İxlas surəsi ərəbcə

İxlas surəsinin audiosı
İxlas surəsinin oxunuşu
- Qul huvəllahu əhad.
- Allahus-saməd.
- Ləm yəlid və ləm yuləd.
- Və ləm yəkul-ləhu kufuvən əhəd.
İxlas surəsinin tərcüməsi
- De: “O Allah təkdir!
- Allah heç bir şeyə möhtac deyildir.
- O nə doğmuş, nə də doğulmuşdur.
- Onun heç bir bənzəri və tayı-bərabəri yoxdur”.
İxlas surəsinin adları
İxlas: Hərfi mənada “İxlas” kəlməsi “səmimiyyət, dürüstlük, vəfalılıq” kimi mənalara gəlir. Mənbələrdə surənin iyirmidən çox adının olduğu bildirilmiş, lakin daha çox İslam dininin əsas prinsipi olan tövhid inancının qısa bir ifadəsi kimi “İxlas” adı ilə tanınmışdır. Ən çox istifadə edilən adlarından biri “Qul hüvəllahu əhad” və ya qısaca “Qul hüvəllah”dır. Bununla yanaşı, “Səməd”, “Tövhid’’, “Əsas”, “Təcrid”, “Nəcat”, “Vəlayət”, “Mükaşifə”, “Müəvvizə” olaraq da adlandırılmşdır. Heyət, “Kuran Yolu Türkçe Meal ve Tefsir”, V, 689.
İxlas surəsinin ehtiva etdiyi mövzular
Surədə Allah-Təalanın əsas xüsusiyyətlərindən bəhs olunur. Bu surədə şirkin hər növü qəti şəkildə rədd edilmişdir. Bir qisim təfsirçilərə görə, bu surənin mahiyyətini tam şəkildə qavramaqla Allahı tamamilə dərk etmək mümkündür.
https://www.traditionrolex.com/4
İxlas surəsinin fəziləti
Həzrət Peyğəmbərimiz ﷺ bu surənin əhəmiyyəti və fəziləti barədə belə buyurmuşdur: “Həyatım əlində olan Allaha and içirəm ki, bu surə Quranın üçdə birinə bərabərdir” Buxari, “Tövhid”, 1. Eləcə də bu surəni çox sevdiyi üçün hər namazda oxuyan bir səhabəyə Həzrət Peyğəmbər ﷺ “Onu sevməyin səni cənnətə aparar”, — buyuraraq müjdə vermişdir.Tirmizi, “Fəzailül-Quran”, 11; “Təfsir”, 93.
Səhabələrdən Abdullah ibn Üneys belə demişdir: Rəsulullah ﷺ köksümə əlini qoyub mənə: “قُلْ / oxu!» — dedi. Mən nə oxuyacağımı bilmədim. Sonra mənə “İxlas” surəsini oxumağımı istədi. Mən də oxudum və bitirdim. Sonra “Fələq” surəsini oxumağımı istədi, onu da oxudum. Daha sonra “Nas” surəsini oxumağımı istədi, onu da oxuyub bitirdim. Bunun ardınca Rəsulullah ﷺ: «Bax bu şəkildə Allaha sığın! Allaha sığınanların heç biri bu vaxta kimi bu cür vasitələrlə (“İxlas”, “Fələq” və “Nas” surələrini oxuyaraq) sığınmamışdır”, — buyurdu Nəsai, “İstiazə”, 1. Buna görə də bu üç surəyə birlikdə “Müəvvizat” deyilir.
Digər tərəfdən Rəsulullah ﷺ səhər və axşam namazlarının sünnələrində birinci rükətdə “Kafinin”, ikinci rükətdə isə “İxlas” surəsini oxuduğu da rəvayət edilmişdir İbn Macə, “İqamət”, 102. Bu da Həzrət Peyğəmbərin bu surəyə nə qədər əhəmiyyət verdiyini göstərir.
İxlas surəsinin nüzul səbəbi
“İxlas” surəsinin digər bəzi surələr kimi bir neçə fərqli nüzul səbəbi vardır. Surənin nazil olması ilə əlaqəli müxtəlif təfsir kitablarında bir-birinə oxşar rəvayətlər olsa da, qismən bir-birindən fərqlənən rəvayətlər də yer alır. Bu haqda ən çox məşhur olan iki rəvayət belədir:
Übeyy ibn Kəbin rəvayət etdiyinə görə, müşriklər bir gün Həzrət Peyğəmbərə ﷺ “Ey Muhamməd, bizə Rəbbinin nəsəbini (əcdadını) xəbər ver!” — dedilər. Bu hadisədən sonra Allah-Təala bu surəni endirdi.
İbn Abbasdan (r.a) nəql edilən bir rəvayətə görə isə, Amir ibnüt-Tüfeyl və Ərbəd ibn Rəbiə Həzrət Peyğəmbərin ﷺ evinə gəlmişlər. Amir ibnüt-Tüfeyl Həzrət Peyğəmbərə ﷺ: “Ey Muhamməd, bizi nəyə dəvət edirsən?” — deyə sual verdikdə Allah Rəsulu ﷺ: “Allaha çağırıram”, — deyə cavab verdi. O: “Onu mənim üçün tövsif et (tanıt). O qızıldandır, gümüşdəndir, yoxsa dəmirdəndir?”, — dedikdə Allah-Təala “İxlas” surəsini nazil etmişdir.
İxlas surəsinin əvvəlki surə ilə əlaqəsi
“Təbbət” surəsində İslam nemətinin qiymətini bilməyib inkara və nankorluğa davam edən və tövbəyə yanaşmayanların acınacaqlı sonları, düçar olacaqları əzaba diqqət çəkilmişdi. Bu surədə də əbədi zərər və ziyandan xilas olmaq üçün yeganə çarənin Uca Allahın dininə sarılmaq və bunun üçün də əvvəlcə tövhid və ixlas ilə Allahı tanımağın vacibliyi bəyan edilmişdir.
İxlas surəsinin təfsiri
بِسْمِ اللَّـهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
Rəhman və Rəhim olan Allahn adı ilə!
قُلْ هُوَ اللَّهُ أَحَدٌ
1. De: “О Allah təkdir!
Təfsiri:
“İxlas” surəsi İslamın bünövrəsi olan tövhid anlayışını müxtəsər bir şəkildə İfadə edərək Allah-Təalanı tanıtdığı üçün Həzrət Peyğəmbər ﷺ tərəfidən Quranın üçdə biri səviyyəsində oldugu bildirilmişdir. Bu ayədəki «tək» mənasına gələn » اَحَدٌ / əhəd” kəlməsi «bir» mənasına gələn » وَاحِدٌ / vahid» sözü ilə eyni kökdən gəlir. Qurani-Kərimdə hər iki İfadə də işlədilmişdir. «Bəqərə» surəsində Allah-Təala buyurur: Sizin ilahınız tək olan ilahdir. Ondan başqa heç bir ilah yoxdur. O, Rəhmandır, Rəhimdir!Bəqərə, 2/163. Təfsir alimləri «əhəd» sözünün «vahid» sözündən daha qüvvətli olduğunu bildirmişlər. Allahın tək olaraq tövsif edilməsinin üç mənası vardır və hər biri Uca Allahı təcəssüm edir.
Birinci məna: O, təkdir. Yəni kainatın ikinci bir ilahi yoxdur. Bu Onun sayıla bilməməsini, yalnız olmasını ifadə edir. Əslində, bu ayə ilə müşriklərə cavab olaraq Allahın ortağı olmadığı bildirilmişdir.
ikinci məna: O, təkdir. Onun bənzəri və oxşarı yoxdur. Məsələn, «Filan şəxs öz dövründə təkdir», deyildiyində bu onun bənzəri olmadığı mənasını ifadə edir.
Üçüncü məna: Allah təkdir, yəni bütövdür. O, bölünməz, parçalara və hissələrə ayrılmazdir. Çelik, “Hakkın Daveti Kuran-ı Kerim Meali ve Tefsiri”, 1/ 657
اللَّهُ الصَّمَدُ
2. Allah heç bir şeyə möhtac deyildir.
Təfsiri:
Ayədəki «الصَّمَدُ / əs-Səməd» kəlməsi məna etibarilə «Bütün mövcudiyyət ehtiyacı üçün Ona sarıldığı halda, Onun Özü isə heç bir varlığa möhtac olmayan» deməkdir. Buna görə də Uca Allahın «Səməd» olması var olma baxıminda heç kimə möhtac olmayıb hər şeyin varilq və davamının tamamilə Ona borclu olduğu «Vacibülvucud» mənasına gəlir. Bu kəlmənin «Ondan başqasının ibadət olunmağa layiq olmadığı tək varlıq» mənası da vardır.Heyət, “Kuran Yolu Türkçe Meal ve Tefsir”, V, 691. «Səməd» kəlməməsinin digər bir mənası da «canlıların ehtiyac anbaan qarşılayan və təxirə salmadan təmin edən» deməkdir. Beləliklə, «Səməd» kəlməsi birinci ayədəki Allahın «Əhəd» ismini şərh etdiyi kimi, sonrakı ayədəki «O nə doğmuş, nə də doğulmuşdur« İfadələri də «Səməd» ismini şərh edir.
لَمْ يَلِدْ وَلَمْ يُولَ
3. O nə doğmuş, nə də doğulmuşdur.
Təfsiri:
Allah-Təala doğmayıb və heç kimi də övladlığa götürməmişdir. Onun nə oglu, nə də qızı vardır. Allah bütün mükəmməl xüsusiyyətlərə malik olduğu kimi, bütün nöqsan sifətlərdən də uzaqdır, pakdır. «Furqan» surəsindəki «O (Özünə) heç bir övlad götürməmişdir»Fürqan, 25/2 ayəsi bu fikri daha da qüvvətləndirir. Çünki həmin surənin bu yerində Uca Allah «Üzeyir Allahın oğludur»Tövbə, 9/30 deyən yəhudilərə, «Masih (İsa) Allahın oğludur»Tövbə, 9/30 deyən xristianlara və «Mələklər Allahın qızlarıdır»Saffat, 37/150 iddiası ilə çıxış edən müşrik ərəblərə cavab olaraq Özü ilə bağlı bu kimi cəfəng fikirləri qəti surətdə rədd etmişdir. Sözsüz ki, övladı olanın həyat yoldaşı da olmalıdır. Bir sözlə, ailə qurmaq insana Uca Allah tərəfindən bəxş olunan nemətlərdəndir. Bu, ailə üzvlərinin həyatın eniş və yoxuşunu birgə addımlayaraq və çətinliklərə qarşı bir-birinə dəstək olaraq yaşamaları üçün verilmiş bir lütfdür. Lakin, şübhəsiz ki, Allah məxluqatdan fərqli olaraq hər hansı bir kimsəyə, yaxud hər hansı bir nəsnəyə möhtac deyildir. Övladları da, həyat yoldaşlarını da O yaratmışdır. Əlbəttə ki, Allah-Təalanın yaratdığı varlıqlara möhtac olması da mümkünsüzdür.
Ayədəki «Nə də doğulmuşdur» mənasına gələn ifadədə də Uca Allaha məxsus olmayan xüsusiyyətlərə işarə edilir. Yəni O, heç bir ata-ana vasitəsilə dünyaya gəlməmişdir. Çünki doğulan hər bir şey sonradan var olmuş deməkdir. Allah-Təala isə əzəli və əbədidir. Onun əvvəli, yəni varlığının başlanğıcı yoxdur. Uca Allahın nə doğulması, nə də hər hansı bir atanın övladı olması mümkün deyildir.
وَلَمْ يَكُن لَّهُ كُفُواً أَحَدٌ
4. Onun heç bir bənzəri və tayı-barabəri yoxdur.
Təfsiri:
Ayədəki » كُفُواً / küfüvən« ifadəsi “bərabər; «bənzər, oxşar, eyni» kimi mənaları ifadə edir. Yəni Allah-Təala nə zatında, nə sifətlərində, nə də hərəkətlərində yaratdıqlarının heç birinə əsla bənzəməz. Çünki O hər şeyin yeganə sahibi və yaradıcısıdır. Buna görə də yaratdığı məxluqatın içərisindən Onun mövqeyinə yaxınlaşası və ya yüksələsi hər hansı bir varlığın olması mümkün deyildir. Necə ki «Şura» surəsində də Uca Allah: «Onun heç bir bənzəri yoxdur. O, hər şeyi eşidəndir, görəndir»,Şura, 42/11 — buyuraraq bu həqiqətə işarə etmişdir.
Yuxarıdakı verilənlərə yekun olaraq surənin mənasına uyğun gələn bir qüdsi hədisi də xatırlamaq yerinə düşərdi: «Adəm oğlu Məni yalanladı. Halbuki buna onun heç bir haqqı çatmırdı. O Məni ədəbsiz sözlərlə məzəmmət etməyə cürət etdi. Halbuki buna da onun ixtiyarı yox idi. Məni yalanlamasına gəlincə, o: «Allah məni yaratdığı kimi, əsla yenidən dirildə bilməyəcəkdir«, — deyərək inkar etdi. Əksinə, Mənim üçün onu yenidən yaratmaq yoxdan yaratmaqdan daha asandır. Məni məzəmmətləməsinə gəldikdə isə, insan oğlunun: «Allah övlad götürdü», — deməsidir. Halbuki mən təkəm, Səmədəm, övlad götürməyən, doğulmayan, tayı-bərabəri olmayan İlaham».Buxari, “Təfsir», 112
Cavab seçin
[ays_quiz id=’2′]








Allah oxuyub faydalanan qullarından etsin hər birimizi
İxlas surəsindən çox ətraflı yazmısız, Allah sizdən razı olsun
Amin əcmain
Maşallah İxlas surəsi haqqında geniş məlumat vermisiz. Allah əziyyəti keçənlərdən dünya və axirətini xeyirli etsin. Amin Amin Amin
Amin