İslamın aşkar təbliğ edilməsi
İlk müsəlmanlar Qureyşlilərin İslama qarşı düşmənçiliklərini bildikləri üçün, dinlərini gizli saxlayırdılar. Bu vəziyyət üç il davam etdi. Artıq İslama açıqdan dəvət etməyin vaxtı gəlib çatmışdı. Bu mənadakı ayeyi-kərimələr Vəhy olundu:
“Və ən yaxın qohumlarını qorxut!”
“Sənə tabe olan möminləri qanadın altına al!”
“Əgər (yaxın qohumların, əşirətin) sənə qarşı çıxsalar, onlara belə de: “Şübhəsiz ki, mən sizin əməllərinizdən uzağam!” 1
“(Ya Rəsulum!) Sənə əmr olunanı (Quranı) açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər!” 2
Rəsulullah (səllallahu aleyhi və səlləm) Vəhyin bu əmrinə əməl edərək, Əbdülmüttəlib ailəsinə, əmiləri Əbu Talib, Abbas, Həmzə, Əbu Ləhəb də daxil olmaqla evində ziyafət verdi. Yeməkdən sonra söhbət başladı. Vaxt gəlincə Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) Allahdan aldığı əmri qohumlarına çatdırdı və ordan Haqq Dinə — İslama dəvət etdi. Acıdil adam olan əmisi Əbu Ləhəb tez ortaya atıldı və Onun sözünü kəsərək camaatı dağıtdı. Beləliklə, elə ilk dəvətindən əmisi Əbu Ləhəb Həzrət Peyğəmbərin (səllallahu aleyhi və səlləm) qarşısına çıxdı.
Bir müddətdən sonra, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) Səfa təpəsinə çıxaraq belə səsləndi:
“-Ey Qüreyş xalqı!”
Onun səsini eşidənlər oraya gəldilər və ətrafında toplandılar. Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) onlardan belə soruşdu:
“-Sizə bu təpənin arxasında bir düşmən ordusunun olduğunu xəbər versəm, mənə inanarsınızmı?”
Onlar isə dedilər:
“-Bəli, inanarıq, çünki sənin yalan söylədiyinə heç şahid olmamışıq.”
Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) onlara belə dedi:
“-O halda sizi xəbərdar edirəm. Siz əgər Allaha inanmazsanız, böyük bir əzab-əziyyətə düşərsiniz. – dedikdən və qəbilə adlarını ayn-ayn söylədikdən sonra: Xəbəriniz olsun ki, Allah mənə yaxın olan qəbiləmi qəflət yuxusundan ayıltmağı əmr edir. Mən sizin üçün nə dünya malı saxlamağa, nə də axirətdə alacağınız nəsibi hazırlamağa sahib deyiləm. Bunlar sizin bir sözünüzə bağlıdır. O da “La ilahə illallah” (Allahdan başqa Allah yoxdur) deməyinizdir.”
Dinləyənlər arasında olan Əbu Ləhəb o saat ayağa qalxaraq dedi:
“-Günümüzü zəhər etdin. Bizi buraya bunun üçünmü topladın?”
Bunun üçün həmin yığıncaq da bir nəticə vermədi.
İlk müsəlmanların zülm-işgəncəyə məruz qalmaları
Müşriklər ilk müsəlmanlardan kimsəsiz olanları, onlara arxa çıxacaq güclü dayağı olmayanları daim nəzarətdə saxlamışdılar. Həzrət Əbu Bəkir (radıallahu anh) və Həzrət Osman (radıallahu anh) kimi böyük və zəngin şəxslərə bir şey demirdilər, ancaq zəif gördükləri kasıblara, yoxsullara əzab-əziyyət verirdilər. Onları ac, susuz saxlayır, döyür, qızğın qumların üstündə yatdınb işgəncə verirdilər. Möminlərdən ən çox zülm və əziyyətə düçar olanlar bunlardır:
Bilali Həbəşi: Həbəşli bir zəncidir. Ümeyyə ibn Xələfin köləsi idi. Ümeyyə İslamın ən böyük düşmənlərindən biri olduğundan, köləsi müsəlman olduğu üçün ona ağlasığmaz əziyyətlər verirdi. Onu qızğın qumların üstünə uzadıb, sinəsinin üstünə isti daşlar qoyur, saatlarla günəşin altında saxlayırdı. Bilal, imanın verdiyi qüvvətlə bunlara dözür, “Əhəd, əhəd” (Allah birdir! Allah birdir!) – deyirdi. Nəhayət, Həzrət Əbu Bəkir (radıallahu anh) onu satın alaraq azad etdi.
Əmmar bin Yasir: İlk Müsəlman olanlardandır. Qüreyş onun kimi hamisi olmayan acizlərə, insanlıqdan kənar hər cür əziyyət verməkdən çəkinməyəcək qədər vəhşiləşmişdi. Əmman qumun üstünə uzadar, özündən keçincəyə qədər döyərdilər. Əmmarın atası Yasir, anası Sümeyyə də eyni əziyyətlərə məruz qalırdılar.
Süheyb Rumi: Rumi deyilsə də, əslən İranlıdır. Bizanslılara əsir düşüb orada böyüdüyündən ona Rumi deyilmişdir. Kölə olaraq Ərəbistana satılmışdı. Rəsulullahın (səllallahu aleyhi və səlləm) İslama dəvətini eşidən kimi müsəlman oldu. Müşriklər ona da çox işgəncələr verdilər.
Həbbab bin Ərət: Təmim qəbiləsindəndir. Müsəlmanların sayı yeddi ikən müsəlman oldu. İşgəncəyə məruz qaldı. Özü dəmirçi olan Həbbabı bir dəfə qızğın kömürün üsütünə uzatdılar, bədəni yara oldu. Aradan illər keçdikdən sonra, Həbbab həmin hadisəni Həzrət Ömərə (radıallahu anh) söyləyərək kürəyini göstərdi. Yanıq yerlərinin izi hələ də dururdu.
Əbu Fuqeyhə: Səfvan İbn Ümeyyənin köləsi idi. Səfvan ona işgəncə verər, İslamdan çıxması üçün zorakılıq göstərərdi. Ancaq o bütün bunlara dözdü və dinində səbir göstərdi.
Bunlardan başqa Lübeynə, Nəhdiyyə, Zinnirə, Ümmü Abis adındakı xidmətçi qadınlar da müsəlman olduqlarına görə əzab və əziyyətlərə düşmüşdülər. Həzrət Əbu Bəkir (radıallahu anh) bu dördünü də satın alaraq azad etmişdir.
Müşriklərin (bütpərəst) başçıları
Müşriklər Həzrət Osman (radıallahu anh) kimi müsəlmanların öndə gedənlərinə belə əllərindən gələn əziyyəti verməkdən çəkinmirdilər. Hətta İslamın böyük peyğəmbərinə belə hər fürsətdə əl və dil uzatmaq cürəti göstərirdilər. Həzrət Muhammədə (səllallahu aleyhi və səlləm) ən çox düşmənçilik edən müşriklər bunlardır:
Əbu Ləhəb: Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) əmisidir. İslamın ən böyük düşmənidir. Arvadı Ümmü Cəmil isə Əbu Süfyanın bacısıdır. Əri kimi o da əli və dili ilə Peyğəmbərə əziyyət verənlərdəndir. Bu ikisi haqqında Təbbət surəsi enmişdir.
Əbu Cəhl: Bu da müsəlmanların ən böyük düşmənlərindən idi. Müsəlmanlar onun əlindən və dilindən nələr çəkmədilər. İslama düşmənçilik edənlərin çoxu Ümeyyə oğulları (nəsli) idi. Çünki qədimdən Əməvi və Haşimi rəqabəti vardı. Əbu Cəhl isə Mahzun qəbiləsindəndir. Onlar da rəislik iddiasında idi.
As bin Vail: Allah Rəsulunun (səllallahu aleyhi və səlləm) oğlu Qasım vəfat etdiyi zaman, Muhammədin (səllallahu aleyhi və səlləm) soyu kəsildi, deyərək lağ etmişdir. Sözsüz ki, övlad ağrısı ilə ürəyi sızlayan bir ataya təsəlli vermək əvəzinə, onu belə incitmək insanlıqdan kənar bir hərəkətdir.
Bunlardan başqa Valid bin Muğirə, Ümeyye İbn Xələf, Əbu Süfyan 3 və s. kimi İslam düşmənləri də vardı.
Qüreyşin ağsaqqalları Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) Allahın Elçisi olduğunu bilirdilər. Ancaq həsəd apardıqları üçün Ona qarşı çıxırdılar. Onu Əbu Cəhlin bu sözlərindən hiss etmək olar:
Bir dəfə Ahnəs Əbu Cəhldən İslam haqqındakı fikrini soruşdu. O da belə cavab verdi:
“-Bizimlə Haşimilər arasında qədimdən bəri rəqabət vardır. Şərəfi bölüşə bilmirik. Onlar ziyafət verərsə, biz də verərik, onlar comərdlik göstərərsə, biz də göstərərik. Bir sözlə, onlardan geri qalmırıq. Belə bir bərabər səviyyədə gedərkən, indi onlardan biri özünə göydən Vəhy gəldiyini xəbər verir. Biz indi nə edək? Vallahi biz onların Peyğəmbərinə inanmırıq!…”
- Şuəra, 26/214-16.
- Hicr, 15/94.
- Əbu Süfyan sonradan İslamı qəbul etmişdir.
Mənbə: Siyər-Nəbi (Həzrət Muhammədin ﷺ həyatı). İpəkyolu nəşriyyatı. (s.40-43)







