İman lüğətdə “birisinin dediyini təsdiq etmək, dediyini səmimi-qəlbdən mənimsəmək, qarşısındakına əminlik hissi vermək, ürəkdən inanmaq” mənalarına gəlir.1 Etiqadla iman eynimənalıdır və təslim olmaq, boyun əymək mənasına da gəlir.
Termin mənası Allah-Təalanın dinini qəlb ilə təsdiq etmək, yəni Hz. Peyğəmbərin gətirdiyi qəti şəkildə bilinən hökmlərin həqiqi və doğru olduğuna səmimi-qəlbdən inanmaq deməkdir. Belə olan halda imanın həqiqi olanı və əsası təsdiqdir. Qəlbin təsdiqi imanın dəyişməyən əsas ünsürüdür.
İmanın qəlbən inanmaqdan ibarət olduğunu göstərən ayə və hədislərdən bəziləri bunlardır:
“Ya Peyğəmbər (Ya Rəsulum!) ürəklərində inanmadıqları halda, dildə (ağızları ilə): “İnandıq”, deyənlərin (münafiqlərin), yəhudilərdən yalana qulaq asanların, sənin hüzuruna gəlməyən başqa bir camaata qulaq asanların (onlara casusluq edənlərin) küfr içində vurnuxanları səni kədərləndirməsin.”2 “Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü islam (dini) üçün açıb genişləndirər..”3
Hz. Peyğəmbər də qəlbdəki imanla bağlı belə demişdir: “Allah cənnət əhlini cənnətə, cəhənnəm əhlini də cəhənnəmə qoyacaq, sonra da, baxın qəlbində xardal dənəsi qədər imanı olan birini tapsanız, onu cəhənnəmdən çıxarın! -deyəcəkdir.”4
Odur ki, qəlb ilə inandığı halda lal olmaq və ya zorakılığa məruz qalmaq kimi bir səbəblə imanını açıqlaya bilməyən və ya imansız olduğunu deyən kəs də, qəlbindəki imanı əsas götürülərək mömin sayılar. Belə ki, Əmmar İbn fasir Məkkə dövründə Qüreyş müşriklərinin ağır təzyiqləri və ölümlə hədələmələri qarşısında dözə bilməyərək qəlbən inanmaqla birlikdə, dil ilə müsəlman olmadığını və Məhəmmədin dinindən döndüyünü ifadə etmiş, bu hadisə ilə əlaqədar aşağıdakı ayədə onun mömin olduğu bildirilmişdir:
“Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə (onu ağır təhlükə gözləyir). Lakin qəlbən küfrə razı olanlara (qəlbində könüllü surətdə küfrə yer verənlərə) Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olarlar!”5
Əhli-sünnənin iki etiqad məzhəbinin imamları İmam Maturidi (v. 333/944) və İmam Əşəri (v. 324/936) imanda qəlbin təsdiqinin kifayət olduğunu hesab edirlər. Ancaq İmam Maturidi, dil ilə iqrarı yalnız dünyəvi hökmlər üçün vacib sayır.
Onların əsaslandıqları dəlillər bunlardır: Qurani-Kərimdə dili ilə iman gətirdiyini deyən, ancaq qəlbən inanmayan münafiqlərin bu sözlərinə etibar edilməmişdir.6 Həqiqi imanın qəlbə yerləşməli olduğunu bildirən ayələr də bunu təkid edir.7
Eyni zamanda müxtəlif hədislərdə imanda qəlbin təsdiqinə diqqət cəlb edilir. Üsamə İbn Zeydin (v. 54/674) başına gələn bu hadisə buna dəlalət edir. Üsamə (r.a) belə danışır: “Allahın Elçisi bizi hərbi səriyyəyə göndərmişdi. Səhər tezdən Cüheyn qəbiləsinin Hüruqat qoluna hücum etdik. Mən tutduğum bir adamı “Allahdan başqa ilahi yoxdur” -dediyi halda, qorxudan yalan dediyini fikirləşərək öldürdüm. Lakin bu vəziyyət məni çox düşündürdü. Qayıdandan sonra hadisəni Hz. Peyğəmbərə (s.ə.s) danışdım. Hz. Peyğəmbər mənə belə buyurdu: «Öldürdüyün adam doğrumu, yoxsa yalanmı deyir, qəlbini yarıb baxdınmı?”8
Əbu Hənifə və ondan sonra gələn Pəzdəvi (v. 482/1089) və Sərəxsiyə (v. 490/1097) görə, iman qəlbin təsdiqi və dilin iqrarıdır. Çünki lallıq və ya küfrə məcbur edilmə kimi bir üzr olmadığı halda imanın söz və ya davranışda büruzə verilməməsi, o insan haqqında qeyri-müəyyənlik əmələ gətirər. Eyni zamanda İmam Maturidi də qəlblə təsdiqin gizli bir iş olduğu üçün dünyəvi hökmlərin tətbiqi nöqteyi-nəzərindən dil ilə iqrarı da lazımi hesab edir.”9
Qurani-Kərimdə belə buyurulur: “…Hər kəs iman gətirdikdən sonra küfr etsə (onu ağır təhlükə gözləyir)..”10 Bu ayədə dil ilə ifadə edilən inkarın insanı dindən etdiyini bildirilir. Buna müqayisə olunaraq iman da qəlbin təsdiqi ilə yanaşı dil ilə iqrarı da öz əhatəsinə almalıdır. Hz. Peyğəmbər belə buyurmuşdur: “İnsanlar Allahdan qeyri ilah yoxdur, Məhəmməd Onun elçisidir deyənə qədər onlarla mübarizə aparmaqla əmr olundum. Nə vaxt bunu deyərlərsə, can və mal əmin-amanlığına sahib olarlar. Ancaq hüquqi cəhətdən tətbiq olunan cəzalar bundan istisnadır. Daxili hesablaşma isə Allaha məxsusdur.”»11
Şafei, Malik, Əhməd İbn Hənbəl, İbn Həzm (v. 456/1064) və İbnTey-miyyə (v. 728/1328) imanı belə tərif etmişlər: “İman inanılmalı olan şeyləri qəlbin təsdiqi, dilin iqrarı və İslamın əsaslarını yerinə yetirməkdir”. Burada “əməl”in də tərifə daxil edilməsi ilə əhatəsinin genişləndirildiyi nəzərə çarpır.12 Lakin onlar bununla kamil imanı qəsd etmişlər. Yoxsa əməl etməyən küfrə girdiyi fikrini qəbul etmirlər. İmam Əşərinin başqa bir fikrinə görə iman qəlbin təsdiqi ilə yanaşı, söz və əməldən ibarətdir. Bu səbəblə də iman artar və əskilər.13
Allah-Təala imana dəlalət edən bir sıra əlamət və şərtlər ortaya qoymuşdur. Bunlar islamın şərtləri olan kəlmeyi-şəhadət, beş vaxt namaz, zəkat, oruc, həcc və bu kimi ibadətlərdən ibarətdir. Məhz bu əməllər kimdə görülərsə, o kəsin mömin olduğuna hökm verilir və namazda imam olmaq, müsəlman bir qadınla evlənmək, cənazə namazının qılınması və müsəlman qəbiristanlığına basdırılmaq kimi dünyaya xas hökmlərdən faydalanar. Bu əməllər imana qüvvət verər, imanın qəlbdəki nurunu artırar, insanı əzabdan xilas edər, Allahın lütf və yardımına nail olmağa zəmin hazırlayar.
- İbnul-Mənzur, Lisanul-ərəb, Xlll, 21.
- Maidə, 5/41.
- Ənam, 6/125.
- Buxari, İman, 15; Müslim, İman, 82.
- Nəhl, 16/106.
- Bax. Maidə, 5/41; Digər ayələr üçün bax. Yusif, 12/7; Ənam, 6/125; Nəhl, 16/106; Hücurat, 49/14.
- Bax. Nəhl, 16/106; Mücadilə, 58/22.
- Müslim, İman, 41; Əbu Davud, Cihad, 95; İbn Macə, Fitən, 1.
- Əli Qari, Şarhul-Fıqhıl-Əkbər, s. 10, 76 vd.; Zəbidi, Şərhul-Ehya, II, 241; Maturidi, Kitabut-Tövhid, s. 380 vd.; İbn Abidin, Rəddul-Muxtar, III, 283.
- Nehi, 16/106
- Buxan Cihad. 102; Müslim, İman. 8: Əbu Davud, Cihad, 104.
- Əşərı Maqalat. 1.293 vd : Cürcani, Şarhul-Mavaqif. III, 247. Zəbidi, e a ə., 11,243; IbnTeymiyye, Macmuul-fs’J/a III, 151, VII 644; A Saim Kılavuz, İman Küfür Sının, s. 23.
- Cürcani e a ‘ 246 vd
Mənbə: Dəlilləriylə İslam Elmihalı. (s.95-97)







