İman-İslam məfhumları arasındakı əlaqə

Əqidə

İslam lüğətdə itaət etmək, təslim olmaq, müsəlman olmaq, İslamı qəbul etmək deməkdir. Termin mənası Allah-Təalaya boyun əymək, Hz. Peyğəmbərin din barədə bildirdiyi hər şeyi qəlb ilə təsdiq edib dil ilə söyləyərək, inandıqlarını yaşamaq, söz və davranışları ilə qəbul edib mənimsədiyini nümayiş etdirməkdir. İslam “din” mənasında da istifadə edilir. Allahın dininə mücərrəd olaraq «din” deyildiyi kimi, “millət, şəriət, islam və islam dini” də deyilir. Bununla yanaşı bəzən şəriət kəlməsi dim əhkamın, ibadətlərə və əqdlərə xas qismini ifada etmək üzrə de istifadə edilir.

İmam Maturidi (v, 333/944) bu mövzuda belə deyir: «Herçənd ki, Kitab və sünnədə iman ilə islam bir-birindən ayrı olaraq qeyd edilmişdir, həqiqətdə iman ilə islam eyni mənada istifadə edilir. Çünki bütun məzhəblər imandan dönənin, islamdan da döndüyünü yekdilliklə qəbul etmişlər.»14 Belə ki, ayədə iman ilə islam eyni mənada istifadə edilmişdir:

“Sən (haqqı) yalnız ayələrimizə inananlara eşitdirə bilərsən. Məhz onlar müsəlmandırlar.”15

Bununla yanaşı bəzən imanla islam ayrı mənalarda istifadə edilir. Belə ki, münafiq qəlbində imanı olmadığı halda, dili ilə inandığını deyər, hətta riyakarlıqla bəzi ibadətləri də zahirən edə bilər. Məhz bu ayədə iman və islam məfhumları fərqli mənalarda qeyd edilir:

“(Qənimət əldə etmək iştahası ilə islama daxil olan) bədəvi ərəblər: “Biz iman gətirdik!” — dedilər. (Ya Peyğəmbər! Onlara) de: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!” -deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır…”16

Bu ayədə qəlbən inanmadıqları halda, dil ilə inandığını deyən münafiqlər qəsd edilmişdir.

Hz. Ömər Hz. Peyğəmbərin (s.ə.s) iman, islam və ehsan terminlərinin hansı mənaya gəldiyi suallarına verdiyi cavabı belə rəvayət edir: “Bir gün Allahın Rəsulunun yanında idik. Ağ libaslı, qara saçlı bir adam gəldi. Üzərində yolçuluqdan əsər-əlamət yox idi, amma bizim heç birimiz onu tanımırdıq. Hz. Peyğəmbərin önündə diz çöküb oturdu. Dizlərini onun dizlərinə dirədi. Əllərini də Allahın Rəsulunun dizlərinin üstünə qoyub soruşdu:

  • “İslam nədir?” Allahın Rəsulu cavab verdi:
  • “ İslam Allahdan başqa ilah olmadığına, Məhəmmədin Allahın elçisi olduğuna inanmağın, namaz qılmağın, zəkat verməyin, Ramazan orucunu tutmağın, gücün çatarsa həccə getməyindir. ”
  • “Düzgün dedin. Yaxşı bəs iman nədir?”
  • “İman Allaha, Onun mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə və qədərə, xeyir və şərin Allahdan olduğuna inanmağındır. ”
  • “Düzgün dedin. Ehsan nədir?”
  • “Ehsan Allah-Təalanı görürmüş kimi ona ibadət etməyindir. Hərçənd ki, sən onu görmürsən, O səni daim görür.»

Bu suallardan sonra qiyamət əlamətlərini də soruşan adam durub getdi. Arxasından baxdılar. Anidən gözdən itmişdi. Onun kim olduğunu maraqlanan əshabi-kirama Allah Rəsulu belə buyurdu:

“O, Cəbaryıl idi, sizə dininizi öyrətmək üçün gəlmişdi.”17

Zəbidi (v. 1205/1791) iman ilə islamın bəzən eynimənalı, bəzən də fərqli mənada istifadə edildiyini bildirdikdən sonra mövzuya belə izahat gətirir: İslam təslim olmaq deməkdir. Təslim olmaq da ya qəlbən və ya sözlə yaxud da üzvlərlə olur. Qəlbən olan “etiqad”, sözlə olan “iqrar’ üzvlərlə olan isə «ibadətlər”dən ibarətdir. Bu üçündən ən üstünü qəlblə olanıdır ki, o da “iman” adlanır. Qəlbin iman əsaslarına tabe olması da “islam’dır. Söz və əməl isə qəlbdə gizli olan bu tabeçiliyin nəticəsi və meyvəsidir. Ağac meyvəsi ilə vəhdət təşkil etdiyi kimi, islam da bu vəhdəti ifadə edir.18

Nəticə etibarilə dil ilə iqrar əsil ünsür olmadığı üçün lallıq və ya zorakılıq qarşısında qalma kimi bir üzr vəziyyətində şərt olmaqdan çıxar. Məcbur edilən adam qəlbdən deyil, sadəcə dili ilə inkar edərsə, imandan dönmüş olmaz. Belə ki, Əmmar ibn Yasirə (v. 34/657) Məkkə müşrikləri işgəncə verdikdə, dözə bilməyib dili ilə inkar etmişdi. Vəziyyəti Rəsulullaha (s.ə.s) çatdırdıqda, Əmmar (r.a) haqqında belə buyurdu:

“İman Əmmarın bütün zərrələrinə işləmişdir”, sonra Əmmara çevrilərək, “Yenə səni məcbur etsələr dilinlə inkar edə bilərsən”.19

Qəlbi imanla dolu olanlara zorakılıq qarşısında bu kimi rüsxət Uca Allah tərəfindən verilmiş20 və Hz. Peyğəmbər bunun tətbiqatını göstərmişdir. Eyni zamanda müşriklər tərəfindən ölümlə hədələnən iki nəfərdən biri, dinindən dönmədiyi üçün qətlə yetirilmiş, digəri zahirən küfrü qəbul edərək xilas olmuşdu. Əzimətı üstün tutduğu üçün öldürülən haqqında Allahın Elçisi belə buyurmuşdur:

O, şəhidlərin ən üstünü və cənnətdə mənim dostumdur. ”21


  1. Maturidi, e.a.ə., s. 398
  2. Nəml, 27/81.
  3. Hücurat, 49/14.
  4. Buxari. İman, 37, Müslim, İman, 1.
  5. Zəbidi, e a ə , II. 235, 239; A Saim Kılavuz, ə a e . s. 43.
  6. Sərəxsi, Mebsut. XXIV, 43.
  7. Bax. Nəhl. 16/106.
  8. Əbdüləziz Buxari, Keşful-esrar, II, 636, 637, Sərəxsi. e a ə., XXIV, 144.

Mənbə: Dəlilləriylə İslam Elmihalı(s.97-99)

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика