Vəhyin gəlməsi bir müddət kəsildi. Tarixdə vəhyin kəsildiyi bu dövrə “Fətrəti-Vəhy” adı verilmişdir. Vəhyin kəsilməsi Həzrət Muhammədi (səllallahu aleyhi və səlləm) çox kədərləndirmişdi. Ancaq bir müddət sonra, Hira mağarasından evə gələrkən yolda başı üstündən bir səs eşitdi. Başını qaldırıb göyə baxanda Ona ilk vəhy gətirən mələyi gördü. Qorxu və həyəcan içində evə gəlib yatağına girdi və üstünü örtdürdü. Elə bu zaman Cəbrail (əleyhissəlam) gəldi və Həzrət Muhammədə (səllallahu aleyhi və səlləm) ikinci vəhyi gətirdi. Həmin ayələr “Müddəssir” surəsinin ilk ayələri idi:
“Ey bürünüb sarınan (Peyğəmbər)! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut!
Öz Rəbbini uca tut! Libasını (paltarını) təmizlə! (Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş!” 1
İkinci vəhyin gəlməsi və bu ayələrin enməsi ilə Həzrət Muhammədə (səllallahu aleyhi və səlləm) rəsulluq vəzifəsi verildi. Bununla da insanları haqq din olan İslama dəvət vəzifəsi başlandı. Vaxt itirmədən Allah Rəsulu (səllallahu aleyhi və səlləm) Allahdan aldığı əmrləri etibar etdiyi dost, qohum və yaxınla rına təbliğ etməyə başladı.
Həzrət Peyğəmbər ilk olaraq həyat yoldaşı Həzrət Xədicəni (radıallahu anha) İslama dəvət etdi. Nazil olan ayələri ona oxudu və:
“-İndi mənə kim inanar?” – dedikdə Həzrət Xədicə (radıallahu anha) anamız belə cavab verdi:
“-Sənə heç kim inanmasa da, mən inanaram.”
Bununla da Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) sadiq həyat yoldaşı Xədicə (radıallahu anha) anamız Onun peyğəmbərliyini təsdiq etmə şərəfinə nail olan ilk qadın müsəlman oldu. Xədicədən sonra da ilk iman edən, Rəsulullahın (səllallahu aleyhi və səlləm) azadlı köləsi Zeyd olmuşdur.
Həzrət Peyğəmbərin (səllallahu aleyhi və səlləm) dəvəti hələlik gizli şəkildə davam edirdi.
Həzrət Əlinin (radıallahu anh) İslamı qəbul etməsi
Əbu Talibin ailəsi çox böyük olduğundan, oğlu Əlini Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) öz himayəsinə götürmüşdü. O zaman Əli beş yaşında idi. Həzrət Muhammədə (səllallahu aleyhi və səlləm) peyğəmbərlik verilib, insanları haqq dinə dəvət etməyə başladığı zaman, Əli onun evində yaşayırdı. Artıq Həzrət Xədicə (radıallahu anha) Müsəlman olmuş, əri ilə bərabər ibadət edirdilər.
Bir gün Əli ibn Əbi Talib, Rəsulullah (səllallahu aleyhi və səlləm) ilə Xədicə (radıallahu anha) anamızı namaz qılarkən gördü. Heyranlıqla onları seyr edib, namaz bitdikdə:
“Bu (etdiyiniz) nədir?” – deyə soruşdu. Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm):
“Ey Əli! Bu Allahın seçdiyi, bəyəndiyi dindir. Mən səni bir olan Allaha iman gətirməyə dəvət edir, insana nə faydası, nə də zərəri toxunmayan Lat və Üzzaya tapınmaqdan (səni) çəkindirirəm.“ – dedi.
Əli, bu təklif qarşısında bir an dayandı. Sonra belə dedi:
“Bu, mənim indiyə qədər görmədiyim, eşitmədiyim bir şeydir. Atam Əbu Taliblə məsləhətləşmədən bir şey deyə bilmərəm.”
Lakin, Rəsulullah (səllallahu aleyhi və səlləm) hələ peyğəmbərliyini açıqca elan etmə əmrini almamışdı. Bu səbəblə Əli ibn Əbi Talibə belə tənbeh etdi:
“Ey Əli! Əgər söylədiklərimi etsən et. Yox əgər etmək istəməsən, gördüyünü və eşitdiyini gizli saxla. Heç kimə bir şey söyləmə!”
Əli bu xəbərdarlıq üzərinə sirrini mühafizə edəcəyinə söz verdi. O gecəni düşünərək keçirdi. Şəfəq işıqları ilə birlikdə könlündə də hidayət qığılcımlan alovlanmışdı. Rəsulullahın (səllallahu aleyhi və səlləm) hüzuruna çıxaraq:
“Allah, məni yaradarkən atam Əbu Talibdən soruşmadı ki, mən də Ona ibadət etmək üçün gedib onunla məsləhətləşim” – dedi və müsəlman oldu.
Bununla da ilk müsəlman olmuş uşaq şərəfini əldə etdi. Həzrət Əlinin (radıallahu anh) o əsnada on yaşı var idi.
Həzrət Əbu Bəkirin (radıallahu anh) müsəlman olması
Həzrət Əbu Bəkir (radıallahu anh) Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) ən sadiq dostu idi. Əbu Bəkirin (radıallahu anh) Məkkədə etibar və şərəfi böyük idi. Eyni zamanda o zəngin bir tacir idi. Həzrət Muhammədi axtaran Onu Əbu Bəkirin (radıallahu anh) dükanında tapırdı. Aralarındakı bu səmimiyyətə görə, Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) ailədən kənar adamlardan ilk öncə Əbu Bəkiri (radıallahu anh) İslama dəvət etməliydi.
Ancaq Rəsulullah (səllallahu aleyhi və səlləm) hələ açıq dəvətə başlamamışdı. Lakin yenə də peyğəmbərlik iddiası qulaqdan qulağa yayılmış və Qüreyşin qabaqcılları tərəfindən duyulmuşdu.
Əbu Bəkir, Yəmən səyahətindən təzə dönmüşdü. Başda Əbu Cəhl, Üqbə bin Əbi Muayt və bəzi Qüreyş ağsaqqalları ona “xoş gəldin” demək üçün evinə getdilər.
Əbu Bəkir onlardan:
“-Mən Məkkədə yoxkən nələr başverdı? Mühüm bir xəbər varmı?” – deyə soruşduqda belə dedilər:
“-Ey Əbu Bəkr! Bir məsələ var! Əbu Talibin yetimi Muhamməd, peyğəmbərlik iddiasına cəhd etdi. Biz də sən Yəməndən qayıdana kimi gözləməyi münasib gördük. Artıq, sən o dostuna get, nə edəcəksənsə et!”
Əbu Bəkir, dərhal Rəsulullahın (səllallahu aleyhi və səlləm) evinə getdi və Ondan soruşdu:
“-Ya Əbəl-Qasım (Ey Qasımın atası)! Peyğəmbərlik iddiasında olduğun, qövmündən ayrıldığın və atalarının dinini pisləyib, inkar etdiyin doğrudur?”
Allah Rəsulu (səllallahu aleyhi və səlləm) kiçik yaşlarından bəri birlikdə olduqları Əbu Bəkirin bu sözlərinə əvvəl təbəssüm etdi, sonra belə buyurdu:
“-Ya Əba Bəkr (Ey Əbu Bəkir)! Mən sənə və bütün insanlara göndərilmiş Allahın Rəsuluyam. İnsanları bir tək olan Allaha dəvət edirəm. Sən də şahadət gətir (şahidlik et)!”
Əbu Bəkirin ağıl və könül aləmində bir anda şimşəklər çaxdı. Bu sözləri kiçik yaşından bəri çox yaxşı tanıdığı, onu canı könüldən sevən və sayan o ana qədər mübarək dodaqlarından həqiqətdən başqa tək bir söz eşitmədiyi Muhammədül-Əmindən (səllallahu aleyhi və səlləm) eşidirdi. Heç bir tərəddüd əlaməti göstərmədən dərhal kəlimeyi-şəhadət gətirərək müsəlman oldu. Bununla da o böyük kişilərdən ilk iman gətirmək şərəfinə nail olmuşdur.
Həzrət Əbu Bəkirin İslamı qəbul etməsi ilə Rəsulullah (səllallahu aleyhi və səlləm) özünə böyük bir dəstək əldə etdi. Onun köməyi ilə bəzi əhəmiyyətli şəxslər müsəlman oldular. Çünki Əbu Bəkirin onları yanlış yola aparmayacağından əmin idilər. Osman ibn Əffan (radıallahu anh) Abdurrahman ibn Əvf (radıallahu anh), Talha ibn Ubeydullah (radıallahu anh) Səd ibn Əbi Vəqqas (radıallahu anh), Zübeyr ibn Əvvam (radıallahu anh) hamısı onun təklif və təbliği ilə İslamı qəbul etdilər.
Xronologiya:
610-cu il:
- Həzrət Muhammədə (səllallahu aleyhi və səlləm) risalət (peyğəmbərlik) verildi.
- Həzrət Xədicə, Həzrət Əli və Həzrət Əbu Bəkr İslamı qəbul etdi.
- Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) qızı Həzrət Fatimə dünyaya gəldi.
Mənbə: Siyər-Nəbi (Həzrət Muhammədin ﷺ həyatı). İpəkyolu nəşriyyatı. (s.37-39)
- Müddəssir, 74/1-5.







