Səhabə Əbu Zər əl-Ğifari (r.a). Zöhdün zirvəsi

Səhabə Əbu Zər əl-Ğifari (r.a). Zöhdün zirvəsi

Biz nə qədər nümunəvi şəxsiyyətlər olan əshabı-kiramı yaxından tanısaq, həyatlarını özümüzə nümunə götürə bilsək, qulluq yolunda da yolumuzdan azmarıq. Biz ideal müsəlmanlığı onlardan öyrənirik. Onların izi ilə gedilməyən yolda da xeyir yoxdur. O böyük şəxsiyyətlərdən biri də Əbu Zər əl-Ğifari (r.a.)-dır. Peyğəmbərimiz (s.a.s.) onun haqqında buyurur ki: “Əbu Zər yer üzərində Məryəm oğlu İsanın zöhdü ilə yeriyir”. Başqa bir hədisdə Allah Rəsulu (s.a.s.) ona: “Sən İslamın Məsihisən”, buyurmuşdur.

Məsih nə deməkdir? – Məsh etmək, təmizləmək, yumaq, düzəltmək, çox səyahət etmək və s.. Əbu Zər (r.a.) da Peyğəmbərimizin qoyduğu bu ləğəbə uyğun bir həyat tərzi yaşayacaqdı. Çirkin olanları təmizləyəcək, yanlış olanları düzəldəcək və çox səyahət edəcəkdi. Hər bir səhabənin zöhd həyatı vardır. Lakin Əbu Zər (r.a.)-ın zöhdi zirvədə idi. Yəni dünyaya aid heç bir şeyi yox idi. Həyatı sadəcə bu dünyadan ibarət zənn edənlər Əbu Zəri anlaya bilməzlər. 

Əbu Zər (r.a.) Ğifar qəbiləsində doğulmuşdu. Bu elə bir qəbilə idi ki, onlar daim yol kəsirdilər, insanları yağmalayırdılar, heç kim onlara bir söz deyə bilmirdi. Hətta bütün ərəb qəbilələri adi vaxtlarda quldurluq etsə də haram aylar olan 4 ayda bunu etməzdilər. Lakin Ğifar qəbiləsi üçün belə bir sərhəd yox idi. Əbu Zər (r.a.) iman edərkən Peyğəmbərimizin yanına gəldikdə Sən hansı qəbilədənsən?, deyə sorşur. O Ğifar qəbiləsindənəm, cavabını verdikdə Peyğəmbərimiz təəccüblə Ğifar qəbiləsindənmi? soruşur. Bəli Ğifar ya Rəsuləllah, deyir. Peyğəmbərimiz də Əlbəttə Allah dilədiyiniə hidayət verir, buyurmuşdur. Heç kim o qəbilədən kiminsə hidayətə gələcəyənə inanmırdı. Lakin Allah ölüdən dirini, diridən də ölünü çıxarandır. Ğifar qəbiləsindən də belə bir şəxs iman gətirir. 

Əbu Zər əl-Ğifari (r.a.) 37 yaşına qədər Ğifar qəbiləsində yaşadı. Bir quldur dəstəsinin lideri idi. Qəbiləsinin söz sahibi kimsələrindən idi. Qəbiləsinin yanından Şama doğru gedən karvanlar Əbu Zər və qəbiləsindən bezar olmuşdular. Bir xüsisiyyəti var idi, yalnızlığı sevən bir insan idi. Yenə bir gün karvanlardan birini soyduqdan sonra evindən çıxır, bir az dolaşır, özündə böyük bir sıxıntı hiss edir. Qəbiləsinin bütü olan Mənatın qarşısına çıxaraq “Sən mənim ilahımsan”, deyərək onunla danışmağa başlayır. Lakin ondan bir səs gəlmədiyi üçün qəzəblənir və əlinə bir daş alıb bütə atır. Səhərə qədər səcdə halında “Ya Rəbbim! Nə olar mənə həqiqi yolu göstər”, deyərək dua edir. Hələ Allah Rəsulunu görməyib, İslama aid heç nə bilmir. Lakin səcdə halında etdiyi duadan o qədər xoşbəxtlik hissi keçirir ki, bir ömür boyu səcdəni tərk etmir. 3 il sonra Peyğəmbərimizlə görüşərkən “Ya Rəsuləllah! İmandan sonra ən böyük vəzifəm nədir?”, deyə soruşduqda Peyğməmbərimiz də Namazdır, deyir. Rəsullah ona namazın qılınma şəklini tərif edərkən “Ya Rəsuləllah! Bir az fərqlilik olsa da, sən demə mən 3 ildir namaz qılırdım”, deyir. 

3 il əzrində yol kəsməyi, quldurluq etməyi buraxır və daim bir arayış içərisində olur. Gəlib-keçən karvanlardan eşidir ki, Məkkədə bir nəfər çıxıb, insanları təsirləndirəcək şerlər oxuyur və Allahın Peyğəmbəri olduğunu iddia edir. Qardaşı Üneysə deyir ki, “Get Məkkəyə gör bu peyğəmbərlik iddiasında olan şəxs kimdir”. Lakin nübüvvətin ilk illəri olduğu üçün müsəlman olmaq istəyənlər müşriklərin ciddi təzyiqlərinə məruz qalırdı. Belə bir mühitdə Peyğəmbəri görə bilmir və bəzi məlumatları öyrənib geri dönür. Əbu Zəri bu məlumatlar qane etmir və özü Məkkəyə gəlir. Gəlir amma peyğəmbəri soruşanların başına gələcəyini bildiyi üçün ehtiyatlı davranmağa çalışır. Kəbənin ətrafında bir ay boyunca azuqəsi sadəcə zəmzəm olmaqla Peyğəmbərin gəlişini gözləyir. Bir ayın sonunda o, Əli (r.a.)-ın diqqətini çəkir və onu evinə dəvət edir. Ona yemək-içmək verir. Lakin nə o Əbu Zərdən bir söz souruşur, nə də o Əlidən. 3 gün bu şəkildə onu Kəbəyə aparır və evinə gətirərək ona ikram edir. 3-cü günün sonunda Əli (r.a.) “Burda nə axtarırsan?”, deyə soruşur. Əbu Zər: “Əgər heç kimə söyləməsən, nə axtardığımı sənə söyləyərəm”, deyir. Əli (r.a.) söz verirəm, deyir. “Mən yeni çıxmış peyğəmbəri axtarıram”, deyir. Hz. Əli də “Tam axtardığın yerdəsən. Mən səni onun yanına apararam”, deyir. “Sən onu tanıyırsanmı?Bəli, o mənim əmim oğludur”. Gizli bir şəkildə onu Peyğəmbərimizin yanına aparır. İçəri daxil olarkən Əssələmu aleykum, deyir. Peyğəmbərimiz də Va aleykəssələm, buyurur. İllər sonra xatirələrində Əbu Zər (r.a.) deyir ki, “İsalmın ilk salamını verən mənəm”. Peyğəmbərimizə “o şerlərdən mənə oxuya bilərsənmi?”, deyir. Peyğəmbərimiz də “O şer deyildir, onlar Allahın ayələridir”, buyurur və Qurandan bir hissə oxuyur. Ayə bitməmiş “Mən şəhadət edirəm ki, sən Allahın Rəsulusan”, deyir. Onsuz da 3 il idi ki, bütləri rədd etmişdi, şəhadətin tamamlanması üçün peyğəmbəri təsdiq qalmışdı, onu da tamamlayır. Peyğəmbərimizə deyir ki, “Ya Rəsləllah! İzin ver gedib Kəbədə bu həqiqətləri söyləyim”. Peyğəmbərimiz izin verməsə də, çox israr etdiyi üçün izin verir. Kəbəyə gedərək “Ey Məkkə əhli! Mən Ğifar qəbiləsindən Əbu Zərəm. Şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur və yenə şəhadət edirəm ki, Muahmməd Onun qulu və rəsuludur”. Əbu Zəri orada ürəyi gedənə qədər döyürlər. Peyğəmbərimizin əmisi Abbas onu müşriklərin əlindən alaraq deyir ki, “Siz nə etdiyinizi bilirsinizmi? Ğifarlı Əbu Zəri döymək nə deməkdir bilirsinizmi? Bütün ticarət yolunuz Ğifar qəbiləsindən keçir. Siz ona əziyyət etməklə ticarətinizə necə ziyan dəyəcəyinizi düşündünüzmü?”. Bundan sonra müşriklər ondan əl çəkirlər. Peyğəmbərimizin yanına qayıtdıqda Allah Rəsulu Əbu Zərin üzündəki qanı silərək “Mən sənə demədimmi onlar sənə əziyyət verəcəklər”, deyir. Əbu Zər: “Ya Rəsuləllah! İzin ver sabah bir də gedim”. Peyğəmbərimiz isə izin vermir. Əbu Zər Məkkədə bir neçə gün qalır. Lakin hər günündə də bir hadisə olur. Bir gün axşam çağı Kəbədə ikən görür ki, qadınlar İsaf və Nailə bütlərinin arasında gedib-gəlirlər. Onların bu halına baxaraq istehzalı bir şəkildə “Niyə dolaşırsınız onların arasında, evləndirin onları qurtarsın getsin.” Qadınlar başa düşürlər ki, onların bütləri ilə istehza edir, səs-küy salmağa başlayırlar. Yenə Məkkə müşrikləri gələrək Əbu Zəri döyürlər. Peyğəmbərimiz də yenə onun üzündəki qanı təmizləyərək “Ey Əbu Zər! Artıq sənə Məkkədə dayanmaq olmaz. Qəbilənə geri dön və mən səni çağırmadıqca gəlmə”, deyir. Çünki artıq Əbu Zərin xasiyyəti bəlli idi. O Məkkədə qalarsa hər gün bir hadisə baş verəcəkdi. Lakin Peğəmbərimiz işin belə davam etməsini istəmirdi. Odur ki, ona “Mən səni çağırmayınca gəlmə”, deyir. Və bu sözün üzərindən tam 18 il keçir. Peyğəmbərimizin 13 illik Məkkə dönəmi bitir. Mədinəyə hicrət edir. Bədr döyüşü olur, Uhud döyüşü olur, Xəndək döyüşü bitir sonra Mədinəyə gəlir. Amma necə gəlir?! Xəndək döyüşü bitib müsəlmanlar oturub istirahət etdiyi zaman birdən görürlər ki, uzaqda toz-duman var, böyük bir ordu gəlir. Təkbir sədaları bütün Mədinəni inlədir. Bir az da yaxınlaşınca Peyğəmbərimiz görür ki, önlərində Əbu Zərdir. Əbu Zər Ğifar qəbiləsinin demək olar ki, hamısını, Əsləm qəbiləsinin təqribən yarısını 18 il boyu imana dəvət etmişdi. Allah Rəsulu onu görüncə ona sarılıb bağrına basdı. Əbu Zər (r.a.) xatirələrində deyir ki, “Allah Rəsulu mənə iki dəfə sarılmışdı ki, onları həyatım boyu unutmaram. Biri o gün Mədinəyə gəldiyim gündü. Digəri isə Rəsulullahın vəfatına yaxın məni çağırıb sarılması olmuşdu”. Əbu Zər (r.a.)-ın bundan sonra qalacağı yer Suffa olur. Suffa əsasən evi-eşiyi olmayan insanların qaldığı və elm öyrəndiyi bir yerdir. O burada elmini o qədər dərinləşdirir ki, əshab onun haqqında “Vallahi onun elmi ibn Məsudun elminə bərabərdir”, deyirlər. 

Heç kimin cəsarət edib və ya utanaraq soruşa bilmədiyi sualları Əbu Zər (r.a.) Peyğəmbərimizə soruşurdu. Məsələn, bir gün “Ya Rəsuləllah! Sən Meracda Allahı həqiqətən gördünmü?”, deyə soruşur. Rəsulullah da “O bir nurdur, Onu necə görə bilərəm”, cavabını verir. Yenə bir gün Peyğəmbərimizə soruşurur ki, “Ya Rəsuləllah! Mömin zina edərmi, Mömin oğurluq edərmi?” – Bəli edər. “Ya Rəsuləllah! Bəs mömin yalan danışarmı? – Peyğəmbərimiz buyurur ki “Əsla. İman ilə yalan eyni qabda durmaz”. Təbii ki, Peyğəmbərimiz bununla Əbu Zərə demək istədiyi o deyildi ki, müsəlman zina etməsi, oğurluq etməsi normal haldır. Peyğəmbərimizin burada xüsusilə vurğulamaq istədiyi şey, yalan küfrün əsasını təşkil etdiyi üçün ondan uzaqlaşmağın vacib olduğuna işarə etmişdi.

Əbu Zər (r.a.) görür ki, Peyğəmbərimiz müxtəlif bölgələrə valilər təyin edir. Gözləyir ki, bir gün ona da növbə gələr, onu da valiliyə dəvət edər. Dəvət gəlmədiyi üçün Peyğəmbərimizin yanına gedərək “Ya Rəsuləllah! Hər kəsi bir işlə vəzifələndirdin. Mənə də bir valilik ver”, deyir. Peyğəmbərimiz isə “Xeyir, O iş sənin işin deyildir”, buyurur. Çünki Peyğəmbərimiz onu yaxşı tanıyırdı, çünki onun bir vali tərifi var idi. O bu tərifi Müaviyənin üzünə söyləyərək demişdi ki, “Sənə valinin kim olduğunu söyləyimmi? Vali rəiyyətindən öncə acıyan, rəiyyətindən sonra doyandır”. Bəli ona görə valilik belə idarə olunmalıdır. O hər şeyin ən üstününü istəyəcəkdi. Lakin cəmiyyət hələ buna tam hazır olamdığı üçün Peyğəmbərimiz ona “O iş sənin işin deyildir”, buyurur. Vəfat edəcəyi son günlərində yanında xanımından başqa heç kim olmur. Uzaqdan gələn bir qafilə onların yanınan keçəsi olur. Onu kəfənləyəcək heç bir şeyi də olmur ailəsinin yanında. O qafiləni gördükdə “İçinizdə valilik və idarəçilik etməyən biri varsa, onun verdiyi parça mənim kəfənim olsun”, deyir. Bəli, idarəçiliyi sevdə də, haqsızlıqla əsla razılaşmırdı. 

Onun Bilal (r.a.)-la acı bir xatirəsi vardır. Bir məsələ üstündə onunla mübahisə edir. Qəzəbləndikdə Bilala (r.a.): “Sus, ey qara qadının oğlu!”, deyir. Bu söz Bilal (r.a.)-ın çox xətrinə dəyir və gəlib Peyğəmbərimizə anladır. Allah Rəsulu bu sözləri eşitdikdə üzünün rəngi dəyişir və “Dərhal Əbu Zəri bura çağırın”, deyir. Əbu Zər Peyğəmbərimizin hüzuruna gəlir və Rəsulullah ona “Səndən hələ də cahillik dövrünün qoxusu gəlir”, deyir. Yəni o söz cahillərin sözüdür. İnsanları rənginə görə, irqinə görə,  qəbiləsinə görə qınamaq cahilliyin adətidir, İslamın deyildir. Əbu Zər heç bir şey söyləmir, birbaşa Bilalın xanəsinə gedir. Bilala deyir ki, “Ey Bilal! Əgər sən ayağınla Allah Rəsulunu və səni qəzəbləndirən bu ağıza ayaq basmasan, mən bu başımı evindən çıxarmayacağam”. Bilal (r.a.) deyir ki, “Yaxşı, qəbul etdim üzürünü qalx ayağa, qalx”. O isə “Vallahi sən o ayağını mənim bu ağzımın üzərinə qoymasan mən bu evdən çıxmayacam”, deyə təkrar edir. Bilal (r.a.) görür ki, o çox israr edir, ehtiyatlı bir şəkildə ayağını toxundurur və Əbu Zər ondan sonra ayğa qalxır. Əbu Zər (r.a.) bu davranışı ilə bizə nəyi öyrətdi? – İnsanıq, xəta edə bilərik. Lakin xətanı etiraf etmək ərdəm tələb edir. Bəzən insan qarşı tərəfə etdiyi yalnışını bilir. Lakin səhvini etiraf edib üzr istəmək əvəzinə üstəlik özünü haqlı çıxarmağa çalışır. Bu əksər insanların düşdüyü böyük yanlışlardandır. İnsan elə zən edir ki, sanki yanlışlığı ortalığa çıxarsa, çox pis bir vəziyyətə düşəcək. Hansı ki, yanlışını etiraf etməməklə insanların gözündən necə düşdüyünün fərqində deyil. Əksi olarsa, daha da ucalar insan. 

Əli (r.a.)-ın Əbu Zər haqqında dediyi bir söz vardır: Ey Əba Zər! Allah Rəsulunun vəfatından sonra dünya hamımızı dəyişdirdi. Lakin tək dəyişməyən sənsən. O Peyğəmbərimizdən 281 hədis rəvayət etmişdir. Hər rəvayət edərkən “dostum mənə dedi ki”, deyər və sonra rəvayət edərdi. Son olaraq onun rəvayət etdiyi hədislərdən birini söyləyərək xütbəmi bitirmək istəyirəm. Buyurur ki, “Dostum mənə 7 şeyi vəsiyət etdi: (nədir bu 7 şey? Əslində Əbu Zərin şəxsiyyətinin açarları idi bu 7 şey. Çünki Rəsulullahdan eşitdiyi hər bir şeyi həyatına tətbiq edirdi və başqaları kimi əsla onu tərk etmirdi) 1. Zəif və miskin olanları sevməyi. 2. Özündən aşağı səviyyədə olana baxıb, özündən yuxarı səviyyədə olana köks ötürməməyi (Əbu Zər də belə bir həyat yaşamışdı). 3. Heç kimdən heç bir şey istəməməyi. 4. Qohumlarla onlar əlaqəni kəssələr də, əlaqəni kəsməməyi. 5. Nə qədər çətin olsa da həqiqəti söyləməyi. 6. Allah yolunda heç bir qınayanın qınağından qorxmadan haqqı bəyan etməyi. 7. Lə həvlə və lə quvvətə illə billəhil aliyyil azım, zikrini dilimdən və həyatımımdan düşürməməyi vəsiyət etdi. Əbu Zər (r.a.) da ömrü boyu bunları həyatından çıxarmamışdı. 

Allah bizləri də Əbu Zər kimi yaşatsın, Əbu Zər kimi haqq və həqiqət uğrunda mübarizə apara bilməyi nəsib etsin. Amin! 


Müəllif: Vasif Teymurov. İsmayıllı şəhər “Cümə” məscidinin imamı

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика