Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) Taif səfəri

Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) Taif səfəri Siyər

Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) Taifdə qarşılanması

İslam tarixinin ən acılı hadisələrindən birisi də Taif səfəridir. Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) əmisi Əbu Talibin ölümündən sonra, Qureyşlilərin çoxlu hücumuna məruz qalmışdır. İlk Müsəlman olanlardan sadiq köləsi Zeydi yanma alaraq Taif xalqını Haqq dinə dəvət etməyə getdi. Taifdə bir çox nüfuzlu rəislər, etibarlı ailələr yaşayırdı. Onlar Müsəlman olsalar, İslamın yayılması asanlaşacaq. Bu ümidlə oraya getdi, ancaq Taiflilər İslam dəvətini qəbul etmədilər, evlərinə gələn bir Allah qonağına qarşı insanlığa sığmayacaq hərəkətlər etdilər. Məlumatsız, elmsiz, cahil insanlar təxribat törədərək Allah Rəsuluna hücum etdilər. Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) keçəcəyi yolun hər iki tərəfinə düzülərək Onu daşa basdılar. Atılan daşlardan ayaqları yaralanıb al-qana bulandı. Taqətsiz düşərək bir yerdə oturmaq istədisə də, zorla qaldıraraq daşlamağa davam etdilər. Həqiqətdən xəbərsiz cahillər Allah Rəsulunun (səllallahu aleyhi və səlləm) acılı halına baxaraq Onu lağa qoyur, gülüb əylənirdilər. Köləsi Zeyd isə vücudunu Ona atılan daşlara sipər etməyə çalışırdı. Yol kənarındakı bağa sığman Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) əllərini göyə açaraq Allah Təalaya belə yalvardı:

“Ya Rəbbi! Gücümün zəifliyini və insanlara qarşı çarəsizliyimi Sənə ərz edirəm! Sən zəiflərin Rəbbisən. Sən mənim Rəbbimsən. Sən məni kimin əlinə verirsən? Mənə sərt və kobud davranan yad kimsələrəmi? Yoxsa məni əllərinə verdiyin düşmənəmi? Doğrusu, bu Sənin mənə qarşı qəzəbindən irəli gəlmirsə, mən buna fikir vemərəm. Lakin Sənin himayə edib qoruman daha yaxşıdır. Sənin qəzəbinə düşməkdən, qaranlıqları işıqlandıran, dünya və axirət işlərini islah edən nuruna sığınıram. Hər şey Sənin razılığın üçündür. Güc və qüdrət sahibi yalnız Sənsən.”

Allah Rəsulu (səllallahu aleyhi və səlləm) sığındığı bağda bir az dincəldi. Burada bağ sahibi iki qardaşdan birinin köləsi olan Əddas, ağalarının əmri ilə Həzrət Muhammədə (səllallahu aleyhi və səlləm) bir az üzüm apardı. Muhamməd (səllallahu aleyhi və səlləm) “Bismillah” – deyərək üzümü yeməyə başlayanda Əddas belə dedi:

“-Bu sözü bu bölgənin xalqı söyləməz, bundan istifadə etməzlər.”

Rəsulullah (s.ə.s), Əddasdan haralı olduğunu soruşdu. Ninovah bir xristian olduğunu öyrəndikdə:

“-Demək ki, sən saleh bir insan olan Yunus Peyğəmbərin diyarındansan!” – dedi

Əddas təəccüblənərək:

“Sən Yunus Peyğəmbəri haradan tanıyırsan?” – deyə soruşdu. Rəsulullah (səllallahu aleyhi və səlləm) isə sözlərini belə yekunlaşdırdı:

“-O mənim qardaşımdır. O, bir peyğəmbərdir, mən də Peyğəmbərəm. Peyğəmbərlər isə qardaşdırlar.”

Bu söhbətdən sonra Əddas müsəlman oldu.

Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) Məkkəyə qayıtması

Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) Taifdən ayrıldıqdan bir neçə gün sonra Hiraya getdi. Oradan Mütim bin Ədiyyə xəbər yollayaraq, Məkkəyə girmək üçün onun himayəsini istədi. Mütim müşrik (bütpərəst) olduğu halda, onu himayəsinə götürdü və Mütimin oğulları silahlanaraq Allah Rəsulunu (səllallahu aleyhi və səlləm) Məkkəyə gətirdilər. Həzrət Peyğəmbər (səllallahu aleyhi və səlləm) Kəbəni təvaf edib Hərəmi-Şərifdə namaz qılarkən, Əbu Cəhl Onu gördü və Mütimdən soruşdu:

“-Himayəndədirmi, yoxsa (təsadüfən) arxana düşdü?”

Mütim himayəsində olduğunu söyləyincə, Əbu Cəhl daha səsini çıxarmadı.

Mütimin bu yaxşılığını müsəlmanlar heç vaxt unutmadılar. Mütim Bədir müharibəsində müşriklərlə birlikdə idi və orada da öldü. O zaman Peyğəmbərin şairi Hassan onun haqqında gözəl bir mərsiyə yazdı, onun yaxşılıqlarını göstərdi. Bu, müsəlmanların əxlaqını göstərmək baxımından diqqətəlayiqdir. Yaxşılığı edən kim olursa olsun, müsəlmanlar onu unutmazlar. Şəxsən Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) özü Mütimin bu yaxşılığını yaddan çıxartmadığını zəfər qazandığı günlərdə də göstərmişdir. Bədir əsirləri haqqında danışmaq üçün, Mütimin oğlu Cübeyr Mədinəyə gəlmişdi. Allah Rəsulu (səllallahu aleyhi və səlləm) onu qəbul etdi və xahişini dinlədikdən sonra belə dedi:

-Əgər atan Mütim sağ olub gəlsəydi, onları ona bağışlayardım.

Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) Qəbilələri İslama dəvət etməsi

Taif xalqının Həzrəti Muhammədi (səllallahu aleyhi və səlləm) gözəl qarşılamaması, Qüreyşin Ona qarşı davranışlarının daha da pisləşməsinə səbəb oldu. Ancaq bu, Allah Rəsulunu (səllallahu aleyhi və səlləm) vəhy təbliğindən çəkindirmədi. Çünki O, Allahın əmri ilə təbliğ vəzifəsini yerinə yetirməklə məsul idi.

Məkkəyə gələn qəbilələrlə görüşür, müxtəlif yarmarkalara gedər, insanları İslama dəvət edərdi. Ukaz, Məcənnə və Zülməcaz yarmarkalarını mütləq ziyarət edər, oralarda bir çox qəbilələrlə görüşər, gördüyü insanlara Quran oxuyar, Allahın dinini yaymağa çalışardı. Müşrik Əbu Ləhəb isə, Onun arxasınca gəzər və insanlara belə deyərdi:

“Muhammad babalarının dinindən döndü, yalanlar uydurur, ona aldanmayın!”

Həzrət Muhamməd (s.ə.s), dini təbliğ üçün yalnız yarmarkalarda Məkkəyə gələnlərlə kifayətlənmir, şəxsən qəbilələrin yaşadıqları yerlərə gedib onlarla öz mühitlərində də görüşürdü.

Rəsulullah (səllallahu aleyhi və səlləm) Zühəl qəbiləsini ziyarət etdiyi zaman Onunla birlikdə olan Həzrət Əbu Bəkir (radıallahu anh) , Peyğəmbərimizi (səllallahu aleyhi və səlləm) həmin qəbilənin rəislərindən olan Məfruqa təqdim edərkən belə demişdir:

«-Sizin Peyğəmbərdən əlbəttə məlumatınız var, elə deyilmi?”

Məfruq isə Rəsulullaha dönərək belə demişdir:

”-Ey Qureyşli, həmyerlim! Risalətini izah et.”

Bunun üzərinə Allah Rəsulu (səllallahu aleyhi və səlləm):

“-Allah birdir, mən də Onun peyğəmbəriyəm” – dedikdən sonra Ənam surəsinin bu ayələrini oxudu:

«(Ya Rəsulum!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın (haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!”1

Zühəl qəbiləsi rəisi bu ayəyə diqqətlə qulaq asmış, ancaq sonunda belə demişdir:

“-Babalarımızın dinini birdən-birə tərk etmək, bizi onlara inanmırmış kimi göstərər. Bundan başqa biz, İran Şahının himayəsinə girdiyimiz üçün, başqa bir kimsənin himayəsini qəbul edə bilmərik.”

Rəsulullah (səllallahu aleyhi və səlləm), belə açıq danışan bu insanlara hirslənmədi və sadəcə:

“-Allah, əlbəttə, dininə kömək edər.” – dedi.


Xronologiya:

  • 616-cı il:
    — Haşımoğulları müsəlmanlara ümumi boykot elan etdi.
  • 617-ci il:
    — Həbəşistana ikinci müsəlman hicrəti oldu.
  • 619-cu il:
    — Həzrət Muhəmmədin (səllallahu aleyhi və səlləm) əmisi Əbu Talib vəfat etdi.
    — Həzrət Muhəmmədin (səllallahu aleyhi və səlləm) həyat yoldaşı Həzrət Xədicə (radıallahu anha) vəfat etdi.
    — Həzrət Muhəmmədin (səllallahu aleyhi və səlləm) İslamı təbliğ üçün Taifə səfər etdi.

Mənbə: Siyər-Nəbi (Həzrət Muhammədin ﷺ həyatı). İpəkyolu nəşriyyatı. (s.67-69)


  1. Ənam, 6/151.
Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика