Məhəmməd ümmətinin bu əsrdə bəlkə də ən çox əziyyət çəkdiyi və əslini dərk etməkdən məhrum olduğu nemətlərdən biri də Qədr gecəsi və onun bərəkətidir. Onlarca il ibadət etmək yerinə bir gecəni ehya edərək böyük bir savaba nail olmaq və Cənnətə qovuşmaq kimi böyük bir nemət və lütf olan bu gecə, sadəcə, bərabər toplaşmaq və yeyib-içmək gecəsi ola bilməz. Buna görə də Qədr gecəsi ilə bağlı aşağıdakı məsələlərə diqqət yetirək:
1. Allah bu gecəni Ramazan ayı içində gizlətdi. 27-ci gecənin Qədr gecəsi olduğu məlum deyildir. Bəli, ən çox ehtimal edilən gecə həmin gecədir, lakin dəqiq deyil. Hər şeyi riyaziyyat qaydalarına uyğun həll etmək vərdişimizi bu gecə də tətbiq etməyə çalışdığımız üçün belə bir nəticə ilə qarşılaşdıq. Əslində isə işin sirri onu bütün bir ay içində axtarmaqdır.
2. Xüsusilə son on gün Qədr gecəsi ehtimalı yüksək olan gecələrdir. Ona görə də Ramazan ayının son on gününü daha çox ibadətlə keçirmək lazımdır və Ramazanın sonuna doğru əmələ gələn yorğunluğu da özümüzdən kənarlaşdırmalıyıq.
3. Qədr gecəsində nələr etmək olar? Bu sualı Aişə (radiyallahu anha) anamız Rəsulullah sallallahu aleyhi və səlləmdən soruşduqda belə cavab aldı: “Həmin gecə belə dua et: İlahi! Sən çox bağışlayansan, Kərimsən. Bağışlamağı sevirsən. Məni də bağışla.» Demək ki, Qədr gecəsi Allaha əl açma gecəsidir. Məqsəd günahlardan qurtulmaq, günahlardan qurtulacaq işlər görməkdir. Bizlərə Qədr gecəsini tanıdan sevimli Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) həmin gecə bundan başqa heç bir xüsusi ibadət etməmişdir. Əshabi Kiram və digər sələf böyükləri də məscidlərə qapanaraq gecəni hər kəsdən uzaqda, səccadələri başında tövbə, bağışlanma və təfəkkürlə keçirərdilər. Biz onlardan daha yaxşısını etmək iqtidarında deyilik. Qədr gecəsini məscidlər belə olsa gəzərək keçirmək, həmin gecəyə özəl xüsusi təamlar hazırlamaq ciddi bir zaman itkisidir. Bağışlanma ümidimizin puça çıxmasıdır.
Nurəddin Yıldız
Qaynaq: fetvameclisi.com
Tərcümə: azermuslim.com







