Ramazan orucunu təxirə salmaq olarmı?

Ramazan orucunu təxirə salmaq olarmı? Oruc

Ramazan oruc ayıdır. Fərz olan oruc da Ramazan orucudur. Dinimizin üzrlü saydığı bir səbəb olmadan Ramazan orucunu başqa vaxta təxirə salmaq olmaz. Təxirə salmanın caiz olması üçün aşağıdakı səbəblərdən birinin olması lazımdır. Nəzərə almaq lazımdır ki, sayacağımız səbəblər ümumidir, hər müsəlmanın isə öz vəziyyətini elm əhli ilə istişarə edərək qərar verməsi lazımdır.

1. Xəstəlik: Bir xəstə oruc tutacağı halda xəstəliyinin şiddətlənməsindən və ya uzanmasından qorxarsa, oruc tutmaya bilər. Xəstəliyinin vəziyyətini həm keçmiş təcrübələrindən, həm də ixtisaslı bir həkimin tövsiyyələrinə əsasən bilə bilər. Xəstəliyi sağalandan sonra tutmadığı orucları qəza edər. Bu sağalma üçün müəyyən bir müddət yoxdur. İllərlə davam etsə belə günaha girilməsindən söhbət gedə bilməz.

2. Yolculuk: Ramazan ayında ən azı 90 km məsafəyə yolçuluğa çıxan kimsə oruc tutmaya bilər. Getdiyi yerdə 15 gündən az qalacaqsa və getdiyi yer özünə aid deyilsə, orada da oruc tutmaya bilər. Yolçuluğu bitincə isə tutmadığı günlər qədər qəza edər. Oruc tutmasında bir güclük yoxdursa, yolçunun oruc tutması daha xeyirlidir. Çüncü yolculuqda oruc tutulmaması yalnız bir icazədir.

3. Təhdid olunmaq: Orucu pozmaq üçün ölümlə və ya bədəninə xəsarət yetirməklə təhdid edilən kimsə orucunu poza bilər. Bu zaman təhdidin inandırıcılığı önəmlidir. Pozduğu orucu isə sonra tutar.

4. Hamilə və ya südəmər körpəsi olan qadınlar: Bele qadınlar oruc tutacağı təqdirdə özünə və ya körpəsinə bir zərər gələcəyindən ehtiyat edərsə, oruc tutmaya bilər. Oruc tutub-tutmama qərarını isə həm ixtisaslı həkim, həm də özü verə bilər. Südünün azaldığını hiss etməsi, ayaqüstə duracaq halının olmaması, ciddi baş ağrıları, baş gicələnməsi kimi hallar hiss edərsə, orucu tərk edə bilər. Bu dövr keçdikdən sonra isə oruclarını qəza edər.

5. Şiddətli aclıq və susuzluq: Oruclu biri açlıq və susuzluq səbəbi ilə ağlına və bədəninə bir ziyan gələcəyindən qorxarsa orucu poza bilər. Bu zaman əsasən yay aylarında susuzluğun doğuracağı təhlükələr diqqətə alınır. Amma susamaqla susuzluqdan bayılmaq kimi bir vəziyyət arasında ciddi fərqlərin olduğu bilinməlidir.

6. Yaşlılıq və düşkünlük: Bədəni gündən-günə zəifləyən və oruca dayana bilməyən yaşlı insanlar oruc tutmaya bilər. Bu zaman müəyyən bir yaş həddi yoxdur, əsas olan insanın ayaqüstə durmağa taqətinin olmamasıdır. Belə insanlar sonradan qəza edə bilməyəcəkləri üçün tuta bilmədikləri hər gün üçün fidyə verməlidirlər.

Bu səbəblərdən birinə görə oruc tutmayan möminin Ramazan günündə yeməsi və içməsi günah deyildir. Amma Ramazanın mənəvi dəyərini diqqətə alaraq, hər kəsin görə biləcəyi yerlərdə yemək və içməkdən çəkinməsi lazımdır.

Nurəddin Yıldız


Mənbə: fetvameclisi.com
Tərcümə: azermuslim.com

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика