Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) soyu (nəsli)
Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) Qüreyş qəbiləsinin soylu ailəsindəndir. Soyu Həzrət İbrahimə (əleyhissəlam) bağlanır. Atası Abdullah Haşim oğullarındandır, Əbdülmüttəlibin ən sevimli övladı idi. Anası Aminə Zöhrəoğulları nəslindəndir. Hər ikisi də Məkkəli olub, bir neçə göbək (nəsil) sonra soyları birləşir.
Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) anadan olması
Yəmən valisi Əbrəhənin Kəbəyə hücumu hadisəsi miladi 571-ci ildə olmuşdu. Bundan 50 gün sonra, Rəbiül-əvvəl ayının 12-ci gecəsi Məkkədə Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) dünyaya gəldi.
Onun doğulduğu günün səhəri başqa bir səhər idi. Dünyanın həsrətlə gözlədiyi son elçi doğulmuş, cahan nurla dolmuşdu. Atası Abdullah bir müddət əvvəl (6 ay) vəfat etdiyindən yeganə oğlunu görə bilməmişdi. Anası Aminə nur topu kimi bir oğlan doğunca, babası Əbdülmüttəlib böyük bir ziyafət verdi. Qüreyşin ulularım dəvət etdi. Əziz nəvəsinə nə ad qoyduğunu soruşanlara:
“Adını Muhamməd qoydum.” – dedi.
Onların:
“Ataların arasında bu adı daşıyan yoxdur, bu adı qoymaqda məqsədin nədir?” – sualına cavab olaraq isə bunları dedi:
Ümid edirəm ki, onu göydə Haqq, yerdə xalq daha çox mədh edib, onunla fəxr edəcəkdir.
Rəsulullahın (səllallahu aleyhi və səlləm) anadan olduğu gecə bir çox qeyri-adi hallar baş verdi. Tarixçilər onları belə qeyd edirlər:
O gecə İranda Kisra sarayında sütunlar yıxıldı, Məcusilərin tapındıqları od-ocaqları söndü, Səva gölü qurudu… (Həqiqətən də, irəlidə İran səltənəti yıxılacaq, Bizans İmperatorluğu dağılacaq, bütpərəstlik sönəcəkdir.)
Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) süd anaya verilməsi
Məkkə əsilzadələrinin bir adəti var idi. Uşaqlarını ətrafdakı qəbilələrdən süd analarına verib baxdırardılar. Məkkənin havası isti olduğundan uşaqlar üçün zərərli idi. Məkkə ətrafında yaşayan qəbilələr zaman-zaman gəlib əmizdirmək üçün uşaq götürərdilər. Sad qəbiləsindən olan Həlimə adında bir qadın əmizdirmək üçün Muhammədi almaq istədi. Ancaq yetim olduğunu öyrəndikdə tərəddüd etdi. Çünki bir yetimi əmizdirməyin o qədər də qazanclı olmadığını düşündü. Ancaq sonradan bu yetimi götürdüyünə çox sevindi. Çünki bu yetim uşaq ona çox uğur gətirdi. Həlimə Onu öz övladından çox sevirdi. Bütün ailə üzvləri bu yetim uşaqdan razı idi. Həlimənin əri Haris bir dəfə belə dedi:
Həlimə, bu uşağın ayağı bizim üçün düşərli oldu. O, evimizə ayaq basandan bəri, heyvanlarımızın südü, südümüzün yağı çoxaldı. Evimizə bərəkət gəldi. Əlimiz düzəldi. Mən bu uşaqda bir qeyri-adilik hiss edirəm.
Muhamməd (səllallahu aleyhi və səlləm) çöldə, həmin ailənin yanında beş il qalmışdı.
Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) süd anasını çox sevərdi. Həlimə ona baş çəkdiyi zaman, onu «Anacan» deyərək qarşılayar və ona çox hörmət göstərərdi. Hər fürsətdə bu ailəyə yardım edərdi. Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) Həzrət Xədicə (radıallahu anha) ilə evləndikdən sonra, Məkkə ətrafında qıtlıq olmuşdu. Həlimə Məkkədə Həzrət Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanına gəlmiş və bir dəvə, 40 baş qoyunla qəbiləsinin yanına qayıtmışdı. Bunları ona Muhamməd Peyğəmbər (səllallahu aleyhi və səlləm) bağışlamışdı.
Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) Mədinəni ziyarəti
Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) anasının Mədinədə qohumları var idi. Həm onları ziyarət etmək, həm də atasının məzarını ziyarət etmək məqsədi ilə Mədinəyə getdi. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) o zaman altı yaşında idi. Dayılarının yanında bir ay qaldı.
Bir ay sonra anası və sadiq xidmətçiləri Ümmü Eymən ilə birlikdə Məkkəyə getmək üçün yola çıxdılar. Bir axşam Mədinədən 23 mil cənubda yerləşən Əbva kəndinə gəlib orada gecələdilər. Burada Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) anası xəstələndi. Son dəqiqələrini yaşadığım anladı. Yeganə övladını şəfqət dolu gözləri ilə süzdükdən sonra öpdü, bağrına basaraq analığın bütün duyğulan ilə onu oxşadı. Hələ ana bətnində ikən atasını itirən bu uşaq, indi də anasından məhrum olacaqdı. Bu acını bütün varlığı ilə hiss edən ana, oğlunun məsum üzünə baxa-baxa bunları söylədi:
Hər yeni köhnələcək və hər şey yox olub gedəcəkdir. Mən də öləcəyəm, ancaq bunun üçün qəm yemirəm. Çünki təmiz bir uşaq doğdum, dünyaya bir böyük xeyirli varlıq qoyub gedirəm.
Bu sözlərdən sonra dünyaya gözlərini yumdu. Ümmü Eymən uşağı götürərək Məkkəyə qayıtdı.
Xronologiya:
- 571-ci il:
—Fil hadisəsi baş verdi. Yəmən valisi Əbrəhə Kəbəyə hücum etdi və məğlub oldu.
—Son peyğəmbər Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) doğuldu. - 571-ci il:
—Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) süd anası Həlimənin yanında qalmağa başladı. - 575-ci il:
—Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) Məkkəyə anasının və ailəsinin yanma qayıtdı. - 576-ci il:
—Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) anası Aminə vəfat etdi.
Mənbə: Siyər-Nəbi (Həzrət Muhammədin ﷺ həyatı). İpəkyolu nəşriyyatı. (s.15-17)







