Nas surəsi ərəbcə

Nas surəsinin audiosı
Nas surəsinin oxunuşu
- Qul əuzu birabbin-nəs
- Məlikin-nəs
- İləhin-nəs
- Min şərril-vəsvəsil-xannəs
- Əl-ləzi yuvəsvisu fi sudurin-nəs
- Minəl-cinnəti vən-nəs
Nas surəsinin tərcüməsi
- De: “Sığınıram insanların Rəbbinə,
- İnsanların hökmdarına,
- İnsanların ilahına,
- Vəsvəsə verib (Allahın adı çəkildiyi zaman) gizlənənən şeytanın şərindən!
- O, insanların qəlblərinə vəsvəsə salar.
- O, cinlərdən də olur, insanlardan da”.
Nas surəsinin adları
Nas: Surənin adı ilk ayəsində keçən və “insanlar” mənasına gələn “النَّاس / ən-Nas” kəlməsindən götürülmüşdür. Bundan əlavə, “Fələq” surəsi ilə birlikdə bu iki surəyə “Müəvvizəteyn”, yəni “iki qoruyucu surə” də deyilmişdir.(Heyet, “Kuran Yolu Türkçe Meal ve Tefsir”, V, 695.)
ən-Nas surəsinin ehtiva etdiyi mövzular
Surənin başlıca mövzusu şeytanın şərindən Allaha sığınmaqdır. Əvvəlki “Fələq” surəsində olduğu kimi, insanın bədən və ruhuna mənfi təsir edən xarici amillər əsas mövzu olaraq götürülmüş və bunlardan Allaha sığınmaq əmr edilmişdir. Xüsusilə, surədə daha çox qəlbə və ruha mənfi təsir edən, insanın daxili aləmində vəsvəsə və şübhə fırtınası qopardan cin və insanlardan olan şeytanların təlqin və pıçıltılarından Allaha sığınma yolları göstərilmişdir.
Nas surəsinin fəziləti
Səhabələrdən Abdullah ibn Üneys belə demişdir: “Rəsulullah ﷺ köksümə əlini qoydu və mənə “ قُلْ / Oxu!” — dedi. Mən nə oxuyacağımı bilmədim. Sonra o mənə “İxlas” surəsini oxumağımı əmr etdi. Mən də oxudum və bitirdim. Sonra “Fələq” surəsini oxumağımı əmr etdi, onu da oxudum. Daha sonra “Nas” surəsini oxumağımı əmr etdi, onu da oxuyub bitirdim. Ardınca Rəsulullah ﷺ: “Bax bu şəkildə Allaha sığın! Allaha sığınanların heç biri bu surələr enənə kimi bu cür vasitələrlə (“İxlas”, “Fələq” və “Nas” surələrini oxuyaraq) sığınmamışdır”, — buyurdu.(Nəsai, “İstiazə”, 1.)
Peyğəmbərimiz ﷺ Üqbə ibn Amirə belə demişdir: “Görmədinmi bu gecə bənzəri əsla görülməmiş ayələr endirildi: “De: “Sığınıram sübhün Rəbbinə!”(Fələq, 113/1.) “De: “Sığınıram insanların Rəbbinə!(Nas, 114/1.)”.(Müslim, “Müsafirun”, 264.)
Həzrət Aişədən (r.a) belə rəvayət edilmişdir: “Rəsulullah bir narahatçılıq keçirdiyi zaman və hər gecə yatağına yatacağı vaxt bu üç surəni (“İxlas”, “Fələq”, “Nas”) oxuyub ovuclarına üfürərək mübarək başına və üzündən başlayaraq aşağıya doğru mübarək vücuduna məsh edər və bunu üç dəfə təkrarlayardı”.
(Buxari, “Fəzailül-Quran”, 14.)
Əbu Səid əl-Xüdridən (r.a) nəql edildiyinə görə, Həzrət Peyğəmbər ﷺ cinlərin və insanların gözlərinin şərindən Allaha sığınırdı. “Fələq” və “Nas” surələri nazil olandan sonra onları oxudu, digərlərini isə tərk etdi”.(Nəsai, İstiazə”, 37.)
