Həzrət Muhəmmədin (səllallahu aleyhi və səlləm) gənclik illəri

Siyər

Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) Əbu Talibin himayəsinə keçməsi

Anasının vəfatından sonra Həzrət Muhammədi (səllallahu aleyhi və səlləm) babası Əbdülmüttəlib öz himayəsinə götürdü. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) iki il onun yanında qaldı. Əbdülmüttəlibin son günləri yaxınlaşmışdı. O da 8 yaşındakı nəvəsini oğullarından birinə tapşırmaq üçün onları yanma çağırdı. Əbu Ləhəbə belə dedi:

“Sən zənginsən, ancaq qəlbində mərhəmət hissi yoxdur. Uşaq da yetim olduğuna görə, ürəyi onsuz da yaralıdır. Sən ona yaxşı baxmazsan. Sənin kobud münasibətindən uşaq inciyər, üzülər. Ona görə də uşağı sənə etibar edə bilmərəm.”

Qoca baba bu sözlərində haqlı idi. Çünki Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) peyğəmbərlik illərində Əbu Ləhəblə Əbu Cəhl Onun amansız düşmənləri oldular.

Qoca baba sonra oğlu Abbasa döndü:

“-Bu işə sən layiqsən, ancaq ailən böyükdür…”

Bu əsnada Əbu Talib sözə qarışdı:

“Atacan, hərçənd mənim sərvətim azdır, ancaq ürəyim yumşaqdır. Qardaşım Abdullahın oğluna baxmağa izin verməyini özüm üçün şərəf qəbul edərəm” – dedi.

Beləliklə Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) əmisi Əbu Talibin himayəsinə verildi.

Əbu Talib Ona yetimliyini hiss etdirməmək üçün əlindən gələni əsirgəmir, Onu öz övladı kimi sevirdi.

Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) 12 yaşında ikən bir müddət Əbu Talibin qoyunlarım güddü. Səhraların təmiz havasını tənəffüs edərək əmisinə kömək eləməyi özünə bir borc bildi. Bu həyat onun təmiz təbiətini qorudu və inkişaf etdirdi. Bir dəfə qoyunlarını yoldaşlarına tapşıraraq Məkkəyə endi. Həmyaşıdları kimi əyləncələrə qoşulmaq istədi. Yolda bir toya rastlaşdı. Toyu seyr edərkən yuxuladı və oradaca yatdı. Beləliklə əyləncəni izləyə bilmədi. Onsuz da cahiliyyə adətlərindən xoşu gəlmirdi.

Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) Suriyaya ticarət səyahəti

Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmisi Əbu Talib ticarətlə məşğul olurdu. Bir səfərində Muhammədi də özü ilə apardı. Şamın yaxınlığındakı Büsra qəsəbəsinə çatdıqda Bahira adlı bir keşişlə qarşılaşdılar. Bahira gənc oğlanı görüncə, onun son Peyğəmbər olacağım sezdi və Ona:

“-Səndən bir şey soruşacağam. Lat və Üzza haqqı üçün doğru söylə” – dedi. O da belə cavab verdi:

-Lat və Üzzaya and vermə, çünki mənim dünyada ən nifrət etdiyim şey bütlərdir.”

Bahira soruşacaqlarını soruşdu. Aldığı cavablar sezdiklərinə uyğun gəlirdi. Əbu Talibə dönərək belə dedi:

“Bu uşaq son Peyğəmbər olacaqdır. Şam yəhudiləri arasında onun xüsusiyyətlərini bilən, əlamətlərini tanıyanlar var. Ola bilər ki, ona xəyanət etsinlər. Sən Onu Şama aparma.”

Ona görə də Əbu Talib alış-verişini burada edib, Şama getmək fikrindən daşındı. Bu hadisə Siyər kitablarında müxtəlif şəkillərdə qeyd edilmişdir. Qərbli yazarlar bundan başqa bir nəticə çıxartmaq istəyirlər. Guya Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) dini məlumatı bu qısa görüş zamanı Bahiradan alıbmış… Əlbəttə ki, bunun həqiqətlə heç bir əlaqəsi yoxdur. İslamiyyət kimi mükəmməl bir dinin bir neçə dəqiqəlik görüş müddətində bir keşişdən öyrənilməsini hansı ağıl qəbul edər? Əgər o keşişdə bu məlumatlar var idisə, nə üçün özü bir din təsis etmədi? Niyə bunları başqasına ötürdü?! …

Sözsüz ki, Qərbli yazarların bu sözlərinin heç bir əsası yoxdur.

Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) Ficar döyüşündə iştirakı

İslamdan əvvəl ərəblər arasında qan düşmənçiliyi var idi. Ona görə də qəbilələr arasındakı daxili çəkişmələr ara vermir, tez-tez anlaşılmazlığa düşürdülər. Beləliklə aralarında savaş heç əskik olmurdu. Haram aylardan sayılan Məhərrəm, Rəcəb, Zilqədə və Zilhəccə aylarında müharibə edilməzdi. Əgər bu aylarda döyüş baş verərdisə, o zaman haram ayların müqəddəsliyi pozulduğu üçün belə müharibələrə “Ficar” deyilərdi.

Qüreyş ilə Həvazin qəbilələri arasında belə bir Ficar döyüşü dörd il davam etmişdi. Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) 20 yaşında ikən, əmiləri ilə birlikdə bu savaşda iştirak etmişdi. Ancaq nə qılıncdan, nə də oxdan istifadə etməmiş, yalnız düşmən səflərindən atılan oxları toplayıb əmilərinə vermişdi.

Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) Hilfül-Füzul birliyinə üzv olması

Ficar döyüşləri başa çatdıqda artıq Məkkədə nə can, nə də mal təhlükəsizliyi qalmamışdı. Xüsusilə xaricdən gələn tacirlər böyük haqsızlıqlara məruz qalırdılar. Həmin vaxt Yəmənli bir tacirin malı haqsızlıqla əlindən alınmış, o da Əbu Qubeys dağına çıxıb Məkkəliləri köməyə çağırmışdı. Ona cavab olaraq Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) əmisi Zubeyrin təkidi ilə Haşimoğulları, Zöhrəoğullan və bir neçə başqa qəbilələrin nümayəndələri Abdullah bin Cüdanın evində təşkil olunan məşvərət toplantısında qərar qəbul etdilər. Bu toplantı nəticəsində “Hilful-füzul” adlanan təşkilat quruldu. Bu təşkilatın nümayəndələri belə and içdilər:

“Allaha and olsun ki, zalımın mənimsədiyini geri qaytarana qədər zülmə məruz qalanın yanında olacağıq. Bu birlik dənizin bir tükü çürüdüb tamamilə məhv edənə qədər, eləcə də Hira və Səbir dağları yer üzündə mövcud olduğu müddətcə və zülmə məruz qalanın maddi çətinliyinin aradan qaldırılmasına qədər davam edəcəkdir.”

Sadəcə qəbilə rəhbər və nümayəndələrinin iştirak etdiyi bu yığıncaqda Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) də iştirak etmişdi. Bu, Onun mənsub olduğu Qüreyş qəbiləsindəki yüksək etimad və nüfuzunun nişanəsi idi. Sonralar peyğəmbərliyi dövründə O, həmin müqaviləni xatırlayar və təqdir edərək belə deyərdi:

“İslamda da belə bir birliyə dəvət edilsəm, yenə qəbul edib iştirak edərdim.”


Xronologiya:

  • 578-ci il:
    Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) babası Əbdülmüttəlib vəfat etdi.
    — Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) əmisi Əbu Talibin yanında qalmağa başladı.
  • 582-ci il:
    Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) əmisi Əbu Talib ilə birlikdə Suriyaya ilk dəfə səyahət etdi.
  • 591-ci il:
    Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) Ficar döyüşündə iştirak etdi.
    — Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) Hilful-füzulda (fəzilətlilər cəmiyyəti) iştirak etdi.

Mənbə: Siyər-Nəbi (Həzrət Muhammədin  həyatı). İpəkyolu nəşriyyatı. (s.21-23)

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика