Həbəşistana hicrət

Siyər

Həbəşistana hicrət edənlər

Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) icazə və tövsiyəsi ilə Məkkədən başqa bir yerə hicrət (köç) etmə hazırlıqlarına başlandı. O dövrdə ilk ağla gələn yer, ədalətiylə məşhur olan Həbəş hökmdarı Nəçaşinin ölkəsi oldu.

Birinci dəstə: İlk təşkil olunan köç dəstəsində 11 kişi, 4 qadın olmaqla 15 nəfər vardı. Bunların içində Həzrət Osman və həyat yoldaşı Ruqiyyə (Həzrət Muhammədin qızı), Əbu Huzeyfə və həyat yoldaşı, Zübeyr ibn Əvvam, Abdurrahman ibn Əvf, Abdullah ibn Məsud da var idi. Həmin möminlər, əqidələrini qorumaq məqsədilə yurdlarını, qohum-əqrabalanm tərk edərək Məkkədən Qırmızı dəniz yolu ilə Həbəşistana (Efiopiya) getdilər. Dəstənin rəisi Osman ibn Mazun idi. 15 nəfərlik bir qrup halında besətin (Peyğəmbər seçilməyin) beşinci ili Həbəşistana getdilər. Onlar orada çox yaxşı qarşılandı və sakit bir həyat tərzinə başladılar. Beləliklə ilk hicrət, İslamın zühurunun beşinci ilində (Miladi 615) baş verdi.

İkinci dəstə: Həmin dövrdə ilk hicrət edənlərin Həbəşistanda yaxşı qarşılanıb əmin-amanlıq içərisində olduqları xəbəri gəldiyinə görə, ikinci bir qrup da köçə hazırlaşdı. Bu dəfə dəstədə 13 qadın, 77 kişi olmaqla 90 nəfər vardı. Onlara Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) əmisi oğlu Cəfər bin Əbi Talib başçılıq edirdi. Bunlarda Həbəşistan nəcaşisi (hökmdarı) tərəfindən çox gözəl qarşılandılar. Orada həyatlarından əmin bir şəkildə dinlərini yaşayırdılar.

Nəcaşinin müsəlmanlara yaxşı münasibəti

Müşriklər müsəlmanların Həbəşistanda əmin-amanlıq içində yaşamasına dözə bilmədilər. Onları geri qaytarmaq üçün təşəbbüs göstərdilər. Hədiyyələrlə Həbəş Kralına iki elçi göndərdilər və müsəlmanların onlara təslim edilib geri qaytarılmasını istədilər. Nəcaşi Müsəlmanları çağıraraq, yeni din haqqında məlumat almaq istədi. Müsəlmanların adından Cəfəri Tayyar (radıallahu anh) belə danışdı:

«-Ey hökmdar! Biz cahiliyyə qaydaları ilə yaşayan bir qəbilə idik. Bütlərə inanır, leş yeyir, əxlaqsızlıq edir, qohumlarla küsür və qonşuluq haqqına riayət etməzdik. Güclülər zəifləri əzərdi. Biz bu hal içində ikən Allah içimizdən birini Peyğəmbər olaraq göndərdi…

O, bizi Allaha ibadətə çağırır, atalarımızın inandıqları bütləri tərk etməyimizi istəyir. Bizə doğru söyləməyi, əmanəti, qohumluq haqlarına riayət etməyi, qonşularla mehriban yaşamağı, haramdan və qan tökməkdən çəkinməyi tövsiyyə edir. Bizi əxlaqsızlıqdan, yalandan, yetim mah yeməkdən, namuslu qadınlara böhtan atmaqdan çəkindirir: Allaha ibadət etməyə, namaza, oruca, başqalarına yardım etməyə çağırır.

Biz Ona inandıq, onun haqq dəvətinə razı olduq. Onun göstərdiyi tərzdə Allaha ibadət etdik. Haram dediyini haram, halal dediyini halal bildik. Buna görə xalqımız bizə düşmən kəsildi. Bizə işgəncə verməyə başladılar. Bizə zülm etdilər. Dinimizdən döndərməyə çalışdılar.

Biz də onlardan qaçaraq sizin ölkənizə sığındıq. Sizi ədalətli hesab etdiyimiz üçün buraya gəldik. Burada haqsızlığa uğramayacağımızı təmənni edirik…”

Həzrət Cəfərin (radıallahu anh) bu sözlərini dinləyən Nəcaşi, Peyğəmbərə gələn ayələri dinləmək istədi. Cəfər (radıallahu anh) də Məryəm surəsinin 29-33-cü ayələrini oxudu:

(Məryəm) ona (İsaya) işarə etdi. Onlar: “Beşikdə olan uşaqla necə danışacaq?” – dedilər. (Körpə dilə gəlib) dedi: “Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü, də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zakat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar etdi, zülmkar, asi (dikbaş) eləmədi! Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim gün də (Allahdan) mənə salam olsun!” 1

Bu ayələr onların İncildən öyrəndiklərinə uyğun idi. Onun üçün Nəcaşi dedi:

“Bunlar İsaya gələn kəlam ilə eyni yerdən qaynayan, eyni nurdan axan işıqlardır…”

Elçilərə ona sığman müsəlmanları geri qaytarmayacağım bildirdi. Axşam düşdükdə elçilərdən biri olan Amr ibn As yoldaşına: “Bunları Nəcaşinin gözündən elə salacağam ki deyə bir hiylə düşündü. “Onlar İsa haqqında əcaib şeylər söyləyirlər” – deyərək Nəcaşiyə təsir etmək istədi. Nəcaşi müsəlmanlardan bu məsələni soruşanda, yenə Cəfər (radıallahu anh):

“-Biz müsəlmanlar deyirik ki, İsa Allahın qulu və Peyğəmbəridir. Müqəddəs ruhdur, Məryəmə verdiyi sözüdür” – dedi.

Bu cavabdan razı qalan Nəcaşi çubuqla yerdə bir xətt çəkdi və:

“Bizimlə sizin aranızda bu xətt qədər bir fərq vardır” – dedi və müsəlmanları əvvəlkindən də daha artıq himayə etməyə başladı. Müsəlmanlar Həbəşistanda yerli xalqla çox yaxşı dolandılar. Bir vaxt müşriklərlə müsəlmanların anlaşdıqlarını eşitdilər və tez Məkkəyə qayıtdılar. Ancaq Məkkəyə gəldikdən sonra bu xəbərin doğru olmadığı anlaşıldı. Bu məsələ «Qəranik» hadisəsi kimi tarixə həkk olmuşdur.


Xronologiya:

  • 613-cü il:
    — İslam açıqdan təbliğ edilməyə başlandı.
  • 615-ci il:
    — Həzrət Həmzə (radıallahu anh) İslamı qəbul etdi.
    — Həbəşiştana ilk hicrət oldu.
    — Həzrət Ömər (radıallahu anh) İslamı qəbul etdi.

  1. Məryəm, 19/29-33.

Mənbə: Siyər-Nəbi (Həzrət Muhammədin ﷺ həyatı). İpəkyolu nəşriyyatı. (s.55-56)

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика