İnsan həyatını dörd mərhələyə ayırmaq mümkündür:
- Bütün ruhların birlikdə yaradılaraq, onlara “Mən sizin Rəbbiniz deyiləmmi?”1 ilahi xitabdan, ana bətnindəki rüşeymə təqribən dörd ay on gün sonra ruh üfürülüncəyə qədər olan mərhələ. Buna dünyadan əvvəlki ruh dövrü də deyə bilərik. Lakin bu mərhələni Allahın izin verdiyi kəslər istisna olmaqla heç kim xatırlamaz və bilməz.
- Dünya həyatı. Bu mərhələdə bədən dünyaya aid müxtəlif xüsusiyyətlərə malik olan və dünyada qalmalı olan müddət ərzində ruhun sanki qəlibi olan bir vasitədən ibarətdir.
- Ölümlə qiyamətin qopması arasında keçən qəbir həyatı mərhələsi.
- Yenidən dirilmə ilə başlayıb sonsuza qədər davam edən axirət həyatı. Belə olan təqdirdə qəbir həyatı, dünya həyatı ilə axirət həyatı arasındadır. Buna “bərzəx həyatı” da deyilir. Qəbirdə Münkər və Nəkir adlı iki mələyin sual soruşması və verilən cavaba görə yaxşı və ya pis olaraq başlayan qəbir həyatı Kitab və sünnədə bildirilir.
Allah-Təala belə buyurur: “Onlar (ölən gündən qiyamətə qədər qəbir evində) səhər-axşam (gündə iki dəfə) odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir): “Firon əhlini ən şiddətli əzaba salın!”2
Bu ayədə sözü gedən və qiyamət qopmazdan əvvəl meydana gələcəyi bildirilən əzabın, qəbir əzabı olduğu aydın olur.
İnsan öldükdən sonra qəbrə qoyulduqda, Münkər və Nəkir adlı iki mələk onun yanına gələrək “Rəbbin kimdir?”, “Peyğəmbərin kimdir?”, “Dinin nədir?” kimi suallar soruşacaq, iman və yaxşı əməl sahibi olanlar bu suallara düzgün cavab verəcək və onlara cənnət qapıları açılaraq cənnət göstəriləcəkdir. İnkarçı və münafiqlər isə bu suallara düzgün cavab verə bilməyəcək və onlara cəhənnəm qapıları açılaraq cəhənnəm göstəriləcək, habelə onlar sıxıntılı və əzablı bir qəbir həyatı yaşayacaqlar.3
Hədislərdə belə buyurulur:
“Qəbir, axirət dayanacaqlarının ilkidir. Hər kim o dayanacaqdan xilas olarsa, sonrakı dayanacaqları daha asan qət edər. Qurtula bilməzsə, sonrakıları keçməkdə çətin olar.”4 “Qəbir cənnət bağçalarından bir bağça və ya cəhənnəm çuxurlarından bir çuxurdur.”5
İbn Abbas (r.a) Rəsulullahın (s.ə.s) iki qəbrin yanından keçərkən belə buyurduğunu rəvayət edir: “Şübhəsiz bu ikisi əzab çəkirlər. Çəkdikləri əzab da çox böyük bir işdən ötrü deyil. Onlardan biri kiçik dəstəmazda sidik sıçramalarından çəkinməz və təmizlənməzdi. Digəri isə söz gəzdirmək və söz daşımaqla insanların arasını vurardı.”6
- Əraf, 7/172.
- Mömin, 40/46.
- Qebir sorğu-sualı üçün bax. Müslim, Cənnət, 17; Tirmizi, Cənaiz, 70; Tərğib vət-Tərhib, III, 369.
- Tirmizi, Zühd, 5; İbn Macə, Zühd, 32.
- Tirmizi, Qiyamə, 26.
- Buxari, 4/55; Müslim, 2/34; Əbu Davud, 1/11; Tirmizi, 1/53.
Mənbə: Dəlilləriylə İslam Elmihalı. (s.162-163)