“Fələq” və “Nas” surələrinin fəzilətinə dair hədis kitablarında bir çox hədis qeyd edilir. Onlardan bir qismi belədir:
1. Üqbə ibn Amir əl-Cühənidən nəql edilən bir rəvayətə görə, Allah Rəsulu ﷺ belə buyurmuşdur: “Mənə elə ayələr endirildi ki, bənzərləri əsla görülməmişdir. Bunlar müəvvizəteyndir (“Fələq” və “Nas” surələri)”(Müslim “Səlatül-müsafirin”, 265; Tirmizi, “Fəzailül-Quran”, 12; Əbu Davud, “Səlat”, 348; Nəsai, “İftitah”, 46.). Başqa bir rəvayətdə də Üqbə ibn Amir belə demişdir: “Rəsulullah ilə birlikdə bir səfərdə idik. Mən onun dəvəsinin ipini çəkirdim. Mənə: “Ey Üqbə sənə oxuyacağın iki xeyirli surə öyrədimmi?” — dedi və sonra “Fələq” və “Nas” surələrini öyrətdi”.(Əbu Davud, “Vitr”, 19; Nəsai, “İstiazə’,1.)
2. Əbu Səid belə: “Peyğəmbərimiz ﷺ “Fələq” və “Nas” surələri nazil olana qədər müxtəlif dualarla insanların nəzərindən və cinlərdən Allaha sığınırdı. Bu iki surə nazil olduqdan sonra bunları oxumağa başladı, digərlərini tərk etdi. (Tirmizi, “Tibb”, 16; Nəsai, “İstiazə”, 37; İbn Macə, “Tibb”, 33.)
3. Həmçinin Üqbə ibn Amir belə nəql etmişdir: “Bir gün mən Rəsulullah ﷺ ilə birlikdə Cühfə ilə Əbva arasında yol gedirdik. Birdən fırtına qopdu və şiddətli qaranlığa qərq olduq. Bunun ardından Rəsulullah “Fələq” və “Nas” surələri ilə Allaha sığınmağa başladı. Mənə də belə deyirdi: “Ey Üqbə, bu iki surə ilə Allaha sığın! Çünki Allaha sığınan heç kəs hələ bu kimi vasitələrlə sığınmamışdır».(Əbu Davud, “Səlat”, 348; Nəsai, “İftitah”, 46.)
4. Həzrə Aişə (r.a) belə demişdir: “Allah Rəsulu hər gecə yatmaq üçün yatağına girdiyində iki əlini birləşdirərək “İxlas”, “Fələq” və “Nas” surələrini oxuyar və ovuclarına üfürərdi. Sonra iki əli ilə əlinin çatdığı yerləri ovxalayardı. Əlləri ilə başını, üzünü, vücudunun ön qismini məsh edər və belə oxuyub üfürərək vücudunu məsh etməyi üç dəfə təkrarlayardı”.(Buxari, “Dəəvat”, 11; Tirmizi, “Dəəvat”, 22; Əbu Davud, “Ədəb”, 108; İbn Macə, “Dua”, 115.)
5. Digər bir rəvayətə görə, Həzrət Aişə (r.a) belə demişdir: “Allah Rəsulu ﷺ xəstələndiyində özünə “İxlas”, “Fələq” və “Nas” surələrini oxuyar və üfürərdi. Naxoşluğu daha da artdıqda bunları mən ona oxuyar və bərəkətini umaraq öz əlləri ilə vücudunu ovxalayardım”.(Buxari, “Fəzailül-Quran”, 14; Əbu Davud, “Tibb”, 19.) Başqa bir rəvayətə görə də, Allah Rəsulu yaxınlarından biri xəstələndiyi zaman yenə bu surələri oxumuşdur.(Müslim,. “Salam”, 50-51.)
Nas surəsinin nüzul səbəbi
“Fələq” surəsinin təfsirində qeyd edildiyi kimi, “Müəvvizəteyn” adlanan “Fələq” və “Nas” surələrinin bir yerdə nazil olmasının səbəbi ilə bağlı bir çox səhih mənbədə məşhur bir rəvayət nəql edilmişdir. Həmin rəvayət barəsində “Fələq” surəsinin təfsirində geniş şəkildə məlumat verildiyi üçün burada qısaca qeyd etmək lazımdır ki, bu iki surə bir dəstə yəhudinin Həzrət Peyğəmbərə ﷺ cadu etməsi səbəbilə nazil olmuşdur.
ən-Nas surəsinin əvvəlki surə ila əlaqəsi
“İxlas” surəsi bizə Allah-Təalanı, Onun nöqsansızlığını və sifətlərini tanıdır. Ondan sonra gələn “Fələq” və “Nas” surələri isə din və dünya barəsində çəkinməli olduğumuz hər şeydən Haqq-Təalaya sığınmağı əmr etmək üzrə endirilmişdir. Ona görə də bu iki surə arasında mövzu və mahiyyət cəhətdən yaxın bir əlaqə vardır.15
Nas surəsinin təfsiri
بِسْمِ اللَّـهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
Rəhman və Rəhim olan Allahn adı ilə!
قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ
1.De:“Sığınıram insanların Rəbbinə
Təfsiri:
“Fələq” surəsində olduğu kimi bu surədə də “ أَعُوذُ / sığınıram” deyilərək ard-arda üç ayədə Allahın üç sifəti xatırladılmış və yalnız Ona sığınmaq əmr edilmişdir. Ayədəki “insanlar” mənasına gələn “ النَّاس / ən-nas” kəlməsi surənin altı ayəsindən beşinin son kəlməsi olaraq işlənmiş və mükəmməl bir qafiyə sistemi meydana gətirmişdir.
Ayədəki “insanların Rəbbi” ifadəsini bəzi təfsirçilər «insanları ərsəyə gətirən, boya-başa çatdıran, qoruyan, tərbiyə edən, onların ağası, sahibi” şəklində şərh etmişlər. Təfsir alimi Məhəmməd Əli əs-Sabuniyə görə, Uca Allah bütün yaradılmışların Rəbbi olsa da, insanları şərəfləndirmək və onlara dəyər vermək üçün bu surədə sadəcə onları qeyd etmişdir.(Sabuni, “Səfvətüt-təfasir”, VII, 489.)
مَلِكِ النَّاسِ
2. İnsanların hökmdarına,
Təfsiri:
İnsanların hökmdarı və sahibi olaraq qədərlərini əvvəlcədən bilərək bəşəriyyətin səadət və salamatlılığı üçün hökmlər qoyan Uca Allahdır. Bu ayə barədə bəzi təfsir alimləri belə bir izah vermişlər ki, insanlar içərisində məliklər, padşahlar, krallar və s. mənsəb sahibləri olmasına baxmayaraq Uca Allah Özünün onların yeganə hökmdarı olduğunu bildirmişdir. Lakin insanlar arasında Ondan başqasına tapınanlar da az deyildir. Elə bu səbəbdən Allah-Təala da onların ilahi və məbudunun yalnız Özü olduğunu xatırlatmış, bu dünyada müvvəqəti mənsəb sahibliyi ilə vəzifələndirilmiş şəxslərə yox, məhz bütün yaradılanların Xaliqinə sığınılmasının zəruriliyini bildirmişdir.
إِلَٰهِ النَّاسِ
3. insanların ilahına.
Təfsiri:
İnsanların həqiqi ilahi, məbudu, ilahlıq sifətlərinə sahib olan və Özündən başqa gerçək mənada bu sifətlərin heç bir varlıqda təcəssüm etmədiyi Allahdır. “Rəbb”, “Məlik”, “İlah” isimlərinin bu şəkildə ard-arda gəlməsi son dərəcə mənalıdır. Təfsirçilərin qənaətinə görə, bu üç ayədə Uca Allah “nas/insanlar” kəlməsinin təkrarən işlətməklə insan oğlunun şərəfini artırır, eyni zamanda onun yaradıcısı Özü olduğundan Öz ehtişamını xatırladır. Belə ki, Allah-Təalanın ən gözəl surətdə yaratdığı və yer üzündə şüurla dərk edərək Özünə ibadət etməsi üçün seçdiyi varlıq da məhz insandır. Uca Allah məhz insanı yer üzərində Özünə xəlifə seçmiş, mələklərə də ona səcdə etməyi əmr etmişdir.
مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ
4. Vəsvəsə verib (Allahın adı çəkildiyi zaman) gizlənən şeytanın şərindən!
Təfsiri:
Ayədəki “ الْوَسْوَاس / əl-vəsvas” kəlməsi “azdıran, tovlayan, pis fikirləri təlqin edən, vəsvəsə verən, qarabasma, xəyal, ümidsizlik, məyusluq” kimi mənalar ifadə edir. Kəlmə, əsasən, mənfi xüsusiyyətləri əks etdirsə də, bir-birinə yaxın mənalar ifadə edir. Ərəb dilində “ وَسْوَسَ / vəsvəsə” feili qrammatik baxımdan bir işin təkrar edilməsi və davamlılığını özündə ehtiva edir. Ona görə bu tipli feillər bir işin dəfələrlə baş verdiyini bildirir. Həmin işlə məşğul olana da “ الْوَسْوَاس /əl-yəsvas” deyilir.
Ayədəki “ الْخَنَّاسِ / əl-xənnas” kəlməsinin leksik mənası “gizli hərəkət etməyi və geridə qalmağı adət halına gətirən və bu işi dəfələrlə təkrarlayan” deməkdir. Bu ayədə də insanı pis işlərə sövq etmək üçün onun ardınca gəzən, onu haqq yoldan, doğru istiqamətdən geri salan və bu hərəkətindən əl çəkməyən, bu işi dönə-dönə təkrarlayan mənasında işlədilmişdir. Təsadüfi deyil ki, təfsir alimlərinin əksəriyyəti də “ الْخَنَّاسِ / əl-xənnas” sözü ilə şeytanın nəzərdə tutulduğunu bildirmişlər.
مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ
5. O, insanların qəlblərinə vəsvəsə salar
Təfsiri:
İnsan oğlu Allah-Təalanı zikr etməkdən qafil olduğu zaman şeytan ona vəsvəsə verər. Əvvəlki ayəyə görə, insana vəsvəsə verənin şeytan olduğu başa düşülür. Şeytan insana vəsvəsə verə biləcəyi kimi, habelə insanın da öz-özünə vəsvəsə verməsi məsələsi vardır. Bu barədə Allah-Təala “Kəhf” surəsində buyurur: “Şübhəsiz ki, insanı Biz yaratdıq və nəfsinin ona verdiyi vəsvəsələri bilirik. Biz ona şah damarından daha yaxınıq”.(Qaf, 50/16.)
Şeytan insana vəsvəsə verərək onu təşvişə salarsa, ondan xilas olmaq üçün dərhal Allahı xatırlamalı, ona sığınmalı və ondan yardım istəməlidir. Bu barədə Uca Allah belə buyurmuşdur: “Əgər şeytanın bir vəsvəsəsi səni dümsükləyərsə, dərhal Allaha sığın! Şübhəsiz ki, O hər şeyi eşidəndir, biləndir. Təqva sahiblərinə şeytandan bir vəsvəsə toxunduğu zaman (Allahın mükafatını və əzabını) xatırlayar və bu zaman (haqqı) görərlər”.(Əraf, 7/200-201.)
مِنَ الْجِنَّةِ وَالنَّاسِ
6. O, cinlərdən də olur, insanlardan da».
Təfsiri:
İnsana vəsvəsə verən, onu aldatmağa və doğru yoldan sapdırmağa çalışan iki qrup şeytan vardır. Bunlardan biri cinlərdən, digəri isə insanlardandır. Bununla bağlı nəql edilən bir rəvavətə görə, bir gün Əbu Zərr Peyğəmbərimizi ﷺ məsciddə oturarkən görmüş və yanına gedib oturmaq istəyərkən Allah Rəsulu ondan soruşmuşdu: “Ey Əbu Zərr! Namaz qıldınmı?” O da: “Xeyr”, — deyə cavab verdikdə Peyğəmbərimiz: “Qalx, namaz qıl!” — buyurdu. Əbu Zərr də qalxıb namaz qıldı. Ardınca Rəsulullah ﷺ belə buyurdu: “Ey Əbu Zərr! İnsan və cin şeytanlarından Allaha sığın!” Əbu Zərr: “Ey Allahın Rəsulu, insanlardan da şeytan var?” -deyə soruşduqda Peyğəmbərimiz: “Bəli!” — deyə cavab verdi.(Buxari; “Bədül-xəlq”, 11; Nəsai, “İstiazə”, 49.)
Digər bir rəvayətdə isə şeytanın insana necə vəsvəsə verdiyi nəql edilmişdir. Belə ki, Allah Rəsulunun ﷺ xanımlarından Həzrət Səfiyyə (r.ənha) belə rəvayət edir: “Rəsulullah etikafa girmişdi. Bir gecə onu ziyarətə gedərək onunla söhbət etdim. Sonra evə dönmək üçün ayağa qalxdığım zaman o da məni evimizə aparmaq üçün qalxdı. Bu əsnada ənsardan iki nəfər bizimlə rastlaşdı. Allah Rəsulunu ailəsi ilə birlikdə görüncə oradan dərhal uzaqlaşmaq istədilər. Rəsulullah ﷺ: “Bir az yavaş olun! Yanımdakı Səfiyyə binti Hüyeydir”, — dedi. Onlar: “Sübhanəllah!20 Biz Allah Rəsulu barəsində pis bir şey fikirləşmərik”, — dediklərində Peyğəmbərimiz: “Şeytan insanın bədənində qanın dövr etdiyi kimi dolaşar. Onun sizin qəlbinizə bir pislik, bir şübhə salmasından əndişə etdim”, — buyurdu.(Buxari, “Etikaf”, 11; Müslim, “Salam”, 23-25.)








İxlas, Fələq, Nas surələrini təkcə sıxıntıda deyil hər zaman oxumağımız lazımdı. Allah razı olsun. Allah musəlmanları qorusun.
Allah razı olsun. Nas surəsini hamı bilməlidi
Cümləmizdən
Nas surəsi şeytanın şərindən Allaha sığınmaqdır