Allah Qurandan başqa hansı kitabları göndərmişdir?

Əqidə

İlahi kitabların hamısı Allah kəlamıdır. Buna görə də onlar arasında heç bir fərq yoxdur. İlahi kitablar sadəcə həcm baxımından bir-birindən fərqlənir. Bəziləri səhifələr və risalələr, bəziləri də kitablar şəklindədir.

Suhuf

“Suhuf” sözü ərəb dilində “səhifələr” deməkdir. Kiçik qövmlərə nazil edilən bir neçə səhifədən ibarət olan risalələrə “suhuf” deyi|ir. Qurani-Kərimdə Hz. İbrahimə (ə.s) və Hz. Musaya (ə.s) endirilən səhifələrdən bəhs edilir.1

Hz. Musaya (ə.s) nazil olan səhifələr Tövratdan əvvəl endilirmişdir. Hz. İbrahimə (ə.s) və Hz. Musaya (ə.s) nazil olan həmin səhifələr dövrümüzə qədər gəlib çatmayıb.

Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm, Şitə (ə.s) 50, İdrisə (ə.s) 30, İbrahimə (ə.s) 10 və Musaya (ə.s) Tövratdan əvvəl 10 səhifə endirildiyini bildirmişdir.2 Bu peyğəmbərlərə nazil edilən səhifələrdən heç biri dövrümüzə qədər gəlib çatmayıb.

Tövrat

Hz. Musaya (ə.s) nazil olan kitabın adı “Tövrat”dır. Qurani- Kərimdə Hz. Musaya (ə.s) “Tövrat” adlı bir kitabın endirildiyi bildirilir.3

Əslində Tövrat Hz. Musaya (ə.s) aid edilən beş kitabdan birinin adıdır. Yəhudilər sonradan bu kitabların hamısını bir yerə toplamış və “Tövrat” adlandırmışlar. Həmin beş kitab bunlardır: Təkvin (yaradılış), Xuruc (çıxış), Levililər (Tövrat), Ədat (sayılar), Təsniyə (ikili).

Bu gün Tövratın üç məşhur nüsxəsi mövcuddur:

  1. Yəhudi və protestantların qəbul etdiyi ibranicə nüsxə,
  2. Katolik və ortadoksların qəbul etdikləri yunanca nüsxə,
  3. Samirilər tərəfindən qəbul edilən nüsxə.

Bunlar, Tövratın ən məşhur və qəbul edilən nüsxələridir. Bu nüsxələr müəyyən ziddiyyətlər ehtiva edir.4

Bu bir həqiqətdir ki, bu gün əldə olan Tövrat Allah-Təalanın Hz. Musaya (ə.s) endirdiyi ilahi kitab yox, insanlar tərəfindən təhrif edilən “kitab”dır.

Qurani-Kərim Tövratın Təhrif Edildiyini Bildirir

Qurani-Kərimin bir çox ayəsində yəhudilərin öz kitablarını təhrif etdiyi bildirilir.5 Ayələrdən də göründüyü kimi, yəhudilər öz müqəddəs kitablarını təhrif ediblər. Qurani-Kərimin verdiyi xəbərlər həqiqət olduğu üçün başqa dəlillər axtarmağa lüzum yoxdur.

Tövrat Nüsxələri Arasında Ziddiyyətlər Var

Tövratın eldə olan nüsxələri arasında ziddiyyətlər var. İlahi kitabda bu cür zidliklər ola bilməz. Bu da əldəki Tövrat nüsxələrinin təhrif edildiyinə dəlalət edir. Buna bir neçə nümunə verək:

  • Hz. Adəmdən (ə.s) Nuh tufanına qədər keçən müddətin Tövratın ibranicə nüsxəsində 1650, yunanca nüsxəsində 2260, samiricə nüsxəsində isə 1307 il olduğu bildirilir.6
  • Nuh tufanının bəzi yerlərdə qırx7, bəzi yerlərdə isə yüz əlli gün davam etdiyi ifadə edilir.8
  • Hz. Harunun (ə.s) bir yerdə Hor dağında9, başqa bir yerdə isə Moserada öldüyü və orada dəfn edildiyi bildirilir.10
  • Saulun qızı Mikalın bir yerdə heç övladının olmadığı11, başqa bir yerdə isə beş oğlu olduğu nəql edilir.12 Tövratın beş kitabında bəzi istinadlar var və həmin yerləri tapmaq mümkün deyil.

Tövratda Allahın Şəninə Yaraşmayan ifadələr Var

Allah-Təala hər cür nöqsan sifətlərdən münəzzəhdir və heç bir şəkildə insanlara və digər varlıqlara bənzədilə bilməz. Tövrat nüsxələrində keçən və Allahla insanlar arasında bənzərlik ifadə edən ifadələr Tövrat nüsxələrinin təhrif edildiyini göstərir.

Təkvin 6/6 da, Və Rəbb yer üzündə insanı yaratdığına peşman oldu və qəlbində məyusluq duydu” deyilir. Halbuki “peşman olmaq, məyusluq duymaq” kimi ifadələr insanlar haqqında istifadə edilir. Allah haqqında bu cür ifadələr işlətmək olmaz. Çünki bunlar naqislik bildirir.

Tövratda Allahın aləmi altı gündə yaratdığı, yorulduğu üçün yeddinci gün istirahət etdiyi bildirilir. Yorulmaq və istirahət etmək insanlara aiddir. Uca Allah bunlardan münəzzəhdir.

Tövratda həmçinin Allahın ruhunun sular üzərində əsdiyi yazılıb ki, bu, Allahı insana bənzətməkdir.

Allahın Hz. Yaqubla güləşdiyi, Hz. Yaqubun Allahı məğlub etdiyi və bu səbəblə də “İsrail” ləqəbini qazandığı qeyd edilib ki, bu da eyni şəkildə Allahı insan kimi təsəvvür etməkdir.

Tanrı Yəhova yəhudilərə oğurluğu tövsiyə etməkdədir ki13, bu, Uca Allahın şəninə yaraşmayan böhtandır. Uca Allah bundan münəzzəhdir.

Tövratda Peyğəmbərlərə Atılan iftiralar

Təhrif edilən Tövratda bəzi peyğəmbərlərə çirkin iftiralar atılmışdır. Peyğəmbərlər, Allah-Təalanın əmr və qadağalarını bildirmək üçün insanlar arasından seçdiyi şərəfli elçilərdir. Mənəvi baxımdan peyğəmbərlərin dərəcələri çox yüksəkdir. Allah onları bütün günahlardan qorumuşdur. Peyğəmbərlərin şəninə yaraşmayan bilgilər Tövratın ilahi kitab olmadığını göstərir.

Tövratda Hz. Süleymanın (ə.s) bütə sitayiş etdiyi14, Hz. Harunun öz əli ilə büt düzəldib ona sitayiş etdiyi və qövmünü də buna təşviq etdiyi15, Hz. Davudun (ə.s) — haşa — zinakar olduğu16, Hz. Lutun (ə.s) — haşa — sərxoş halda iki qızı ilə yatdığı17, Hz. Musanın (ə.s) israil oğullarına getdikləri yerdən bir şey oğurlamalarını əmr və tövsiyə etdiyi18, Hz. İbrahimin (ə.s) yalançı və əxlaqsız olduğu19, Hz. Nuhun (ə.s) şərab içib sərxoş olduğu, sərxoş ikən oğlanlarının ona qarşı əxlaqsız hərəkətlər20 etdiyi yazılmışdır.21

Allahın şərəfli elçilərinə atılan bu cür çirkin və iyrənc iftiralar ilahi və müqəddəs kitablarda keçə bilməz.

Bugünkü Tövratda Hz. Musanın (ə.s) ölümündən və dəfn edildiyi yerdən bəhs edilməkdədir.22 Bir peyğəmbərə nazil edilən kitabda o peyğəmbərin ölümündən bəhs edilə bilməz. Əgər bəhs edilirsə, bu, o kitabın həmin peyğəmbərdən sonra yazıldığının sübutudur.

Qeyd etdiklərimizdən sonra yəhudilərin Tövrata nə dərəcədə sahib çıxdıqları, məlum olur.23

Zəbur

Zəbur Hz. Davuda nazil edilən kitabın adıdır. Qurani-Kərimdə “Biz Davuda da Zəburu verdik”.24 “Biz peyğəmbərlərin bəzisini digərlərindən üstün etdik və Davuda Zəbur verdik”25, — buyurulmaqdadır. Zəbur dörd böyük ilahi kitabın ən kiçiyidir. Zəburda yeni dini hökmlər yoxdur. Zəbur Allaha mədh-senadan, hikmətli sözlərdən, öyüdlərdən və şeirlərdən ibarətdir. Daha çox nəzm şəklindədir. Əhdi-Ətiqdə yer alan Məzamir/Məzmurların Zəbur olduğu bildirilir. Lakin bu, dəqiq deyildir. Bu gün yer üzündə Zəbura inandığını iddia edən bir qövm yoxdur.

İncil

İncil Hz. İsaya (ə.s) nazil edilmişdir. Biz Allah-Təalanın Hz. İsaya (ə.s) İncil adlı bir kitab nazil etdiyinə inanırıq. Lakin bu gün əldə mövcud olan İncillərin Uca Allahın Hz. İsaya (ə.s) endirdiyi İncil olmadığı məlumdur.

Əhdi-Cədid (yeni Əhid) adlanan və bu gün əlimizdə mövcud olan İncillər Hz. İsadan (ə.s) xeyli sonra yazılmışdır. Bu kitabların onun tələbələri və ya tələbələrinin tələbələri, yaxud sonralar yaşamış bəzi şəxslər tərəfindən qələmə alındığı bildirilir. Kitablarda daha çox Hz. İsanın həyatına toxunulur. Bu İncillər Hz. İsanın həyatından bəhs edən xatirə və bioqrafik əsər kimidir. Bu kitablar Qurani-Kərimlə, hətta səhih hədis kitabları ilə belə müqayisə edilə bilməz. Bəlkə, Hz. Peyğəmbərin sallallahu aleyhisəlləm vəfatından xeyli sonra qələmə alınmış siyər kitabları ilə müqayisə edilə bilər.

Xristianlığın, ilk dövrlərində yazılan İncil kitablarının sayı çox idi. Hər qrupun bir İncili vardı. Bu da xristianlar arasında bir çox münaqişələrin ortaya çıxmasına səbəb olurdu. Buna görə də Bizans İmperatoru Konstantin miladi 325-ci ildə İznikdə min nəfərlik ruhani məclis tərtib etdi. Bu məclisdə mövcud İncillərdən dördü əsas kitab sayıldı. Bunlar Əhdi-Cədid (yeni Əhid) adlandı. Bu dörd İncilin nəyə əsasən seçildiyini bilmirik. Bu İncillər: Matta, Markos, Luka və Yuhanna İncilləridir. Bu adlar həmin İncilləri yazanlara məxsusdur.

Xristianlar arasında qəbul edilən dörd İncildən əlavə bir də Barnaba İncili var. Barnaba İncili gizlədilir və oxunması qadağandır. Bu İncilin əsas xüsusiyyəti onda Qurani-Kərimə yaxın məlumatların olması və son peyğəmbər Hz. Muhammədin sallallahu aleyhisəlləm gələcəyini müjdələməsidir.26

Muhamməd Həmidullahın bildirdiyinə görə, keçən əsrdə alman alimləri yunan dilindəki İncilləri tədqiq edib minlərlə nüsxələri qarşılaşdırdılar. Aralannda iki yüz min fərqin olduğu təsbit edildi. Bu fərqlərin yeddidəbiri mühüm fərqlərdir.27

Hz. İsa (ə.s) iki il yarım peyğəmbər olmuşdur. Bu iki il ərzində şəhər-şəhər, kənd-kənd gəzmiş, dinini təbliğ etmiş, insanlara nəsihət vermiş, möcüzələr göstərmişdir. Həyatda ikən ona inananların sayı əlli nəfərdən artıq olmamışdır. Onların içərisində də oxuma-yazma bilənlər çox az idi.

Hz. İsa həyatda ikən İncili yazıya köçürtdürməyib. Yəni özündən sonra yazılı kitab miras qoymayıb. Hz. İsa (ə.s) Arami dilində danışırdı. Bu səbəblə də İncil Arami dilində olmalı idi. Lakin günümüzə qədər gəlib çatan ən qədim İncillər yunancadır. Bunların hansı tarixdə və kimlər tərəfindən yunan dilinə tərcümə edildiyi bilinmir.

Qurani-Kərim xaricindəki ilahi kitabların orijinalları bu gün mövcud deyildir. Əldə olan ilahi kitablar bəzi şəxslər tərəfindən sonradan yazılmışdır. Bu kitablarda Allah-Təala tərəfindən göndərilən kəlmələr, cümlələr və bilgilər ola bilər. Bundan xəbərdar olmaq üçün Qurani-Kərimə müraciət etmək lazımdır. Son ilahi kitab olan Qurani-Kərim nazil edildiyi şəkildə qorunmuşdur. Qurani-Kərimdə əvvəlki kitablardan fərqli yeni hökmlərlə yanaşı, həmin kitablarda mövcud olan və bənzəri bilgilər də var. Əvvəlki kitabların doğruluğunu anlamağın yolu Qurani-Kərimdən keçir.


  1. Nəcm, 53/36-37; Əla, 87/18-19.
  2. Elmalılı M. Həmdi Yazır, Haq Dini Quran Dili, VIII, 5768.
  3. əl-Bəqərə, 2/53, 87; Maidə, 5/44.
  4. A. Saim Kılavuz, Anahatlarıyla İslam Əqaidi, s. 161.
  5. əl-Bəqərə, 2/75, 79; Nisa, 4/46; Maidə, 5/13, 41.
  6. Əhməd Qəhrəman, Dinlər Tarixi, s, 130.
  7. Təkvin, 7/4, 12, 17.
  8. Təkvin, 7/24.
  9. Sayılar, 33/38-39.
  10. Təsniyə, 10/6.
  11. Samuel, 6/23.
  12. Samuel, 21/8.
  13. Çıxış, 3/21-24.
  14. Krallar, 11/1-14.
  15. Çıxış, 32/1-6.
  16. Samuel, 11-1-27.
  17. Tekvin, 19-30-36.
  18. Çıxış, 12/35-36.
  19. Təkvin, 12/10-19.
  20. Təkvin, 9/20-25.
  21. Mehmet Bulud, Əhli-Sünnə və Şiədə İsmət İnancı, s, 89-90.
  22. Təsniyə, 34/5-8.
  23. Şərafəddin Gölcük, Süleyman Toprak, Kəlam, s, 297-298.
  24. Nisa, 4/163.
  25. İsra, 17/55.
  26. A. Saim Kılavuz, Anahatlarıyla İslam Əqaidi, s, 163.
  27. Şərafəddin Gölcük, Süleyman Toprak, Kəlam, s, 299.

Kitab: Quran və Sünnəyə Görə Müsəlmanın İman Əsasları
Müəllif: Prof. Dr. Mehmet Bulut

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика