Allahın mütəşabeh sifətləri

Allahın mütəşabeh sifətləri Əqidə

Rəhman olan Allahın sifətləri barədə Quranda yaxud Peyğəmbərdən ﷺ səhih xəbərlərdə gələn hər bir şeyə iman etmək və onu məmnuniyyət və təslimiyyət ilə qəbul etmək, həmçinin onun rədd edilməsi, yorulması, oxşadılması, bənzədilməsi kimi şeyləri tərk etmək vacibdir.

Allahın sifətləri haqda qapalı qalan şeylərin ləfzini isbat etmək və onun mənasına baş vurmağı tərk etmək vacibdir. Uca Allahın Öz Kitabında təriflədiyi elmdə möhkəm olanların yoluna tabeçilik yönündən həmin şeylər barədə bilgini onu danışana, öhdəçiliyini isə onu nəql edənin üzərinə buraxırıq. Uca Allah belə buyurur: “Elmdə möhkəm olanlar deyərlər: Biz ona iman etdik, hamısı Rəbbimiz tərəfindəndir”. Daha sonra Uca Allah vəhyin mütəşabeh olanını açıqlamaq istəyənləri qınayaraq dedi: “Qəlblərində əyrilik olanlar isə, fitnə çıxartmaq yaxud onu yozmaq istədikləri üçün orada olan mütəşabehə tabe olurlar. Onun yozumunu isə yalnız Allah bilir. Uca Allah onu açıqlamaq istəyini əyriliyin bir əlaməti etdi və onu məzəmmət yönündən fitnə istəyi ilə birləşdirdi. Daha sonra Uca Allah bu sözləri ilə onların arzularına sədd çəkdi və qəsd etdikləri istəklərini ürəklərində qoydu: “Onun yozumunu yalnız Allah bilir”.

Onun rədd edilməsi, yozulması, oxşadılması, bənzədilməsi kimi şeyləri tərk etmək vacibdir; Artıq yuxarıda təvil məsələsi izah edilmişdir. Müəllifin qeyd etdiyi oxşatma və bənzətmə sözləri ərəb dilində eyni mənada istifadə edilir. İmam Süyuti əş-Şafei buna dair yekdillik hekayət edir. Ancaq alimlərin istilahında bu məsələyə dair iki məşhur məslək mövcuddur:

Birinci məslək: Bu iki kəlmə ərəb dilində varid olduğu kimi eyni mənada istifadə edilir. Təşbih və təmsil eyni şeydir. Hədis əhlindən bir çoxu, həmçinin kəlam əhlindən bəziləri bu görüş üzərə olmuşlar. İmam Əhmədin bir neçə yerdə dediyi sözləri də buna dəlalət edir.

İkinci məslək: Bəzi alimlər təşbih ilə təmsil arasında müəyyən fərqin olduğunu demişlər. Onlara görə təşbih iki şey arasında əksər yönlərdən bərabərliyin olmasıdır. Təmsil isə bütün yönlədən iki şey arasında bərabərliyin olmasıdır.

Alimlər qatında olan ikinci istilaha əsasən, təşbih ilə təmsil arasında fərq vardır. Bunu da İmam Süyuti əş-Şafei (Allah ona rəhmət eləsin) qeyd etmişdir. Habelə İmam Bacuri əş-Şafei Şərhü-Cəvhərətit-Təvhid adlı kitabında həmin görüşü qeyd etmişdir. Bir çox mütəkəllimlər bu görüş üzərə olmuşlar. Bu görüşə əsasən mütəkəllimlər iki şey arasında olan bənzərliyə tərif verdikləri zaman deyirlər: Bütün nəfsi sifətlərdə iki şey arasındaki olan eynilikdir. Bu eynilik mütləq olaraq sifət adlanan bütün sifətlərdə gəlmir. Bu tərifi yalnız nəfsi sifətlər çərçivəsində qeyd edirlər.

Nəfsi sifətlər nədir?

Alimlər belə demişdirlər: “Zatin nəfsi sifətlər ilə vəsf olunması zata əlavə gələn mənaya deyil, zatin özünə dəlalət edir».

Onlar nəfsi sifətləri bu cür açıqlamışdırlar. Həmin sifətlər məna sifətlərindən fərqlənir. Qüdrət, iradə, həyat kimi sifətlər barədə onun nəfsi sifətlərdən olduğu deyilməz. Bu sifətlərə məna sifətləri deyilir. Həmin sifətlər Zeydin, Əmrin, Xalidin zatında əlavə gələn mənalardır və zatin özü deyil. Nəfsi sifətlər isə fərqlidir və zata əlavə gələn mənalar deyil.1 Bir sözlə İbn Qüdamə (Allah ona rəhmət eləsin) birinci məslək sahiblərinin yolu üzərə olub. Ona görə təşbih və təmsil eyni mənanı ifadə edir.

Bir sıra alimlər üçüncü istilahı qeyd edib deyirlər: Bu sözlər (الشبيه / المثيل / النظير) bir-birindən fərqlənir. Onlar bu kəlmələrin müxtəlif mənaları daşıdığını deyirlər. Halbuki dilçilər bu kəlmələr arasında heç bir fərq qoymurlar.

Bənzərlik vəsfi yalnız iki şey arasında mənada müştərəklik olacacağı zaman sabit olur. Ancaq əgər iki şey arasında sadəcə isimdə, yaxud ləfzdə müştərəklik olarsa, bu zaman iki şey arasında bənzərliyin olduğu deyilməz. Bu halda yalnız iki şey arasında ləfzi müştərəkliyin olduğu deyilər.

Misal: Ərəb dilində (العين) kəlməsi həm göz hədəqəsi, həm yerdən çıxan çeşmə və həm də digər mənalarda istifadə edilir. Həmin kəlmə bütün bu mənalarda müştərək ləfzdir. Ancaq bu ləfzin mənaları bir-birindən fərqlənir. Halbuki qeyd edildiyi kimi göz hədəqəsi və çeşmə kəlmələrinin arasında ləfz müştərəkliyi mövcuddur. Eyni ləfzdən olan, ancaq müxtəlif mənalar daşıyan şeylərin arasında bənzərliyin olduğu deyilməz. Yəni göz hədəqəsi ilə çeşmə arasında bənzərlik yoxdur. Bu ikisi arasında yalnız ləfzi müştərəklik vardır.

Bəlli olur ki, bənzərlik yalnız mənada müştərəklik olacağı zaman sabit olur. Bu səbəbdən İbn Qüdamə (Allah ona rəhmət eləsin) belə demişdir: “Təşbili və təcsim yalnız Uca Allahın sifətləri məxluqatın sifətlərinə məna cəhətdən daşınacağı zaman hasil olur. Biz isə bu cür etiqad etmirik. Biz bilirik ki, Uca Allahın heç bir bənzəri yoxdur. O Eşidəndir, Görəndir. Habelə onun sifətləri əvvəli olan varlıqların sifətlərinə bənzəmir”.

Bu, İbn Qüdamənin Təhrimün-Nəzər adlı kitabında qeyd etdiyi sözləridir. Qeyd edildiyi kimi həmin kitabda İbn Qüdamə Əbül-Vəfa İbn Aqil əl-Hənbəliyə rəddiyə vermişdir. Allah onların hər ikisinə rəhmət eləsin!

Müəllif (təşbih və təmsil) sözləri ilə həm Uca Allahın mütəşabeh sifətlərinə, həm də möhkəm və aydın sifətlərinə yönəlik vacib şeylərin bəyan edilməsini bitirir.

Müəllif “Qurani-Kərimdə gələn…” sözləri ilə bütün sifətləri qəsd etmişdir. Çünki bu əhkamlar bütün sifətlərə uyğun gəlir. Həmin sifətləri rədd etmək olmaz. Onu gözəl şəkildə qəbul etmək gərəkdir. Habelə onu təvil etmək, yaxud qeyri-üstün ehtimallı mənaya yozmaq olmaz.

Allahın sifətləri haqda qapalı qalan şeylərin ləfzini isbat etmək və onun mənasına baş vurmağı tərk etmək vacibdir. Müəllif bu məqamda sifətlərin müəyyən növü barədə danışır. Bu da qapalı qalan sifətlərdir. Hənbəlilər həmin sifətləri mütəşabeh sifətlər adlandırırlar. Çünki həmin sifətlər hökm etibarı ilə digər sifətlərdən fərqlənir. Ancaq sifətlərin təvil edilməsi, rədd edilməsi, bənzədilməsi və oxşadılması kimi əhkamlarda həmin sifətlər digər sifətlərlə eynidir. Bununla da məlum olur ki, həmin sifətlərin digər sifətlərə əlavə gələn əhkamları vardır.

Allahın sifətləri haqda qapalı qalan şeylərin ləfzini isbat etmək. Uca Allahın qapalı qalan sifətlərini ləfz olaraq isbat etmək gərəkdir. Lakin bu sifətləri rədd etmək olmaz. Bu sifətlərin qapalı olması qəsd olunan mənanın aydın olmaması səbəbi ilədir. Yəni Uca Allahın murad etdiyi mənanın qapalı qalmasıdır. Biz həmin mənanı bilmirik. Bu səbəbdən bizim qatımızda həmin sifətlər qapalıdır. Halbuki həmin kəlmələrin ərəb dilində olan mənaları aydındır.

Əgər insanlardan birinə: İstiva kəlməsinin mənası nədir? — sualı verilsə, onun mənasını biləcək. Habelə əgər ona: Nüzul sözünün mənası nadir? — deyilsə, onun da mənasını biləcək. Habelə ona: Əl kəlməsinin mənası nədir? — deyilsə, həmin kəlmənin mənası onun üçün heç də qapalı olmayacaq.

Məlum olur ki, həmin sifətlərin qapalı qalan mənaları dilçilik yönündən aydındır və qapalı deyil. Qapalılıq isə yalnız və yalnız Uca Allahın özünə izafət edərək murad etdiyi mənadadır. Uca Allah belə buyurur: “Allahın əli onların əllərinin fövqündədir.”(Fəth, 10) Həmçinin belə buyurur: “Rəhman olan Allah ərşə istiva etdi”.(Taha, 5)

Habelə Peyğəmbər ﷺ buyurmuşdur: “Allah gecənin son üçdə birində dünya səmasına nazil olur. Həmin sifətlər ərəb dilində gələn həqiqətlərə daşınacağı zaman bənzətmə ortaya çıxacaq. Eyni zamanda ərəb dilində gələn məcazi mənalara daşınacağı zaman təvil ortaya çıxacaq. Məhz bu səbəbdən qiblə əhli bu məsələdə ixtilafa düşmüşlər: Onlardan bəziləri həmin sifətləri əqllərə ilk gələn zahirlərə daşımışlar. Yəni eşidiləcəyi zaman insan əqlinə gələn zahiri mənalara daşımışlar. “Allahın əli onların əllərinin fövqündədir.” (Fəth, 10) insana bu ayə oxunacağı zaman onun əqlinə gələn ilk mənanı qəsd etmişlər. Həmin mənanın maddəsi isə insanın hissiyyatı ilə bilinəndir. Bu düşüncədə olanlar deyirlər: Allahın əli deyildiyi zaman orqan və ya üzv, yaxud məlum əl qəsd olunur. Bununla da onlar Allahı məxluqatına bənzətmişlər. Qiblə əhlindən digərləri isə onu təvil etmiş və demişlər: Burada əl deyildiyi zaman qüdrət və nemət qəsd edilir. Habelə istiva deyildiyi zaman istila, yaxud ucalıq qəsd edilir. Nüzul deyildiyi zaman isə mərhəmətin nazil olması, yaxud buyuruğun nazil olması qəsd edilir. Bunu deyənlər Uca Allahın sifətləri təvil etmişlər. Qiblə əhlindən başqaları isə həmin sifətlərin ləfzini isbat edib deyirlər: Həmin ləfzlər sabitdir və biz onu inkar etmirik. Ancaq bu görüş sahibləri onun mənalarına baş vurmurlar.

Müəllifin burada qəsd etdiyi qisim insanlar məhz bunlardır. Onlar Hənbəli imamlarıdır. Onlar həmin sifətlərin ləfzlərini isbat etmiş və mənalarına baş vurmamışlar. Onun mənalarını həmin xəbərləri çatdıranın öhdəsinə buraxmışlar. Onlar demişlər: Allah onun mənalarını daha yaxşı bilir.

Müəllifin sözlərində gələn qapalılıq həmin sifətlərə nəzər yetirən şəxslərə nisbətdə dəyişmir. Çünki belə olan halda həmin məsələdə qapalılıq nisbi olacaq. Bəzən hər hansı bir məsələ Zeydə qapalı qaldığı halda Əmr üçün qapalı olmur. Bir adama qapalı qalan bir şey digərinə qapalı qalmır. Əslində burada gələn qapalılıq nisbi bir səbəbdən ötrü deyil. Burada gələn qapalılıq sadəcə həmin şeyin bütün insanlar üçün qapalı qalmasından ötrüdür. Çünki qapalılıq mənanın özündə yatır və heç də nisbi deyil. Burada gələn məna insanlardan heç birinin qatında hasil olmur. Həmin məna bizim bilmədiyimiz naməlum bir mənadır. Bəlli olur ki, xəbərlərdə gələn qapalılıq nisbi deyil, mütləq qapalılıqdır.

Məhz bu səbəbdən Hənbəli imamları irəlidəki ayəni həmin məsələyə dəlil gətirmişlər: Uca Allah belə buyurur: “Onun yozumunu yalnız Allah bilir. Onlar onun yozumu və açıqlaması barədə elmi Uca Allaha qaytarmışlar.

Hənbəli imamları mənalarında qapalılıq olan həmin sifətləri xəbəri sifətlər adlandırmışlar. Xəbəri sifətlər isə əqli sifətlərin qarşılığında gəlir. Xəbəri sifətlər xəbərlərdə sabit olan və əqlin idrak etmək gücündə olmadığı sifətlərdir. Onlar demişlər: Xəbəri sifətlər qapalı və mütəşabeh olandır və biz onun elmini Uca Allaha həvalə edirik. Qeyd edildiyi kimi Hənbəli imamları qatında sifətlərin təvil edilməsi haramdır. Habelə onun təfsir edilməsi də icazəli deyil.

Təvil ilə təfsir arasında fərq: Alimləri bir görüşünə əsasən, təfsir ilə təvil eyni mənada gəlir. Digərləri isə demişlər ki, bu ikisi arasında fərq mövcuddur. Yuxarıda izah edildiyi kimi təvil ləfzin qeyri-üstün ehtimallı mənaya daşınmasıdır. Təfsir isə mütləq olaraq mənanın bəyan edilməsidir, açıqlanmasıdır. Bu yöndən təfsir təvildən daha geniş mənanı kəsb edir.

Həmin şeylər barədə bilgini onu danışana (xəbər verənə) buraxırıq. Çünki onun muradını bilən Odur. Quranı, yaxud sifətlər barədə gələn ayələri, yaxud Sünnədə gələn həmin xəbərləri oxuyan bu şeylər barədə yalnız zənn ilə danışa bilər. Bu şeylər barədə danışmaq və onun mənasını əldə etməyə çalışmaq yalnız zənn ilə gerçəkləşir. Zənn isə bəzən doğru, bəzən isə yanlış olur. Belə olan halda həmin şeylər barədə danışmaq Allaha qarşı elmsiz sözlər demək anlamına gəlir. Məhz bu səbəbdən təvilin və təfsirin tərk edilməsi ən salamat yoldur.

Öhdəçiliyini isə onu nəql edənin üzərinə buraxınq. Müəllif qapalı olan sifətlərin üç əhkamını qeyd edir:

Birinci əhkam: Onun ləfzini isbat edirik və onu inkar etmirik.

İkinci əhkam: Heç bir vəchlə onun mənasına baş vurmuruq. Yəni nə zahiri mənasına, nə də qeyri-zahiri mənasına baş vurmuruq.

Üçüncü əhkam: Onun mənası barədə elmi Uca Allaha qaytarırıq.

Gətirilən irad: Sifətə iman etmək və onu rədd etməmək onun mənasını bilməyə dayanır. Mənasını bilmədiyin bir sifətə necə iman edə bilərsən?

Gətirilən iradın cavabı: Gətirilən irad məqbul hesab olunmur. Çünki bir şeyə iman gətirmək ilə onun mənasını bilmək arasında heç bir sıx bağlılıq yoxdur. Bir çox təfsirçilər surələrin əvvələrində gələn heca hərfləri (əl-Hürufül-Müqəttə) barədə onun mənasını yalnız Allahın bildiyini demişlər. Bununla yanaşı ona iman etmişlər. Habelə qiyamətin qopacağı vaxt və ölüm kimi nə zaman baş verəcəyi məlum olmayan digər şeylər buna bənzəyir. Bununla yanaşı biz qiyamətin qopacağına və ölümün gələcəyinə iman edirik. Halbuki onun baş vermə vaxtı barədə xəbərsizik.

Uca Allah buyurur: “Elmdə möhkəm olanlar deyərlər: Biz ona iman etdik, hamısı Rəbbimiz tərəfindəndir.”; Ayədə gələn (والراسخون في العلم) elmdə möhkəm olanlar sözlərindəki (و) hərfi bağlayıcı hərf olaraq deyil, cümlənin başlanğıcını ifadə edən ədat olaraq gəlmişdir. Hənbəli imamlarına görə həmin yerdə, yəni həmin hərfdən öncə dayanmaq vacibdir. Uca Allah belə buyurur: “Onun yozumunu yalnız Allah bilir”.(Ali-İmran, 7)

Daha sonra Uca Allah vəhyin mütəşabeh olanını açıqlamaq istəyənləri qınayaraq dedi: “Qəlblərində əyrilik olanlar isə, fitnə çıxartmaq yaxud onu yozmaq istədikləri üçün orada olan mütəşabehə tabe olurlar. Onun yozumunu isə yalnız Allah bilir.” Uca Allah onu açıqlamaq istəyini əyriliyin bir əlaməti etdi və onu məzəmmət yönündən fitnə istəyi ilə birləşdirdi. Daha sonra Uca Allah bu sözləri ilə onların arzularına sədd çəkdi və qəsd etdikləri istəklərini ürəklərində qoydu: “Onun yozumunu yalnız Allah bilir.”. Mütəşabehin yozumu yalnız Uca Allaha məlumdur. Artıq yuxarıda qeyd edilmişdir ki, mütəşabeh deyildiyi zaman xəbəri sifətlər qəsd edilir. Buna əsasən mütəşabeh onun barədə bilginin mümkün olması yönündən iki növdən ibarətdir, çünki Hənbəli üsulçularının qeyd etdikləri kimi mütəşabeh yalnız sifətlər xəbərləri ilə məhdudlaşmır.

Üsulçular buyururlar: Mütəşabeh mənası aydın olmayandır. Bunun ardınca deyirlər: Bəzən mənası aydın olmayan söz müştərəklik səbəbi ilə, yəni ləfz müştərəkliyi səbəbi ilə aydın olmur. Bəzən isə yığcamlıq səbəbi ilə aydın olmur. Bəzən isə bənzətmənin üzə çıxması səbəbi ilə, yəni sifətlərdə təşbihin zahir olması səbəbi ilə qapalı qalır. Aydın olur ki, həmin alimlərin qatında ləfz müştərəkliyi mütəşabehdən sayılır. Habelə ləfzin mənası bəyan edilməzdən öncə istifadə edilməsi səbəbi ilə olan yığcamlıq mütəşabehdən sayılır. Bəyan edilmədiyi üçün mənası bilinməyən ləfzlərə yığcam (المجمل) sözlər deyilir. Onun qarşılığında isə bəyan edilmiş (المبيّن) gəlir. Yığcam növündən olan sözlər də onların qatında mütəşabehdir. Habelə Hənbəli imamları qatında xəbəri sifətlər mütəşabeh adlanır.

Məlum olur ki, mütəşabehin üç qismi vardır. Bu zaman ortaya bir sual çıxır: Ayədə gələn “onun yozumunu yalnız Allah bilir” sözləri ilə birinci, ikinci, yoxsa üçüncü qisim qəsd edilir?

İbn Qüdamə (Allah ona rəhmət eləsin), habelə digər Hənbəlilər bu ayəni xəbəri sifətlər qisminə aid etmişlər. Belə olan təqdirdə, həmin ayədə gələn mütəşabehlik ləfz müştərəkliyi yönündən deyil. Qeyd edildiyi kimi ləfz müştərəkliyi iki şey arasında ləfzdə, kəlmədə müştərəkliyin olmasıdır. İki şey isim və ləfzdə birləşir, ancaq mənada fərqlənir. Yəni ləfz etibarı ilə eyni olan iki kəlmə mənada bir-birindən tamamilə fərqlənir. Bu cür sözlərə ləfzi-müştərək sözlər deyilir.2

Habelə mənası qapalı qalan yığcam ləfzlər də mütəşabeh adlanır. Bu isə ikinci qisimdir.

Üçüncü qisim isə bənzətmənin (Uca Allahın məxluqatına bənzədilməsinin) aşkara çıxmasıdır. Hənbəli imamları mütəşabehin bu qismini qeyd etdikləri zaman xəbəri sifətləri qəsd edirlər.

Hənbəli imamları deyirlər: “Onun yozumunu yalnız Allah bilir”, bu ayədə gələn mütəşabehlik yığcamlığı ifadə etmir. Bu ayədə sifətlər qəsd edilir. İbn Qüdamə və digər Hənbəlilər bunu bu cür açıqlamışlar.

Deyirik: Mütəşabeh barəsində bilginin mümkünlüyü yönündən iki növdür. Çünki bəzi hallarda müştərək olan sözlər məlum olur. Habelə bəyan edici amil varid olacağı zaman yığcam olan sözlər də, məlum olur.

Mütəşabehin iki növü:

Birinci növ: Həm elmdə möhkəm olanlar, həm də sıravi insanlar qatında bilinməsi mümkün olan mütəşabeh sözlər. Bu növ sözlərə mücməl və müştərək olan kəlmələr daxildir. Məhz bu səbəbdən Hənbəli imamları demişlər: Bu ayə xüsusi olaraq xəbəri sifətləri şamil edir. Çünki qeyd edildiyi kimi müştərək və mücməl olan sözlər bəzi hallarda məlum olur.

İkinci növ: Allahın istəyi olmadan heç bir varlığın bilməsi mümkün olmayan mütəşabeh sözlər. Bu isə sifətlərdə olan mütəşabehlikdir. Məhz bu səbəbdən onlar ayədə gələn mütəşabehliyi xüsusi olaraq sifətlərə aid etmişlər.


1. Nəfsi sifətlər: Uca Allahın zatına əlavə gələn mənalar deyil və sadəcə Uca Allahın zati varlığına (əl-Vücud) sifətinə dəlalət edən xüsusiyyətlər daxildir: Allah, əl-İləh, əl-Qüddus kimi adlar, (tərc.)

2. Şərhçi Uca Allahın xəbəri sifətlərində olan mütəşabehliyin ləfz müştərəkliyi yönündən olmadığını qeyd edir. Şərhçinin burada qəsd etdiyi ləfz müştərəkliyi, yəni ərəb dilində mənaları məlum olan sözlərin ləfz müştərəkliyidir. Çünki Hənbəli imamlarına görə Uca Allahın xəbəri sifətlərini ərəb dilində gələn mənalara uyğun açıqlamaq mümkün deyil. Ancaq Hənbəli imamları xəbəri sifətlərin yalnız Uca Allahın bildiyi və ərəb dilində varid olmayan əlavə bir mənada olduğunu qeyd etmişlər. Bu yöndən yanaşacağımız zaman, məsələn, mənasını yalnız Uca Allahın bildiyi əl-Vəch sifəti ilə ərəb dilində gələn həmin kəlmə arasında ləfz müştərəkliyinin sabit olacağını deyəcəyik. (tərc.)


Kitab: Etiqadın parıltısı
Müəllif: İmam Müvəffəqüddin ibn Qüdamə əl-Məqdisi əl-Hənbəli
Şərh: Şeyx Abdullah ibn Muhəmməd əl-Abdullah

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика