Qiyamət qopduqdan sonra İsrafil (ə.s) sura ikinci dəfə üfürəcək və bütün canlılar yenidən diriləcəklər. Əhli-sünnə etiqadına görə yenidən dirilmə, bədən və ruhla birlikdə gerçəkləşəcəkdir.
İnsanı ilk dəfə yaradan Allah, onu ölüb torpaq olduqdan sonra ikinci dəfə də yaratmağa qadirdir.
Ayələri inkar edənlərin dərilərinə əzab veriləcəyini bildirən ayə ilə1, məhşərdə hesabat verən zaman insanın əl, dil və ayaqlarının şahidlik edəcəyini bildirən ayələr2 yenidən dirilmənin ruh və bədənlə olacağına dəlalət edir.
Quranda yenidən dirilmə ilə bağlı aşağıdakı dəlillər irəli sürülür:
- Bir şeyi yoxdan var edənin, onu ikinci dəfə də var etməsi sözsüz mümkündür. Ayələrdə belə buyurulur: “Öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər?!” -deyə, hələ Bizə bir məsəl də çəkdi. (Ya Peyğəmbər!) De: “Onlan ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!”3
“Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi (babanız Adəmi) torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və düşməmiş (vaxtından əvvəl doğulmuş) bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət (adətən, doqquz ay) saxlayar, sonra sizi (oradan) uşaq olaraq (doğurub) çıxardarıq. Sonra yetkinlik çağına (otuz-qırx yaşlarına) yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz də ömrün elə bir rəzil (ən ixtiyar) çağına çatdırılar ki, vaxtilə bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olar. (Ey insan!) Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə (cana) gəlib qabarar (yaxud xəmir kimi acıyar) və hər növ gözəl (meyvədən, bitkidən) bar gətirər.”4 - Çətin bir şeyi yaradan daha asanını yaratmağa qadirdir. Göylərin və yerin yaradılması insanın yaradılmasından daha çətindir.5 Bununla yanaşı insanın ilk yaradılışı ikincisindən daha çətindir.6
- Ölü olan bir yeri canlandıran Allah insanı da dirildə bilər.7
- Bir şeyi ziddinə çevirə bilən, onu yenidən oxşarına çevirə bilər. Yaşıl ağacdan od əmələ gətirən Allah insanı da yenidən yarada bilər.8
Hz. Peyğəmbərin müxtəlif hədislərində də yenidən dirilmə mövzusunda məlumat verilmişdir. Bir hədisdə belə buyurulur:
«İnsanın əcbuz-zənəb (büzdüm sümüyü) istisna olmaqla hər şeyi ölümündən sonra çürüyüb yox olacaqdır. Qiyamət günü yenidən dirilmə məhz bu çürüməyən hissədən olacaqdır.»9
Başqa hədislərdə qiyamət günü bütün insanların dirildiləcəyi və qəbirdən ilkin Hz. Məhəmmədin qalxacağı10, eləcə də insanın öldüyü hal üzrə dirildiləcəyi bildirilmişdir.11
- Bax. Nisa, 4/56.
- Bax. Nur, 24/24, 25.
- Yasin, 36/78, 79.
- Həcc, 22/5. Yaradılış mərhələləri: Yuxarıdakı ayədə qeyd edilən bu yaradılış mərhələləri hal-hazırkı insan anatomiyasına da müvafiqdir. Bu ayədə rüşeym mərhələsi “nütfə, ələqə və mudğa” ardıcıllığı ilə qeyd edilmişdir. Kişinin 400-500 milyon spermasından (nütfə) birinin qadının yumurtalığı ilə birləşməsi nəticəsində meydana gələn mayalanma (ələqə) mərhələsi başlayır və qadının bətninə yapışaraq hüceyrə bölünməsi yolu ilə çoxalır. Əvvəlcə surəti bilinməyən bir ət parçası (mudğa) olur, daha sonra orqanlar bilinməyə başladıqda, təqribən dörd aylıq ikən ruh üfürülür. Qan laxtası (ələqə) mərhələsində olan rüşeym təqribən bir ay yarım və ya iki ay davam edir. Bu dövrdə zərurət və ya ehtiyac vəziyyətində rüşeymin götürülməsi caizdir. Orqanların təşəkkül etməsindən ruh üfürülüncəyə qədər olan dövrdə səbəbsiz olaraq rüşeymin götürülməsi isə caiz deyil və “qürrə” (diyətin iyirmidə biri) deyilən təzminat verilməlidir. Ancaq qadının xərçəng, ifliç və ağır ürək xəstəliyi kimi narahatçılığı, doğuma mane və ya həyati risk daşıyan xəstəliklər varsa, bunlar uşağın aldırılması üçün zərurət sayılır, (bax. Hamdi Döndü-ren, Aile llmihali, s. 255-260). Bundan əlavə ayədə quru torpağa suyun düşməsi ilə bitkilər aləmində də eyni prosesin getdiyi bildirilir.
- Bax. Əhqaf, 46/33.
- Bax. Rum, 30/27.
- Bax. Həcc, 22/5-7.
- Bax. Yasin, 36/80, 81.
- Buxari, Təfsir, 39/3; Müslim, Fitən, 141,142.
- Buxari, Təfsir, 39/3; İbn Macə, Cənaiz, 58.
- Bax. Buxari, Riqaq, 45; Müslim, Cənnət, 55-59, 83.
Mənbə: Dəlilləriylə İslam Elmihalı. (s.163-164)







