İmanın səhih olması üçün lazımi şərtlər

Əqidə

İmanın etibarlılığı və sahibinin axirətdə nicat tapması üçün aşağıdakı üç şərt olmalıdır:

1. İman gətirmək dünya həyatından ümid kəsmə (yəs/ölüm anında) əsnasında olmamalıdır. Belə ki, əvvəl mömin olmayan kəsin, həyatdan ümidini kəsdiyi son nəfəsində, düçar olacağı əzabın fərqinə varıb “iman gətirdim” deməsi, səhih iman sayılmaz. Çünki bu vəziyyətdə insan ağıl və azad iradəsi ilə qərar verməz. Qurani-Kərimdə belə buyurulur:

“On­lar əzabımızı gördükdə dedilər: “Biz yalnız Allaha iman gətirdik, (Rəbbimizə) qoşduğumuz şərikləri (bütləri) isə inkar etdik!” Amma əzabımızı gördükləri zaman iman gətirmələri — Allahın Öz bəndələri barəsində öncə olub-keçmiş (tətbiq edilmiş) adətinə (qayda-qanununa) müvafiq olaraq heç bir fayda vermədi. (Əzab gəlməmişdən əvvəl iman gətirmək lazımdır, əzabı gördükdə gətirilən imanın heç bir faydası olmaz). Kafirlər elə oradaca ziyana uğradılar (məhv oldular).”35

2. Mömin iman əsaslarından birini inkar edən hər hansı davranışdan uzaq olmalıdır. Belə ki, bir şəxs bütün peyğəmbərləri təsdiq etdiyi halda Hz. Məhəmmədin peyğəmbərliyini inkar etsə mömin sayılmadığı kimi, qəti şəkildə bildirilən bir fərzi inkar etmək və ya öz istəyi ilə bütə tapınmaq kimi bir olan Allahı inkar etməklə də dindən dönər. İman bütövdür və inanılması vacib olan bir əsası inkar etmək, bütün dini inkar etmək mənasına gəlir.

Dinin bir hissəsinə iman gətirib bir hissəsini inkar edənlər haqqında Uca Allah belə buyurur:

“Allahı və peyğəmbərlərini inkar edənlər, Al­lahı peyğəmbərlərindən ayırmaq istəyənlər. “Biz peyğəmbərlərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq”,- deyənlər və bunun (iman ilə küfr) arasında bir yol (məzhəb) tapmaq istəyənlər — Bütün bunlar, həqiqətən, kafirdirlər. Biz (axirətdə) kafirlərdən ötrü alçaldıcı əzab hazırlamışıq.”36

3. Mömin Allahın rəhmətindən nə ümidsiz, nə də tamamilə əmin ol­malıdır. Qorxu ilə ümid arasında olmalıdır. Bir möminin etdiyi günahların çoxluğundan və ya işlərinin düz getməməsindən ötrü Allahdan ümid kə­sərək, “artıq mən cəhənnəmlik oldum” inamına qapılması caiz olmamaqla yanaşı, etdiyi xeyirxahlıqlarından ötrü “artıq mən cənnətlik oldum”-deyərək ifrata varan bir nikbinliyə qapılması da düzgün deyildir. Çünki insan yaşadığı müddət ərzində hər an iradəsini yönləndirmə, yaxşılıqlara yö­nəlmə və əvvəlcə cəhənnəmlik əməllərin sahibi olarkən, bunları lehinə çevirmə gücünə və qabiliyyətinə malikdir.

Quranda belə buyurulur:

“Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər.”37 “Allahın (bu yolla) dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bil­məz.”38


  1. Mömin, 40/84, 85.
  2. Nisa, 4/150,151.
  3. Yusif, 12/87.
  4. Əraf, 7/99.

Mənbə: Dəlilləriylə İslam Elmihalı. (s.103-104)

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика