Bir ümmət olaraq zamanın çox sürətlə keçib getdiyi bir dövrdə yaşayırıq. Bu ümmətin ömrü azdır, dəyəri isə çox yüksəkdir. Nə üçün? – Çünki hamımızın bildiyi məhşur bir hədisdə Allah Rəsulu (s.a.s) buyurur ki: Qardaşlarımla görüşməyi çox arzulayıram, onlar üçün çox darıxmışam, deyə ah çəkir. Yanında olduqları halda Peyğəmbərimizin belə söyləməsini anlamayan səhabə təəccüblə, “Ey Allahın Rəsulü, biz sənin qardaşların deyilmiyik”, deyə soruşdular. Rəsulullah da: “Xeyir, əksinə siz mənim əshabımsınız, dostlarımsınız. Qardaşlarım isə məndən sonra gələcəklər, məni görmədikləri halda mənə inanacaqlar. Ümmətim içərisində ən çox sevdiyim insanlar, məndən sonra gəlib, ailəsini və malını qurban etmə bahasına məni görməyi arzulayanlardır”, buyurdu. Peyğəmbərimizin qardaşlarım, deyərək ah çəkdiyi bir ümmət ola bilmək nə böyük bir şərəfdir! Bu ümmətin dəyərinin yüksək olmasının başqa bir səbəbi digər peyğəmbərlərin bir fərd olaraq çəkdiyi imtahanları Quran bizlərə bir ümmət olaraq nümunə gətirir. Məsələn, Yusif (ə)-ın bir peyğəmbər olaraq qadın vasitəsilə çəkdiyi imtahan bizlərə nümunə olaraq təqdim olunur. Yunis (ə)-ı bir peyğəmbər olaraq ətrafındakı insanlar anlamır, onun təbliğ etdiyi ilahi həqiqətləri qəbul etmir. Bir peyğəmbərin imtahanları biz ümmətə bir nümunə olaraq təqdim olunur. Bir peyğəmbər olaraq Yaqub (ə) övladlarından imtahan olunur. Və bu imtahan bizlərə bir nümunə olaraq təqdim olunur. Onların həyatları bizlərə bataqlıqda necə yeriməyi öyrədir. Axırzamanın zülmət qaranlıqlarında onların izi ilə gedə bilmək üçün bu nümunələrə çox möhtacıq. Bu günki xütbəmizdə o nümunələrdən Yaqub peyğəmbərin ayaq izlərini özümüzə rəhbər tutmağa çalışacağıq, onun həyatının ən önəmli xüsisiyyətlərindən biri olan Səbri-Cəmildən danışacağıq.
Yaqub (ə)-ın ləğəbi İsraildir. Quani-Kərimdə də Allah Təala Yaqub (ə)-a İsrail deyə 2 dəfə səslənir. Onlardan biri Məryəm surəsinin 58-ci ayəsində, digəri isə Ali-İmran surəsinin 93-cü ayəsindədir. İsrail kəliməsi hansı mənaya gəlir? – Bu kəlimə bu gün daha çox yer üzünü fəsada uğradan bir topluluğun adı olaraq bilinsə də, lakin İsrail kəliməsinin bir mənası Allaha doğru yürümək, digər mənası isə Allahın qulu, deməkdir. İsrail oğulları ifadəsi isə hz. Yaqub (ə)-dan sonra işlənməyə başlanmışdır.
Baxmayaraq ki, yəhudilər Mədinədə məskunlaşmışdılar, lakin Quran İsrail oğulları haqqında müsəlmanlar hələ Məkkədə ikən bəhs edir. Onlar haqqında 700-ə yaxın ayə nazil olur. Həmin ayələrdə bu xislətə sahib insanların yolları ilə getmənin sonunun atəş olduğunu bildirilir. Ayələrin onlar haqqında hələ Məkkədə ikən nazil olması ona görə idi ki, çünki müsəlmanlar Mədinəyə hicrət etdikdə onların fitnələri ilə üz-üzə qalacaqdılar. Məsələn, Quranın ən böyük surəsi olan Bəqərə surəsində onların sifətləri barədə bəhs olunur. Həmin ayələrdə yəhudilərin ən böyük xüsusiyyəti olaraq dini öz mənfəətlərinə alət etdikləri barədə qeyd olunur. Bu gün də varmı belə insanlar? – Bəli. Həmçinin onların digər bir xüsusiyyəti güclərini itirməmək üçün peyğəmbərlərini belə fəda edən bir qövm olduğu bildirilir. Yəni kim onların mənfəətlərinə qarşı çıxırsa, qarşılarında bir peyğəmbər belə olsa əzib keçməyə hazır olan bir qövm… Digər bir xüsusiyyətləri isə özlərini müqəddəs və ən üstün bir qövm olaraq görmələridir. Onların bu xüsusiyyətlərini öyrəndikdən sonra özümüzü də hesaba çəkməyimiz lazımdır. Görəsən yaşayarkən həyatımız onlara bənzəyirmi?! Düşünərkən düşüncələrimiz onlara bənzəyirmi?! Qurani-Kərimi oxuyarkən də bu cür müqayisəli şəkildə oxumağımız lazımdır ki, uca Allahın qınadığı kəslərdən bizlər də olmayaq.
Yaqub (ə)-ın qövmü haqqında qısa girişdən sonra onun həyatındakı ən önəmli xüsusiyyətindən bəhs etməyimiz yerində olar: Səbri-Cəmil. Quranda da keçən bir ifadədir. Yəni ən gözəl bir şəkildə səbr edən. Yəni dərdini yalnız Allaha ərz edən. Səbri-Cəmilin olduğu bir yerdə nələr olmaz? – Dözümsüzlük olmaz, şikayət olmaz, peşmanlıq olmaz. Səbri-Cəmil sahiblərinin başına bir müsibət gəldikdə Allahın bu müsibətlə göndərdiyi mesajını oxumağa çalışarlar. Görəsən Rəbbim bu müsibətlə mənə hansı mesajları verir, deyə düşünərlər.
Peyğəmbərimiz (s.a.s) Məkkədə ikən açıq dəvətə başladıqda müşriklər müsəlmanlara zülm və işkəncə verməyə başlayırlar. Belə bir zamanda Peyğəmbərimizə Ğaşiyə və Məaric surələri nazil olur. Peyğəmbərimiz sübh namazı vaxtı Ğaşiyə surəsini oxuyur. Cümə namazlarında Əla və Ğaşiyə surələrini oxuyur. Axşam namazında isə Məaric surəsini oxuyur. Məaric surəsinin 5-ci ayəsində uca Allah buyurur ki: فَاصْبِرْ صَبْرًا جَمِيلًا (Ya Peyğəmbər! Kafirlərin əziyyətlərinə) mətanətlə (heç bir təlaş, narahatlıq keçirmədən) səbr et! Uca Allahın Yaqub peyğəmbərə öyrətdiyi səbr dərsini Peyğəmbərimiz namazlarında oxuyaraq həm özünü, həm də əshabını təskin edirdi. Və əshab da anlayırdı ki, yalnız bu cür məşəqqətli imtahanlardan keçərək böyük müvəffəqiyyətə nail olmaq olar. Nübüvvətin 10-cu ilində Peyğəmbərimiz Taifə səfər edərkən orada daşqalaq olunur, böyük bir zülm görür. Bu hadisən sonra isə Yusuf surəsi nazil olur. Allah Təala həmin surədə Yaqub (ə)-ın dili ilə 2 dəfə Səbri-Cəmil ifadəsini işlədir. Onun müsibətlər qarşısında necə də gözəl bir səbr nümayiş etdirdiyini anladır. Quranın bizə təlim etdiyi bu səbri əldə etmək üçün iki ehtimal vardır: ya özümüzü uyuşdurmalıyıq, yada bu səbr dərsini öyrənməliyik.
İfq hadisəsini hər birimiz xatırlayırıq. Aişə anamızın çəkdiyi sıxıntılar yadımızdadır. Ona zina iftirası atılır. Üzərindən nə qədər müddət keçməsinə baxmayaraq onun bu iftiradan xəbəri olmur. Bu xəbəri eşitdikdə bilirsnizmi nə deyir? – Mənim üzərimə düşən Yusufun atası kimi səbr etməkdir. Yəni Yaqub (ə) kimi. Və deyir ki, o zaman Yaqubun adı yadıma düşmədi Yusufun atası, dedim. Bütün Mədinə hər kəs bu haqda danışır. Hz. Aişə ana və atasına deyir ki: Sözsüz ki, bu deyilənləri eşitmisiniz, yəqin ki, qəlbinizə həm də şübhə düşüb. Mən indi günahsızam desəm — ki Allah buna şahiddir — inanmaya bilərsiniz. Əksini söyləsəm dərhal inanarsınız. Lakin Allah günahsız olduğumu bilir. Odur ki, bu deyilənlərə qarşı mən yalnız Allahdan yardım diləyirəm. Hz. Aişənin bu səbri və yalnız Allaha bel bağlamağının qarşılığı olaraq uca Allah onun günahsız olduğunu, bu şayənin bir iftira olduğunu, həmçinin möminlərin də bu hadisəni eşitdikləri zaman hüsni zənn bəsləmədikləri üçün qınanması haqda düz 10 ayə nazil edir. Hz. Əbu Bəkr bu ayələr nazil olarkən qızının başından öpərək Rəsulullahın yanına getməsini istədikdə, hz. Aişə: “Mən, Allahdan başqa kimsəyə həmd və təşəkkür etməyəcəm. Mənim bəraətimi bildirən Allahdır!”, deyərək bir az da naz ilə incikliyini bildirdi. Həqiqətən də Allah Təala səbr edən və yalnız ona güvənən qullarını daim çətinlikdən qurtarır.
Nə etsək, səbri-cəmili əldə edə bilərik? – Biri imandır, digəri isə ümiddir. Yusuf surəsi 87-ci ayədə də Allah Təala buyurur ki: Şübhəsiz ki, kafirlərdən başqası Allahın mərhəmətindən ümidini kəsməz. Yəni ümidsizlik kafirlərin halıdır. İman varsa, mütləq ümid də olmalıdır. Lakin bu gün İslam ümmətinin halı ortalıqdadır. Ümidsiz olduğumuz üçün irəliyə doğru heç bir addım ata bilmirik, fədakarlıq edə bilmirik. Ümidsiz olduğumuz hansı kəlimədən bilmək mümkündür, bilirsinizmi? Çox vaxt nə deyirik? — Allah böyükdür, amma… Ammalı cümlələrimizdən aydın olur ki, ümidimiz tükənib, enerjimiz bitib, artıq belə bir şəxsdən fədakarlıq gözləmək əbəsdir. Nə üçün belə oluruq? – Çünki imtahanın sonunu gözləyə bilmirik, səbirsizlik edirik, ümidimizi tez itiririk.
Bəs ümid nədir? – Dənizin olmadığı bir yerdə Nuh (ə) kimi gəmi düzəltməkdir. Allah ona gəmi düzəlt, deyə əmr edir, o da düzəltməyə başlayır. İnkarçılar onu ələ salmağa başlayır, dənizin olmadığı bir yerdə gəmi düzəldərlərmi, deyərək onu ələ salırlar. Bəs Nuh (ə) ümidini itirsəydi, nə olardı? – Gəmi düzəlməzdi, tufan gəldiyi zaman heç kim qurtula bilməzdi. Ümid həmçinin ot bitməz, karvan keçməz bir ərazidə İbrahim peyğəmbərin zövcəsi Həcər anamızı və oğlu İsmayılı orada buraxıb Allaha əmanət etməsidir. Onları belə bir ucsuz-bucaqsız bir səhranın ortasına atarkən Həcər anamız nə demişdi? – Bizim buraya gəlməyimiz üçün özün qərar verdin yoxsa, Allahın əmrilə bunu edirsən? İbrahim peyğəmbər də — Allahın əmrilə, demişdi. O da “Əgər Allah əmr etmişdisə, Allah bizə yetər, O bizi himayəsiz buraxmaz”, demişdi. Yəni cavab Allah olunca qəlbi təskinlik tapmışdı. Qurandakı bu misallar bizə əbəs yerə verilmir. Allaha necə ümid bəslənilməlidir, imtahan qarşısında necə səbr etməliyik, bütün bu yolları Quran bizə bu misallarla anladır.
Ümid həmçinin Yaqub (ə)-ın oğulları ona Allaha and olsun ki, Yusifi tez-tez yada salmaqla axırda ya xəstə düşəcək, ya da öləcəksən, dedikdə إِنَّمَا أَشْكُو بَثِّي وَحُزْنِي إِلَى اللَّهِ Mən qəm-qüssəmi yalnız Allaha ərz edirəm, demişdi. Bu sözlərdən alacağımız dərs ondan ibarətdir ki, Allahdan şikayət etmək caiz deyildir. Lakin başına gələni Allaha şikayət etmək caizdir. Səbri-cəmil budur qardaşlar. Odur ki, hansı müsəlman belə bir ümidə sahib olmağı, belə bir səbri-cəmilə sahib olmağı istəməz. Bunların ən üzərində olan məsələ isə imandır. İman məsələsi ən çox bilindiyi zənn edilən, lakin ən az bilinən məsələdir. İman nədir, deyə soruşulsa, hər birimiz nəzəri olaraq imanın 6 əsasını sayarıq, izahlarını verərik. Lakin bunları qəlbimizə tam oturda bilmirik. Yəni nəzəri bilgilərimizi praktikaya yansıda bilmirik. Məsələn, biz nəzəri olaraq bildiyimiz üzmə bacarığımızı necə praktikaya çevirə bilərik? – Təbi ki, davamlı olaraq hovuzda üzərək buna nail ola bilərik. Mən üzməklə əlaqəli 100 kitab oxumuşam, deməklə bu iş mümkündürmü? Oxuduğun o kitablarla səni bir dənizə atsaq, kitablarla bərabər sən o də dənizə dalıb gedərsən. Nəzəri olaraq avtomobil sürmə vərdişi də həmçinin, avtomobili dəfələrlə idarə etməyi öyrənməklə mümkündür. Odur ki, imanın əsaslarını bilirəmlə, iş bitmir. Çox kitab oxumuşam, çox hədis oxumuşam, çox təfsir bitirmişəm, deməklə olmur. Demək ki, öyrəndiklərimizi tətbiq etmədən də həqiqi imana çatmaq mümkün deyildir. İmanı məsələləri qəlbimizə tam oturda bilmədiyimiz üçün də bizdə ehsan şüuru inkişaf etmir. Nə deməkdir ehsan şüuru? – Yəni Allahın bizim əməllərimizə şahidlik etdiyini düşünərək qulluq edə bilmirik. Onun gördüyünü düşünərək həyatımızı yaşasaq, həyatımız tamam başqa cür olar. Məsələn, atamız yanımıza gəldikdə, oturuşumuzu düzəldərik. Müəllimizin yanında sözlərimizə, hərəkətlərimizə diqqət edərik. Bəs bizi Allah görür nə edirik?! Yəni ehsan şüuru dediyimiz duyğuya çox ehtiyacımız var.
Son olaraq səbr, təmbəl olmaq deyildir. Səbr, miskin olmaq deyildir. Səbr, etinasızlıq və qüsurları örtən bir örtü deyildir. Yəni hər cür çirkinliklər işlənəcək və sən bunlara qarşı susub etinasız davranacaqsan, səbr bu deyildir. Səbr, haqqını tələb etmənin qarşısında bir əngəl deyildir. Yəni insan səbri anlayarsa, haqqını tələb etmək gərəkdiyini anlar. Çünki səbr əslində haqqını tələb etməkdir. Yəni səbr miskinlik nümayiş etdirmək, zülmə riza göstərmək əsla deyildir. Quran bizə səbri belə anlatmır. Bəs səbr nədir? – Səbr müqavimət göstərməkdir, səbr dirənməkdir, səbr pisliklərə və haqsızlığa təslim olmamaqdır, səbr haqqın iqaməsi üçün çalışmaqdır. Əgər biz səbri səbr qəhramanları olan əshabı-kiramdan öyrənsək, səbrin nə olduğunu və nə olmadığını daha yaxşı anlayarıq.
Uca Allah bizlərə Quranın bizə öyrətdiyi səbrə nail olmağı nəsib etsin. Səbr ayı olan Ramazanda səbrin həqiqətinə vara bilməyi və həyatımıza tətbiq edə bilməyi Rəbbim nəsib etsin. Amin!
Müəllif: Vasif Teymurov. İsmayıllı şəhər “Cümə” məscidinin imamı






