Axirət lüğətdə “son, son gün və sonra olan” mənalarına gəlir. İslamda “o biri dünya, o biri aləm” mənasını ifadə edir. Belə olan halda canlıların yaşadığı “əvvəlki aləm”, axirət isə “sonrakı aləm”dir. Termin mənası isə İsrafilin (ə.s) Allahın əmri ilə suru ilk dəfə çalmaqla başlayan və əbədi olan həyatı ifadə edir.
Allah-Təala yaşadığımız bu dünyanı və üzərindəki varlıqları müvəqqəti yaratmışdır. Bu dünya və ondakı canlı və ya cansız bütün varlıqlar yox olacaqdır. Dağlar, daşlar, göylər parçalanacaq, Allahdan başqa bütün aləm məhv olacaqdır.1 Məhz bu hadisələrin meydana gəlməsi ilə başlayıb davam edən həmin günə Qurani-Kərimdə “əl-yövmül-axir” (son gün), “yövmül-bəs” (dirilmə günü), “yövmül-qiyamə” (qiyamət günü), “yöv-müd-din” (cəza və mükafat günü), “yövmül-hesab” (hesabat vermək), “yövmüt-təlaqi” (qovuşma günü), “yövmül-həsrə” (həsrət və peşmanlıq günü) kimi adlar verilmişdir.
Qiyamət günündən sonra insanlara yenidən həyat verilərək qəbirlərindən qaldırılacaq və məhşər meydanına, Uca Allahın hüzurunda dünyada etdiklərinin hesabatını vermək üzrə toplanacaqlar.2
Hesabatlarından sonra insanların bir hissəsi xeyirli əməlləri və Uca Allahın mərhəməti nəticəsində cənnətə, pis əməl etmiş və Uca Allahın mərhəmətinə layiq olmayanlar isə cəhənnəmə girəcəklər.
Qiyamət İsrafilin (ə.s) sur deyilən və keyfiyyəti Allah tərəfindən bilinən bir şeyə üfürməsi ilə qopacaqdır. Suru ikinci dəfə çaldıqda da ruhlar cəsədlərinə dönərək dirilmə meydana gələcəkdir.
Uca Allah belə buyurur:
“Sur (birinci dəfə) çalınacaq, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən (Cəbrail, Mikail, Əzrail və İsrafildən, yaxud ərşi daşıyan mələklərdən və ya müsəlman şəhidlərindən) başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir daha çalınan kimi onlar (qəbirlərindən) qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar!”3
Axirətə inam iman əsaslarındandır və ümumiyyətlə Qurani-Kərimdə Allaha imanla yan-yana qeyd edilmişdir. Axirətə inamı olmayan hər bir kəs dindən çıxmış sayılır. Bu kimi insanlarla bağlı Uca Allah belə buyurur:
“Ey iman gətirənlər! Allaha və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə endirdiyi Kitaba (Qurana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdır.”4
Qurani-Kərimin bir çox ayəsində dünya həyatının müvəqqəti, axirətin isə əbədi olduğuna, insanların bu müvəqqəti həyatın zövq və yalanlarına aldanmamasının vacibliyi vurğulanmışdır. Bununla yanaşı axirət dünyada qazanıldığı üçün dünyanın da əhəmiyyətinin vurğulanması nəzərləri cəlb etmişdir. Ayələrdə belə buyurulur: “Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir (fanidir), axirət isə əbədi yurddur!”5 “Lakin siz (ey insanlar!) dünyanı üstün tutursunuz! Halbuki axirət daha xeyirli və daha baqidir.”6 “Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma.”7 Quranda öldükdən sonra dirilməyə dair bir çox ayə vardır: “Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da (qiyamət günü) yenidən dirildəcək Odur. Bu (iş) Onun üçün çox asandır.”8 “(Ya Peyğəmbər!) De: «Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!”9 “Doğrudan da, göylərin və yerin yaradılışı insanların yaradılışından daha böyük şeydir. Lakin insanların çoxu (bunu) bilməz!”10
Dünyada insanlar fərqli anlayış, yaşayış və əməllərə sahibdirlər. Belə ki, bəzisi alim və cahil, bir hissəsi ədalətli və zalım, bir qismi varlı və yoxsul, bəzisi də xeyirxah və bədəməldir. Əgər öldükdən sonra dirilmə olmasaydı, xeyirli əməl işləyənlər bunun qarşılığını, pislik edənlər də bunun cəzasını görməmiş olacaqdı. Bu isə Allahın ədalətinə ziddir. Məhz bu səbəblə Uca Allah yenidən dirilməyi və dünyada işlənən əməllərin əvəzini verməyi təqdir etmişdir.
Qurani-Kərimdə axirət həyatı belə şərh edilir: “Sur bircə dəfə üfürüləcəyi; Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı (əzilib toza dönəcəyi) zaman, məhz o gün (vaqe olacağına heç bir şübhə olmayan) qiyamət qopacaqdır! Və (göy) süst düşüb parçalanacaqdır! Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır! O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rəbbinizin hüzuruna) gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır! Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: “Alın, əməl dəftərimi oxuyun! Mən (dünyada ikən qiyamət günü) öz hesabıma yetişəcəyimə (möhkəm) inanmışdım!” Bundan belə o, xoş güzəran içində, Yüksək bir Cənətdə olacaqdır. (Elə bir Cənnət ki, onun) meyvələri çox yaxındadır (möminlər onlardan ayaq üstə olanda da, oturanda da, uzananda da yeyə biləcəklər). (Onlara belə deyiləcəkdir.) “Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində yeyin-için!” Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: “Kaş əməl dəftərim mənə verilməyəydi! Hesabımın nə olduğunu bilməyəydim! Kaş o (ölüm) qəti (əbədi) olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim!) Mal-dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını məndən dəf edə bilmədi). Mülküm (səltənətim) də məhv olub getdi!” (Allah dərgahından belə bir nida gələcəkdir:) “Onu tutub qandallayın! Sonra da Cəhənnəmə atın!”11 Ayələrin arxasınca kitabın soldan verilməsinə səbəb olan iki əsasa yer verilir, a. Allaha iman gətirməmək, b. Yoxsulu doyuzdurmağa təşviq etməmək.12
Yuxarıdakı ayələrdə inanan-inanmayan hər bir kəsin axirətdəki vəziyyəti qısa şəkildə təsvir olunmuşdur. Mömin üçün müjdə, inkarçı üçün qorxularla dolu olan axirət həyatına inanmaq insanın dünya həyatını nizama salan ən böyük səbəbdir. Qəlbində Allah sevgisi və axirət inamı olan hər bir kəs, hər işinin qeyd edən mələklər tərəfindən təsbit edildiyinə də yəqin edər. Məhz bu əqidə onun pislik etməsinə mane olar.
Axirət; qəbir həyatı, həşr, sirat körpüsü, mizan, kövsər hovuzu, şəfa-ət, cənnət, cəhənnəm və Əraf kimi hadisələri də ehtiva edir.
- Bax. Qariə, 101/4, 5; Rəhman, 55/27.
- Bax. Hicr, 15/25; Ali-İmran, 3/19; Haqqə, 69/19, 37.
- Zümər, 39/68.
- Nisa, 4/136.
- Mömin, 40/39.
- Əla, 87/16,17.
- Qesas, 28/77.
- Rum, 30/27.
- Yasin, 36/79.
- Mömin, 40/57; Naziat, 79/27.
- Haqqe, 69/13-31.
- Haqqe, 69/33, 34.
Mənbə: Dəlilləriylə İslam Elmihalı. (s.159-161)







