Dünyanın hər hansı bir yerində yaşayan və İslamdan bixəbər olaraq ölənlərin axirətdəki vəziyyəti xüsusunda İslam alimləri müxtəlif fikirlər bildirmişlər.
Maturidilərə görə, ağıl Allahı bilmək üçün bir vasitədir. Allah bir peyğəmbər göndərməsəydi belə, insanın ağlı ilə Allahı bilməsi və Onu tapması vacib olardı. İnsan Allahın ona verdiyi ağılla özünün, digər varlıqların, yer və göyün yaradılışını və s. düşünərək bunlann öz-özünə yarana bilməyəcəyini, mütləq elmi, iradəsi, qüdrəti sonsuz bir yaradıcı tərəfindən yaradıldığını düşünərək Allahı ağlı ilə tapa bilər. Daha doğrusu tapmalıdır. Tapmağa borcludur.1 Yetkinlik yaşına çatdıqdan sonra bunları düşünəcək qədər yaşayan bir insan, Allahın varlığını dərk etmədən ölərsə, üzrlü sayılmaz, əzab görər.2
Əşarilərə görə, ağılla bağlı olaraq heç bir şey vacib deyildir. Ağıl ancaq aləmi yaradan Yaradıcının qədim olduğunu bilməyə, əşyanın gözəl və çirkinliyini anlamağa kömək edən vasitədir.3
Maturidilərlə Əşarilər arasındakı ixtilaf dağ başında böyüyən, özünə İslam dəvəti çatmayan və Allaha iman etmədən ölənlərlə, Hz. İsa ilə (ə.s) Hz. Muhamməd sallallahu aleyhi və səlləm arasındakı fətrət dövründə yaşayan və Allaha iman etmədən ölənlər haqqındadır. Bunlardan Allaha inanmadan ölənlər Maturidilərə görə əzab görəcək, Əşarilərə görə isə əzab görməyəcək.4
- Nurəddin əs-Sabuni, əl-Bidayə fi Usulud-din, s, 85; Bəyadi, İşəratul-Məram, s, 75.
- Bəyadi, İşəratul-Məram, s, 75; Əli əl-Qari, Şərhul-Fiqhul-Əkbər, s, 250.
- Nurəddin əs-Sabuni, əl-Bidayə fi Usulud-din, s, 85.
- Əli əl-Qari, Şərhul-Fiqhul-Əkbər, s, 251.
Mənbə: Müsəlmamın iman əsasları. Prof. Dr. Mehmet Bulut. (s.37)







