Qüsl bütün bədəni qüsl niyyəti ilə heç bir quru yer qalmadan yumaqdır. Qüsl bəzi ibadətlərin yerinə yetirilməsinə əngəl olan halları aradan qaldırması baxımından mühüm əhəmiyyət kəsb edir. Qurani-Kərimdə qüsldən bəhs edən üç ayə vardır. Bunlardan birincisində cünubluqdan ötrü qüslün vacibliyi belə bildirilir: “Əgər cünub olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin)” (Maidə, 5/6). Heyz halında olan qadınla cinsi əlaqədə olmağın qadağan olduğunu bildirən ayədə isə belə buyurur: «Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!” (Bəqərə, 2/222) Başqa bir ayədə də cünub ikən yuyunmadıqca namaza yaxınlaşmaması tələb edilir: “Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cünub (murdar) olduğunuz zaman — yol ötən müsafirlər istisnadır — qüsl edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın” (Nisa, 4/43).
Qüslu vacib edən hallar
Aşağıdakı hallardan biri meydana gəldikdə qüsl almaq fərz olur:
1. Cünubluq: fiqh ədəbiyyatında cünubluq cinsi əlaqə, ehtilam və buna oxşar bir yolla məninin vücud xaricinə çıxmasını, müəyyən ibadət və əməllərin edilməsinə mane olan qüslsuzluğu ifadə edir.
Kişi və qadının cinsiyyət orqanından adətən ləzzət və təzyiqlə, yuxulamış və ya oyanıq olduğu halda isə baxmaq və ya düşünməklə, yaxud həqiqətən cinsi münasibətdə olmaqla məninin xaric olması cünubluğa səbəbdir. Məni şəhvətin artdığı bir vaxtda təzyiqlə çıxan qatı mayedir. Qadının mənisi incə və sarı rəngdədir.
Məzi və vədi səbəbilə qüsla ehtiyac yoxdur. Məzi ağ rəngə yaxın bir maye olub, ər və arvadın bir birinə qarşı cinsi hislər keçirməsi halında cinsi orqandan xaric olur. Vədi isə, kiçik dəstəmaz pozduqdan sonra cinsi orqandan gələn qatı bir mayedir. Bu iki maye də yerindən şəhvətsiz öz-özünə gəlir.
Yatan bir şəxs yuxu gördüyünü xatırlamasa belə, oyandıqda bədənində və ya paltarında məniyə oxşar bir nəmlik görərsə, qüsl almalıdır. Ancaq yuxu gördüyü halda paltarında və ya bədəninin hər hansı bir yerində nəmlik olmazsa, qüsl almasına ehtiyac yoxdur. Huşunu itirən və ya sərxoş bir şəxs, özünə gəldikdən sonra məni zənn etdiyi bir islaqlıq görərsə, ehtiyata görə qüsl etməlidir.
2. Heyz və nifas halının qutarması: Heyz (aybaşı) və nifas (zahılıq) halı qurtaran qadın qüsl almalıdır. Ayədə: “Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!”-buyurulur (Bəqərə, 2/222). Hz. Peyğəmbər də Fatma binti Əbu Hübeyşə belə demişdir: “Adət qanaması olunca namazı qılma. Kəsilən kimi də qüsl al və namaz qıl” (Buxari, Vüdu, 63, Heyz, 24; Müslim, Heyz, 62-63).
Aybaşı: qızlar yetkinlik yaşına çatdıqdan sonra hər ayın müəyyən günlərində baş verən xüsusi bir haldır. Aybaşı heyz qanının gəlməsi ilə başlayır. Heyz qanı həddi-büluğa çatmış hamilə olmayan bir qadından, üzr və zahılıqdan başqa hər ay müəyyən günlərdə gələn qandır. Müddəti ən az üç gün, ən çox isə on gündür. Üç gündən az, ya da on gündən çox gələn qan heyz deyil, üzr qəbul edilir.
Zahılıq: övlad dünyaya gətirən qadından doğuş səbəbilə qanın gəldiyi halıdır. Qadının zahılıq halı körpə dünyaya gəldiyi andan başlayır. Zahılığın ən az müddət üçün müəyyən bir vaxt yoxdur. Lakin ən çox müddət qırx gündür. Qırx gündən sonra gələn qan artıq zahılıq yox, üzr qanı sayılır. Zahı olan qadın qırx gündən sonra qüsl alar və ibadətlərinə başlayar.
https://www.traditionrolex.com/7
Qüslsuz üçün haram olan əməllər
Cünub olan, aybaşı və zahı olanlara haram olan əməllər aşağıdakılardır:
- Namaz qılmaq.
- Tilavət səcdəsi etmək.
- Kəbəni təvaf etmək.
- Etikafa girmək.
- Məscidə girmək: məcburi bir hal olmadıqca cünub məscidə girə bilməz.
- Qurana əl vurmaq: cünub olan, aybaşı və zahı olanlar müshəfə toxuna bilməz, hər hansı bir yerdə yazılmış ayəyə də əl vura bilməz. Qurana baxmasında isə hər hansı bir qəbahət yoxdur.
- Quran oxumaq: cünub aybaşı və zahı olanlar əzbərdən də olsa Quran oxuya bilməzlər. “Cünub və aybaşı olan Qurandan heç bir şey oxumasın!” (İbn Macə, Təharət, 105) hədisi-şərifi aybaşı və ya zahı olan qadının da tilavət məqsədilə Quran oxuya bilməməsini açıq-aydın bildirmişdir.
- Aybaşı və ya zahı olan qadın yuxarıdakılardan başqa oruc tuta bilməz, əri ilə cinsi əlaqədə ola bilməz. Cünub olanın üzünü qırxması, saçım qırxdırması və dırnaq tutması məkruhdur. Aybaşı olana isə sonuncular məkruh deyil.
- Aybaşı və zahılıqda qılınmayan namazların qəzası yoxdur. Ancaq tutulmayan Ramazan oruclarının qəzası fərzdir.
- Cünub olan kişi və ya qadınla aybaşı və ya zahı olan qadın “Rabbənə ətinə…” kimi ayələri dua məqsədilə oxuya bilər, “əlhəmdülilləh” deyə bilər, “lə iləhə illəllah” deyərək zikr edə bilər, “bismillah” deyə bilər. Məcbur qaldıqda bir parça və ya oxşar bir şeylə müshəfi tuta bilər.
Qüslün növləri
Fərz olan qüsl: cünubluq halında, aybaşı və zahı halının sona çatması hallarında qüsl almaq fərzdir. Vəfat edən bir müsəlmana qüsl aldırmaq isə fərzi-kifayədir.
Sünnə olan qüsl: cümə və bayram namazları üçün qüsl almaq, həcc və ümrə üçün ehrama girmədən əvvəl və ərəfə günü vəqfə üçün qüsl almaq Sünnədir.
Müstəhəb olan qüsl: günahından tövbə edən, uzun yoldan gələn, müsəlman olan təmiz bir kəs, ürək getmədən, ruhi xəstəlikdən və sərxoşluqdan ayılan, meyit yuyan, yağış duasına çıxanların qüsl almaları da müstəhəb qəbul edilmişdir.
Qüslün fərzləri
Qüslün üç fərzi var:
- Ağza bol su alıb boğaza qədər çalxalamaq.
- Buruna su çəkib yaxşıca təmizləmək.
- Bütün bədəni quru yer qoymadan yumaq.
Əgər bədənin hər hansı bir yerində altına su keçirməyən bir maddə olarsa, bunu əvvəlcədən təmizləmək lazımdır. Ancaq yara üstündə sarğı kimi sarılmış bir şey çıxarıldığı təqdirdə yaraya ziyan verəcəksə, bu sarğının çıxarılmasına ehtiyac yoxdur və onun üstünə məsh edilir.
Bir qadının hörülməmiş saçlarının hər tərəfini yuması fərzdir. Əgər saçı hörülmüş olarsa, saç diblərinə su dəyirsə, hörüyünü açmasına ehtiyac yoxdur. Lakin sıx hörülmüşsə və saçın diblərinə su dəymirsə, hörüyü açıb saçın hər tərəfini yumalıdır.
Qüslün sünnələri və alınma qaydası
Qüsla bəsmələ və niyyət ilə başlamaq. Hənəfilərdən başqa digər üç məzhəbə görə isə niyyət fərzdir. Cünubluqdan təmizlənmək üçün yuyunduğunu bilmək niyyət sayılır və ibadət savabı qazanmağa səbəb olur.
Əvvəlcə əlləri və ədəb yerlərini yumaq, bədənin hər hansı bir yerində natəmizlik varsa, onu təmizləmək.
Daha sonra namaz dəstəmazı kimi dəstəmaz almaq sünnədir. Əgər yuyunduğu yerdə su yığılan yer varsa, ayaqların yuyulması ən axıra saxlanır. Bu dəstəmazı alarkən hənəfi və hənbəlilərə görə qüsldə fərz hökmündə olan ağza və buruna su almaq da yerinə yetirilmiş olur.
Dəstəmazdan sonra əvvəl üç dəfə başa, sonra sağ, sonra isə sol çiynə su tökərək və hər su tökülüşündə də bədəni yaxşıca ovmaq və daha əvvəl ayaqlar yuyulmamışsa, çıxarkən əvvəl sağ, sonra sol ayağı yumaq.
Qüsl alarkən həm həddindən artıq çox, həm də həddindən artıq az su istifadə etməkdən çəkinmək.
Başqalarının görə bilmədiyi bir yerdə yuyunmaq. Ancaq müsəlman bir şəxs müalicəvi əhəmiyyətli və normal hamamlar və üzmək üçün hovuzlar kimi insanlar tərəfindən ümumi olaraq istifadə edilən yerlərdə yuyunarkən, ədəb yerlərini dəsmalla və ya diz qapağıyla göbək arasım örtən bir geyim ilə örtməli, başqasının açılan ədəb yerlərindən gözünü çəkməlidir. Hz. Peyğəmbər (s.ə.s) hamama bir örtü ilə girməyi əmr etmiş, ədəb yerlərini açaraq və ya çıplaq yuyunan şəxslərə mələklərin lənət etdiyini bildirmişdir (Əbu Davud, Hammam, 2, 3). Bəzi hədislərdə və fiqh kitablarında ümumi hamamlara getməyin pis görülməsi, bəzi ölkə və bölgələrdə müşahidə edilən açıq-saçıqlıq və həyasızlığın, müsəlmanlar arasında da yayılma qorxusu buna qarşı tədbir alma istəyindən irəli gəlir.
Gözdən uzaq bir yerdə olsa belə, qüsl alarkən ədəb yerlərini açmamaq. Əgər ədəb yeri açılarsa qibləyə tərəf dönməmək.
Qüsl alarkən danışmamaq.
Qüslün alınması qurtaran kimi bədəni bir dəsmal ilə qurulamaq.
Qüsldən sonra dərhal geyinmək.
Cünub olan bir şəxs hovuz, çay, göl, dənizə girərsə, bu əsnada əzalarım suda hərəkət etdirər və ya su içində dəstəmaz və qüsl alınacaq qədər bir müddət durarsa, sünnəyə də riayət etmiş olar.
Qüslda normal dəstəmazdan fərqli olaraq dua oxumaq məkruhdur. Çünki belə bir şəxs ümumi olaraq təmiz bir yerdə sayılmır.
? Fiqh. Anar Qurbanov







