İcmali və təfsili iman. Tövhid və Şəhadət kəlmələri

Əqidə

Hz. Peyğəmbərin Allah tərəfindən gətirib xəbər verdiyi şeylərə bütövlüklə inanmağa “icmali iman” deyilir. Burada təfərrüata girmədən inanılması vacib olanların məcmusuna inanmaq qəsd edilir. Bu da tövhid və şəhadət kəlmələrində səciyyələndirilmişdir.


Tövhid kəlməsi (kəlmeyi-tövhid): “Lə iləhə illəllah Muhəmmədun Rəsulullah” (Allahdan qeyri ilah yoxdur. Məhəmməd Onun elçisidir).

Şəhadət kəlməsi (kəlmeyi-şəhadət): “Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə Muhəmmədən abduhu və rəsuluh” (Mən Allahdan qeyri heç bir ilahi olmadığına, Məhəmmədin Onun qulu və elçisi olduğuna inanıram və şahidlik edirəm) ifadəsidir.

Mənasını bilərək və qəlb ilə təsdiq edərək kəlmeyi-şəhadəti deyən hər bir kəs əvvəlki dini və əqidəsi nə olursa olsun dəyişər və möminlərin cərgəsinə daxil olar.

Odur ki, Allahı tək ilah kimi tanıyan və Hz. Məhəmmədin Onun peyğəmbəri olduğunu qəbul edən hər bir kəs, digər iman əsaslarını və Hz. Peyğəmbərin gətirdiyi dini də bütövlüklə qəbul etmiş sayılır. Belə olan təqdirdə Hz. Məhəmmədi təsdiq etmək, gətirdiyi hökmləri də bütövlüklə təsdiq etmək mənasına gəlir. Bu tərzdə etiqad kifayət olsa da, İslamın iman əsaslarını və lazımi əhkamını da öyrənmək labüddür.


Təfsili iman isə Hz. Peyğəmbər tərəfindən təbliğ edilənləri ayrı-ayrılıqda təsdiq etməkdir.

Küfrdən qurtulmaq üçün icmali iman kifayət olsa da, hər bir müsəlmanın iman əsaslarını, namaz, oruc, həcc, zəkat kimi ibadətləri, mənası açıq-aydın olan (möhkəm) ayə və mütəvatir hədislərlə sabit olanların hamısını, eləcə də əmr, nəhy (qadağa), halal-haram hökmlərini öyrənib təsdiq etməsi təfsili imanın əhatəsinə daxildir. Nəticə etibarilə təfsili iman inanılması məcburi olan bütün etiqad, ibadət, əqdlər və əxlaq hökmlərinə inanmağı ehtiva edir.


Mənbə: Dəlilləriylə İslam Elmihalı. (s.102-103)

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика