Abdullah ibn Rəvaha (r.a.) kimi böyük səhabə bir gün doslarına هيا بنا نؤمن ساعة “Gəlin oturaq bir saat iman edək”, demişdi. Lakin dostları onun sözündən narahat olub “biz iman gətirməmişik ki, sən bizi imana dəvət edirsən?!”, dedilər və Peyğəmbərimizin yanına şikayətə gəldilər. Rəsulullah(s.a.s) isə təbəssüm edərək “Abdullah sizi həqiqətə çağırmışdır. Oturub iman haqqında danışacaqsınız. İmanın sizdən tələb etdiklərini danışacaqsınız. Bu mənada ibadətinizi yeniləcəyəksiniz”. Səhabənin bildirdiyi kimi, Peyğəmbərimizin də təsdiqlədiyi kimi — Gəlin bizlər də bu gün birlikdə iman edək. Yəni imanın bizdən tələb etdiklərindən danışaq.
Bizlər adətən əməllərin əxlaqından danışırıq. Əslində isə hər şeyin özünə görə bir əxlaqı vardır və əxlaqdan kənar heç bir şey yoxdur. İmanın da özünə xas əxlaqı vardır. Bəs imanın əxlaqı nədir? Bu məsələni yaxşı qavradığımız zaman həyatımızda bəzi dönüş nöqtələri yarada bilərik.
Dilçi alimlərin İman kəliməsinə verdiyi məna – güvənmək, qorxu və əndişədən əmin olmaq, nəfsin bir şeydən sakitlik tapması, şəklindədir. Bu izahdakı ilk kəlimə elə imanın əxlaqını təşkil edir. Yəni imanın əxlaqı güvənməkdir. Güvənmənin ziddi isə şübhədir. Bizlər öz-özümüzə bu sualı tez-tez veririk — Görəsən həyatlarına heyran olduğumuz səhabənin imanındakı keyfiyyət bizdə niyə yoxdur? Onlar həyatlarına aid hər şeylərini qurban etdilər, bizlər isə bu kimi şeyləri ancaq kitablardan oxuyuruq. Nə üçün onların həyatlarındakı o gözəllikləri bizlər də həyatımıza tətbiq edə bilmirik? Dərindən düşündüyümüz zaman bu məsələnin güvənlə çox sıx əlaqəsinin olduğunu görərik. Çünki insan güvənmədiyi bir şey üçün niyə fədakarlıq etsin ki?! Güvənmədiyi üçün niyə bəzi şeylərdən məhrum olsun ki?! Onların güvənc məsələsində heç bir şübhələri olmadığı üçün imanları ilə hər kəsi heyran qoymuşlar.
İlahi sistem olan dinin üç əsası vardır:
- Dinin sahibi olan Allah,
- Dinin qayda və qanunlarını bizlərə anladan Quran,
- O dinin təbliğ və təlim edəni Muhamməd (s.a.s).
Tarixən bütün insanlar bu üç əsasa olan güvənsizlikləri səbəbilə haqq yoldan azmışlar. Bu üç əsasdan bizə mahiyyət etibarilə ən yaxın olan hansıdır? – Muhamməd(s.a.s). Nə üçün? – Çünki o da bizim kimi bir bəşərdir.
Rəbbimiz ayədə buyurur ki, لَقَدْ جَاءَكُمْ رَسُولٌ مِنْ أَنْفُسِكُمْ Həqiqətən, sizə öz içinizdən elə bir peyğəmbər gəlmişdir ki… Yəni bəşəri mənada onun sizdən heç bir fərqi yoxdur, siz necəsinizsə o da elədir. Demək ki, o üç əsasdan bizə ən yaxın olanı öz içimizdən olan Allahın Rəsulu (s.a.s)-dir.
Odur ki, güvən məsələsində bu sıralama düzgün şəkildə getməsə, iman kamil bir hala gələ bilmir. Və şeytan özünün ayağı büdrədiyi yerdən insanın da ayağını büdrətməyə çalışır. Şeytanın ayağı harada büdrədi? – Allahı inkar etdi? – Xeyr. Harada ayağı büdrədi? – Elçiyə itaət etmədi. Yəni Adəmə səcdə etməyərək bəhanələr gətirdi. Diqqət edin, insanların ayaqları büdrədiyi yer adətən daha çox nübuvvət sahəsidir. Azca ağılı olan heç bir kəsin Allahla bir işi olmaz, Onu inkar etməz. Özlərinə ateist deyənləri belə təyyarədən atın aşağı, görün nə deyəcəklər, Allah deyəcəklər, yoxsa ana təbiət deyəcəklər?! İnsan nə qədər inkar etdiyini söyləsə də mütləq qəlbində bir yaradıcı inancı vardır. Adətən ikinci əsas olan Quran üçün də bir şey söyləyə bilmir insanlar. Təqdim etdiyi mükəmməl həyat nizamı, gözəl əxlaq nümunələri, dövrümüzə belə işıq tutan möcüzələrini, adətən inkar edən bilmir isanlar. Demək ki, əsas olan güvəncsizlik, etimadsızlıq nübuvvətə aiddir. Çünki ayənin də vurğuladığı kimi o bizim içimizdəndir və bizə ən yaxın olandan başlayır güvəncsizlik duğusu. Burdan başlayan güvənsizlik duyğusu dinin digər əsalarına yansıyır, yəni Haqqa doğru irəliləyir.
Allah Təala Qurani kərimdə çoxlu sayda Bəni-İsrailin imanındakı güvəncsizlik nümunələrini təqdim edir bizlərə. İsrail oğullarına onlarla möcüzə göstərilir: dənizi yarıb keçirlər və Fironun zülmündən qurtulurlar. Tih səhrasında onlara bir çox nemətlər əta olunur. Bu qədər nankorluqlarına baxmayaraq səhrada onlara nemət olaraq bildirçin əti və qüdrət halvası veirilir. Lakin onlar Hz. Musadan “Rəbbinə dua et ki, bizə torpağın yetişdirdiklərindən versin”, deyə tələb edirlər. Yəni bizə zəhmətsiz bildirçin əti və qüdrət halvası gəlir, sabah durub görsək ki, onlar yoxdur halımız nəcə olacaq? Odur ki, torpağın yetişdirdiklərindən istəyirik, dedilər. Sanki torpağın sahibi Allah deyildir. Bu qədər neməti görməzlikdən gələrək Allaha olan güvənsizlikləri səbəbilə nələr tələb edirlər. Əgər Allaha kifayət qədər güvənsəydilər bu sözü söyləməzdilər. Yenə Allah onlara bir inək kəsin deyə əmr etdiyi zaman, rəngi nə olsun, yaşı nə olsun, deyərək durmadan mənasız suallar verirlər və vəhyə qarşı güvənsizliklərini ortalığa qoyurlar. Həmçinin “Allahı bizə açıq-aydın göstərmədikcə biz sənə iman etməyəcəyik” deyərək peğəmbərə qarşı güvənsizliklərini ortalığa qoyurlar. Bəni-İsrailin güvənsizlikləri səbəbilə Allahla, Kitabla və Peyğəmbərlə olan münasibətləri bu çərçivədə idi.
Allah Təala bu nümunələri bizlərə təqdim etməklə, onların iman əsaslarında güvənsizliklərini ortalığa qoymaqla ibrət almağımzı istəyir. Səhabə bu nümunələri eşitdikdə can qulağı ilə dinləyib güvəncləri daha da artırdı. Məsələn, Rəsulullah (s.a.s) bir gün məscidə girərkən görür ki, Haris bin Malik adlı bir gənc səhabə uzanıb istirahət edir. Oyandırmaq üçün yavaşca ayaqlarına toxunur. O da dərhal ayağa qalxır. Peyğəmbərimiz ondan “Bu gün necə sabahladın ya Haris?”, deyə soruşur. (Təsəvvür edin, Peyğəmbər o sualı bizə veirir. Maraqlıdır, nə cavab verə bilərik o anda?!…) Haris (r.a.) yeni müsəlman olmuş bir səhabədir, 18 yaşında. Haris o sualın qarşısında “Həqiqi bir mömin olaraq sabahladım ya Rəsuləllah”, deyə cavab verir. Peyğəmbərimiz (s.a.s) “Hər sözün bir isbatı vardır ey Haris, sənin sözünün isbatı nədir?”, deyir. Haris (r.a) “Ya Rəsuləllah! Gecəmi qiyamla, gündüzümü orucla keçirdim. İndi elə bir ruh halındayam ki, sanki Cənnət və Cəhənnəm əhlinin söhbətlərini eşidirəm, həmçinin sanki Rəbbimin Ərşini tutmuş kimiyəm”. 18 yaşındakı bir gəncin sözlərinə diqqət edin. Demək ki, Haris (r.a.) Rəsulullahın dediklərini tamamilə güvənərək həyatına tətbiq etmişdir. Peyğəmbərimiz (s.a.s) Harisin bu sözlərini eşitdiyi zaman “Sən necə bir gəncsən ki, təpədən dırnağa qədər iman kəsilmisən?!”. Həmin səhabə bir gün Rəsulullaha “Ya Rəsuləllah, səndən bir şey istəsəm dua edərsənmi”, deyir. O yaşdakı bir gəncin istəyi nə ola bilər sizcə?!.. Bu günki gəncələrin arzuları və Harisin arzusu: “Ya Rəsuləllah, dua et Allah yolunda şəhid olum”. Peyğəmbərimiz də dua edir onun üçün və bir müddət sonra o, Allahın şəhadətinə qovuşur.
Şəddad ibn Həddad (r.a.) anladır: Bir gün döyüş səfərinə çıxmışdıq. Orada tanımadığım bir gənc də var idi. Peyğəmbərimiz əldə olunan qənimətləri orada olanlar arasında paylamağa başlayır. Həmin paydan adını bilmədiyim o gəncə də qənimət olaraq vermək istədikdə, o gənc “bunlar nədir ya Rəsuləllah?” deyə soruşur. Peyğəmbərimiz də “bu da qənimətdən sənin payına düşənlərdir”, deyir. O isə onları yerə qoyur və belə deyir “Ya Rəsuləllah, mən buraya dünyəvi mal üçün gəlmədim. Məni buraya gətirən tək bir şey vardır: (Boğazını göstərərək) Buramdan bir ox batsaydı və mən də şəhadət gətirərək Rəbbimə qovuşaydım”. Qəniməti qoyur və gedir. Peyğəmbərimiz (s.a.s) o gedəndən sonra “Əgər o bu sözü qəlbən söylədisə Allah onu təsdiqləyəcəkdir”, buyurur. Və həqiqətən də o gəncin dediyi kimi olur, düz boğazından ox vurularaq şəhadətə qovuşur. Rəsuləllah (s.a.s) də o gənc haqqında “Allahla doğru danışdı, Allah da onu təsdiqlədi”, buyurdu.
Bəli, əgər Allahla münasibət doğru olacaqsa istəklər təsdiqini tapacaqdır. Lakin doğru münasibətin arxasında öncə güvənc olmalıdır. Mütləq mənada iman, qurcalamadan, bu niyə belədir, o niyə belə olmuşdu, demədən mütləq təslimiyyət…
Bir gün Rəsulullah (s.a.s) əshabından “Kimin imanı insanda təəccüb doğurur?”. Səhabədən biri “mələklərin imanı, ya Rəsuləllah”, deyə cavab veirir. Peyğəmbərimiz isə “Mələklərin imanına niyə təəccüb olunsun ki?! Onlar Allahın sadəcə ibadət üçün yaratdığı qullarıdır. Onlar bir çox şeylərə şahid olurlar, onların imanında bizləri heyrətə salacaq bir şey yoxdur”, deyir. Digər bir səhabə “peyğəmbərlərin imanı”, deyə cavab veirir. Peyğəmbərimiz onun da cavabını qəbul etmir və deyir ki, “peyğəmbərlərin imanı niyə sizə təəccüblü gəlsin?! Onlar hər dəfə Cəbrayıl mələk vasitəsilə Allahdan vəhy alırlar, daim Allahla rabitə halındadırlar”. Əshabdan digəri isə “o halda yəqin ki, bizik yə Rəsuləllah”, deyə cavab veirir. Peyğəmbərimiz yenə “Xeyr”, deyir, “sizlər Allahın vəhyinin üzərinizə yağış kimi yağdığı bir dövrdə yaşayırsınız, peyğəmbər olaraq mən də sizin aranızdayam, buna rəğmən sizin iman etməniz niyə təəccüblü olsun ki?”, deyir. Nəhayət peyğəmbərimiz özü cavab verərək buyurur ki, “Onların imanı mənə təəccüblü gəlir ki, onlar məndən sonra gələcəklər, əllərində sadəcə Quran olduğu halda iman edəcəklər, insanlar içində imanı ən təəccüb doğurucu olanlar onlardır”. Yəni Peyğəmbərimiz bu müjdəni bizlərə verir. Peyğəmbəri görmədən, onun bəzi möcüzələrinə şahid olmadan, enən vəyhə şahidlik etmədən inanan bizlər. Peyğəmbərimiz başqa bir hədisdə “Mən o qardaşlarımdan ötrü darıxıram”, buyurur.
Müəllif: Vasif Teymurov






