Mələkləri digər varlıqlardan fərqləndirən xüsusiyyətləri aşağıdakı kimi sadalamaq mümkündür:
- Mələklər yemək, içmək, erkəklik, dişilik, evlənmək, yatmaq, yorulmaq, usanmaq, gənclik, yaşlılıq kimi şeylərdən və bu kimi xüsusiyyətlərdən tamamilə uzaq nurani və ruhani varlıqlardır. Quranda belə buyurulur: “Göylərdə və yerdə olan (bütün) məxluqat Onundur (Allahın qüdrət əsəridir). Onun dərgahında olanlar (rütbə və şərəf etibarilə mənən Allaha yaxın mələklər) Ona ibadət etməyə təkəbbür göstərməz və (bu ibadətdən) yorulmaq bilməzlər. Onlar gecə-gündüz, yorulub-usanmadan (Rəbbini) təqdis edib şəninə təriflər deyərlər.”131 “Onlar Rəhmanın qulları olan mələkləri dişi saydılar. Məgər onlar (mələklərin) yaradılışına şahidmi olmuşlar?! Onların bu şəhadəti (əməl dəftərlərinə) yazılacaq və (bu barədə) sorğu-sual olunacaqlar.
- Mələklər hansı iş üçün yaradılmışsa, həmin vəzifəni yerinə. yetirərlər və əsla günah işləməzlər. Bu mövzuda Quranda belə buyurulur: «Göylerdə və yerdə olan (bütün) canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər! Onlar öz ( başlarının) üstündə olan Rəbbindən qorxar və özlərinə buyurulanları edərlər!»133
- Mələklər həddindən artıq sürətli, güclü və qüvvətli varlıqlardır. “Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri (peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! (Allah) məxluqatda istədiyini artırar. Həqiqətən, Allah hər şeyə qadirdir!’’134 Mələklərin göylərdən gəlib getməsi səbəbilə qanadlı mələk anlayışı ilahi dinlərdə müştərəkdir. Bu qanadların mahiyyətini isə yalnız Allah bilir. Qanadın çoxluğu sürət və gücün çoxluğuna dəlalət etməsi ehtimal olunur.
- Mələklər Allahın izn və əmri ilə müxtəlif surətlərə girə bilirlər. Belə ki, Cəbrayıl (ə.s) Hz. Məryəmə bir insan surətində görünmüş135, bir qrup mələk Hz. ibrahimə oğlu olacağı müjdəsini gətirən insanlar surətində gəlmiş o da onları müsafir sanaraq yemək hazırlamış, yemədiklərini gördükdə (düşmən zənn edərək) qorxmuş və mələk olduqlarını həmin vaxt başa düşmüşdür.136 Bununla yanaşı Hz. Peyğəmbərə (s.ə.s) Cəbrayılın (ə.s) insan surətində gəldiyi və Hz. Ömər başda olmaqla bəzi səhabələrin onu gördükləri səhih hədislərdə mövcuddur.137 Mələkləri həqiqi surətləri ilə yalnız peyğəmbərlər görə bilər.
- Mələklər qeybi bilməzlər. Əgər Allah tərəfindən qeybə dair bir məlumat verilmişsə, yalnız o qədəri haqqında məlumatları olar. Belə ki, Allah-Təala Hz. Adəmə yaratdığı əşyanın adlarını öyrədərək bu bilikləri mələklərə də soruşduqda, onlar belə cavab vermişlər: “Onlar: “Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan kənarsan!) Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. (Hər şeyi) bilən Sən, hikmət sahibi Sənsən”, — dedilər.”138
- Ənbiya, 21/19, 20.
- Züxruf, 43/19; Bax. Saffat, 37/49; Nəcm, 53/27, 28.
- Nəhl, 16/49. 50; Bax. Ənbiya, 21/26-28; Təhrim, 66/6.
- Fatir, 35/1
- Bax. Məryəm, 19/16, 17.
- Bax Hud, 11/69, 70; Məryəm, 19/16, 17.
- Bax Buxari, İman, 37; Müslim, iman, 1; Əbu Davud, Sünnə 15
- Bəqərə, 2/32.
Mənbə: Dəlilləriylə İslam Elmihalı. (s.127-128)







