Təyəmmüm su tapılmadığı və ya sudan istifadə mümkün olmadığı zaman hədəsdən təmizlənmək niyyəti ilə torpaqla və ya torpaq növündən olan bir şeylə üz və qolları məsh etməkdir.
Dinimizin ibadətlərdə qoyduğu asanlıqlardan biri olan təyəmmümə hicrətin beşinci ilində icazə verilmişdir. Müreysi qəzvəsi olaraq adlanan Müstəliq oğulları qəzvəsində Hz. Peyğəmbər və minə yaxın İslam əsgəri gecəni suyun olmadığı bir yerdə keçirmişdi. Su olan yerə çatmaq üçün hərəkət ləngiyincə, sübh namazı üçün dəstəmaz alacaq su tapa bilmədilər. Bunun nəticəsində; “Xəstələndikdə və ya səfərdə olduqda, sizlərdən biri ayaq yolundan gəldikdə, yaxud qadınlara toxunmuş (yaxınlıq etmiş) olduqda (qüsl və dəstəmaz üçün) su tapmadığınız zaman pak bir torpaqla təyəmmüm edin, (ovuclarınızı) üzünüzə və əllərinizə sürtün!” (Nisa, 4/43) ayəsi nazil oldu. Eyni ayənin bənzəri təmiz (tayyibən) və onunla (minhu) kəlmələrindən başqa “Nisa” surəsinin 43-cü ayəsində də təkrarlanır. Hz. Peyğəmbər də belə buyurmuşdur: “Yer üzü bizə məscid edildi, torpağı da bizim üçün təmizləyicidir’’ (Şövkani, Neylül-övtar, I, 258), “Su tapmadığı və dəstəmazsızlıq halı davam etdiyi müddətcə, torpaq müsəlmanın təmizləyicisidir. İstərsə bu hal on il belə davam etmiş olsun«(Zeyləi, Nasbür-rayə, I, 48).
Təyəmmümü mübah edən hallar
Təyəmmüm dəstəmaz və qüsl yerinə keçən bir əvəzedici və bir hökmi təmizlənmə yolu olduğu üçün, sadəcə, aşağıdakı üzrlərin olması ilə caiz olur:
1. Dəstəmaz və ya qüsl almaq üçün kifayət qədər suyun olmaması: dəstəmaz və qüsl almaq üçün kifayət qədər suyun olmaması, piyada və ya minik vasitəsilə gətirilə bilməyəcək qədər uzaqda olması, su yolunda bir təhlükənin varlığı, pulla suyun satın alma bilməməsi və ya qiymətin həqiqi dəyərindən həddindən artıq çox olması kimi hallar təyəmmümü mübah edən üzrlərdəndir. Çünki ayədə: “Su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün (paklığı niyyət edib əllərinizi bir dəfə torpağa sürtərək üzünüzü, bir dəfə də torpağa sürtərək əllərinizi məsh edin)”,-buyurulmuşdur (Maidə, 5/6).
Suyun varlığını unudaraq təyəmmüm alan bir şəxs namazı qıldıqdan sonra suyun mövcud olduğunu xatırlayarsa, Əbu Hənifə ilə İmam Məhəmmədə görə namazı təkrar qılmaz. Buradakı unutma, sudan istifadəyə gücün çatmaması kimidir. Ancaq suyun varlığını namaz qılarkən xatırlayarsa, namazım pozar və su ilə dəstəmaz alıb təkrar qılar.
2. Sudan istifadə etmə imkanının olmaması: sudan istifadə etməyin sağlamlıq baxımından təhlükəli olması, suyu əldə etmək üçün lazım olan vasitə və ehtiyacların olmaması, fiziki və çoğrafi şərtlərin suyu əldə etməyə mane olması, həbsdə olmaq, əşyaların oğurlanması və ya düşmən hücumundan qorxmaq və su olduğu halda sudan istifadə etməkdən aciz olmaq kimi hallarla qarşılaşan bir şəxs təyəmmüm edər. Məcburiyyət qarşısında (zor altında) sudan istifadə edə bilməyən bir şəxs isə, əvvəl təyəmmümlə namazını qılar, daha sonra məcburiyyət ortadan qalxdıqdan sonra dəstəmaz alıb namazını qılar.
3. Xəstəlikvə ya sağalmanın gecikmə təhlükəsinin olması: sudan istifadə edildiyi təqdirdə xəstə olmaqdan və ya xəstə isə xəstəliyinin uzanmasından, yaxud sağalmanın gecikməsindən qorxan bir şəxs təyəmmüm alar. Bu mövzuda müsəlman bir həkimin rəyi mühümdür. Çünki “zərurətlər qadağan olan şeyləri mübah edər”, “öz əlinizlə özünüzü təhlükəyə atmayın” prinsipləri ilə “müalicə olun” əmri bunu göstərir. Hz. Peyğəmbər dövründə yaralı bir səhabənin yuyunması səbəbilə ölməsi bunun dəlilidir. Cabir (r.ə) belə deyir: “Bir səfərə çıxmışdıq. Bizdən birinə bir daş dəydi, başı yarıldı. Sonra ehtilam oldu və yoldaşlarına təyəmmüm edib-edə bilməyəcəyi soruşdu. Onlar: “Sudan istifadə etmək imkanına sahib olduğun üçün, sənə bu xüsusda rüxsət (icazə) veriləcəyini zənn etmirik”- dedilər. Bu şəxs su ilə qüsl aldı və sonra da yarası daha pisləşib öldü. Hadisə Allahın elçisinə çatdıqda belə dedi: «Onu öldürdülər, Allah onlara kömək olsun! Bilmədikləri bir şeyi niyə soruşmadılar? Şübhəsiz bir şeyi öyrənməyin yolu soruşmaqdır. O şəxsə, təyəmmüm etməsi və yarasının üzərinə bir sarğı bağlayıb üztünə məsh etməsi və vücudunun digər yerlərinin yuyulması da kifayət edərdi” (Şövkani, e.a.ə., I, 257).
4. Suyun həddindən artıq soyuq olması: sudan istifadə edildiyi üçün ölüm, əzalardan hər hansı birinin xəsarət alması və ya xəstə olma təhlükəsi təyəmmümü caiz edər. Zatüs-səlasil qəzvəsində iştirak edən Amr ibn-As soyuq bir gecədə ehtilam olmuş, təyəmmüm edərək yoldaşlarına sübh namazında imam olmuşdu (sübh namazım qıldırmışdı). Buna görə Amr ibn-Asdan Peyğəmbərə (s.ə.s) şikayət etdilər. Rəsulullah da (s.ə.s) vəziyyəti ondan öyrənmək istədi. Amr ibn-As belə dedi: “Uca Allahın; “özünüzü öldürməyin, çünki Allah sizə qarşı çox mərhəmətlidir” ayəsini xatırladım və təyəmmüm etdikdən sonra da namaz qıldırdım”, — dedi. Bunu eşidən Rəsulullah (s.ə.s) güldü və heç bir şey demədi” (Şövkani, e.a.ə., I, 258; bax. Bəqərə, 2/195).
5. Dəstəmaz və ya qüsl aldığı təqdirdə, qılınan cənazə namazına və ya bayram namazına çatmama qorxusu: cümə namazı üçün isə bu etibarlı deyil. Çünki cümə namazım bir üzr səbəbilə qıla bilməyən onun əvəzinə günorta namazım qılmalıdır.
Yuxarıda qeyd edilən hallardan hər hansı biri mövcud olduqda dəstəmaz və ya qüsl əvəzinə təyəmmüm alına bilər.
Təyəmmümün etibarlı olması üçün tələb olunan şərtlər
Təyəmmümün etibarlı olması üçün lazımi şərtlər aşağıdakılardır:
1. Təyəmmümü qaçınılmaz edən bir vəziyyətin mövcud olması: su olmadığı üçün təyəmmüm alınacaqsa, suyu tapmaq üçün kifayət qədər axtarmaq lazımdır.
2. Niyyətin açıq-aydın olması: niyyətin tam müəyyən edilməsi ilə hədəstən təmizliyin şərt olduğu (namaz, təvaf, tilavət səcdəsi kimi) bir ibadəti yerinə yetirmək nəzərdə tutulur. Bir təyəmmümlə fərz, vacib və ya nafilə olmaqla istənilən qədər namaz qılına bilər. Ancaq qəbir ziyarəti etmək, azan oxumaq, iqamə oxumaq və İslama girmək məqsədilə alınan təyəmmümlə namaz qılına bilməz. Çünki bunlar dəstəmazsız da edilə bilir.
3. Təyəmmüm təmiz torpaqla və ya torpaq növündən olan (qum, çınqıl, gips, kərpic, mərmər kimi) bir şeylə alınmalıdır.
4. Təyəmmümün iki əlin iç tərəflərinin və ən az yandan çoxunun torpağa və ya torpaq növündən olan bir şeyə iki dəfə vurularaq alınmalıdır.
5. Üz və əllərlə birlikdə qollar dirsəklərlə birlikdə məsh edilməlidir. Məsh edilən orqanlarda məshə mane olan mum, yağlı boya kimi bir maddə varsa, bunlar aradan qaldırılmalıdır.
Təyəmmümün fərzləri
Təyəmmümün fərzi ikidir:
1. Niyyət etmək
2. Əlləri təmiz torpağa və ya torpaq növündən olan bir şeyə sürtüb əvvəlcə üzü məsh etmək; sonra əlləri ikinci dəfə torpağa sürtüb dirsəklərlə birlikdə qolları məsh etməkdir.
Bu fərzlərdən biri, ya da bir hissəsi yerinə yetirilmədiyi təqdirdə təyəmmüm etibarsız olur.
Təyəmmümün sünnəyə uyğun alınma qaydası
1. Təyəmmüm almağa başlayarkən bismilla deyib namaz və ya ümumi olaraq ibadət üçün təmizlənməyə niyyət edilir. Hənbəlilərdə bəsmələ vacibdir.
2. Barmaqları açıq olduğu halda iki əl təmiz bir torpağa vurulub irəli-geri çəkilir.
3. Əllərdəki artıq toz silkələnib, bununla üzün hər yeri məsh edilir.
4. Əllər yenə torpağa vurulub silkələndikdən sonra, barmaqların iç tərəfindən istifadə edərək sol əllə sağ qol, sağ əllə də sol qol dirsəklərlə birlikdə məsh edilir.
5. Yuxarıdakı sıraya görə əvvəl üz, sonra qollar məsh edilməli və məshlər arasında fasilə verilməməlidir.
6. Fərz namazlar üçün alınan təyəmmüm namaz vaxtı girdikdən sonra olmalıdır.
Hənəfilərə görə, namaz vaxtı girmədən də təyəmmüm etmək caizdir. Su olmadığı və üzr halı davam etdiyi müddətcə bir şəxs etdiyi təyəmmümlə istədiyi qədər fərz və ya nafilə namaz qıla bilər. Ancaq suyu əldə etmək ümidi varsa təyəmmümü namaz vaxtının sonuna qədər gecikdirmək məndubdur.
Hənəfilərdən başqa əksər fiiqəhaya görə isə, təyəmmümün qəbul olması üçün namaz vaxtı girməlidir və bir təyəmmümlə birdən çox fərz namazı qılına bilməz. Ancaq hənbəlilər birdən çox qəza namaz qılma biləcəyi fikrindədirlər. Əksər fəqehlər zərurət səbəbilə məşru edildiyini nəzərə alaraq təyəmmümü üzrlü şəxsin dəstəmazına qiyas etmişlər.
Təyəmmümü pozan hallar
1. Dəstəmaz və ya qüslu pozan hər bir şey təyəmmümü də pozur. Çünki təyəmmüm bu ikisinin də əvəz edicisidir. Əsil olanı pozan onun əvəzedicisini də pozar. Cünub olan bir şəxs təyəmmüm aldıqdan sonra dəstəmazı pozan bir hal meydana gələrsə, təkcə dəstəmazı pozulmuş sayılar. Cünubluq halı geri qayıtmaz.
2. Təyəmmüm almağı mübah edən üzrün ortadan qalxması ilə təyəmmüm pozulur. Məsələn, düşmənin çəkilməsi, soyuğun keçməsi, xəstəliyin qutarması, su çıxarmaq üçün alətin əldə edilməsi, məhbusun suyun əldə edilməsi mümkün olmayan bir həbsxanadan, içində suyun əldə edilməsi mümkün olan başqa bir həbsxanaya köçürülməsi və azadlığa çıxarılması kimi hallar təyəmmümü pozar.
3. Suyu görmək və ya bir dəfə belə olsa sudan istifadə edəcək gücə sahib olmaq təyəmmümü pozur. Suyun namaz qılınarkən görülməsi hənəfi və hənbəlilərə görə təyəmmümü pozur və təyəmmüm pozulduğu üçün namaz da pozulur. Malikilər isə bu haqda əks fikirdədirlər. Suyun namaz qılındıqdan sonra görülməsi halında, əgər namaz vaxtı çıxmışsa, təkrar qılmanın vacib olmadığı ilə bağlı fikir birliyi vardır. Əgər suyun görülməsi namaz vaxtı çıxmadan olmuşsa, şafeilərdən başqa əksəriyyətə görə, təkrar qılmaq lazım deyil. Şafeilərə görə isə, bu halda müqim olan təkrar qılar, yolçular isə təkrar qılmazlar.
4. Hənbəlilərə görə, namaz vaxtının çıxması, şafeilərə görə dindən çıxmaq (irtidad), malikilərə görə isə təyəmmüm ilə namaz arasında uzun bir müddətin keçməsi təyəmmümü pozur. Hənəfilərə görə isə, son hallarda təyəmmüm pozulmur.
Təyəmmümlə bağlı bəzi hökmlər
Bir təyəmmüm ilə bir namaz vaxtın içində birdən çox fərz və nafilə namaz qılına bilər. Lakin İmam Şafeiyə görə, bir təyəmmüm ilə yalnız bir fərz namaz ilə birdən çox nafilə namaz qılına bilər. Məzhəb ixtilafından qurtulmaq üçün hər fərz namaz üçün təyəmmüm almaq daha düzgün və daha ehtiyatlı bir davranışdır.
Təmiz bir yerdən çoxlu sayda adam təyəmmüm edə bilər. Çünki torpaq su kimi deyil, təkrar istifadə edilməklə müstəməl olmaz.
Dəstəmaz üzvlərinin yarısında və ya əksər hissəsində yaraları olan təyəmmüm alar. Dəstəmaz almaqda köməyi olmayan aciz bir şəxs də təyəmmüm ilə namazını qılar.
? Fiqh. Anar Qurbanov







