Müsəlmanın ev dizaynı

Müsəlmanın ev dizaynı Nəsihətlər

Günümüzdə kapitalizm sisteminin təsiri ilə hətta dünyanın fani, israfın haram olduğunu bilən müsəlmanlar belə lazımlı-lazımsız hər şeyə pul xərcləmək xəstəliyinin aludəçisi oldular.

Otaqda çoxca yer tutan əşya bolluğundan, istifadəsiz və ya bəlkə də ömürdə bir dəfə istifadə ediləcək əşyalar ucbatından evləri kiçik mədrəsə və məscidlər olan müsəlmanların evlərində əşya əlindən tərpənməyə yer qalmadı. Heç bir istifadəyə yarar funksiyası olmayan,yalnızca süvenir vəzifəsi daşıyan əşyalara pullar xərcləndikcə xərcləndi. Niyə görə,nə üçün heç kim özünə sual etmədi.

Avropalının sonradan müstəmləkə mədəniyyəti ilə əldə etdiyi süfrə bəzəyində istifadə olunan servizləri sanki fərzmiş, şərtmiş kimi müsəlman da alıb evində rəflərə düzdü. Kimisi qonağı gələndə göstəriş olsun, dəbdəbəli görünsün deyə bu servizləri masaya düzdü, kimisi də heç ona da qıymadı. Amma o əşyalara zamanında böyük məbləğlər xərcləndi, evdə şkafların rəflərində yer ayrıldı, tez-tez vaxt sərf edilib tozları silindi. Bəzisi də sınıb dəsti pozular deyə o servizləri ailəsinə qıymadı. Ancaq dekor məqsədi daşıyan vazlar, boğazı dar uzun bardaqlar, iri və ağır güldanlar, bunları yerləşdirmək üçün otağın böyük bir qismini zəbt edən vitrinlərə yerləşdirildi. Yaxşıca parıldasın, göz oxşasın deyə tez-tez tozu silindi, 3-5 il sonra dəb dəyişdiyi üçün bunlar yeniləri ilə əvəz olundu. Kamodların, jurnal masalarının üzərinə heç vaxt ehtiyacımız olmayacaq şamdanlar,rahmət mələklərinin gəlməsinə mane olan insan və heyvan fiqurları, surətləri, divarlarda və kamodun üstündə güzgü önünə evə gələnlərin görməsi üçün xoşbəxt ailə fotoları yerləşdirildi.

Öyrənməsi mütləq olan elmihalı, müqəddəs kitabı Qurani-Kərimi, evinin tərtibi, dizayni ilə də İslamı təbliğ edə biləcək müsəlmanın şkaflarında yer almadı. Gözümüzün görəcəyi ən gözəl guşələrə vaxtımızın qənimi olan televizorları yerləşdirdik. Halbuki, o guşələrə kiçik kitabxanalar tərtib edə, kitab şkafları yerləşdirə bilərdik. Yerdə oturub yemək yemə sünnəsini həyata keçirmək üçün oturmağa yer qalmadı. Axı qonaq otağı dəstlərimiz, yumşaq mebellərimiz dəbdəbəli və iridir. Otaqlarda qiblə yönündə bir nəfərlik güclə boş ərazi saxlaya bildik. Harda qalsın ki,həmin otaqda ailəcə camaat namazı qılmaq üçün yetərli yerimiz olsun. Əvəzində «qonşudan qalma dala» misalınca mebel dəstlərimizi sıraladıq. Divarlarımızda əcnəbi rəssamların əsərlərindən uyğunlaşdırılmış tablolar yerləşdirdik.

Bəzimiz qiblə yönünə belə diqqət etmədən canlı insan və heyvan surətləri olan şəkilləri bu divarlardan asdıq.

Əşyaların daha çox gözəgəlimlisini almağa çalışdıq. Başqalarındakından daha gözoxşayan olmalı idi bizim evimiz. Kənardan baxanda az qalsın otağın üçdə birini tutan iri büllur çilçıraqlar zadəgan olmasaq da, kübarlığımızı bildirməli idi. «Sadə həyat imandandır» buyuran Allah Rəsulunun(s.a.v) nəsihətini heç eşitməmiş kimi davrandıq. Təvazökarlıq yerini göstərişə buraxdı. Lazımımız oldu ya olmadı,filan marka firmanın istehsalı olan xırdavatları mütləq almalı, mətbəximizdə olmasına çalışmalıyıq. Axı məşhur bir blogger öz səhifəsində tanıtım edirdi ki,o məşhur firmanın mətbəx əşyalarından istifadə edir. Niyə də bizdə olmasın? Deyəsən, unutduq ki, o məşhur blogger bunu kapitalist sistemin gərəyi olaraq edir. O filan məşhur markanın tanıtımını, reklamını etməklə o markadan pul qazanır. O məşhur markanın da o filan məşhur blogger sayəsində müştəriləri artır. Yəni sistem belə dönür: «Əl əli yuyur, əl də üzü». Əvvəllər bu qədər çox əşyası olmayan, bir çox ev işlərini əlləri ilə edən insanların vaxtdan istifadə etməsi bizdən daha səmərəli idi ya əksinə? Evdə bu qədər işimizi asanlaşdıran məişət texnologiyası yerinə yenə də vaxtımız yoxdur və ya o əşyalara köləliyimiz ucbatından ev işlərimiz bitib tükənmir. Əşyalar bizə deyil, bizlər əşyalara qul olduq. Evinin bir küncünü kiçik mədrəsəyə çevirən müsəlman valideynlər övladlarını başlarına yığıb oxuduqları kitablarla övladlarına ən böyük hədiyyəni, biliyi bağışlamağa vaxt tapa bilmir. Həm evdə yer də yoxdur axı. Gün ərzində mütəmadi olaraq televizor işləyir. Onu qəti olaraq söndürmək olmaz!

Evinin bir hissəsində Quranını oxumağa, namazını qılmağa, zikrini çəkməyə yer saxlamağı unutdu günümüz müsəlmanları.

Əvvəllər evə qonaq gələcəyi düşünülüb evdə qonağa yer saxlanılardı. İndi evə qonaq gələcəyi düşünülüb ev əşyalarla doldurulur.

Qonaqlarımıza dünyaca brend olan qazan-qab dəstlərimizi sərgiləmək daha önəmli sayılar oldu. Nəinki,qonaqlarımızla sadə bir süfrə arxasında gözəl və maraqlı söhbətlər etmək. Mütləq və mütləq boşqabların, bardaqların, çəngəl-bıçaq dəstlərinin ahənginə fikir verməliyik. Yoxsa gələn qonaqlar bizə irad tuta bilərlər.

İri zalları, böyük otaqları olan evlərimizi əşyalarla doldurmağa çalışdıq. Amma o evlərin içərsini mehribanlıq və səmimiyyətlə doldura bilmədik.

Başqalarındakından daha yaxşısı olsun deyə fikirləşdik, amma həyatlarımız da, evlərimiz də sadə olsun, bu fani dünyada istifadəmizə yarar olsun deyə fikirləşmədik. Evlərimizin və əşyalarımızın dəbdəbəsi artıqca dünya sevgimiz də çoxaldı. Dünya sevgimiz çoxaldıqca xoşbəxtliyimiz də azaldı. Bura aid olduğumuzu zənn edib, gerçək yurdumuz üçün çalışmağı unutduq. Qonaq, kirayənişin olduğumuz dünya yurdunu bəzədikcə bəzədik, axirət yurduna aparmaq üçün heç nəyə vaxt sərf etmədik.

Allahdan başqa ilah olmadığına iman edib əşyaların, başqaları nə deyərin və ya deməsinlərin, nəfsimizin köləsi olduq. İsrafın haram olduğunu bildiyimiz halda, dəb dəyişdiyi üçün köhnəlmədən yenisini aldığımız əşyaları zibilliyə tulladıq.

Sistem sayəsində mütəmadi olaraq alış-veriş etməyə sövq edildiyimizin fərqinə belə varmadıq. Onlar daha çox qazanmaq üçün tez-tez dəb dəyişərkən və bizləri də bunları almağa təhrik edərkən,bizlər də filankəsin evindən, mebelindən, qab-qacağından daha qəşəngi bizdə olsun düşüncəsi ilə mağazalara axışdıq. Adicə əl-üz dəsmalı brend marka,qablaşdırması bəzəkli olunca məhsulun qiymətinin qutunun içindəkinə görə deyil, adına görə dəyişdiyini bilə bilmədik.

Evlərimiz rahat və sadə həyat sürə biləcəyimiz yuvalarımızdan çox, gələnlərin gözünü oxşasın, ya da kimsə gəlməsə də özü çəkib başqalarına göstərənlərin nəzdində «qoy hamı həsədindən çartlasın» düşüncəsinin mərkəzi oldu. 


Müəllif: Əsmər Nurəliyeva

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

  1. Nurəliyeva Xanım

    Allah razı olsun.??Allah cümləmizi xeyirlə islah etsin.Amin?

    Ответить
    1. azermuslimcom автор

      Amin

      Ответить
Яндекс.Метрика