Namazın fərzləri, vacibləri və sünnələri hansılardır?

Namazın fərzləri, vacibləri və sünnələri hansılardır Namaz

Sual: 

  1. Namazın fərzləri hansılardır?
  2. Namazın vacibləri hansılardır?
  3. Namazın sünnələri hansılardır?

Mənə onların siyahısı lazımdır..

Cavab:

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Əssəlamu aleykum və rahmətullahi və bərəkətuh!

1. Namazın Fərzləri.

Namazın 6 Fərzi Vardır:

  • Təhrim təkbiri (namaza başlayanda «Allahu Əkbər» demək).
  • Qiyam (ayaq üstə durmaq).
  • Qiraət (Quranın ən azı üç ayəsinin və ya bir uzun ayəsinin oxunması).
  • Rüku.
  • Hər iki səcdələr (yer səcdələri).
  • Qadeyi-axirə (axırıncı rükətin sonunda təşəhhüd oxuyacaq qədər oturmaq).

2. Namazın Vacibləri.

Vacib dedikdə, namazı yerinə yetirmək üçün vacib olan əməllər nəzərdə tutulur. Əgər namaz qılan adam bilməyərək onlardan birini tərk edərsə, belə bir xəta səhv-səcdəsi (bilməyərək edilmiş səhvlərə görə edilən səcdələr) ilə kompensasiya edilə bilər.

Əgər səhv səcdəsini yerinə yetirməsə və ya bilərək vacibi tərk edərsə, bu namazı yenidən qılmaq lazımdır.

Namazın 14 Vacibi vardır:

  • Fərz namazın birinci və ikinci rükətlərində qiraət.
  • Hər bir namazın bütün rükətlərində «Fatihə» surəsini oxumaq. Lakin fərz namazların üçüncü və dördüncü rükətində bu əməl vacib deyil, sünnədir.
  • Fərz namazının ilk iki rükətində və vacib, sünnə və nəfilə namazlarının bütün rükətlərində «Fatihə» surəsindən sonra bir surə və ya uzun ayə, yaxud üç qısa ayə oxumaq.
  • «Fatihə» surəsini başqa surə və ya ayələrdən əvvəl oxumaq.
  • Qiraət, rüku, səcdə və qiyamda hərəkətlərin ardıcıllığının qorunması.
  • Qavmə (rükudan sonra bədənin düzəldilməsi).
  • Cəlsə (iki səcdə arasında oturmaq).
  • Tədili-Ərkan, yəni rüku, səcdə və s. kimi rükunları hüzurla və gözəl şəkildə yerinə yetirmək.
  • Qadeyi-ulə və ya 3-4 rükətli namazların ikinci rükətindən sonra təşəhhüd oxuyacaq qədər oturmaq.
  • Hər iki oturuşda təşəhhüdü oxumaq.
  • İmamın fəcr, məğrib, işa, cümə və bayram namazlarında və Ramazan ayında qılınan təravih namazında qiraəti ucadan oxuması. Yalnız zöhr və əsr namazları imam tərəfindən astadan oxunur.
  • «Əssəlamu aleykum və rahmətullah» deyərək namazı tamamlamaq.
  • Vitr namazında qunut üçün təkbir (Allahu Əkbər) demək, həmçinin qunutda dua oxumaq.
  • Hər iki bayram namazında (Ramazan və Qurban bayramının xüsusi namazında) 6 əlavə təkbir demək.

3. Namazın Sünnələri.

Namazın 21 Sünnəsi vardır:

  • Təhrim təkbirini deməzdən əvvəl əlləri qulaqlara qədər qaldırmaq.
  • Təkbir deyərkən əlləri qaldırıb, hər iki qaldırılmış əlin barmaqlarını düz və qibləyə tərəf tutmaq.
  • Təkbir deyərkən başı əyməmək.
  • İmamın bir rükndən digərinə keçdikdə təhrim təkbirini və digər təkbirləri ucadan söyləməsi.
  • Sol əli sağ əllə tutaraq, onları göbəkdən aşağı qoymaq.
  • Səna (Subhanəkəllahummə..) duasını oxumaq. 
  • Təavvüzü oxumaq.
  • Tam olaraq «Bismilləhir-Rahmənir-Rahim» demək.
  • Fərz namazının üçüncü və dördüncü rükətlərində yalnız «Fatihə» surəsini oxumaq.
  • Amin’i astadan demək.
  • Səna, təavvüz, təsmiyə və Amin’i astadan demək.
  • Hər bir fərz namazında sünnəyə uyğun miqdarda qiraət etmək.
  • Hər rükuda və hər səcdədə ən azı üç dəfə təsbih demək.
  • Rükuda başı bel ilə bir xəttdə saxlamaq, eyni zamanda hər iki əlin barmaqları ilə dizləri tutmaq.
  • İmam rükudan qalxaraq «Səmiallahu Limən Hamidəh» deyir, sonra ona tabe olanlar «Rabbənə və Ləkəl Hamd» deyir. Namazı tək qılan həm təsmi (Səmiallahu Limən Hamidəh) həm də təhmidi (Rabbənə və Ləkəl Hamd) deməlidir.
  • Səcdəyə gedərkən əvvəlcə dizləri, sonra əlləri və son olaraq alnı yerə qoymaq.
  • Qadeyi və Cəlsədə sol ayaq üfüqi şəkildə yerə qoyulur və onun üstündə oturulur, sağ ayaq şaquli vəziyyətdə olur, barmaqları isə qibləyə tərəf çevrilir. Əllər omba üzərinə qoyulur.
  • Təşəhhüddə «Əşhədu Əllə İləhə İlləllah» deyərkən sağ əlin şəhadət barmağını qaldırmaq.
  • Təşəhhüddən sonra qadeyi-axirədə (son oturuşda) Peyğəmbərə salavat demək.
  • Peyğəmbərə salavatdan sonra təyin edilmiş duanı oxumaq.
  • Salam verərkən üzü əvvəlcə sağa, sonra isə sola çevirmək.

Allah ﷻ daha yaxşı bilir.


Müfti Suhail Tarmahomed
Yoxladı və təsdiqlədi
Müfti İbrahim Desai
Cəmiatül üləma, Darul-ifta


Mənbə: askimam.ru
Tərcümə: t.me/Ehli_Sunne_Henefi

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

  1. Elvin

    Allah razı olsun

    Ответить
Яндекс.Метрика