Həzrət Muhəmmədə (səllallahu aleyhi və səlləm) peyğəmbərlik verilməsi

Siyər

Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) Hira mağarasında inzivaya çəkilməsi

Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) 40 yaşına çatdığı zaman halında bir qəribəlik sezilməyə başladı. Məkkənin üç mil yuxarısında yerləşən “Nur” dağındakı “Hira” mağarasında inzivaya (xəlvətə) çəkilərək ibadətlə məşğul olardı. Ramazan ayı gəldikdə, azuqəsini götürüb oraya çəkilərdi. Yanında yeməyi qurtaran kimi, yenə Məkkəyə Həzrət Xədicənin yanına gedər, bir az qalar, sonra mağaraya qayıdardı. Orada təfəkkürə dalar və ruhən rahatlaşardı. Allah Təala Onu böyük vəzifəyə hazırlayırdı. Qulağına qeybdən: “Sən Allah elçisisən” – deyə səslər gəlir və röyaları çin çıxırdı. O, Allah Təalanın Peyğəmbərləri vasitəsilə müjdələdiyi son Peyğəmbər olacaqdı…

Miladi (təqvimlə) 610-cu il mübarək Ramazan ayında Həzrət adəti üzrə yenə Hira mağarasına çəkilmişdi. Doğru, dürüst və etibarlı olduğuna görə, “Muhammədül-Əmin” adını alan bu böyük şəxsiyyət bütün insanlığın düşdüyü xəta və səfalətdən son dərəcə uzaq idi. Dünyanı fəlakətə aparan cəhalət və zəlalət qasırğası insanlığı qırıb tökürdü. O, qurtuluş yolunu düşünürdü. Ərəblər qız uşaqlarım diri-diri torpağa basdırır, Məcusilər hətta ana və bacısı ilə nikah kəsirdilər. Yolunu azmış vəhşilər ölkələri darmadağın edib, insanlara işgəncə verərkən bu vəziyyətin sonunu düşünən yox idi. Onun düşüncəsini məhz bunlar məşğul edirdi.

Həzrət Muhammədə (səllallahu aleyhi və səlləm) ilk vəhyin gəlməsi

Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) peyğəmbərliyi ilə əlaqəli yuxular görməyə başlamışdı. Onun röyada gördüyü hər şey aydınlıq sabah kimi ortaya çıxırdı. Bir gün Nur dağındakı Hira mağarasında vəhy gətirən mələk Cəbrayıl (əleyhissəlam) gözünə göründü və Ona:

“-Oxu” – dedi.

Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm):

“-Mən oxuya bilmirəm” – dedi.

Mələk eyni əmri təkrarladı. Həzrət Peyğəmbər (səllallahu aleyhi və səlləm) yenə:

“-Mən oxuya bilmirəm” cavabını verdi.

 Buna görə mələk onu taqəti kəsilincəyə qədər sıxdı. Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm):

“-Nəyi oxuyum” – deyə soruşdu.

O zaman mələk ucadan oxudu:

(Ey Peyğəmbər!) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!

O, insanı laxtalanmış qandan yaratdı.

(Ey Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!

O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi” 1

Allah Təaladan ilk gələn vəhy, Ələq surəsinin bu ayələridir. Rəsulullah (səllallahu aleyhi və səlləm) bunları qəlbinə nəqş etdi və mələyin səsini təqib edərək eynilə oxudu. Sonra dərhal evinə döndü. İlk vəhyin verdiyi həyəcanın titrəyişi içində həyat yoldaşı Həzrət Xədicə (radıallahu anha) anamıza:

“-Üstümü örtün, üstümü örtün” – dedi. Sonra dərin bir yuxuya gedib, oyandıqdan sonra yaşadıqlarını həyat yoldaşına anlatdı. Sadiq ömür yoldaşı ona belə təsəlli verdi:

“Müjdələr olsun, səbir et. Həyatımı əlində tutan Allaha and olsun ki, sən bu ümmətin Peyğəmbəri olacaqsan. Uca Allah səni əsla tərk etməz. Çünki Sən qohumluq haqlarına riayət edərsən. Sözündə doğrusan. Çətinliklərə dözərsən. Qonaqlara qulluq göstərərsən. Müsibətə düçar olanların köməyinə çatırsan. Belə olan qulunu Allah yalqız buraxmaz.”

Bu sözlər Həzrət Xədicənin (radıallahu anha) nə qədər dərin düşüncəli bir qadın olduğunu göstərir. Allah Təala son Peyğəmbər olaraq seçdiyi Həzrət Muhammədə (səllallahu aleyhi və səlləm)  ömür-gün yoldaşı olaraq da belə üstün zəka sahibi bir qadım nəsib etmişdir. Bu da Allahın daha bir lütfüdür.

Vərəqənin Həzrət Muhammədə (səllallahu aleyhi və səlləm) təsəlli verməsi

Həzrət Xədicə (radıallahu anha) anamız bir tərəfdən Həzrət Muhammədə (səllallahu aleyhi və səlləm) təskinlik verməyə çalışarkən, digər tərəfdən də bu qeyri-adi hal haqqında məlumat əldə etmək istəyirdi. O Peyğəmbərimizi (səllallahu aleyhi və səlləm) əmizadəsi Vərəqə bin Novfəlin yanına apardı.

Həqiqətən Həzrət Xədicə (radıallahu anha) bu incə məqamda ən doğru yolu seçmişdir. Hər şeydən əvvəl hadisəni gizlətməmiş, özünü və ərini çaşqınlıq və qorxu içində qoymamışdı. Məsləhətləşəcəyi insanı da çox yaxşı seçmişdi. Elə bir insan idi ki, həm ordan sakitləşdirəcək, həm də səmimi şəkildə onlara kömək edə biləcəkdi. Çünki Vərəqə, Yəhudilik və Xristianlıq haqqında geniş məlumatı olan, Tövrat və İncili çox yaxşı bilən biri idi. Hətta bütlərə nifrət etdiyi üçün haqq dini axtarmaq məqsədilə Suriyaya getmişdi. Oxuyub-yazmağı bilirdi. Müqəddəs kitabı çox araşdırmış və onu ibranicə hərflərlə ərəb dilinə tərcümə etmişdi.

Gözləri görməyən qoca Vərəqə Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) başından keçənləri dinlədikdən sonra belə dedi:

“Sən bu ümmətin Peyğəmbəri olacaqsan. Sənə görünən, Allahın Musaya endirdiyi Cəbraildir. Sənə (qövmün) yalançı deyəcəklər, əziyyət verəcəklər, Səni yurdundan çıxaracaqlar. Kaş ki dəvət günlərində gənc olaydım. Kaş ki qəbilənin Səni yurdundan çıxaracağı günlər həyatda olaydım.”

Vərəqənin bu sözlərini eşidən Muhamməd (səllallahu aleyhi və səlləm):

“-Onlar məni doğulub böyüdüyüm bu yurdumdan çıxaracaqlarmı?” — deyə soruşduqda o belə cavab verdi:

“-Bəli. Çünki Sənin gətirdiyini gətirən hər kəs, həmin düşmənçiliyə məruz qalmışdır. Əgər o günlərə çatsam, Sənə mütləq kömək edərəm.”

Vərəqə bu təcrübələri keçmiş peyğəmbərlərin həyatından öyrənmişdi. Həzrət Muhammədə onları xəbər verirdi. O zaman çox yaşlı olan, hətta gözləri görməyən qocanın dedikləri doğru idi.

Vərəqənin bu sözləri Həzrət Muhammədi (səllallahu aleyhi və səlləm) sakitləşdirdi. Bu dəfə eyni hadisənin təkrarlanmasını və Ona gələn mələyin yenidən gəlməsini istəyirdi. Bu ümidlə tez-tez Cəbraillə qarşılaşmaq üçün Hira mağarasına gedir və onun gəlməsini gözləyirdi.

Bu ilk vəhy hadisəsindən qısa müddət sonra Vərəqə bin Novfəl vəfat etdi.


Xronologiya:

  • 610-cu il:
    — İlk vəyhin gəlişi

Mənbə: Siyər-Nəbi (Həzrət Muhammədin  həyatı). İpəkyolu nəşriyyatı. (s.31-33)

  1. Ələq surəsi 96/1-5.
Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика