Ömər bin əl-Xəttab kimdir?

hz. Ömər Səhabələr

Ömər bin əl-Xəttab qüvvətli, möhkəm əzələli, üzünün rəngi qırmızıya çalan, böyük ayaqları, əlləri olan, enlikürək, ucaboylu bir kişi idi. Boyu elə uca idi ki, adamlarla birlikdə yol gedəndə başı hamıdan hündürdə görünərdi. Onun haqqında hamı belə deyərdi: “Ömərin dili şirin, yerişi iti, zərbəsi ağırdır”.

O, həyatı boyu heç kəsdən qorxmamışdır. Cahiliyyə dövründə İslamdan kənarda qalması Qüreyşin bütünlükdə müsəlmanlara verdiyi əzab-əziyyətə bərabər tutulurdu. İslamı qəbul edəndən sonra müsəlmanların tərəfində bütün İslam tərəfdarlarının birlikdə müşriklərə müqavimətinə bərabər idi.

Onun ciddiyəti, ağlı və ədaləti hamıya nümunə göstərilirdi. Hətta o səhabələrin arasında yeganə adam idi ki, Allahın elçisi ﷺ ilə çox şeyi müzakirə edərdi və bəzən Allahın elçisinə ﷺ təkliflər verər və təklifləri qəbul olunardı.

O, İslamın düşmənlərinə güclü təzyiq göstərər, lakin bunu həddini aşmaqla, özünü qəsdən ciddi göstərməklə və amansızlıqla deyil, onlara hər şeydən üstün gəlməklə edərdi.

O, İslamı qəbul etdiyi gün mömin camaatın üzvlərinin sayı qırxa çatdı. Müsəlman olduğundan bir neçə an keçməmişdi ki, şücaətli qəlbində öz dininə və qardaşlarına qarşı məsuliyyət hissi baş qaldırdı.

Ömər bin əl-Xəttabın islam dinini qəbul etməsi Peyğəmbərə ﷺ vəhy gəlməsinin altıncı ilində, Peyğəmbərin ﷺ əmisi Allah razı olmuş Həmzə bin Abdul-Muttəlibin İslamı qəbul etməsindən üç gün sonra baş vermişdir.

Peyğəmbər ﷺ Allah taalaya Ömərin müsəlman olması üçün aşağıdakı hədisdə göstərildiyi kimi dua etmişdir: “Ey Allah, İslamı Sənin ən çox sevdiyin iki kişi ilə: Ömər bin əl-Xəttab və Əbu Cəhl bin Hişamla qüvvətləndir”. Onların ikisindən Ömər Allahın daha çox sevdiyi bəndəsi olmuşdur.

Ömər ağlasığmaz qüvvəyə malik bir adam idi. Onun İslamı qəbul etməsi müşriklər arasında rüsvayçılıq və alçaqlıq kimi səsküyə səbəb oldu, müsəlmanlara isə qüvvət, şərəf və sevinc paltarı geyindirdi.

İbn İshaq (1/349) Ömərə isnadla belə rəvayət etmişdir: «İslamı qəbul etdikdən sonra, Məkkədə kimin Peyğəmbərə daha çox ədavət bəslədiyini fikirləşdim və xatırladım ki, o adam Əbu Cəhldir. Onun evinə gəldim, qapını döydüm və o, bayıra çıxdı. Mənə xoş gəldin dedi, sonra soruşdu: “Nə üçün gəlmisən?”. Dedim: “Gəlmişəm ki, Allaha və Onun elçisi Məhəmmədə və onun gətirdiyi xəbərin düzgün olduğuna inandığımı sənə deyim”. O, qapını üzümə çırpdı və dedi: “Allah sənə də, gətirdiyin xəbərə də lənət eləsin!”».

Abdullah bin Abbas (Allah onların hər ikisindən razı olsun!) — Ömər bin əl-Xəttabdan soruşmuşdur: “Sənə niyə əl-Faruq deyirlər?”. Ömər (r.a) demişir: «Mən İslamı qəbul edəndə Peyğəmbərə dedim: “Ölsək də, qalsaq da haqlı deyilikmi?” Peyğəmbər ﷺ dedi: “Əlbəttə, and olsun mənim ruhum əlində Olana, siz ölsəniz də qalsanız haqlısınız”. Onda mən dedim: “Belə isə gizlənmək nə üçündür? Səni haqla yer üzünə Göndərənə and olsun ki, aşkara çıxmaq lazımdır”.

Biz iki sıra düzülüb küçəyə çıxdıq. Sıranın birində Həmzə, o birində mən gedirdim. Müşriklər eşitsinlər deyə ayaqlarımızı yerə elə bərk vururduq ki, səsi həvəng — dəstənin səsinə oxşayırdı. Qüreyş camaatı məni və Həmzəni müsəlmanların arasında görəndə onları bu vaxtadək görünməmiş kədər bürüdü. Peyğəmbər o gün məni əl-Faruq adlandırdı» (İbn əl-Cövzinin “Tarixi-Umər” (“Ömərin tarixi”) əsəri, 1/ 349; Mübarəkfurinin “Ər-rəhiq əl- məxtum” (“Bağlı boxça”) əsəri, 105).

Suheyb bin Sinan ər-Rumidən belə rəvayət olunur: “Ömər müsəlman olan kimi, islam dini gizlindən aşkara çıxdı, onun açıq təbliğatı başlandı. Biz dövrə vurub Kəbənin ətrafinda əyləşdik, onun başına dolandıq, bizə qarşı kobudluq edənlərdən ədalətli olmağı tələb etməyə başladıq və yeri gələndə onlara kobud cavablar verdik.

Abulfərəc bin əl-Cövzinin “Tarix-Umər bin əl-Xəttab” əsəri, 3

Abdullah bin Məsud demişdir: “Ömər müsəlman olandan biz həmişə olmuşuq. Onun İslamı qəbul etməsi müsəlmanların qələbəsi, hicrət etməsi — onların arxalı olması, əmirliyi isə müsəlmanlara Allahın mərhəməti idi. Ömər İslamı qəbul edənədək biz Kəbədə namaz qıla bilmirdik(əl-Buxarinin “Səhih ” toplusu, “Ömər bin əl-Xəttabın İslamı qəbul etməsi”, fəsli, 1/545).

Əl-Faruq — Ömərə İslamı qəbul etdiyi gündən haqla nahaqqı, gizli ilə aşkarı, qorxu ilə şücaəti, qələbə ilə təqibi bir-birindən fərqləndirdiyi üçün verilmiş addır.

Peyğəmbər ﷺ bir dəfə demişdir: “Yuxuda mənə bir qədəh süd verdilər. O qədər içdim ki, gördüm dırnaqlarımın altından süd çıxır. Sonra artıq qalan südü Ömər bin əl-Xəttaba verdim”. Demişlər: “Ya Allahın elçisi yuxuda gördüyün nə imiş?”. Demişdir: “Elm”

(əl- Buxari və Müslim).

Peyğəmbər ﷺ demişdir: «Yatmış idim, yuxuda köynək geyinmiş adamlar gördüm. Bəzilərinin köynəkləri döşlərinə çatır, bəziləri ondan da qısa idi. Onların arasında Ömər bin əl-Xəttabı gördüm, əynində köynək vardı, yerlə sürünürdü. Dedilər: “Ey Allahın elçisi, yuxuda gördüyün nə imiş? ” dedi: “Din”» (əl-Buxari və Müslim).

Peyğəmbər ﷺ demişdir: “Əbu Bəkr və Ömər peyğəmbərlərdən və mürsəllərdən (elçilərdən) sonra əvvəlincilərdən və axırıncılardan olan Cənnət əhlinin böyüklərinin ağasıdırlar(ət-Tirmizi və İbn Macə Allah razı olmuş Əli bin Əbu Talibdən rəvayət etmişlər. Səhih hədisdir).

Peyğəmbər ﷺ demişdir: “Allah haqqı Ömərin dilinə və qəlbinə ölçüb-biçmişdir” (ət-Tirmizi rəvayət etmiş və həsən hədis adlandırmışdır).

Peyğəmbər ﷺ daha sonra demişdir: “Sizdən əvvəl gəlmiş millətlərdə də dedikləri gerçəkləşən adamlar olmuşdur, mənim ümmətimdə belə bir adam olsa, Ömər olacaq” (əl-Buxari və Müslimin “Səhih”lərində verilmiş, onların haqqında həmfikir olduqları hədisdir).

İnsanın sözünün doğrulması, yəni gümanla dediyi bir fikrin sonralar həyata keçməsi Allahın qəlbə saldığı ilham növlərindən biri olub, bir çox adama nəsib olur, lakin az halda özünü deyildiyi şəkildə göstərir. Ömərin rəyinə uyğun olaraq nazil olmuş Quran ayələri bu qəbildəndir.

Allah razı olmuş Ənəsin dediyinə görə Ömər belə demişdir: «Üç şeydə mənim rəyim Tanrımın rəyinə uyğun gəlib.

Birinci Peyğəmbərə müraciət etmişəm ki, ey Allahın elçisi, nə olar İbrahimin durduğu yeri namaz yeri seçək? Bu münasibətlə əl-Bəqərə surəsinin 125-ci ayəsi nazil oldu: «…İbrahimin durduğu yeri (özünüzə) namazgah edin!…».

İkincisi, bir dəfə dedim ki, ey Allahın elçisi, sənin qadınlarının yanına namuslu adamlar da girir, namussuzlar da, gəlsənə onlara əmr edəsən üzlərini örtsünlər? Bu münasibətlə əl-Əhzab surəsinin 53-cü ayəsi nazil oldu: «…Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun…».

Peyğəmbərin qadınları dilbir olub bu sözə qarşı çıxdılar və ondan xahiş etdilər ki, digər adamların arvadları kimi, onların üzünə dünyanı açsın. Mən onda belə dedim: “Birdən o sizi boşasa və Tanrısı onun üçün sizi sizdən də yaxşı qadınlarla əvəz etsə necə olar?” Bu münasibətlə də ayə nazil oldu. Bu, ət-Təhrim surəsinin 5-ci ayəsidir: «Əgər o sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr — müsəlman, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan dul qadınlar və ya bakirə qızlar versin!» (əl-Buxari).

Ömərə qərəzlə yanaşanlar isə belə rəvayət edənlərə tənə etmək istəmişlər, çünki bu və ya digər halda Quranın Öməri rəyinə müvafiq nazil olması onlara ağır gəlir. Onlar onun Bədr əsirləri və şərab haqqında rəyləri kimi rəylərini və onların Qurana müvafiq olduğunu danmaq istəyirlər.

Bilmək lazımdır ki, Allahın kəlamı Ömərdən qat-qat aşağı səviyyəli, bəzən hətta kafir kimi tanınan hirsinin sözünə belə uyğun gələ bilər. Çünki onu kimin söyləməsindən asılı olmayaraq, həqiqət həqiqətdir.

ən-Nəml surəsinin 34-cü ayəsində Allahın Səbə məlikəsi ilə eyni fikirdə olduğunu görmüsənmi? «(Bəlqis) dedi: “Hökmdarlar bu ölkəyə girdikləri zaman onu xarabazara çevirər, xalqının böyüklərini də zəlil edirlər».

Allah bundan bilavasitə sonra onu təsdiq edib deyir: «Onlar məhz belə hərəkət edərlər».

Ömər bin əl-Xəttab o adamdır ki, Allahın əmrini yerinə yetirməkdə kəskinlik göstərir, öz müsəlman qardaşlarına qarşı təvazökarlıq edər və öz Tanrısının qarşısında daim müti olardı.

Bir dəfə o, möminlərin əmiri ikən adamları yığıncağa dəvət edib minbərə qalxdı və dedi: “Ey adamlar, vaxt olub ki, mən bir ovuc xurma və ya kişmiş müqabilində Bəni Məxzdən olan xalalarımın qoyunlarını otarmışam”. Sonra o minbərdən düşdü.

Ora toplaşanlar dəhşət içində idilər. Abdur-Rəhman bin Auf ona yaxınlaşıb dedi: “Ey əmirəlmöminin, bununla nə demək istəyirsən?”. Ömər cavab verdi: “Ey Aufun oğlu, öz nəfsimlə təklikdə qaldıqda o mənə dedi ki, sən möminlərin əmirisən, səninlə Allah arasında heç kəs yoxdur, kim səndən üstün ola bilər?… Ona görə də istədim ki, ona həddini tanıtım!!!”.

Bu adam o kişidir ki, Beytülmüqəddəsin açarlarım ələ aldı, onu xristianlardan azad etdi. Əbu Ubeydə Amr bin əl-Cərrah Qüds şəhərini mühasirəyə alıb mühasirəni gücləndirəndə rahiblər ona dedilər ki, biz kitablarımızda oxumuşuq ki, sizin əmiriniz açarları alacaq, xəbər göndər, qoy gəlib onları qəbul etsin. Əbu Ubeydə bunu eşidib Ömərə xəbər göndərdi ki, gəlib onları qəbul etsin. Ömər Mədinədən öz nökəri ilə bir dişi qatıra minib gəldi. Qatıra gah özü, gah nökəri minir, gah da minməyib heyvana istirahət verirdilər. Şəhərə yaxınlaşanda minmək növbəsi nökərə yetişdi, Ömər isə qatırının dalınca gedirdi. Qoşunun sərkərdəsi Əbu Ubeydə onu görüb qaça-qaça onun yanına gəldi və dedi: “Ey əmirəlmöminin, niyə palçıqda piyada gedirsən? Rahiblər səni belə görsələr, bizi zəif sayar — güclərini toplayıb müqavimət göstərərlər”. Onun cavabında Ömər tarixin bu günədək qoruyub saxladığı bu kəlamını dedi: “Allah bizi İslamla şərəfləndirənədək bir ad-sanımız yox idi, indi biz Ondan qeyrisindən şərəf istəsək, Allah bizi şərəfsiz edər”.

Bəli, ey əmirəlmöminin, Allaha and olsun ki, səndən sonra İslamı tərk etdik və zəlil olduq. Allah bizi zəlil edib güclüləri hər yerdə bizə hakim etdi. Biz indi zir-zibil qarışmış sel kimi çoxluğumuza baxmayaraq, dinimizə qayıtmasaq, əvvəlki nəsil kimi təvazökar olmasaq, məhəbbətlə dolu nümunavi həyat tərzi keçirməsək və səmimi olmasaq, heç vaxt şərəfli olmayacağıq.

Bir dəfə Ömər paraqdan çıxıb qaçmış bir erkək dəvəni axtarmağa gedəndə qarşısına Əli bin Əbu Talib çıxır və ondan soruşur ki, ey əmirəlmöminin hara belə? O, Əliyə cavab verir: “Sədəqə dəvələrindən bir nər qaçıb, onu axtarıram”. Allah razı olmuş Əbulhəsən (Əli) deyir: “Ora bax, dalınca gələnləri yordun!…”, Ömər təngənəfəs ona cavab verir: “Məhəmmədi haqla göndərənə and olsun, əgər bir keçi belə Fərat sahilinə getsəydi, Ömərdən Qiyamət günü ona görə haqq hesab çəkilərdi”.

O, olduqca Allahdan qorxan, təvazökar, öz nəfsini saxlayan bir adam idi. Tez-tez öz-özünə müraciətlə deyərdi: “Ad-sansız bir adam idin, Allah səni ucaltdı. Yolunu azmış birisi idin, Allah sənə düz yol göstərdi. Zəif idin, Allah sənə güc verdi. Bəs sən sabah öz Tanrının yanına getsən, Ona nə cavab verəcəksən?”.

Bir gün o, Əbu Musaya deyir: “Ey Əbu Musa, Peyğəmbərlə ﷺ birlikdə İslamı qəbul etməyimizin, onunla birgə hicrət etməyimizin, şəhadət verməyimizin və dinə əməl etməyimizin hamısı bizə qaytarılıb, əl-ələ, baş- başa qalsaq, bu səni sevindirərdimi? ” Əbu Musa cavab verir: “Ey Ömər, Allaha and olsun ki, yox! Biz cihad etmiş, namaz qılmış, oruc tutmuş, çoxlu yaxşı işlər görmüşük, köməyimizlə çox adam İslamı qəbul edib. Bizim Allahdan mükafat istəməyə haqqımız var”. Ömər gözlərindən yaş axa-axa ona deyir: “Mən isə, Ömərin ruhu əlində Olana and olsun ki, razı olardım ki, bütün bunlar mənə qaytarılandan sonra uduzmayıb əl-ələ, baş- başa qalım”. Görün o, Allahdan nə dərəcədə qorxmuş və Onun böyüklüyündən necə çəkinmişdir!

Onun Allahpərəsliyi, ümməti üçün Allahdan qorxması və öz ümmətinə qayğısına aid bir misal gətirək: «Bir gün Azərbaycan valisi Utbə bin Fərqəd onun yanına hədiyyə ilə bir adam göndərir. Hədiyyə yeməli şey imiş. Ömər ondan dadır, ləzzətli və iştah açan olduğunu görür. Göndərilmiş adamdan soruşur: “Orada bütün müsəlmanlar bundan yeyirlər?”, kişi deyir: “Yox, bu əyanlar yeməyidir”. Ömər qabın ağzını bağlayıb həmin kişiyə deyir: “Dəvən hanı? Bu yükünü də götür, Utbənin yanına qayıt! Ona de ki, Ömər deyir ki, Allahdan qorx, sənin doyunca yediyin şeydən müsəlmanlar doyubmu?”».

Ömər vali təyin etdiyi adamın əlini öz əlinə alıb ona deyərdi: “Mən səni müsəlmanların qanlarına və namuslarına ağalıq etmək üçün yox, onlarla birlikdə namaz qılmaq, aralarında düzgün mal bölgüsü aparmaq və ədalətlə hökm çıxarmaq üçün təyin etdim”. Sonra ona deyərdi: “Məbadə şöhrətli minik minəsən, zərif paltar geyəsən, gen-bol yemək yeyəsən və qapını ehtiyacı olanların üzünə bağlayasan!”.

Bir gün Ömər minbərə qalxır ki, xütbə söyləsin. Allaha həmd edəndən sonra öz xütbəsini başlayıb belə deyir: “Allah sizə rəhm etsin, eşidin…”. Lakin müsəlmanlardan biri ayaq üstə durub deyir: “Allaha and olsun ki, eşitmirik, Allaha and olsun ki, eşitmirik!”. Ömər səbirsizliklə soruşur: “Niyə eşitmirsən, Salman?!”. Salman cavab verir, ki sən bu dünyada özünü bizdən üstün tutmusan: bizim hərəmizə bir əbalıq parça vermisən, özünə ikisini götürmüsən! Belə olduqda xəlifə adamların sıralarına göz gəzdirir və deyir: “Abdullah bin Ömər haradadır?”. Abdullah qalxır ki, ey Əmirəlmöminin, mən buradayam… Ömər adamların qarşısında ondan soruşur: “İkinci əbanın sahibi kimdir?”, Abdullah cavab verir ki, mənəm, ey Əmirəlmöminin! Ömər üzünü Salmana və digər adamlara tutub deyir: “Bildiyiniz kimi mən boyca ucayam, əbam mənə qısa gəldiyi üçün Abdullah öz əbasını da mənə verdi, mən də onunla öz əbamı uzatdım”.

Salman gözlərindən yaş axa-axa deyir: “Alllaha həmd olsun! İndi de, eşidək və itaət edək!”.

Misrin valisi və fatehi Amr bin əl-Asın oğlu Məhəmməd bir misirli ilə yarışır, misirli ona qalib gəlir. Valinin oğlu qəzəblənib misirlini vurur və deyir ki, yadda saxla, mən möhtərəm əyan oğluyam. Misirli valinin oğlundan şikayət etmək üçün Mədinəyə gedir. Ömər valiyə əmr edir ki, oğlunu da götürüb tez Mədinəyə gəlsin.

Gəlin hədisin ardını bizə Ənəs bin Malik rəvayət etsin: «Allaha and olsun ki, dediklərim doğrudur: Ömərin yanında oturmuşdum, elə bu vaxtı Amr bin əl-As geyimli-keçimli daxil oldu. Ömər dönüb nəzəri ilə onun oğlunu Məhəmmədi axtardı. O, atasının arxasında durmuşdur. Ömər soruşdu: “Misirli hanı?”. Misirli dedi: “Mən burdayam, ey Əmirəlmöminin!…”, Ömər dedi: “Şallağı götür, onunla möhtərəm əyanın oğlunu vur…”. Misirli onu o qədər döydü ki, o, haldan düşdü. Biz deməmiş ondan əl çəkmədi. Ömər isə hey deyirdi: “Vur əyan oğlunu!!!” sonra Ömər dedi: “Şallağın yerini dəyiş — yəni onu Amrın daz başına vur! — Allaha and olsun ki, onun əlində hakimiyyət olmasaydı, onun oğlu səni vura bilməzdi”. Misirli dedi: “Ey Əmirəlmöminin, məni vuranı doyunca, döyüb ürəyimdən tikanı çıxartdım…” Ömər dedi: “Amma, Allaha and olsun, əgər sən onu (Amrı) vursaydın özün əl çəkməyincə aranıza girən deyildik…”. Sonra Ömər Amra tərəf döndü və dedi: “Ey Amr, analarından azad doğulmuş adamları nə vaxtdan qul etməyə başlamısan?!”. Sonra misirliyə tərəf dönüb dedi: “Arxayın get, bir şeydən şübhələnsən, mənə yaz!…”».

Ömər müzakirəyə ehtiyacı olan işlərdə başqaları ilə məsləhətləşsə də, Allahın elçisinin ﷺ ardınca gedib onun yolunu izləməkdə yüksək dərəcədə aludəçiliyə yol verərdi…

Hikmətini başa düşmədiyi məsələlərə özünü tamamilə həsr edər. Bunu yalnız ona görə edərdi ki, etibarlı Allahın elçisinin ﷺ də əvvəllər bu işi belə etdiyini bilirdi. Məsələn, Kəbədəki qara daşı öpür, sonra ona müraciət edərək deyir: “Sən nə ziyanı, nə xeyri olan bir daşsan. Allaha and olsun ki, Allahın elçisinin ﷺ səni öpdüyünü görməsəydim, mən də öpməzdim”.

Bir dəfə o, Allah razı olmuş Abbasın navalçasını yerindən qopardır ki, yağış suyu məscidin həyətinə axmasın. Lakin elə ki Abbas ona xəbər verir ki, bu navalçanı həmin yerə Allahın elçisi ﷺ qoyub, Ömər tez navalçanı gətirib, Abbasa and verir ki, onun çiyninə çıxıb navalçanı Allahın elçisinin ﷺ öz əlləri ilə qoyduğu yerə qoysun.

Bir gün, minbərdən camaata xütbə oxuyarkən deyir: “Qadınların mehrini qırx uqiyyədən (1 uqiyyə = 37,44 q) artıq etməyin. Kimin mehri bundan artıq olsa, artığı xəzinəyə qatılacaq”. Bu vaxt qadınlardan biri ayağa qalxıb deyir: “Sən bunu edə bilməzsən!” Ömər deyir: “Niyə ki?” qadın ona cavab verir: “Çünki Allah taala buyurur: «…onlardan birinə çoxlu mal vermiş olsanız da, ondan heç bir şeyi geri almayın! Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş görməldə geri alacaqsınız?!» (ən-Nisa, 20)”. Bunu eşidəndə Ömərin üzü sevincdən işıq saçırdı. O gülür və bu məşhur kəlamını söyləyir: “Qadın doğru dedi, Ömər — səhv”.

Ey Əmirəlmöminin! Bu vaxt sənin əleyhinə uyduranlar, səni eybəcər şəklə salmaq istəyənlər, sənin guya axmaq bir adam olduğunu, heç nə bilmədiyini deyənlər harada idilər?

Allah, Özün şahidsən! Məgər insan da heç nəyi unutmayan, heç bir səhv etməyən günahsız bir məxluq ola bilərmi? Lakin ibrət insanın etdiyi səhvdən önun səhvini etiraf etməsindən götürülməlidir. Bu zaman Ömər, qadını inkar etdimi? Adamların qarşısında təkəbbür göstərdimi? Yox! Əksinə, o dərhal öz sözünü geri götürdü. Allah taalanın kəlamına tabe oldu, qadının sözünü təsdiq etdi.

Bəs o zaman İslam qadının hüququnu alır deyənlər harada idilər? Bu əhvalatdan göründüyü kimi, qadın müsəlmanlar arasında xəyalına gətirmədiyi hörmətə layiq görüldü. Budur o, İslam dövlətinin ən böyük dövlət xadiminə irad tutur, onun biliyinə hörmət edilir, rəyi nəzərə alınır.

Bir dəfə Məzinə qəbiləsindən olan bir kişinin bir dişi dəvəsini oğurlamış az yaşlı nökərləri Ömərin yanına gətirirlər. Ömər onların saralmış üzlərini, arıq bədənlərini görən kimi soruşur: «Bunların ağası kimdir?…”. Deyirlər: “Hatib bin Əbu Bəltəə”. Ömər əmr edir ki, onu çağırsınlar. O gəlir. Ömər soruşur ki, bunların ağası sənsən? — “Bəli, ey Əmirəlmöminin” — deyə o, cavab verir. Ömər deyir: “Əgər sizin onları çox işlədib ac saxlamağınızdan xəbərdar olmasaydım, az qala onları cəzalandıracaqdım. Onlar aclıqdan məcbur olub oğurluq ediblər, cəza sənin özünə düşür!…”. Sonra dəvənin sahibindən soruşur: “Ey məzəni, dəvənin qiyməti nədir?”. Kişi deyir: “Dörd yüz…” Ömər Hatibə deyir: “Get ona səkkiz yüz ver!!!”. Sonra üzünü nökərlərə tutub deyir: “Gedin bir də belə etməyin!!!”.

Allaha and olsun ki, əsil ədalət və insaf budur!

Bir gecə Ömər adəti üzrə adamlar yatandan sonra tək-tənha gəzintiyə çıxır ki, öz qövmündən arxayın olsun, onların əhvalından xəbər tutsun və ehtiyacları haqqında məlumat toplasın… O, Mədinənin kənarına çatanda bir köma görür. Oradan qadın iniltisi eşidir: Özünü tələsik komaya yetirir. Komanın qapısında bir kişi oturmuşdu. Kişinin inildiyən qadını əri olduğunu və qadının doğum ağrılarından əziyyət çəkdiyini öyrənir. Görür ki, bir nəfər yoxdur ki, qadına kömək etsin. Çünki bu kişi və onun arvadı bədəvilərdir, burada təkbaşına müvəqqəti məskən salmış adamdılar. Ömər tez evinə qayıdır. Öz həyat yoldaşı İmam Əli bin Əbu Talibin qızı Umm Gülsümə deyir: “Sənin elə bir mükafatın varmı ki, Allah Özü onu sənin yanına gətirib çıxarmış olsun?…”. Umm Gülsüm deyir: “Xeyir olsun?!”. Ömər deyir: “Bir qərib qadın ağrı çəkir, hayına çatan yoxdur”. Umm Gülsüm məsələni başa düşüb deyir: “Əlbətdə icazə versən mən gedib ona kömək edərəm…”.

Ömər ayağa qalxıb zahı qadının nəyə ehtiyacı olarsa hamısını: ərzaq, qab-qacaq, un, yağ hazırlayır, doğulacaq uşağı bükmək üçün pal-paltardan cırıb əski-üskü götürür. Əmirəlmöminin qazanı bir çiyniyə, unu bir çiyninə qoyub arvadına deyir: “Ardımca gəl…”. Onlar komaya çatırlır. Əmirəlmömininin xanımı Umm Gülsüm o qadına doğuşda kömək etmək üçün içəri daxil oldu. Əmirəlmöminin isə komanın yanında sacayaq quraşdırıb, qazan asır, altına od qalayıb, zahı qadın üçün yemək hazırlamağa başlayır. Qadının əri minnətdarlıqla ona baxırmış… Bəlkə də o öz-özü ilə danışıb deyirmiş ki, bu yaxşı ərəb xəlifəliyə Ömərdən daha çox layiqdir.

Birdən komadan körpənin çığırtısı eşidilir… Anası onu sağ-salamat dünyaya gətirmişdi. Elə bu vaxt Allah razı olmuş Umm Gülsüm komadan uca səslə deyir: “Əmirəlmöminin, dostuna muştuluq tut, oğlu oldu!!!”. Bədəvi ərəbi dəhşət bürüyür. Özü utandığındın geri çəkilir. İstəyir ki, bu iki ifadə etsin: “Əmirəlmöminin”, lakin qəfil səadətdən və bu təzə xəbərdən özünü itirdiyindən dodaqları sözünə baxmır. Ömər bütün bunları müşahidə edib, kişiyə işarə edir ki, öz yerində qalsın, narahat olmasın. Sonra Əmirəlmöminin qazanı götürüb komaya yaxınlaşır və öz arvadım çağırır: “Umm Gülsüm, qazanı al, uşağın anasım yedizdirib-doyuzdur…”. Umm Gülsüm qadını yedizdirir, qadın doyandan sonra qazanı içərisində qalan xörəklə birlikdə Ömərə qaytarır. Ömər isə onu bədəvi ərəbin qabağına qoyub deyir: “Doyunca ye, uzun müddət yuxusuz qalmış, çoxlu əziyyət çəkmişsən…”. Sonra kişiyə: “Sabah səhər açılanda şəhərə yanıma gəl, əmr edim xəzinədən sənə lazım olan şeyləri versinlər, körpənin haqqını təyin edək!” — deyib, arvadı ilə birlikdə yola düzəlir (“Əl-bidayə və ən-nihayə ” əsərinin “Xüləfa ər-Rəsul” (“Peyğəmbərin xəlifələri”) fəslindən).

Ömər dəfələrlə belə xeyirxahlıqlar etmişdir. Bizim gördüyümüz mənzərə kimi belə bir mənzərə Günəşin altındakı hər şeydən: taxt- tacdan, bəzək-düzəkdən və şöhrətdən üstündür. Yeni özünü və səhabələrdən olan qardaşlarını Allahın dünyaya qədər göylərə ucaltdığı bu insanın ruhundan gələn təvazökarlıq, sadəlik, mehribanlıq və məhəbbət hər şeydən yüksəkdir. Ömər hakimiyyətlə fəxr edən kişilərdən deyildi, çünki o, sultanlıqlardan qat-qat yüksək adam idi. O, öz əzəmətini özündən kənarda olan bir şeydən borc almaz, əksinə, ona yaxınlaşan, onunla əlaqə yaradan hər bir kəsə əzəmət verərdi. O özünün qəsdən sadə göstərməyə çalışmırdı, sadəlik onun nəfəs alarkən udduğu hava idi. (“Tarix xüləfa ər- Rəsul” (“Peyğəmbərin xəlifələrinin tarixi”)).

Demək lazımdır ki, səhabələrin tarixinə və həyatına aid heç bir məlumatı olmayan çoxlu adam var. Onlar ona görə bu barədə bir şey bilmirlər ki, başqalarını yamsılamağa qarışmış bu dünya onları əyləndirmişdir. Yaxud ona görə ki, bu nəsli ləkələməklə siyasi mənafelər güdən adamlar olduqları üçün onlar üzürlüdürlər. Onlar bu məqsədlə Ömərin və Əlinin (Allah onların hər ikisindən razı olsun!) — guya düşmən olduğunu təsvir edirlər. Guya xəlifə Əli olmalı idi, lakin Ömər bu mənsəbi ondan qəsb etmişdir.

Ay Allah, görəsən, Əli Xəlifə olmaq istəyirdimi və görəsən, Ömər mənsəbə həris idimi? Allah haqqı yox! Xəlifəlik şərəf deyil, əksinə məsuliyyət, tapşırıqdır. Siz ona fikir verin ki, Ömər Əlinin kürəkəni, deməli, yaxın qohumu idi. Əli öz qızı Umm Gülsümü ona nişanlamış, ərə vermişdi. Umm Gülsüm Ömərə oğlu Zeydi və qızı Ruqiyyəni bəxş etmişdi. Bəs qərəzkarlar bu hekayət və əhvalatları haradan ixtira edirlər. Şübhə yoxdur ki, öz qərəzlərini şiddətindən və şeytanın onlar üçün etdiyi təsvirlərdən!

İnanmaq asandırmı ki, müsəlmanların xəlifəsi və imamı, olmuş, Allah ölkələr fəth etməyə açıq-aşkar imkan verdiyi, Yer kürəsinin hökmdarlarının qorxudan qarşısında tir-tir əsdiyi, mal-dövlət, xəzinələr çayları kimi qarşısına axan “Ömər” adlı bu kişi? İraqdan əl-Əhnəf bin Qeysin başçılığı ilə ziyarətinə gələn nümayəndə heyyətini qarşılarkən aşağıdakı əhvalat baş verir?

Bu hadisə yay vaxtı baş verir. Onlar gözlənilmədən onun yanına gəlib çıxırlar. Hava şiddətli isti və bürkü olur. Onlar gəlib çıxanda Ömərin başı sədəqə dəvələrindən bir erkək dəvəni müalicə etməyə qarışmış imiş. O, dəvənin yarasına qətran sürtməklə məşğul imiş. Elə ki, qonaqlarını, onların da arasında əl-Əhnəfi görür, onu çağınr: “Ey Əhnəf, paltarını çıxart, Əmirəlmömininə bu nəri dərmanlamaqda kömək et! O, sədəqə dəvələrindəndir, onda ümmətin yoxsullarının və yetimlərinin payı var”.

Bu gözlənilməz hadisədən özünü itirmiş nümayəndələrdən biri deyir: “Ey Əmirəlmöminin, Allah səni bağışlar, bu işi sədəqə sahibinin qullarından birinə Həvalə et!”. Ömər ona cavab verir: “Hansı qul məndən və Əhnəfdən yaxşı qul ola bilər?…” bunu deyib dəvənin yarasını qatranlamaqda davam edir.

Bir gecə o, Mədinədə tək gəzən bir qadınla qarşılaşır. Qadın böyük bir su tuluğu aparırdı. O, qadına yaxınlaşıb niyə gecənin bu vaxtı su daşıdığını soruşur. Öyrənir ki, onun uşaqları var, lakin xidmət edəni yoxdur və ona görə də gözləyir ki, gecə öz pərdəsini çəksin və o, şəhərdən çıxıb öz tuluğunu su ilə doldursun. Ömər tuluğu qadından alıb onu evinəcən ötürür, evə çatanda tuluğu ona verib deyir: “Sabah səhər Ömərin yanına get, sənə bir nökər versin”, qadın deyir: “Ömərin işi çoxdur, mən onu harada taparam?”, Ömər deyir: “Sabah onun yanına get, Allah qoysa taparsan.

Qadın bu yaxşı adamın məsləhətinə əməl edir. Lakin Ömərin yanına gedib onun qarşısında duranda heyrətindən çığırır: “Deməli, o sən imişsən?” Əmirəlmöminin gülür, sonra ona bir nökər və xərclik verməsini əmr edir…

Bu sadəlik, bu ədalət, bu Allahpərəslik, bu doğruluq İslamın və insanlığın düşmənlərini heç də sevindirmirdi. Bunlar oda ibadət edən, Kəsranı ilahiləşdirən atəşpərəslərin xoşuna gəlmirdi. Çünki Ömər onun taxt-tacını sarsıtmış, xəzinələrini Allah yolunda sərf etmişdi. Bunlar Ömərin Peyğəmbərin ﷺ nəsihətinə əməl edib Ərəbistan yarımadasından qovub çıxartdığı yəhudilərin də xoşuna gəlmirdi.

Məlumdur ki, Peyğəmbər ﷺ ölüm yatağında olanda demişdir: “Yəhudiləri Ərəbistan yarımadasından çıxarın! Orada iki din olmamalıdır”. Çünki onlar Peyğəmbərin ﷺ sağlığında Xeybərdə olduqları vaxt və tez-tez müsəlmanların üzərinə hücum edirdilər. Ömər onun bu arzusunu həyata keçirmiş, onları oradan çıxarmışdır. Atəşpərəslərlə yəhudilər bir yerə toplaşıb hiylə qurmuş, Ömər namaz qılarkən qəddar iki tiyəli xəncəri onun kürəyinə sancmışdır. O gün Əbu Luluə namaz qılan müsəlmanlardan 13 nəfərini xəncərlə vurmuş, özü özünü də xəncərlə öldürmüşdür. Bu hadisə həftənin üçüncü günü olmuşdur.

Əmirəlmöminin Ömər bin əl-Xəttab yaralı halda öz evinə gətirilmişdir. Babat özünə gələndə birinci soruşduğu bu olmuşdur: “Müsəlmanlar əsr (ikindi) namazım tamamladılarmı?”. Cavab vermişlər ki, bəli. O, soruşmuşdur: “Məni kim vurdu?”, demişlər ki, Əbu Luluə Firuz əl-Məcusi. O demişdir: “Allaha həmd olsun ki, ömrümü iman sahibi olduğunu iddia edib, amma bir dəfə də səcdə etməmiş bir adamın əlində bitirdi”.

Ömər öləndə vəsiyyət etdi ki, ondan sonra Peyğəmbər ﷺ vəfat edib dünyanı tərk edərkən rəftarlarından razı getdiyi altı nəfərdən birini əmirəlmöminin təyin etmək üçün şura keçirilsin. Həmin səhabələr bunlardır: Osman, Əli, Təlha, Zubeyr, Abdur-Rəhman bin Auf və Sad bin Əbi Vəqqas. O onların arasında Səid bin Zeyd bin Amr bin ən-Nəfil əl-Ədvinin adını çəkmədi. Çünki Səid bin Zeyd Ömərin öz qəbiləsindən idi. Bu adamlar Peyğəmbərin ﷺ Cənnətə düşəcəkləri mücdəsini almış adamlar idilər.

Ömər ölüm yatağında ikən Aişədən (radıyallahə anhə) öz iki dostunun yanında dəfn olunmağa izn istədi. Allah razı olmuş Aişə xanım ona icazə verdi.

İslamın Faruqu üç gündən sonra öldü və Peyğəmbər hücrəsində iki dostunun yanında dəfn olundu. O, bu dünyada onlarla birlikdə olduğu kimi, məzarda da onlarla yanaşı uyuyur. Əmirəlmöminin Ömər bin əl-Xəttabın ölümü hicrətin 23-cü ilinin Məhərrəm ayının birinci gününə təsadüf etmişdir. O, 10 il yarım xəlifəlik etmişdir. Allah ondan razı qalmış və onu da Özündən razı salmışdır (“Əl- bidayə və ən-nihayə”, 7/142).


Kitab: Hayatus-sahaba. D-r Abdurrahman Rafat Əl-Başa

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика