”. Tələbə səhəri gün gəlir lakin bitmiş bir vəziyyətdə, gözündən yaşlar axır. Müəllim “Nədir bu halın?”, deyə soruşur. O da “Ya şeyx, إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ –dən o tərəfə keçə bilmədim. Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik deyərkən düşündüm ki, sözümdə nə qədər səmimiyəm, həqiqətən də yalnız Ona ibadət edirəm və yalnız Ondan yardım istəyirəm?! İbadətimi o görsün, bu görsün, o alqış etsin, bu tərifləsin, afərin desin deyəmi..?! Bütün bunlar ağılıma gəldiyi üçün yalnış söylədiyimi anladım. Anladım ki, hər dəfə bu sözləri deməyimə baxmayaraq, bu sözlərin məndən tələb etdiklərini yerinə yetirə bilmirəm. Odur ki, bu ayədən o tərəfə keçə bilmədim”. Hafiz Münavi də dedi ki, “Bəli övladım, Quran bax belə oxunur”. Əgər إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ–i doğru anlayaraq oxusaq bəzən namazlarımızı belə bitirə bilmərik. 

Mən insanları və cinləri yalnız Mənə ibadət etsinlər deyə yaratdım, buyurur Allah Təala.(əz-Zəriyət surəsi, 56)

Yaradılış məqsədimiz yalnız Allaha qulluq etməkdirsə insan niyə yaradılışın əsl qayəsini unudur?! Unudur, çünki o bir bəşərdir. Bəzən unutmaq özü belə nemətdir. Lakin bizlər bəzən unutduğumuzu belə unuduruq. Elə əsl fəlakət də budur. İnsan unutduğunu unutmağa başladığı vaxt, fəlakət başlamışdır demək. Məsələn, haramların içərisində yaşayırıq amma heç bir reaksiyamız yoxdur, alışmışıq artıq. Əvvəllər faiz eşitdiyimiz zaman tüklərimiz biz-biz olurdusa, indi isə Allah qorusun faizlə qardaş olmuşuq. Əsl fəlakət günah işləmək deyil, əsl fəlakət günaha alışmaqdır. Bəşər olduğumuz üçün bəzən günah işləyəcəyik. Lakin Allah da Səttardır, Təvvabdır, Ğafurdur. Bizdən istənən günah işləməmək deyil, günah işləyərkən dərhal peşman olmaq, səhvini anlamaq və tövbə etməkdir. Amma bəzən günah işlədiyimizi belə unuduruq. 

Allaha layiqli bir şəkildə qul ola bilməyən bir insan başqa bir qapının quludur mütləq. Mən qul deyiləm deyən və doğru danışan heç bir şəxs yoxdur. Ateistlər deyirlər ki, biz qul deyilik, biz azad bir insanıq. Yalan sözdür. Allahın qapısının qulu olmayan başqa bir qapının quludur mütləq. Dünən onun adı AbdulLat, AbdulMətan, AbdulUzza idisə bu gün onun adı bir az fərqlidir. Peyğəmbərin ifadəsilə “Abdud-dirhəm, Abdud-dinar, Abdul-qadifə” -dir. Yəni malın, pulun, zənginliyin quludur. Hələ bitmədi, nəfsin qulu, şəhvətin qulu, şeytanın quludur. Odur ki, heç kim deməsin ki, mən qul deyiləm. Ya Abdullahsan, ya da Abdulİblissən. Amma Allahın qulu olmaqdan daha şərəfli nə ola bilər ki…

Şərəf və izzəti yalnış yerlərdə axtardığımız üçün bu gün İslamın halı budur. Sad bin Əbi Vaqqas səhabə içərisində ən soylu nəsildən olan 14 nəfərlik bir heyyəti seçərək Sasani imperatorluğunun başçısı Yezdəgirdin yanına göndərir. Yezdəgird onlara baxaraq “ey ərəblər, noldu ac qaldınız indi də bizim torpaqlarımıza gəldiniz?” Heyətin başçısı Nüman bin Bəşir isə əsl şərəf və izzətin nədə olduğunu yaxşı bildiyi üçün dedi ki,

“Sizi qula qul olmaqdan qurtarıb Allaha qul olmağa dəvətə gəldik”.

Yezdəgird də ona ədalı bir şəkildə “Sizinlə danışmağa tənəzzül etməzdim. Vaxt var idi sizin bir probleminiz olduğu zaman bəylərimizə əmr edərdik, onlar da sopalarının ucları ilə sizi idarə edərdilər. Siz deyildinizmi dünənə qədər bir-birinizin ətini yeyən, qız uşaqlaırnızı diri-diri torpağa basdıran, indi də qalxıb bizə nəsə öyrətməyə çalışırsınız?!”. Nüman deyir ki,

“Ey kral, dediklərinin hər biri doğrudur. Lakin Allah aramıza bir peyğəmbər göndərdi. O bizə həqiqi mənada qulluğun nədən ibarət olduğunu öyrətdi. Allaha qul olmanın yolunu biz onun vasitəsilə öyrəndik. Bunu öyrəndikdə isə şərəf və izzət qazandıq, başqa qapılara qul olmamağın gərəkli olduğunu öyrəndik. Odur ki, bütün insanlığı da yalnız Allaha qulluğa dəvət edirik. Ya iman et dində qardaşımız ol. Ya qövmünlə aramızdan çəkil ki, insanlar İslamın mesajını anlaya bilsinlər, ya da aramızdakı qılınc hakim olsun”.

Yezdəgird çox əsəbləşir və yanındakılara deyir ki, “Götürün bunları, bunlar deyəsən ac qalıblar. Aralarındakıların ən soylu bir iki nəfərinə gözəl paltarlar verin, bir-iki torbada da ərzaq verin alıb çiyinlərinə çıxıb getsinlər”. Nüman təkrar söz alaraq

“Biz bura bunlar üçün gəlməmişik. Məqsədimiz sadəcə sizi Allaha qulluğa dəvət etməkdir”.

Bu sözdən sonra Yezdəgird daha da qəzəblənir və soruşur ki, “Sizin ən soylunuz kimdir, onu mənə göstərin?” Heyətin içərisində ən gənc olan Asim ibn Amr anlayır ki, Yezdəgird ya öldürəcək və ya başqa bir şey edəcək. Odur ki, bir addım irəli atılaraq mənəm”, deyir. Əslində ən soylu o deyildi. Yezdəgird də tapşırır ki, bir torbanın içərisinə torpaq doldurub onun çiyninə yüklənsin, arxasınca 13 nəfər də düşsün və küçələri gəzdirərək ərəblərin düşdüyü bu vəziyyəti hər kəs görsün və gülüb əylənsinlər. Bununla da onlara “biz sizə torpaqlarımızı verə bilmərik, lakin bir torba torpaq verərik ki, onu da çiyninizə yükləyərik”, mesajını verir.

Əmr olunan kimi edirlər, iranlılar onların bu halına baxaraq gülməyə başlayırlar. Qayıdıb gələrkən Asim belindəki torbanı hələ də endirmir. At o torbanı, deyilsə də atmır. Nə edəcəyini heç kim bilmir. Sasanilərdən Qadisiyyəyə qədər torpaq yüklü torbanı çiynində daşıyır. İslam əsgərlərinin toplandığı bir yerə gələrək hündür bir yerə çıxır və belindəki çuvalı yerə boşaldaraq

“Ey müsəlman əsgərlər, ey Muhammədin gətirdiyinə iman edənlər, İranın torpağının ilkini mən sizə gətirdim, qalanını qılınclarınızla siz alacaqsınız”.

Yezdəgird öncə onları dəyərsiz bilib gözəl paltarlar, ərzaq təklif etdi, lakin səhabə şərəf və izzət sahibi olduqları üçün bunu qəbul etmədikdə onların şərəfini alçaltmaq istədi. Lakin Asim (r.a) şərəfi doğru yerdə axtardığı üçün düşdüyü o haldan şərəfə və izzətə başqa bir qapı açdı. 

Şərəf və izzətin Allaha layiqli bir qul ola bilməkdə olduğunu unutmuşuq. Dünyaya bağlılığımız o qədər artıb ki, şərəf və izzəti artıq başqa şeylərdə axtarmağa başlamışıq. Lakin xatırladığımız zaman inanın həyatımızda çox şeylər dəyişəcək. Peyğəmbərimiz(s.a.s) buyurur ki,

“Allah məni bütün aləmlərə rəhmət olaraq göndərdi, vallahi mən bununla öyünmürəm. Qiyamət günü Allah mənə Livamul-Hamd kimi bayraq verəcək, o gün hər kəs bu bayrağın altında toplanacaq, vallahi mən bununla da öyünmürəm. O gün mən möminləri cənnət yolunda müşayiət edəcəm, vallahi bununla mən öyünmürəm. Tək bir şeyə görə öyünürəm Abdullaham, Abdullaham, Abdullaham”.

Sadəcə Allaha qul olmağın gətirdiyi şərəf və izzəti yaxşı anlayan Allah Rəsulu (s.a.s) müşriklər ona nə təklif etsələr də “Bir əlimə ayı, digər əlimə günəşi versəniz belə vallahi mən bu davamdan vaz keçməyəcəyəm”, demişdi. Sahib olduqlarımız bir anda yox olsa belə, tələblərimiz heç bir ehtiyacımızı qarşılamasa belə, İslam kimi uca dininə sahib olmaq, sadəcə Allahın qapısının qulu ola bilmək nə böyük bir şərəfdir, öyünmək üçün nə böyük izzətdir. 

Müasir dünyada yaşadığımız üçün azadlıq, sərbəstlik ifadələrini tez-tez eşidirik. Uşaq bir az böyüyür, sən mənə qarışa bilməzsən, deyir valideyninə. Müasir dünyada azadlıq, sərbəstlik kəlimələrinə elə mənalar yüklənmişdir ki, sanki bu ifadələr sərhədsiz və məsuliyyətsiz şəkildə yaşamaq kimi başa düşülür. Belə bir həyatın adı İslam deyildir və belə bir həyat doğru bir həyat tərzi sayıla bilməz. Ən böyük azadlıq isə Allaha qulluqdadır. Qulluğu başqa qapılarda axtarmaq insanı səadətdən çox ziyana aparır. Səhabə həyatda bir çox məhrumiyyətlərlə üzləşdi, bəzən yeməyə belə bir şey tapa bilmədi. Lakin səhabə bütün bu məhrumiyyətlərə, yoxluqlara baxmayaraq şərəf və izzətin sadəcə Allaha layiqli qul ola bilmədə gördüyü üçün özünü dünyanın ən xoşbəxt insanı kimi hiss etdi. 

Bir gün bir bədəvi məscidə kiçir bayıra gedir. Səhabələr hərəsi bir tərəfdən ona hücum çəkərək danlayır. Peyğəmbərimiz isə “qoyun işini bitirsin”, deyir. Su gətizdirir üzərinə su tökür və həmin bədəviyə ana şəfqəti ilə deyir ki, “bax bura Allahın evidir, bura belə bir şey etmək olmaz”. Həmin bədəvi də əlini açaraq “ya Rəbbi, sadəcə mənə və Muhammədə mərhəmət et, başqa heç kimə mərhəmət etmə”, dedikdə Peyğəmbərimiz (s.a.s) təbəssüm edərək buyurur ki, “Allahın rəhmətini daraltdın, Allahın rəhmətini daraltdın”. Bədəvinin o hərəkəti qarşısındakı o şəfqəti gördünüzmü qardaşlar?! Biz bu cür nümunələri həyatımıza tətbiq etməklə əsl qulluğun mahiyyətini anlamış olarıq. Səhabə lə iləhə illəllah deyərək bütlərdən sıyrıla bildiyi üçün əsl qulluğu yerinə yetirə bildi. Bu gün bütlər yoxdur lakin onu əvəz edəcək bütdən daha təsirli mobil cihazlar vardır. Bütə çevrilən o mobil cihazları övladlarımızdan uzaqlaşdıra bilmirik. Bu gün bizlərin bəlkə də ən böyük qulluğu bu kimi bütlərdən xilas ola bilməkdir. Çünki bu kimi şeylərdən xilas olduğumuz zaman Allaha qulluğu həqiqi mənada yerinə yetirmiş ola bilərik. 


Müəllif: Vasif Teymurov

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика