Əməl iradəyə istinad edən iş, davranış, ibadət, xeyirli iş və hərəkət deməkdir. Allah və Rəsulunun istəyinə uyğun olan bütün iş, hərəkət, xeyir və yaxşılıqlardır. Habelə dini, fərdi və əxlaqi vəzifələr və ibadətlər “əməlisaleh” (yaxşı iş) adlanır. Allahın istəyinə uyğun olmayan işlərə də “saleh olmayan (pis) əməl” deyilir. Belə ki, Nuh tufanında Hz. Nuhun küfr əhli olan oğlunun boğulmaqdan xilas olması üçün dua etməsi müqabilində Uca Allah belə buyurdu:
“(Allah) buyurdu: “Ey Nuh! O sənin ailəndən deyildir. Çünki o (küfr etməklə) saleh olmayan (pis) bir iş görmüşdür.”22
Əhli-sünnə etiqadına görə, əməllər imanın ayrılmaz hissəsi deyildir. Belə ki, insan əməl nöqsanlığından ötrü işlədiyi günahı halal saymadığı müddətcə mömin sayılır və dindən çıxmaz. Ancaq üsyankar və günahkar olar. Allah-Təala istəyərsə onu əfv edər, istəyərsə əzab edər. Bu fikrin istinad edildiyi dəlillər aşağıdakılardır:
- Qurani-Kərimdə “İman gətirənlər və saleh əməl (xeyirli iş) görənlər…”23 ifadəsi ilə başlayan çox sayda ayə mövcuddur. Məhz burada imanla əməl ayrı-ayrı qeyd edilir. Əgər iman əməlin bir hissəsi olsaydı, “iman gətirənlər” deyildikdən sonra ayrıca “saleh əməl (xeyirli iş) görənlər” ifadəsinə ehtiyac olmazdı.
- Bəzi ayələrdə böyük günahın imanla birgə ola bildiyi bildirilir, “Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onlan dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun.”24 Bu ayədə bir-birinə təcavüzkarlıq edib günah sayılan öldürmə işini görən hər iki mömin dəstəyə də “möminlər” deyilmişdir. Belə olan halda bu ayə haram bir iş görənin həmin işin halal olduğuna inanmadıqca, dindən çıxmadığına dəlalət edir.
- Bəzi ayələrdə iman əməlin etibarlılığı üçün ilkin şərt kimi qeyd edilmişdir: “Mömin olub yaxşı işlər görən kəs isə nə zülmə məruz qalmaqdan, nə də (mükafatının) əskilməsindən qorxar!”25 Səhih iman da Allaha, mələklərə, kitablara, peyğəmbərlərə, axirət gününə, qədərə, xeyir və şərin Allahdan olduğuna inamı öz əhatəsinə almalıdır.
Qurani-Kərimdə belə buyurulur:
“And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin əsrinə) ki, İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir? Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!
(Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!)”26 “Şübhəsiz ki, kafir olub kafir kimi ölənlərdən hər birinin dünya dolusu qızılı ola və (əzabdan qurtarmaq üçün) onu fidyə verə, yenə də qəbul olunmaz. Onları dəhşətli bir əzab gözləyir. Onlara (cəhənnəm odundan xilas olmaqdan) heç bir kömək edən olmaz!”27
Bununla yanaşı əməl ilə iman arasında yaxın münasibət vardır. Əməlsiz iman nicat tapmaq və axirət səadətinə nail olmaq üçün kifayət deyil. Qəlbə yerləşən iman nurunun xarici təsirlərə qarşı qorunması, bəslənməsi və qüvvətləndirilməsi vacibdir. Məhz bu da ibadət və digər saleh əməllərlə (xeyirli işlərlə) gerçəkləşir.
Bəşər yer üzünə yalnız imanla məsul olmaq üçün yox, eyni zamanda xeyirli əməllər görərək Allaha qulluq etmək üçün göndərilmişdir. Quranda belə buyurulur:
“Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!”28 “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur.”29
Saleh əməllər iki qismə bölünür: Birincisi, bədənlə edilən ibadətlər kimi əməl edən kəsin şəxsən özünə fayda verən və özünü yetişdirib kamilləşməsinə əlverişli olan əməllər. Namaz, oruc, həcc, müqəddəs müharibədə iştirak etmə (cihad), küfrlə mübarizə aparmaq kimi əməllər məhz bu qəbildəndir. İkincisi, zəkat və sədəqə kimi başqalarına faydası olan əməllərdir.30
- Hud, 11/46.
- Bax. Bəqərə, 2/277; Yunis, 10/9; Hud, 11/23; Ənkəbut, 29/7, 9, 58; Loğman, 31/8; Əsr, 103/3.
- Hücurat, 49/9; Eyni zamanda bax. Bəqərə, 2/178; Təhrim, 66/8.
- Taha, 20/112.
- Əsr, 103/1-3.
- Ali-İmran, 3/91.
- Zariyat, 51/56.
- Mülk, 67/2.
- Elmalılı, Hak Dini Kuran Dili, VIII, 6079, 6080.
Mənbə: Dəlilləriylə İslam Elmihalı. (s.100-101)







