Fələq surəsi. Oxunuşu, tərcüməsi, təfsiri, audiosı, mənası

Fələq surəsi ərəbcə

Fələq surəsinin audiosı

Fələq surəsinin oxunuşu

  1. Qul ə’uuzu bi Rabbil fələq.
  2. Min şərri məə xaləq.
  3. Va min şərri ğaasiqin izəə vaqab.
  4. Va min şərrin — nəffəəsəəti fil — uqad.
  5. Va min şərri həəsidin izəə həsəd.

Fələq surəsinin tərcüməsi

  1. De: “Sığınıram sübhün Rəbbinə,
  2. Yaratdıqlarının şərindən,
  3. Qaranlıq çökən gecənin şərindən,
  4. Düyünlərə üfürən (cadugər) qadınların şərindən,
  5. Və paxıllıq edən paxılın şərindən!”

Fələq surəsinin adları

Fələq: Surənin adı ilk ayəsində keçən və “sübh, aydınlıq” kimi mənalara gələn “ الْفَلَق / əl-fələq” kəlməsindən götürülmüşdür. Eyni zamanda “Nas” surəsi ilə birlikdə bu iki surəyə “Müəvvizəteyn” , yəni “iki qoruyucu surə” də deyilmişdir. Hətta “İxlas” surəsi ilə birlikdə bu üç surəyə “Müəvvizat”, yəni “qoruyucu surələr” də deyilmişdir.

əl-Fələq surəsinin ehtiva etdiyi mövzular

Bu surədə insanların onlara dəyəcək maddi və mənəvi hər cür zərərdən Allaha necə sığınıb, necə Onun himayəsinə girə biləcəkləri öyrədilir.

Feleq surəsinin fəziləti

Səhabələrdən Abdullah ibn Üneys belə demişdir: “Rəsulullah ﷺ köksümə əlini qoydu və mənə: “ قُلْ / oxu!” — dedi. Mən nə oxuyacağımı bilmədim. Sonra o mənə “İxlas” surəsini oxumağımı əmr etdi. Mən də oxudum və bitirdim. Sonra. “Fələq” surəsini oxumağımı əmr etdi, onu da oxudum. Daha sonra “Nas” surəsini oxumağımı əmr etdi, onu da oxuyub bitirdim. Ardınca Rəsulullah ﷺ: “Bax bu şəkildə Allaha sığın! Allaha sığınanların heç biri bu surələr enənə kimi bu cür vasitələrlə (“İxlas”, “Fələq” və “Nas” surələrini oxuyaraq) sığınmamışdır”, — buyurdu.(Nəsai, “İstiazə”, 1.)

Peyğəmbərimiz ﷺ Üqbə ibn Amirə belə demişdir: “Görmədinmi bu gecə bənzəri əsla görülməmiş ayələr endirildi: “De: “Sığmıram sübhün Rəbbinə!”(Fələq, 113/1.) “De: “Sığmıram insanların Rəbbinə!(Nas, 114/1.)”. (Müslim, “Müsafirun”, 264.)

Həzrət Aişədən (r.a) belə rəvayət edilmişdir: “Rəsulullah bir narahatçılıq keçirdiyi zaman və hər gecə yatağına yatacağı vaxt bu üç surəni (“İxlas”, “Fələq”, “Nas”) oxuyub ovuclarına üfürərək mübarək başına və üzündən başlayaraq aşağiya doğru mübarək vücuduna məsh edər və bunu üç dəfə təkrarlayardı”.(Buxari, “Fəzailül-Quran”, 14.)

Əbu Səid əl-Xüdridən nəql edildiyinə görə, Həzrət Peyğəmbər ﷺ cinlərin və insanların gözlərinin şərindən Allaha sığınırdı. “Fələq” və “Nas” surələri nazil olandan sonra onları oxudu, digərlərini isə tərk etdi.(Nəsai, “İstiazə”, 37.)

Fələq surəsinin nüzul səbəbi

“Müəvvizəteyn” adlanan “Fələq” və “Nas” surələrinin bir yerdə nazil olmasının səbəbi ilə bağlı bir çox səhih mənbədə məşhur bir rəvayət qeyd edilir. Həmin rəvayət belədir:

İbn Abbas (r.a) və Həzrət Aişədən (r.a) nəql edilir ki, yəhudi bir uşaq Peyğəmbərimizə ﷺ qulluq edirdi. Yəhudilər o uşağı ələ alaraq ona Peyğəmbərimiz ﷺ daranarkən yerə düşən saçlannı və darağından bir neçə dişi gətirməsini tapşırmışdılar. Uşaq da yəhudilərin istəklərini yerinə yetirmişdi. Onlar bu əşyalarla Rəsulullaha cadu elədilər. Bunu edən Ləbid ibn Əsəm adlı bir yəhudi idi. Ləbid saç və daraq dişləri ilə etdiyi bu cadunu bir quyuya atmışdı. Bundan sonra Allah Rəsulu xəstələnmiş və naxoşluğu bir neçə gün davam etmişdi. Xəstəliyi əsnasında o etmədiyi halda bəzi işləri etmiş kimi hiss edirdi. Bu minvalla Rəsulullah ﷺ cismən gündən-günə zəifləyirdi. Günlərin bir günü yatağında ikən onun yanına iki mələk gəldi və mələklərdən biri baş tərəfində, digəri isə ayaq tərəfində oturdu. Ayaq tərəfində oturan mələk baş tərəfində oturan mələyə müəyyən suallar verdi və aralarında belə bir dialoq yarandı:

— Bu adama nə olub?

— Xəstələnib.

— Xəstəliyi nədir?

— Ona cadu edilib.

— Ona kim cadu edib?

— Yəhudi Ləbid ibn Əsəm.

— Ona nə ilə cadu edilib?

— Darağı və daraqdan düşən saçları ilə.

— Bəs o cadu hardadır?

— Bir xurma çəyirdəyinin qabığında, Zərvan quyusunda daşın altında.

Elə bu əsnada Həzrət Peyğəmbər ﷺ yuxudan oyandı və: “Ey Aişə! Başa düşdünmü? Allah-Təala mənə əlacımı bildirdi”, — dedi və ardından Həzrət Əli, Zübeyr və Əmmar ibn Yasiri həmin cadunu gətirmələri üçün göndərdi. Onlar da quyunun başına gəlib quyunun ipini çəkdilər. Həmin quyudakı su sanki xına rənginə boyanmşdı. Daşı qaldıraraq altındakı xurma çəyirdəyinin qabığını çıxardılar və içərisində Həzrət Peyğəmbərin saçları, darağından qırılmış iki diş və yanında da üzərinə iynə ilə on iki düyün vurulmuş bir ip olduğunu gördülər. Bu hadisəyə görə Allah-Təala “Fələq” və “Nas” surələri endirmişdir. Bu surələrin hər ayəsi oxunduqca bir düyün açılmış və Rəsulullah hər düyün açıldıqca bir az daha yüngüllük hiss etmişdir. Nəhayət, son düyün açıldığında tamamilə rahatlayıb sanki bağlı ipdən birdəfəlik yaxa qurtarmış kimi ayağa qalxmışdır. Elə bu əsnada Cəbrail: “Ey Allahın Rəsulu! Sənə əziyyət verən hər şeyə, həsəd edənə və nəzərə qarşı Allahın adı ilə sənə rüqiyyə edim, beləliklə, Allah də sənə şəfa verər”, — dedi.(İbn Kəsir, “Müxtəsərü təfsiri İbn Kəsir”, II, 696.)

“Rüqiyyə” sözünün lüğət mənası “yuxarı çıxmaq, oxuyub üfürərək müalicə etmək” deməkdir. Termin olaraq isə, şəfa tapmaq və ya şərdən qorunmaq məqsədilə Qurani-Kərimdən ayələr oxuyub üfürmək deməkdir.

Peyğəmbərimizə ﷺ cadu edilməsi hadisəsini, onun ismətinə (Allah tərəfindən qorunulmağına) və peyğəmbərliyinə xələl gətirər qorxusu ilə bəzi alimlər bu rəvayəti qəbul etməmişlər. Lakin bu hadisə başda “Səhihi-Buxari” və “Səhihi-Müslim” olmaqla bir çox hədis mənbələrində qeyd edilmiş və hədis alimləri həmin hadisənin dəqiqliyi ilə bağlı həmfikir olmuşlar.

Feleq surəsinin əvvəlki surə ilə əlaqəsi

Bundan əvvəlki surə olan “İxlas” surəsində Allah-Təalanın təkliyi, nöqsansızlığı və sifətləri bildirilmişdir. Müəvvizəteyn”, yəni “Fələq” və “Nas” surələri isə bizə din və dünyəvi işlərimizlə əlaqəli olaraq hər cür təhlükəyə qarşı Allah-Təalaya sığınmağı əmr edir. Ona görə də “İxlas” və “Müəvizəteyn” surələri arasında açıq-aydın bir əlaqə vardır.(Eriş, “Kısa Surelerin Tefsiri”, s. 456.)

Fələq surəsinin təfsiri

بِسْمِ اللَّـهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ

Rəhman və Rəhim olan Allahn adı ilə!

قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ

1. De: “Sığınıram sübhün Rəbbinə,

Təfsiri:
Ayədəki “ الْفَلَق / əl-fələq” kəlməsi “dan yeri, sübh, şəfəq, alaqaranlıq” mənalarını ifadə etməklə yanaşı, kök etibarilə ərəb dilində “ فَلَقَ / fələqə” feili “yarmaq, parçalamaq” mənalarına da gəlir. Ancaq əksər alimlərin qənaətinə görə, bu kəlmə ilə Uca Allah tərəfindən gecənin qaranlığının yarılması nəticəsində meydana gələn sübh aydınlığı nəzərdə tutulmuşdur. Məhz buna görə də tərcümələrdə “fələq” sözü “sübh” şəklində tərcümə edilmişdir. Başqa bir ayədə Allah-Təala Özü barəsində “gecənin zülmətindən səhəri yarıb çıxaran”(Ənam, 6/96) ifadəsini işlətmişdir.

مِنْ شَرِّ مَا خَلَقَ

2. Yaratdıqlarının şərindən,

Təfsiri:
Ümumiyyətlə, Allah-Təala burada “yaratdıqlarının” ifadəsi ilə Özündən başqa bütün varlıqlara işarə etmişdir. Yaradılanların, o cümlədən onlara məxsus olan şərin və zərərin mövcudluğu, sözsüz ki, Uca Allahın əzəli elmindən kənarda olmamaqla yanaşı, hər yaradılanda bir hikmətin, bir qayənin olması və İlahi plana uyğun gedişatının olduğu da bəllidir. Bu dünyadakı sınaq müddətində insana əməlisalehlərin yoluna yönələrək yaxşı əməl sahibi olma imkanı verilməklə yanaşı, pis əməllərin yolçusu olmağı isə onun öz ixtiyarına buraxılmışdır.(Heyet, “Kuran Yolu Türkçe Meal ve Tefsir”, V, 696.)

Beləliklə, ayədə ümumi olaraq bütün yaradılanların şərindən sığınacağımızın tək varlığın Allah olduğu bildirilməklə yanaşı, əks təqdirdə şiddətli zərərlərin olacağına diqqət çəkmək üçün növbəti üç ayə ilə Allaha sığınmağımızın zəruriliyi vurğulanmışdır.

وَمِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ

3. Qaranlıq çökən gecənin şərindən,

Təfsiri:
Bu ayədə keçən “ غَاسِق / ğasiq” sözü “qaranlıq gecə, zil qaranlıq” deməkdir. “ وَقَبَ / vəqəb” sözünün hərfi mənası isə “içəri girmək, çuxura batmaq” deməkdir. Bu iki kəlmə birlikdə “gecənin dərinliyi”, yəni “gecənin qaranlığı” mənasını ifadə edir. Allah-Təalanın şər olaraq qeyd etdiyi və ondan Özünə sığınmağımızı istədiyi “gecə” ifadəsi insan həyatı üçün təhlükəli olan bir zamana işarə edir. Gecənin müəyyən mənada Uca Allah tərəfindən bizlərə lütf olaraq bəxş olunan faydaları olsa da, insan fəaliyyəti üçün zərərli olan tərəflərini — qaranlıq vaxtı iş fəaliyyətinin çətinləşməsi, səfərə çıxmaq təhlükəsi, gizlin günahlar üçün əlverişli olması və s. məsələləri də qeyd edə bilərik. Böyük təfsir alimi Fəxrəddin Razi də bu zaman kəsiyinin təhlükəsini belə ifadə əmişdir: “Gecə yırtıcı heyvanlar və həşəratlar yuvalarından çıxdığı, oğru və soyğunçuların hərəkətə keçdiyi, yanğınların baş verdiyi və eyni zamanda yardım etmə imkanları məhdud olduğu üçün gecənin şərindən Allaha sığınmaq əmr edilmişdir” (Razi, “Məfatihül-qeyb”, XXXII, 195.). Məhz bu məzmunda dilimizdə də gözəl bir atalar sözü vardır: “Gecənin xeyrindən gündüzün şəri yaxşıdır”.

وَمِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ

4. Düyünlərə üfürən (cadugər) qadınların şərindən,

Təfsiri:
Ayədəki “ النَّفَّاثَات / ən-nəffasat” ifadəsi “üfürən qadınlar” deməkdir. Əslində, bu ifadənin “tüpürən” mənası da vardır. Lakin burada məhz “tüpürcəksiz üfürmək” mənasında işlədilmişdir. Çünki cadugərlər tüpürmədən üfürərək cadu edərlər. Bu kəlmə həm kişi, həm qadın olmaqla hər ikisi üçün də istifadə edilir. Ancaq belə işlərlə daha çox qadınlar məşğul olduqları üçün kəlmə qrammatik cəhətdən qadın cinsində ifadə edilmişdir. Ona görə də təfsir kitablarında bu ifadə “cadugər qadınlar” şəklində tərcümə edilmişdir.

Cadu və sehrin bir çox növü vardır. Bunların bir növü də hər hansı bir ipi bir neçə yerindən düyünləyərək və bu düyünlərə üfürməklə edilən cadudur. Bu cadu növü hələ qədim zamanlardan başlayaraq indiyədək istifadə edilməkdədir. Onu da qeyd edək ki, sözsüz ki, cadu ilə məşğul olmaq və cadugərlərə müraciət etmək dinimiz tərəfindən haram qəbul edilərək qəti şəkildə qadağan edilmişdir.

Ayədə cadunun təsirindən və şərindən yox, belə əməl sahiblərinin şərindən bəhs edilmiş və möminlərin cadugərlərə bir an belə etibar etməmələri, onlardan uzaq duraraq qətiyyən onlara dəyər verməmələri gərəkdiyi bildirilmişdir. Lakin içərisində sehr, şər və şeytani məsələlər olmayan, əksinə onlardan qorunmaq və ya bir xəstəlikdən şəfa tapmaq üçün səmimi niyyətlə insanın özü və ya başqası üçün dualar oxuyub üfürməsi caiz görülmüşdür. Çünki belə bir əməldə heç kimə zərər vermək, günaha sövq etmək və Allahdan başqa birindən istəmək olmadığı üçün dinimiz bu şəkildə dua oxuyub üfürməyə icazə vermişdir.

Həzrət Aişədən (r.a) belə rəvayət edilmişdir ki, Rəsulullah ﷺ hər hansı bir narahatçılıq keçirdiyi zaman, eləcə də hər gecə yatağında yatacağı vaxt “İxlas”, “Fələq” və “Nas” surələrini oxuyub ovuclarına üfürərək mübarək başına və üzündən başlayaraq aşağı doğru mübarək vücuduna məsh edər və bunu üç dəfə təkrar edərdi.(Buxarı, “Fəzailül-Quran”, 14; Müslim, “Salam”, 51.) Əfv ibn Malik Əşcəi belə demişdir: “Biz cahiliyyə dövründə oxuyub üfürərdik. İslam gəldikdən sonra Həzrət Peyğəmbərdən ﷺ soruşduq: “Ey Allahın Rəsulu! oxuyub üfürmək barəsində nə buyurursunuz?” O da buyurdu ki: “Ruqiyyələrinizi mənə ərz edin. İçində şirk olmadığı müddətcə rüqiyyə etməyinizdə heç bir qəbahət yoxdur”.(Müslim, “Salam”, 64.)

Bu rəvayətlərdən də göründüyü kimi, Həzrət Peyğəmbər ﷺ də rüqiyyə məqsədilə dua oxuyub üfürməyə icazə vermiş, hətta özü üçün və ailə üzvlərindən biri xəstələndiyi zaman surə və dualar oxuyub üfürmüşdür. Başqa rəvayətlərdə digər peyğəmbərlərin də bu dualardan istifadə etdikləri,(Buxari, “Ənbiya”, 10; Müslim, “Zikr”, 54, 55.) habelə Cəbrail mələyin də Həzrət Peyğəmbərə ﷺ dua oxuyub üfürdüyü(Buxari, “Tibb”, 38; Müslim, “Salam”, 40.) səhih mənbələrdə bildirilmişdir.

وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ

5. Və paxıllıq edən paxılın şərindən!

Təfsiri:
Son ayədə isə Allah-Təala bu rəzil xüsusiyyətdən uzaqlaşaraq Özünə sığınmağımızın vacib olduğunu bildirmişdir. Həsəd ilahi bölgünü qəbul etməməkdir. Çünki insana hər cür neməti, şan-şöhrəti və xeyri verən Allah-Təaladır. Allaha sidq ürəkdən, səmimi-qəlbdən iman edən bir möminin Onun təqdirinə və bəxş etdiyi nemətlərə razı olmaması son dərəcə yanlış bir duyğu olub iman və təslimiyyətlə uyğun gəlmir. İblis cənnətdə Adəm peyğəmbərə (ə.s) həsəd aparıb Allahın əmrinə üsyan etmişdi. Onun oğullarından Qabil də Habili həsədi ucbatından öldürmüşdü. Peyğəmbərimiz ﷺ bü mövzuda belə buyurmuşdur: “Həsəd etməkdən çəkinin! Çünki alovun odunu yandırdığı kimi, həsəd də yaxşıhqları yandırıb kül edər”.(Əbu Davud, “Ədəb”, 44; ibn Macə, “Zöhd”, 22.)

Nəticə etibarilə, Allah-Təala “Fələq” surəsində yaratdığı məxluqatın, qaranlıq gecənin, cadugərlərin və paxılların şərindən Özünə sığınmağımızın vacibliyini diqqətimizə çatdırmaqdadır.

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика