Mələklər və onların vəzifələri

Mələklər və onların vəzifələri Əqidə

Ayə və hədislərdə sayları haqqında dəqiq məlumat olmayan, lakin çox sayda olduqları anlaşılan mələklərin əsas vəzifələri Allaha ibadət və verilən tapşırıqları nöqsansız yerinə yetirməkdir. Mələklər vəzifələri baxımından aşağıdakı kateqoriyalara bölünür:

1.Böyük Mələklər və Onların Vəzifələri
Bunlar dörd mələk olub aşağıdakılardır:

  • Cəbrayıl (ə.s): Qurani-Kərimdə Ruhul-Əmin, Ruhul-Qüds və Ruh kimi adlarla da qeyd edilir. Allah ilə peyğəmbərləri arasında elçilik, vasitəçilik vəzifəsini yerinə yetirir. Bütün peyğəmbərlərə Allahın vəhyini məhz bu mələk gətirmişdir. Cəbrayıldan (ə.s) Qurani-Kərimdə belə bəhs edilir. “Şübhəsiz ki, bu (Quran) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir! Onu Cəbrail (Ruhuləmin) endirdi”1, “(Ya Rəsulum!) De: “Ruhülqüds (Cəbrail) onu (Quranı) sənin Rəbbindən iman gətirənlərə səbat vermək, müsəlmanları isə doğru yola yönəltmək və (onlara Cənnətlə) müjdə vermək üçün haqq olaraq nazil etmişdir!”2 “O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.”3 Hz. İsa üçün də belə buyurulur: “..və onu Ruhülqüdslə qüvvətləndirdik.”4 Cəbrayıl (ə.s) mələklərin ən üstünü və ən böyüyü olduğu üçün ona «seyyidul-məlaikə” (mələklərin ağası) deyilmişdir.
  • Əzrayıl (ə.s): Vəzifəsi ölum əsnasında canlıların ruhunu almaq olduğu uçun “mələkul-mövt (ölüm mələyi) adı verilmişdir. Onun bu vəzifəsi Quranda belə bildirilir “(Ya Rəsulum!) De: “Sizə müvəkkil olan ölüm mələyi (Əzrail) canınızı alacaqdır. Sonra da (qiyamət günü) Rəbbinizin hüzuruna qaytarılacaqsınız!”5
  • İsrafil (ə.s): Qiyamətin qopması və yenidən dirilmək üzrə iki dəfə suru çalmaqla vəzifəlidir. Qurani-Kərimdə canlı varlıqların sonu olan bu hadisə belə təsvir edilir. “Sur (birinci dəfə) çalınacaq, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən (Cəbrail, Mikail, Əzrail və İsrafildən, yaxud ərşi daşıyan mələklərdən və ya müsəlman şəhidlərindən) başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir daha çalınan kimi onlar (qəbirlərindən) qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar!”6
  • Mikayıl (ə.s): Dünyada və dünyadan kənar digər yerlərdə bir sıra təbii hadisələrin, yağış, külək və əkinlərin cücərməsi kimi şeylərin meydana gəlməsi üzrə vəzifəli bir mələkdir. Qurani-Kərimdə Mikayıldan (ə.s) belə bəhs edilmişdir: “Hər kim Allaha, onun mələklərinə və peyğəmbərlərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz, Allah da (belə) kafirlərə düşməndir.”7

2. Digər Mələklər

Yuxarıda qeyd edilən dörd mələkdən başqa müxtəlif ibadət, itaət işlərlə məşğul olmaq üzrə bir sıra mələklər vardır. Xüsusi vəzifələri olan bəzi mələklər bunlardır:

  • Yazan mələklər: Bunlara “kiramən katibin” deyilir. İnsanın sağ və sol tərəfində olan iki mələkdir. Sağdakı mələk yaxşı iş və davranışları, soldakı isə pis iş və davranışları yazmaqla məsuldur. Bunlar qiyamət günü hesabat verilən zaman edilən işlərə şahidlik də edəcəklər. Quranda bu mələklər haqqında belə buyurulur: “Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!”8, “Sizin üstünüzdə gözətçi mələklər —(Əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər vardır. Onlar sizin nə etdiklərinizi bilirlər.” 9
  • Ərşi daşıyan mələklər: “Həməleyi-ərş” deyilən bu mələklər, ərşin yükünü daşıyan mələklərdir. Ayədə belə buyurulur: “Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona (qəlbən) inanır və…”10 “Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır!”11 Ərşi daşıyan bu mələklər rəvayətə görə dörddür və yuxarıdakı ayəyə görə qiyamət günü bunların sayı səkkiz olacaqdır. Ərşi daşımaları onu qoruma və idarə etmə ilə məşğul olduqlarını ifadə edir və ya Uca Allaha yaxınlıqları və şərəfləri səbəbi ilə onlardan belə bəhs olunmuşdur. Lakin Quranda ərşin ətrafını əhatə edən mələklərin çox sayda olduğu bildirilir.12 Ərşi daşıyanlarla birgə hamısına “qərubiyyun” (Allaha ən yaxın mələklər) deyilir.
  • Münkər və Nəkir: Ölümdən sonra qəbirdə sorğu-sual edən iki mələkdir. “Bilinməyən, tanınmayan, qəribsənən” mənasına gələn münkər və nəkir qəbirdəki ölüyə, heç görmədiyi, qərib qarşılayacağı bir surətdə görünəcəkləri üçün bu ad verilmişdir. Bu iki mələk qəbirdəki şəxsə; Rəbbin, kimdir? Peyğəmbərin kimdir? Kitabın nədir?” -deyə soruşacaqlar, müqa bilindəki cavaba görə ölüyə yaxşı və ya pis davranacaqlar.

Bunlardan başqa mələklərin müharibələrdə möminlərə kömək etmələri13, Allahı zikr və təsbeh etmələri14, Allaha itaətləri15, peyğəmbərlərə dua etmələri 16, insanları mühafizə etmələri17, möminlər üçün dua etmələri18 də onların vəzifələrindən sayıla bilər.

Bütün peyğəmbərlər və ilahi kitablar mələklərin varlığını xəbər vermişlər Mələklərin görülməməsi, gözlərimizin onları görəcək qədər qüvvət və qabiliyyətə malik olmadığından qaynaqlanır. Belə ki, biz ruh, ağıl və nəfs kimi mənəvi varlıqları da görə bilmirik, lakin varlıqlarından da hər hansı şübhəmiz yoxdur. Mikrob da gözlə görülməzdir, ancaq mikroskopla görmək mümkündür. Mikrobun kəşf olunmazdan əvvəl mövcudiyyətini inkar edənlər vardı. Ancaq bu gün görülə bildiyi üçün inkarın bir mənası qalmadı. Məhz bu səbəblə gözlə görülə bilməyən bəzi varlıqları bəsirət, mənəvi göz və ya qəlb gözü açıq olan kəslərin görməsi mümkündür.


  1. Şüəra, 26/192, 193.
  2. Nəhl, 16/102: Bax. Şüəra, 26/193.
  3. Qədr, 97/4; Bax. Nəbə, 78/38; Məaric, 70/4..
  4. Bəqərə, 2/87; Cəbrayıl (ə.s) ilə əlaqədar ayələr üçün bax. Mücəmul-müfəhrəs li Əlfazil-Quran “Cibril” mad ; Nevzat Yüksel, Konularına Göre Kurani Kerim Fihristi, s. 63.
  5. Səcdə, 32/11.
  6. Zümər, 39/68.
  7. Bəqərə, 2/98; Bax. Naziat, 79/5.
  8. Qaf, 50/17, 18.
  9. İnfitar, 82/10-12; Züxruf, 43/80.
  10. Mömin, 40/7.
  11. Haqqə, 69/17.
  12. Bax. Zümər, 39/75.
  13. Bax. Ali-imran, 3/123-126; Ənfal, 8/9, 13, 50; Tövbə, 9/25, 26; Əhzab, 33/9; Fəth. 48/47
  14. Bax. Əraf, 7/206; Nəhl, 16/49, 50; Saffat, 37/165, 166; Mömin, 40/7; Füssılət, 41 38 Şura 45/5.
  15. Bax. Ənbiya, 21/27, 28.
  16. Bax Əhzab, 33/56.
  17. Bax. Tariq, 86/1-4
  18. Bax. Mömin, 40/7-9; Şura, 42/5.

Mənbə: Dəlilləriylə İslam Elmihalı. (s.128-131)

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика