Ramazan orucunun vaxtı

Oruc

Orucun vaxtı ikinci fəcrdən günəşin batışına qədər olan müddətdir. Bəzi fəqihlərə görə, başlanğıc üçün ikinci fəcrin ilk doğuş anı əsas götürülür. Çünki ehtiyatlı olmaq üçün belə lazımdır. Digərlərinə görə isə şüanın bir az uzanıb yayılmağa başladığı zaman əsas alınır. Oruc tutanlar üçün bu daha münasibdir. Hər iki vaxta da “imsak vaxtı» deyilir. Dövrümüzdə ölkə və şəhərlərə görə imsak vaxtları saat və dəqiqəsinə qədər aparılan hesablamalarla təqvimlərə yazıldığına görə, oruc tutanlar belə müşahidə və hesablamaların çətinliyindən xilas olmuşlar.

İmsak vaxtının saatını bilməyən şəxs günəşin doğduğu üfüqü izləyərək ikinci fəcri özü təyin etməlidir. Əgər ikinci fəcrin doğuşunda şübhəyə düşərsə yeyib-içməyi tərk etməsi daha fəzilətlidir. Ancaq bu vəziyyətdə yeyib-içməyə davam etsə də oruc tutulmuş hesab olunur. Əgər fəcrdən sonra yeyib-içdiyi sonradan aydın olarsa o günün orucu qəza edilməlidir.

Ramazan orucu hava açıq olduğu zaman hilalı görməklə, hava buludlu olduğu zaman isə Şaban ayını otuz gündən hesablamaqla fərz olur. Çünki Allah-Təala: “Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar.1 buyurmuşdur. Hz. Peyğəmbər (s.ə.s) də: “Ramazan hilalını gördüyünüz zaman oruc tutun, Şəvval hilalını gördüyünüz zaman isə iftar edin və bayram keçirin. Əgər hava buludlu olarsa Şaban ayını otuzdan hesablayın.”2 buyurmuşdur. Buxaridəki bir rəvayətdə: “Ay iyirmi doqquz gündür. Ayı görmədikcə oruc tutmayın. Əgər hava buludlu olarsa Şaban ayını otuzdan hesablayın.”deyə keçməkdədir. Müslimin bir ifadəsi isə belədir! “Hz. Peyğəmbər Ramazan ayından bəhs edərkən iki əlini birbirinə bitişdirərək etdiyi üç hərəkətlə ayın otuz gün olduğunu göstərmişdir. Sonra baş barmağını işarət barmağıyla bükərək; Ayı gördüyünüz zaman oruc tutun, ayı gördüyünüz zaman da iftar edin. Əgər üstünüzü bulud örtərsə Şaban ayını otuzdan hesablayın.» buyurmuşdur. Qəməri aylar ildə iki, üç və ya dörd ay iyirmi doqquz gün ola bilər.

Oruc tutmuş şəxs, günəşin batıb-batmadığında şübhəyə düşərsə iftar etməsi caiz deyil. Orucunu pozduqdan sonra da işin həqiqətini öyrənmək mümkün olmazsa qəza etməsi lazımdır. Əgər günəş batmadan əvvəl orucu pozduğu məlum olarsa kəffarə ödəməsi lazımdır.

Oruc tutmaq istəyən şəxsin araşdırma ilə sahur və iftar etməsi caizdir. Bu şəxs, başqa bir vasitə tapa bilməzsə öz qənaətinə əsasən sahur yeməyi yeyər və fəcrin doğduğuna qənaət gətirdiyi zaman oruca başlayar. Eyni şəkildə qalib zənninə görə orucunu aça bilər. Bununla yanaşı, fəcrin doğub-doğmadığını dəqiq bilməyən şəxsin, həmin dəqiqə oruca başlaması və günəşin batıb-batmadığını müəyyən edə bilmədən o dəqiqə orucunu açmaması ehtiyata daha uyğundur.

Top və balaban səsi ilə yaxud işıqların yandırılması ilə oruca başlamaq və ya orucu acmaq ücün bunların intizamlıbi bir şəkildə və hər tərəfdən görülüb eşidilə bilməsinə diqqət göstərilməlidir. Oruca azanla başlanılan yerlərdə də azan vaxtında çəkilməlidir. Azanın gecikə biləcəyi ehtimalını nəzərə alaraq vaxtlar, etibarlı təqvim və saatlarla yoxlanılmalıdır.


  1. Bəqərə, 2/185.
  2. Buxari, Səvm, 5, 11; Müslim, Siyam, 4, 7, 8, 17, 20; Nəsai, Siyam, 8, 9, 10, 11; Əbu Davud, Siyam, 7; İbn Macə, Siyam, 7.

Mənbə: Dəlillərlə İslam Elmihalı, (s.527-528)

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика