Təhiyyə sözü ərəbcə «salam vermək» deməkdir. Təhiyyətül-məscid isə məscidi salamlamaq mənasına gəlir. Məscidə girənlər üçün, məscidin sahibi olan Allaha salam vermək, Ona təzim etmək məqsədilə iki rükət namaz qılmaq məndubdur. Bir gündə təmizlik və ya başqa səbəblərə görə məscidə bir neçə dəfə girən şəxsin bu namazı bir dəfə qılması kifayətdir. Bu namazı məscidə girəndən sonra oturmadan qılmaq lazımdır. Çünki bu, daha fəzilətlidir. Oturduqdan sonra da qılmaq olar. Əbu Qatadə Rəsulullahın (ﷺ) belə buyurduğunu rəvayət edir:
«Sizdən biri məscidə girərkən, oturmadan iki rükət namaz qılsın.«¹
Məscidi-Həram digər məscidlərin xaricindədir. Çünki Məscidi-Həramın təhiyyəsi təvafdır.
Hənəfi və Malikilərə görə, kərahət vaxtı məscidə girənə bu namazı qılmaq məkruhdur. Adi vaxtlarda məscidə girən, lakin məşğuliyyət və başqa səbəbə görə təhiyyətül-məscid namazı qılmayanın, bunun yerinə aşağıdakı duanı oxuması müstəhəbdir:
سُبْحَانَ اللهِ وَالْحَمْدُ ِللهِ وَلاَ اِلَهَ اِلاَ اللهُ وَاللهُ اَكْبَرْ
«Subhanallahi vəl-hamdu lilləhi və lə iləhə illəllahu vallahu əkbər»²
Mənası: “Allahı bütün nöqsan sifətlərdən Uca tuturam! Həmd Allaha məxsusdur. Allahdan başqa heç bir ilah yoxdur. Allah hər şeydən ucadır.»
Digər tərəfdən məscidə hər hansı bir namazı və ya fərz namazı qılmaq üçün imama uymaq niyyətilə girmək də təhiyyətül-məscid yerinə keçir.
- Buxari, Səlat, 60, Təhəccüd, 25; Müslim, Müsafirin, 69, 70; Tirmizi, Səlat, 118; Nəsai, Məsacid, 376; İbn Macə, iqamə, 57; Malik, Müvəttə, Səfər, 57.
- Əl-Hədiyyətul Alaiyyə, 78.
Mənbə: Dəlilləriylə İslam Elmihalı. (s.427-428)








Allah razı olsun