Namaz qılmayan insan dindən çıxarmı?

Əqidə

Sual:

Bir hədisdə “insan ilə küfr arasında namazı tərk etmək vardır” deyilir. Eləcə də bəzi alimlərin “namaz qılmayan kafir olar” kimi fikirləri var. Onda namaz qılmayan bir müsəlman dindən çıxmış hesab edilir və kafir olur?

Cavab:

Əziz qardaşımız, xeyr! Müsəlman namazı tərk etməklə dindən çıxmaz, amma günahkar olar.

Məlumdur ki, “küfr” sözü həm “inkar etmək”, həm də “nankorluq etmək” mənalarını verir. Bu səbəbdən hədisdəki “qul ilə küfr arasında namazı tərk etmək vardır” (Müslim, İman 134) ifadəsini də iki cür başa düşmək olar:

  1. Namazın fərz olduğunu inkar edərək namaz qılmayan şəxs dindən çıxacağı üçün kafir sayılar. Çünki fərz ibadəti inkar etmək insanı dindən çıxarar. Bu halda o, namaz qılmadığı üçün deyil, bu ibadəti inkar etdiyi üçün kafir olar.
  2. Namazın fərz olduğunu inkar etmədiyi halda namazı qılmayan şəxs isə inkar yox, nankorluq etmiş olar və dindən çıxmış sayılmaz. Çünki bütün əhli-sünnə alimlərinə görə, böyük günah işlətmək müsəlmanı kafir etmir, günahkar edir.

Həmçinin, alimlərin “namaz qılmayan kafir olar” mənasına gələn sözlərini də bu iki qaydaya əsasən başa düşmək və qiymətləndirmək lazımdır. Əks halda, namazın fərz olduğunu inkar etmədən namaz qılmayan bir çox müsəlmanı “kafir” sayaraq böyük səhv etmiş olarıq.

Mövzunu daha yaxşı başa düşmək üçün Həzrət Peyğəmbərimizin (səs) aşağıdakı iki hədisinə diqqət yetirək.

  1. Allah beş vaxt namazı bəndələrinə fərz təyin etmişdir. Kim bu beş vaxt namazı haqqını verərək tam olaraq qılarsa, Allah Təalanın həmin şəxs üçün cənnət vədi vardır. Kim də bu namazları qılmaz isə, Allah qatında onun üçün hər hansı bir vəd yoxdur. İstəsə əzab verər, istəsə də Cənnətinə layiq görər.” (Malik, Muvatta, Salâtu’l-Leyl, 14; Ahmed b. Hanbel, Müsned, c. 37, s. 393; Ebû Dâvûd, Vitr, 2; Nesâî, Salât, 6)
  2. «Hesab günü bəndələrin hesaba çəkiləcəkləri ilk əməl namazdır. Rəbbimiz mələklərinə belə buyurar: «Bəndəmin namazlarına baxın, onlar tamdır, yoxsa yarımçıq?” Əgər namazlar tam olarsa, “tamam” yazılar. Əgər yarımçıq olarsa Allah Təala belə buyurar: “Bəndəmin nafilə namazları varmı?” Əgər nafilə namazı olarsa, Allah: “Qulumun fərz namazlarını nafilə namazları ilə tamamlayın.” deyə əmr edər. Sonra digər fərz ibadətlər eyni üsulla tamamlanar. (İbn Mâce, İkâme, 202; Ebû Dâvûd, Salât, 151;  Tirmizî, Ebvabu’s-Salât, 305,; Nesâî, Salât, 9)

Birinci hədisdən, namaz qılmayanlar üçün Allahın hər hansı bir vədinin olmadığı, ikinci hədisdən isə namazları əskik olanların nöqsanlarının nafilələrlə tamamlanacağı anlaşılır. Əgər bəndə namazı tərk etdiyi üçün kafir olsaydı, fərzlərindəki çatışmazlıqlar tamamlanmamış birbaşa Cəhənnəmə atılmalı idi. Halbuki hədis bunun tam əksini xəbər verir.

Nəticə olaraq, alimlərin verdiyi izahlardan sual verilən hədisdə keçən “küfr” ifadəsinin namazın fərziyyətini tamamilə inkar edənlər üçün işlədildiyi kimi, dindən çıxarmayan əməl, məcazi və verilən nemətlərə qarşı küfr sayılan nankorluq mənasında da işlədilə bilindiyi məlum olur. Çünki Quran və Sünnət şirkdən başqa bütün günahlar üçün Allahın əzab verici yönündən çox bağışlayan və mərhəmətli yönünü ön plana çəkir və günahkarları dindən uzaqlaşdırmaq əvəzinə Allahın rəhmətindən ümidini kəsməməyə və tövbə etməyə dəvət edir.

Salam və dua ilə…


Mənbə: sorularlaislamiyet.com

Tərcümə: azermuslim.com

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика