Nisyə mal satarkən üstünə əlavə pul qoymaq olarmı? Həmin məbləğ faiz sayılırmı?

Nisyə mal satarkən üstünə əlavə pul qoymaq olarmı Ticarət

Cavab: İslam istər nağd, istərsə də nisyə alış-verişi halal etmişdir. Allah-Təala belə buyurur: «Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir«.(Bəqərə, 2/275) Nağd satışlarda qazanc üçün əsl qiymətin üstünə müəyyən məbləğ əlavə etmək caiz olduğu kimi, nisyə satışlarda da caizdir. Hətta nisyə satışda pul bir müddət ticarət işində istifadə edilə bilməməsi və əşyanın qiymətlərinin bahalaşması nəzərə alınaraq, qazanc miqdarı yüksək təyin edilə bilər.

Xülasə, nağd alan müştəriyə 15% qazancla satarkən, altı aylıq müddətə nisyə almaq istəyənə 35% qazancla satmaq mümkün və caizdir. Alış-veriş əsnasında nağd və ya nisyə qiymət müzakirələri nəticəsində müəyyən bir mal və miqdarı bəlli bir qiymət üzərində müqavilə bağlandıqda, əqd tamamlanmış olur. Bundan əlavə, satıcının bunu faiz niyyətilə edib-etməməsi alıcını maraqlandırmamalıdır, çünki əməllər niyyətlərə görədir.

Hənəfi fəqihlərindən Sərəxsi (v. 490/1097) nisyə satışda tərəflərin müxtəlif qiymətlərlə alış-veriş edə biləcəyini bildirdikdən sonra mövzuya belə aydınlıq gətirmişdir: «Tərəflər öz aralarında müqavilə bağlayar, müəyyən bir satış məbləği təsbit etmədən ayrılmaz və bir qiymətə görə əqd tamamlanarsa, bu, caizdir. Çünki, belə olan təqdirdə, əqdin etibarlı olmasının şərtini yerinə yetirmiş olurlar«.

Nəticə etibarilə, İslam alimlərinin əksəriyyəti nisyə satışlarda qoyulan əlavə məbləğin caiz olduğunu bildirmişlər. Belə ki, Hz. Peyğəmbərin (s.ə.s) şərtli alış-veriş etdiyi və buna icazə verdiyi ilə bağlı səhih hədislər mövcuddur. Belə olan təqdirdə, nisyə satışlarda qoyulan əlavə məbləğ faiz sayılmir. Çünki valyuta mübadiləsi istisna olmaqla, bir mal istər nağd, istərsə də nisyə satılsın, qiymət fərqi faiz sayılmır. Yəni, burada pul qarşılığında pul satılmadığına görə faizdən bəhs etmək qeyri-mümkündür. Bundan əlavə, nisyə satışlardakı qiymət fərqinin yalnız müəyyən edilən müddətin əvəzi olaraq hesab edilməsi də kifayət deyildir. Çünki başqa bir sıra səbəblər də nağdla nisyə arasında fərq qoyulmasını zəruri edə bilər. Məsələn, malını nağd satıb pulunu alan bununla işini tamamlamış olur. Lakin malını nisyə satan sahibkar isə, borcları qeydə almaq, vaxtaşırı təqib etmək, borcun dalınca düşərək almaq, eləcə də bunun üçün bir sıra əlavə xərclər sərf etmək və s. kimi işlərlə qarşı-qarşıyadır və bütün bunlar nisyə satışlardakı qiymət fərqini zəruri edir. Həmçinin, malını nisyə satan sahibkar müəyyən müddət həmin malın əvəzini ala bilməyəcək, onu dövriyyəyə buraxa bilməyəcək və beləliklə də, əlavə gəlirdən məhrum olacaqdır. Elə isə, sözügedən məhrumiyyət də nisyə satışlardakı qoyulan əlavə məbləğin digər səbəblərindən biridir. Bundan başqa, nisyə satışlarda mal müştəriyə verilmiş və onun mülkiyyətinə keçmişdir. Ancaq satıcı nöqteyi-nəzərindən pulu ala bilməmək və inflyasiya ehtimalı da vardır. Bunu da vurğulamalıyıq ki, nisyə alış-verişdə qeyri-müəyyənlik də yoxdur. Çünki alıcı ilə satıcı malın nisyə qiymətində razılaşıb müqavilə bağlamışlar. Bütün bunlara əlavə olaraq qeyd etmək lazımdır ki, İslam hüququndakı səddi-zərayi (haram aparan halal yolları bağlama) prinsipinə müvafiq olaraq nisyə satışlarda qoyulan əlavə məbləğin tamamilə qadağan edilməsi, imkansız insanların işini daha da çətinləşdirməklə nəticələnir. Belə ki, bu kimi müqavilə qadağan edildiyi təqdirdə, sahibkar malını nağd qiymətlə satmağa meyil edəcək, mala ehtiyacı olan, əlində nağd pul olmadığı üçün borc pul axtaracaq, borc tapa bilməyən də məcburiyyət qarşısında faizli kredit almağa yönələcəkdir. Məhz bu haram yolun qarşısını almaq üçün, əlavə məbləğlə edilən nisyə satışların qarşısı alınmamalıdır.(Dalğın, «Günümüzdeki Tartışmalı Dini Konular 2», s.163-169)


Kitab: Dəlilləriylə ticarət elmihalı
Müəllif: Anar Qurbanov

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика